Naxçıvan Muxtar Respublikasının 85 illik
yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı
2009-cu il fevral ayının 9-da Naxçıvan
Muxtar Respublikasının
yaradılmasının 85 ili
tamam olur.
Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə
və çoxəsrlik
dövlətçilik ənənələrinə
malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq
inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq
aləminin elmi-mədəni
mərkəzlərindən biri olaraq şöhrət
tapan bu torpaq neçə-neçə
görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir.
Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı
cəsarətli addımlar
bütün Azərbaycan
xalqı tərəfindən
rəğbətlə qarşılanmış,
respublikada cərəyan
edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası
bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı
olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və
intellektual potensialının
gücləndirilməsinə dəyərli töhfələr
verir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının
Azərbaycan dövlətçiliyinin
inkişafında ictimai-siyasi
və tarixi əhəmiyyətini nəzərə
alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının
85 illik yubileyi ölkəmizdə geniş
qeyd olunsun.
2. Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi Naxçıvan
Muxtar Respublikasının
85 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
4. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
6 fevral 2009-cu il.
Azərbaycan.-2009.-7 fevral.-S.1.