Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Mohamed Mohamed Zuhairin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni     təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Mohamed Zuhairin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Mohamed Zuhair etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Diplomat Şri-Lanka Prezidenti Mahinda Racapaksanın salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda olmasından xoş hisslər duyduğunu söyləyən səfir Prezident İlham Əliyevi əmin etdi ki, fəaliyyəti müddətində ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylə çalışacaqdır.

Prezident İlham Əliyev Azərbaycanla Şri-Lanka arasında əlaqələrin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu bunlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı Şri-Lanka Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, özünün salamlarını ona çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 fevral.-S.2.