Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları

 

Azərbaycanın müstəqilliyini qoruyan dövlət atributlarının hər biri bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik Nazirliyi xüsusi yer tutur.

 

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

 

 Məmmədbağır bəy Şeyxzamanlı (1880-1920) Parlamentin üzvü, Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi (1919-cu il iyun-avqust)

 

Azərbaycanın təhlükəsizlik orqanlarının tarixi tipoloji təsnifini verən ulu öndər Heydər Əliyev qeyd edirdi ki, ölkəmizin təhlükəsizlik orqanları üç dövr (cümhuriyyət, sovet və müstəqillik illərinin təhlükəsizlik orqanları) yaşamışdır. Biz bu yazımızda birinci mərhələnin - cümhuriyyət dövrünün xüsusi xidmət orqanlarının yaradılması, formalaşması və taleyi ilə bağlı müfəssəl məlumat verəcəyik.

Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra dövlətin və dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün müstəqil xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Daha doğrusu, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qüvvələrin (denikinçilərin, bolşeviklərin, ermənilərin və s.) təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Ancaq öz müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin maddi imkanları, kadr potensialı, hökumətin hələlik müvəqqəti paytaxt seçdiyi Gəncədə fəaliyyət göstərməsi və Bakıya daxil ola bilməməsi belə bir addımın reallaşmasına maneələr törədirdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. "Kəşfiyyat və əks kəşfiyyat" adlanan həmin qurumun konkret nə zaman yaradılması barədə dəqiq məlumat olmasa da, mövcud arxiv materialları həmin bölmənin 1918-ci ildə yaradılması ehtimalını təsdiqləyir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarının təşəkkül dövrü 1919-cu ilə təsadüf edir. Bu, ölkədə nisbi sabitliyin yaradılması, dövlət idarəçilik aparatlarının düzgün təşkili və ordu quruculuğu sahəsində həyata keçirilən islahatlarla bağlı idi.

 

 Nağı bəy Şeyxzamanlı (1883-1967) Əksinqilabla Mübarizə Təşkilatının rəisi (1919-cu il avqust - 1920-ci il mart)

 

Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını daha da gücləndirmək, təsərrüfat və təminat qayğılarını həll etmək məqsədi ilə 1919-cu il mart ayının 26-da Ərkani-hərb (Baş qərargah) təsis edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun fikrincə, indiyədək belə bir qurumun yaradılmamasının əsas səbəbi yüksək hazırlıqlı kadrlara ehtiyac ilə bağlı idi. Səməd bəy Mehmandarovun dəvəti ilə Krımdan gəlmiş, milliyyətcə tatar olan general-leytenant Məmməd bəy Aleksandroviç Sulkeviç (əsl adı Maçeybəy idi - C.Q.) 26 mart 1919-cu il tarixli 147 saylı əmrlə Ərkani-hərbin rəisi təyin olundu və həmin vaxtdan etibarən Hərbi Nazirliyin strukturunun yenidən formalaşdırılmasına başlandı.

Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də Səməd bəy Mehmandarovun və Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbəyə aşağıdakı bölmələr daxil idi:

1) Əməliyyat-səfərbərlik,

2) Nizami-hesabat,

3) Kəşfiyyat və əks-kəşfiyyat,

4) Rabitə xidməti.

"Kəşfiyyat və əks-kəşfiyyat"ın Hərbi Nazirlikdə yalnız bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin azlıq təşkil etməsi ictimai-siyasi həyatın bir çox sahələrində olduğu kimi əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Belə ki, bu bölmənin ştatına əsasən əməkdaşlarının sayı 28 nəfər olmalı idi. Bunlardan 1 nəfər rəis, 2 nəfər rəis köməkçisi, 2 nəfər kargüzar, 23 nəfər isə agent (əməkdaş) olmalı idi. Lakin bölmə kadrlarla tam komplektləşdirilmədiyindən bəzi vakant yerlər boş qalmışdı. Azərbaycana müxtəlif niyyətli marağın artdığı, müstəqilliyinin təhlükə altında olduğu bir dövrdə belə bir qurumla böyük işlər görmək və ölkənin hərbi təhlükəsizliyini təmin etmək olduqca çətin idi.

Hərbi nazir Səməd bəy Mehmandarov həmin ilin aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir". Səməd bəy Mehmandarovun məruzəsindən və bölmənin adından da aydın olur ki, bu qurum öz üzərinə həm kəşfiyyat, həm də əks-kəşfiyyatın funksiyasını götürmüş və hər iki işi paralel aparmışdı.

Azərbaycana təhdidlərin artdığı, düşmən qüvvələrin azğınlaşdığı və torpaqların işğal təhlükəsi ilə üzləşdiyi bir vaxtda kiçik qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən milli təhlükəsizliyini təmin etmək olduqca çətin idi.

Azərbaycanı işğal etmək və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə, denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda, Azərbaycan üçün də təhlükəli idi. Vəziyyətin ciddiliyini qəbul edən Azərbaycanın Xarici İşlər Nazirliyi denikinçilərin Dağıstana qarşı yürütdükləri irtica hərəkətlərini pisləyərək ingilis komandanlığından həmin işğalçı ordunun Dağıstanın hüdudlarından kənara çıxarılması üçün qəti və təcili tədbirlər görməsini tələb etdi və müstəqil siyasət yeridərək müvafiq notalar göndərdi.

Lakin Azərbaycan hökumətinin notalarına məhəl qoymayan denikinçi zabitlər çar Rusiyası ordusunun mundirində Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır (xüsusilə də ruslar arasında), ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirir, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular. Belə şəxslərdən ibarət Azərbaycanda geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. İlk təhlükəsizlik orqanlarının gənc əməkdaşlarının səyləri ilə həmin bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin tinindəki evin zirzəmisində tapılmışdı. Buradan çoxlu sayda tüfəng, qumbara, patron və s. aşkara çıxarılmışdı. Bu isə gərginliyi daha da artırırdı. Görülmüş əməliyyat tədbirləri nəticəsində Denikinin casus şəbəkəsində təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına işləməsi də müəyyən edilmişdi.

Əks-kəşfiyyat bölməsinin qarşısında duran əsas vəzifələrdən biri də hakimiyyətə can atan bolşevizmlə mübarizə idi. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını artırmışdı. Əks-kəşfiyyat bölməsinin vətənpərvər əməkdaşları Azərbaycan silahlı qüvvələrinə nüfuz etməyə çalışan bolşeviklərə qarşı mübarizəni gücləndirsələr də, həm kadr çatışmazılığı, həm də maddi-texniki təchizatın zəif olması bu işin öhdəsindən gəlməyə imkan vermirdi. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz".

Göründüyü kimi, ölkədə ictimai-siyasi, hərbi vəziyyətin gərgin olduğu, xarici təhdid və təzyiqlərin gücləndiyi, Denikin ordusunun, ingilislərin, eyni zamanda erməni-daşnak və bolşevik qüvvələrinin Azərbaycanın əleyhinə fəaliyyət göstərdikləri bir vaxtda yeni müstəqil təhlükəsizlik orqanına xüsusi ehtiyac duyulurdu. Ona görə də tərkibinə Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla 1919-cu il iyunun 9-da Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul edildi. Dövlət Müdafiə Komitəsi xüsusi səlahiyyətlərə malik olan bir orqan idi. Bu Komitə ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə və müvafiq qərarlar qəbul etmək, ölkənin təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş digər vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə yeni strukturlar yaratmaq və s. hüquqlara malik olan bir qurum idi. Dövlət Müdafiə Komitəsi ortaya çıxan fövqəladə məsələlərin həllini və qəbul olunmuş qərarların icrasını təşkil etməli idi. Dövlət Müdafiə Komitəsinin iclasları onun üzvlərindən üç nəfərin iştirak etdiyi şəraitdə hüquqi səlahiyyətli hesab olunurdu. İclasa rəhbərliyi Nazirlər Şurasının sədri edirdi. O, iclasda iştirak etmədiyi təqdirdə Dövlət Müdafiə Komitəsinin istənilən üzvünə sədrlik səlahiyyəti tapşırıla bilərdi.

Azərbaycan parlamenti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT-in) yaradılması barədə qərar qəbul etdi.

Vaxtilə Əksinqilabla Mübarizə Təşkilatının rəisi olmuş, lakin sonradan Türkiyəyə mühacirət etməyə məcbur qalan Nağı bəy Şeyxzamanlı 1964-cü ildə İstanbulda çap etdirdiyi "Azərbaycanın istiqlal mücadiləsinin xatirələri" kitabında belə bir təşkilatın yaradılmasının səbəblərini aşağıdakı kimi izah edirdi: "Əksinqilabla Mübarizə Təşkilatının yaradılmasına səbəb cümhuriyyətimizin ilk illərində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-tez hüquqlarımızı zorlaması və müxtəlif hadisələr törətməsi olmuşdur. Ona görə də hökumətimiz Əksinqilabla Mübarizə Təşkilatının layihəsini hazırlayıb parlamentə təqdim etdi. Layihə məclisdə böyük səs çoxluğu ilə qəbul olundu". Daha sonra, Nağı bəy Şeyxzamanlı yazırdı ki, "...bolşeviklər Qafqazda general Denikin ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı təhlükəsi qalmamışdı. Ancaq Denikinin yerinə arxasını Rusiyanın mərkəzi olan Moskvaya dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə də var idi. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik".

Əksinqilabla Mübarizə Təşkilatının Əsasnaməsinə uyğun olaraq bu qurum tərəfindən Azərbaycan dövlətçiliyinə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyaları keçirmək cəhdlərində, dövlət əhəmiyyətli obyektlərdə diversiyaların təşkilində, eləcə də hakimiyyətə qarşı silahlı müqavimət göstərməkdə, casusluqda və s. şübhəli bilinən şəxslərin həbsi zamanı yerli polis və əlaqədar orqanların nümayəndələri də dəvət olunurdu. Əksinqilabla Mübarizə Təşkilatının başlıca vəzifələri əsasən aşağıdakılardan ibarət idi: dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali arasında şifahi və ya mətbuat vasitəsi ilə hökumətə zidd təşviqat aparan şəxslərin, hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair yalan məlumat və şayiələr yayan, əhalinin ayrı-ayrı sinifləri arasında milli münaqişələr yaradanların; hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi xarakter daşıyan, hər cür toplantı və iclasların təşkilatçılarının, hər növdən olan odlu silah, döyüş sursatı və partlayıcı maddələrin anbar və gizli saxlanma yerlərinin aşkar olunması; şübhəli şəxsləri ilkin həbs etmək hüququna malik olması və s.

Əksinqilabla Mübarizə Təşkilatının kadr tərkibi müxtəlif partiya və millətlərin nümayəndələrindən ibarət idi.

Yeri gəlmişkən qeyd edək ki, Əksinqilabla Mübarizə Təşkilatına xidmətə qəbul zamanı namizədlər xüsusi yoxlamadan keçmədən (çox vaxt hər hansı bir şəxsin təqdimatı və ya zəmanəti kifayət edirdi) işə götürülürdü. Məsələn, işə qəbul edilməsi ilə əlaqədar Mirzəbaba Sadıqov adlı şəxs tərəfindən yazılmış xahişnamənin üzərində Nağı bəy Şeyxzamanlı belə bir dərkənar qoymuşdur: "1919-cu il sentyabrın 10-dan işə götürülsün". Maraqlıdır ki, həmin dərkənarda konkret olaraq gün göstərilir və elə həmin gün də namizədi işə götürürdülər. Əmrdə oxuyuruq: "Mirzəbaba Sadıqov 10 sentyabr 1919-cu ildən Əksinqilabla Mübarizə Təşkilatının agenti təyin edilsin".

Əksinqilabla Mübarizə Təşkilatının əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent (yəni əməkdaş - C.Q.) vəzifələrindən ibarət idi. Fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11-dən 1920-ci il martın 6-dək olan dövrdə bu təşkilatda yüzdən çox əməkdaş çalışmışdı. Azərbaycanın milli təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi. Maraqlıdır ki, bunlar arasında erməni millətinin nümayəndələri yox idi.

Dövlət Müdafiə Komitəsinin (DMK) sədri Nəsib bəy Yusifbəylinin əmri ilə Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi parlamentin üzvü Məmmədbağır bəy Şeyxzamanlı, onun müavini isə "Hümmət" partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. Lakin Məmmədbağır bəy Şeyxzamanlı parlamentin üzvü olduğuna (o, qanunverici orqanın aqrar komissiyasında fəaliyyət göstərirdi - C.Q.) görə avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdi. Həmin tarixdən isə onun yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu.

Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazır ki, Nəsib bəy Yusifbəyli mənə müraciətlə bildirdi: "Nağı bəy, Əksinqlabla Mübarizə Təşkilatını qurduq. Səni bu idarəyə rəis təyin etmək istəyirəm. Razısanmı?" - Mən işlərimə heç kimin müdaxilə etməməsi şərti ilə razılıq verdim". Həmin söhbət zamanı Nəsib bəy Yusifbəyli bu təşkilatın Daxili İşlər Nazirliyinə deyil, Baş nazirə tabe olacağını bildirmişdi.

Bu təşkilatın rəis müavini hümmətçi Mirfəttah Musəvi 1919-cu il sentyabr ayının 5-də qətlə yetirildi və onun yerinə noyabrın 15-də Mahmud Səfikürdski təyin olundu.

Denikinçilərin 1919-cu ilin payızında həm şimaldan, həm də Xəzər dənizindən ehtimal olunan hücumunun qarşısını almaq, Bakının müdafiəsini təşkil etmək üçün Dövlət Müdafiə Komitəsinin 1919-cu il sentyabrın 13-də keçirdiyi iclasda böyük əhəmiyyətə malik olan hərbi struktur - Bakı İstehkamat hissəsini (Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunu) yaratdı. Komitənın qəbul etdiyi qərara əsasən Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi vəzifəsi təsis olundu, şəhərin hərbi general-qubernatoru vəzifəsi ona birləşdirildi və Bakı rəisliyinin ərazisi ona tabe edildi. 1919-cu il oktyabrın 26-da Əksinqilabla Mübarizə Təşkilatı da Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe edildi.

Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi vəzifəsinə Murad Girey Tlexas təyin edildi. Beləliklə də, Əksinqilabla Mübarizə Təşkilatı da Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun tabeçiliyi altında fəaliyyətini davam etdirməyə başladı.

Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu və onun struktur bölmələri yalnız denikinçilərə deyil, eyni zamanda daşnak-bolşevik təcavüzünə qarşı da mübarizə aparırdı. General-mayor Tlexas 1920-ci il fevralın 28-də yazırdı ki, siyasi mənsubiyyətindən asılı olmayaraq dövlət və ictimaiyyət üçün təhlükə yaradan bolşeviklərin şəhərdən çıxarılması məqsədi ilə qətiyyətli tədbirlər görülür.

Əksinqilabla Mübarizə Təşkilatının fəaliyyət istiqamətləri müxtəlif sahələri əhatə etmişdir və bu özünün hüquqi əsasını "Azərbaycan Respublikasının əks-kəşfiyyat xidmətinin məmurlarının hüquq və vəzifələri barədə Əsasnamə"də tapmışdır. Həmin Əsasnamə Əksinqilabla Mübarizə Təşkilatı Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe etdirildikdən sonra qəbul edilmişdir. Təşkilatın əməkdaşları casusların və onların qurumlarının, həmçinin, öz fəaliyyəti ilə Azərbaycana düşmənçilik mövqeyində duran, dövlət hakimiyyətinə qarşı qiyamda, xəyanətdə iştirak edən, vəzifəli şəxslərin həyat və azadlıqlarına qəsd edən, hakimiyyətə silahlı müqavimət göstərən şəxslərin aşkarlanması, sərnişin gəmilərinin qəbulu, sənədlərin yoxlanılması, şübhəli şəxslərin saxlanılması, ictimai-siyasi vəziyyətə nəzarət və bu kimi digər səlahiyyətlərə malik idilər.

Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının əsas vəzifələrindən biri də ölkədəki qanunsuz silahlı birləşmələrin ləğvi, onlarda, eləcə də əhalidə olan icazəsiz silahların yığılması və müsadirə edilməsi idi. Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşı olmuş Əli Razi Şamçızadə Salyandan öz rəisinə ünvanladığı sənəddə ermənilərdən 12 odlu silah və 565 ədəd işarə verici fişəngin götürüldüyünü məruzə edirdi.

Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları digər dövlət strukturlarının qüvvələri ilə birlikdə mart qırğınlarının əsas təşkilatçılarından olan Bakı milyonçusu, qatı cinayətkar Stepan Lalayevi və onun bir qrup tərəfdarını da həbs etməyə müvəffəq olmuşdur.

Erməni siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı təxribatlar törətdiyindən xüsusi xidmət orqanları onlara qarşı fasiləsiz mübarizə aparırdı. Daşnaklar çirkin niyyətlərini həyata keçirmək və ölkədəki sabitliyi pozmaq məqsədi ilə müxtəlif yerlərdə toplantılar keçirərək daim Azərbaycan əleyhinə təbliğat-təşviqat işi aparırdılar. Ona görə də ermənilərin bu qurumları Əksinqilabla Mübarizə Təşkilatının nəzarət etdiyi əsas obyektlər olmuşdur. Maraqlıdır ki, Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar təşkilat tərəfindən (ƏMT nəzərdə tutulur - C.Q.) saxlanılmış və həbs edilmiş şəxslərin əksəriyyəti ermənilər idi. Bunun üçün həbs edilənlərin siyahısına nəzər salmaq kifayətdir: Qriqori Babayants, Andrey Balayants, Danil Musaelyants, Ağacan Avakyants, Sərkis Melikyants, Georgi Melik-Qayakasov, David Abramyans, Soqomon Balayants, Sergey Arzumanyants, Petros Sarkisyants, Martiros Mirzoyants, Baqret Ohancanyan, İvan Avanesov, Mixail Ter-Zaxarov və başqaları.

Erməni casusları əldə etdiyi məlumatları həm denikinçilərə, həm bolşeviklərə, həm də ingilislərə verirdilər. Həmin ərəfədə bolşeviklər daha da fəallaşmış, onlar ayrı-ayrı yerlərdə gizli yığıncaqlar keçirir və demokratik respublikanın əleyhinə müxtəlif məzmunlu təbliğat aparırdılar. Əksinqilabla Mübarizə Təşkilatı, eləcə də qurumun Balaxanı-Sabunçu rayon bölməsi öz işini həm də bu istiqamətdə qurmuşdu. Həmin bölmədən Əksinqilabla Mübarizə Təşkilatının rəhbərliyinə göndərilən raportdan məlum olur ki, 1920-ci il fevralın 3-də Sabunçudakı fəhlə klubunda keçirilən iclasda Aleksandr Kostinski adlı bolşevik fəalı belə bir məsələ irəli sürmüşdür: "İndiki hökumət bizə lazım deyil. Bu yaxınlarda bolşeviklər gələcək, biz onda öz gücümüzü göstərəcəyik". Təhlükəsizlik orqanının həmin yerli bölməsi bolşeviklərin hansı istiqamətlərdən Azərbaycana hücum edəcəklərini də müəyyənləşdirə bilmişdir: "1920-ci ilin 24 fevralında Sabunçudakı fəhlə klubunda fəhlələrin gizli yığıncağında bildirilmişdi ki, "bolşeviklərin üç - Krasnovodsk, Həştərxan və Rostov istiqamətlərindən gəlməsi gözlənilir. Ona görə də yatmamalı, ayıq olmalı və hakimiyyəti ələ almalıyıq".

Göründüyü kimi, Azərbaycan milli dövlətçiliyinə qarşı ermənilərdən başqa, daha bir qorxulu qüvvə bolşeviklər idi. 1919-cu ilin sonlarından etibarən Bakıda bolşeviklərin Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti daha da gücləndi. Nəsib bəy Yusifbəyli bolşevik təbliğatlarının qarşısını almaq məqsədi ilə 1919-cu il noyabrın 23-də bolşevik yönümlü nəşrlərin dayandırılması haqqında bütün mətbəələrdən iltizam alınması barədə göstəriş verərək bildirirdi ki, tapşırığı yerinə yetirməyən mətbəələr müsadirə ediləcək, sahibləri isə həbs olunacaqdır.

Bolşeviklərin fəaliyyəti 1920-ci ilin əvvəllərindən yeni vüsət aldı. Gənc Azərbaycan Xalq Cümhuriyyətinin hüquq-mühafizə və xüsusi xidmət orqanları bütün səylərini bolşevizmlə mübarizəyə yönəltsə də, vəziyyət gündən-günə kəskinləşirdi.

Beləliklə, 1920-ci ilin aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, özünün 23 aylıq ömrünə son verdi. Bununla da, müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.

Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan təhlükəsizlik orqanlarının xidmətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev bildirmişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".

 

 

Cəlal Qasımov,

MTN-in Heydər Əliyev adına

Akademiyasının kafedra rəisi, professor

 

Azərbaycan.-2009.-7 fevral.-S.6.