Uğurlarla zəngin dörd il

 

Bu gün Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılmasının dördüncü ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 188 nömrəli fərmanı ilə yaradılmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dörd ildir ki, öz fəaliyyət istiqamətlərinə müvafiq olaraq üzərinə düşən vəzifələri yerinə yetirir. Xidmətin bu qısa müddətdə əldə etdiyi mühüm nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf kursunu yüksək dinamizmlə davam etdirərək Azərbaycanın yeni intibah dövrünün memarına çevrilən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların tərkib hissəsidir.

Cəmiyyətin sosial-iqtisadi həyatında daşınmaz əmlak müstəsna rola malikdir. İqtisadi inkişaf şəraitində isə daşınmaz əmlakın əhəmiyyəti daha da artır. Mülkiyyət hüququ bank, kredit təşkilatları ilə müxtəlif iqtisadi layihələrin icrası üçün kredit götürən subyektlər arasında alternativsiz etimad vasitəsinə çevrilir. Mülkiyyət hüquqlarının etibarlılığı, bu hüququn qorunmasına verilən dövlət təminatı tərəfləri qarşılıqlı inama, əməkdaşlığa sövq edir. Mülkiyyət üzərində hüquqların dövlət qeydiyyatı əmlaka qoyulan sərmayənin itirilməsi ehtimalını aradan qaldırır. Hər bir sahibkar çalışır ki, öz əmlakına daha çox sərmayə qoyub daha çox fayda götürsün. Bütün bunlar isə ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda inkişafa təkan verən çox ciddi amillərdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən, ölkəmiz müstəqillik yoluna qədəm qoyduğu vaxtdan etibarən özəlləşmə, mülkiyyət hüquqlarının qeydiyyatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi məsələləri öz həllini gözləsə də, bu istiqamətdə real addımlar atılmamış, plansız, sistemsiz şəkildə həyata keçirilən bəzi tədbirlər isə, iqtisadiyyatın digər sahələrində olduğu kimi, bu sahədə də heç bir səmərə verməmişdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsinin yeni yaranmış situasiyada həlli sahəsində qanunlara və başqa ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görüldü. İlk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrində ölkəmizdə mülkiyyət azadlığına və mülkiyyət hüquqlarının etibarlı qaydada qorunmasına təminat verildi.

1993-cü il 26 yanvar tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanun xeyli dərəcədə təkmilləşdirildi, qanundakı boşluqlar aradan qaldırıldı, mənzil fondunun özəlləşdirilməsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadələşdirilərək vətəndaşlarımızın maraqlarına uyğunlaşdırıldı.

1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlandı. Torpaq sahələrinin kənd sakinlərinə bərabər ölçüdə və keyfiyyəti nəzərə alınmaqla pulsuz paylanması respublikada azad sahibkarlığın inkişafı baxımından misilsiz uğurlarla müşayiət olunan inqilabi bir proses kimi digər ölkələr üçün də örnəyə çevrildi.

Daşınmaz əmlak üzərində hüquqların etibarlı şəkildə qorunması, qeydiyyat prosesinin sadəliyi üçün bu sahədə münasibətlərin beynəlxalq təcrübəyə uyğun olaraq vahid orqan tərəfindən tənzimlənməsi çox mühümdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılana qədər Azərbaycanda bu sahədə müəyyən bir pərakəndəlik vardı. Müxtəlif daşınmaz əmlak növlərinin qeydiyyatını ayrı-ayrılıqda müxtəlif qurumlar həyata keçirirdi. Bu isə həm hüquq sahiblərinin işini mürəkkəbləşdirir, həm də mülkiyyət hüquqlarının etibarlı qaydada qorunmasını çətinləşdirirdi. Belə bir pərakəndəlik bu sahədə müasir üsulların tətbiqinə də imkan vermirdi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması qeyd edilən problemlərin həllinə doğru mühüm bir addım oldu.

Son illərdə Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə edilən yüksək aktivlik, bu sahədə dinamizmin ildən-ilə güclənməsi, daşınmaz əmlakın fəal şəkildə qeydiyyata cəlb olunması Azərbaycanın bu sahədə də düzgün yol seçdiyini göstərir. Bu gün Xidmət daşınmaz əmlak üzərində hüquqların etibarlılığını artırmaq üçün dünyanın yüksək inkişaf səviyyəsinə malik ölkələrində əsrlər boyu formalaşmış mütərəqqi ənənələri Azərbaycana gətirməyə çalışır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı bu gün ənənəvi reyestr kitabları ilə yanaşı, elektron daşıyıcılar və kadastr xəritələri üzərində də aparılır. Azərbaycanda informasiya əsrində əhəmiyyəti misilsiz olan daşınmaz əmlakın rəqəmli məlumat bazası yaradılır. Bu sahədə formalaşdırılmış kadr kontingentinin peşəkarlıq səviyyəsinin günün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər ardıcıl olaraq davam etdirilir.

2008-ci il Xidmət üçün uğurlarla zəngin olmuşdur. Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə 181 ölkə və 10 göstərici üzrə apardığı "Doing-business-2009" hesabatında Azərbaycan iqtisadi islahatların aparılma tempinə görə reytinq cədvəlində 1-ci, əmlakın qeydiyyatı üzrə isə 9-cu yeri tutmuş, 2007-ci ilin nəticələri ilə müqayisədə ölkəmiz ümumu reytinq cədvəlində 64, əmlakın qeydiyyatı üzrə reytinq cədvəlində isə 54 pillə irəliləmişdir.

Xidmətin fəaliyyət istiqamətlərinə dair normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə 2008-ci il ərzində müxtəlif qanun, fərman və qərar layihələri, o cümlədən "Daşınmaz əmlakın dövlət kadastrı haqqında", "Təminatlı əqdlər haqqında" Azərbaycan Respublikasının qanun layihələri tərtib edilərək müvafiq dövlət orqanlarına təqdim olunmuş, layihəsi Xidmətin təşəbbüsü ilə hazırlanmış "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş və Qaydaların 1.5-ci maddəsinə əsasən, respublikada ünvan reyestrinin aparılması və ünvanların verilməsi səlahiyyətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir.

Eyni zamanda 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə 2008-ci il 28 oktyabr tarixli 2116 709-IIIQD nömrəli əlavə və düzəlişlərə uyğun olaraq, hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə torpağı üzərində bələdiyyənin mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, yalnız bundan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilərək bələdiyyələr tərəfindən həmin qərarın nüsxəsinin hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə təqdim edilməsi barədə müddəa təsbit edilmişdir.

Qanunvericilikdə nəzərdə tutulmuş bu qayda, 2008-ci il 25 iyun tarixində bələdiyyə sədrlərinin Yevlax şəhərində təşkil edilmiş II Ümumrespublika toplantısındakı məruzəsi zamanı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin də toxunduğu məsələlərin, o cümlədən torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması hallarının qarşısını alacaq, bələdiyyə torpaqlarının qanunvericiliyə uyğun satılmasına nəzarəti təmin edəcək, bələdiyyə torpaqlarından beynəlxalq təcrübəyə müvafiq şəkildə səmərəli istifadə edilməsinə imkan yaradacaq.

Qanunvericiliyin bu hissəsinin yerli icra, ədliyyə və bələdiyyə orqanları ilə birlikdə izahı və ictimaiyyət arasında bu istiqamətdə hüquqi maarifləndirmə işinin təşkili, eyni zamanda Xidmət tərəfindən ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı ictimai məlumatlandırma məqsədilə cari ilin mart ayından başlayaraq regionlarda zona müşavirələri keçiriləcəkdir.

Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış kredit sazişi əsasında həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasının hazırlanması da daim diqqət mərkəzində olan məsələlərdəndir. Ötən il bu məqsədlə məsləhətçi seçilmiş, bu sahədə aparılan işlərin nəticəsi kimi yekun hesabat hazırlanmışdır. Ölkəmizdə daşınmaz əmlakın təkmil qiymətləndirmə metodologiyasının yaradılması və tətbiqi üçün hökumətə müvafiq təkliflər təqdim ediləcəkdir. Belə bir metodologiyanın yaradılması cəmiyyət həyatının bir çox əhəmiyyətli sahələri kimi bələdiyyələrin fəaliyyəti üçün də çox mühümdür. Çünki beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin maliyyə əsasının formalaşdırılmasında əmlak vergisi mühüm rol oynayır. Ölkəmizdə isə indiyə qədər daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi üzrə dəqiq, tam əsaslandırılmış bir metodologiya mövcud olmadığından bu gün Azərbaycan bələdiyyələri əmlak vergisi kimi mühüm bir maliyyə mənbəyindən, demək olar ki, məhrumdur.

Xatırladaq ki, bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısında 2007-ci ilin yekunlarına görə bələdiyyələrin ümumi gəlirlərinin cəmi 14 faizini fiziki şəxslərdən alınmış torpaq vergisinin, cəmi 1,9 faizini isə fiziki şəxslərdən alınmış əmlak vergisinin təşkil etməsi də böyük təəssüf hissi ilə diqqətə çatdırılmış, əmlak vergisi hesablanarkən fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın təkmil qiymətləndirmə mexanizminin olmamasının yerli büdcənin formalaşmasına mənfi təsir göstərdiyi bildirilmiş və qeyd edilmişdir ki, bələdiyyələr bu məsələnin həllində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kömək gözləyir. Düşünürük ki, belə bir metodologiyanın qəbulu yerli özünüidarəetmə orqanlarının fəaliyyətində dönüş yaradacaq, bələdiyyələrin fəaliyyəti üçün maliyyə mənbəyinin, əsasən, torpaq satışı hesabına formalaşdırılması meyilləri aradan qalxacaq.

"2009-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin edən Tədbirlər Planı haqqında" Nazirlər Kabinetinin 12 sentyabr 2006-cı il tarixli qərarının 12-ci bəndinə uyğun olaraq 2008-ci il 1 mart tarixinə qədər əhalisinin sayı 5 min nəfərdən çox olan 254 şəhər, qəsəbə və kəndin sxematik planları Xidmət tərəfindən hazırlanaraq 2008-ci il 1 mart tarixinə qədər Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

Xidmətin ərazi idarələrinə il ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların alınması, daşınmaz əmlaka dair texniki sənədlərin tərtibi, yüklülüyün (icarə, istifadə) və ipotekanın dövlət qeydiyyatı və daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi ilə əlaqədar 359.413 müraciət daxil olmuşdur.

İl ərzində hüquq sahiblərinə dövlət reyestrindən 121097 çıxarış, 84761 daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmiş, 18318 yüklülüyün (icarə, istifadə) və ipotekanın dövlət qeydiyyatı aparılmış, 98729 texniki pasport tərtib edilmiş, qalan 36508 müraciət əsasında isə dövlət reyestrindən müxtəlif arayışlar təqdim olunmuşdur.

2007-ci illə müqayisədə 2008-ci ildə Xidmətin ərazi idarələrinə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların alınması, daşınmaz əmlaka dair texniki sənədlərin tərtibi, yüklülüyün (icarə, istifadə) və ipotekanın dövlət qeydiyyatı və daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədilə təqdim edilən müraciətlərin sayı 7,3 faiz artmışdır.

Ərazi idarələrinin 2008-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili bu sahədə də bir sıra uğurlu nəticələrin əldə edildiyini göstərir. Belə ki, Xidmətin ərazi idarələrinin 2008-ci il üçün plan-proqnozu üzrə gəlir və daxilolmaları 9,5 milyon manat təsdiqlənmiş, faktiki olaraq isə 10,8 milyon manat gəlir əldə edilmiş, beləliklə, plan tapşırıqları 113,8 faiz yerinə yetirilmiş, 2007-ci ilin nəticələri ilə müqayisədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları 17,3 faiz və yaxud 98,8 min manat çox gəlir əldə etmişdir. Xidmətin Bakı, Gəncə, Lənkəran, Şəki şəhər, Abşeron, Qəbələ, Şamaxı rayon ərazi idarələri maliyyə ilini uğurla başa vurmuş, maliyyə intizamına əməl etmiş, il ərzində həmin idarələrin gəlir və daxilolmaları, eyni zamanda ümumi əmək məhsuldarlığı artmış, bu isə işçilərin sosial müdafiəsi məsələlərinin həllinə, idarənin maddi-texniki bazasının yaxşılaşdırılmasına, büdcə ödəmələrinin vaxtında həyata keçirilməsinə imkan yaratmış, hətta daxili vəsait hesabına Abşeron Rayon Ərazi İdarəsi, idarənin Xızı rayon şöbəsi, Şamaxı Rayon Ərazi İdarəsinin Qobustan rayon şöbəsi üçün yeni inzibati binalar da tikilərək istifadəyə verilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə təşkil etdiyi test imtahanından keçmiş 6 və dövlət qulluğu stajına malik 10 namizəd müsahibənin nəticəsinə uyğun olaraq Xidmət Aparatında müvafiq dövlət qulluğu vəzifələrinə qəbul edilmişdir.

Xidmətin ərazi idarələrinə işçilərin qəbulu prosesində şəffaflığın təmin olunması, yerli qurumlara səriştəli kadrların qəbulu məqsədilə Xidmət Aparatında yaradılmış müsahibə komissiyasının təqdimatı əsasında 2008-ci il ərzində 145 nəfər Xidmətin ərazi idarələrində işlə təmin olunmuşdur.

2008-ci ildə Xidmət Aparatının inzibati binası yenidən qurulmuş, Şamaxı, Zaqatala, Ucar rayon, Şirvan, Sumqayıt şəhər ərazi idarələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, Cəlilabad, Şəmkir, Tovuz rayon ərazi idarələri üçün də yeni inzibati binalar inşa edilmişdir ki, bu binalar hazırda istifadəyə verilmə ərəfəsindədir.

Ötən ildə idarənin daxili vəsaiti hesabına Abşeron Rayon Ərazi İdarəsi, həmin idarənin Xızı rayon şöbəsi və Şamaxı Rayon Ərazi İdarəsinin Qobustan rayon şöbəsi üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, Xidmətin yerli qurumları üçün tikilmiş inzibati binalar mebel və digər zəruri avadanlıqlarla təchiz edilmişdir.

Ərazi idarələri və rayon şöbələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə il ərzində yerli qurumların daxili vəsaiti hesabına 75 ədəd kompüter dəsti, 110 ədəd əl GPS-i cihazı, 35 ədəd digər çöl-ölçmə avadanlıqları, 4 ədəd skaner, 26 ədəd printer alınmışdır.

2008-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış kredit sazişi üzrə həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi"nin icrası istiqamətində də müəyyən işlər görülmüş, layihə çərçivəsində Xidmətin ərazi idarələrinə 50 kilovatt gücündə 11 ədəd, 80 kilovatt gücündə 6 ədəd generator, 21 ədəd CPS, 11 ədəd "Total-station", 11 ədəd server alınmışdır.

"Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində respublikanın şəhərlərinin və rayon mərkəzlərinin 1:1000 miqyaslı 4960 km2 ərazisinin aerofotoçəkilişi aparılmış, ölkənin digər yaşayış məntəqələri, o cümlədən bələdiyyə əraziləri üzrə isə 15000 km2 ərazinin aerofotoşəkli çəkilmişdir. Abşeron yarımadasının cənub hissəsi və Xaçmaz rayonunun dənizətrafı hissələri üzrə çəkilmiş şəkillər emal olunmuş və həmin şəkillər əsasında 1500 km2 ərazinin ortofotoxəritəsi hazırlanmışdır. Azərbaycan Respublikasının ərazisində real vaxtda daşınmaz əmlakın mövqeyini yüksək dəqiqliklə müəyyən etməyə imkan verən istinad stansiyalarının quraşdırılması üçün 37 ədəd dayaq yeri müəyyənləşdirilmiş, bütün bunlardan əlavə, "Kadastr Məlumatları Bazası"nın yaradılması məqsədilə Xırdalan şəhərinin və Abşeron rayonunun Novxanı kəndinin müəyyən hissəsində həyata keçirilməsi nəzərdə tutulan pilot layihənin icrasına başlanmışdır.

Layihə çərçivəsində Xidmətin inzibati binasında ümumi sahəsi 210 kvadratmetr olan iki zaldan ibarət modern təlim mərkəzi yaradılmış, mərkəz ən müasir avadanlıqlarla təchiz olunmuş, sahələr üzrə təlim planı təsdiqlənmiş, müvafiq plana uyğun olaraq il ərzində Xidmətin 21 əməkdaşı ingilis dilinin və kompüter proqramlarının öyrənilməsi sahəsi üzrə təlimə cəlb edilmişdir. Xidmətin ərazi idarələrində çalışan yer quruluşu və kadastr mütəxəssisləri üçün xarici mütəxəssislərin iştirakı ilə qısamüddətli treninqlər keçirilmişdir.

2008-ci il ərzində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Aparatına ümumilikdə 1199 vətəndaş müraciəti daxil olmuş, il ərzində Xidmət rəhbərliyi tərəfindən 126 vətəndaş qəbul edilmişdir.

Vətəndaş ərizə və müraciətlərinin qəbulu, baxılması və cavablandırılması sahəsində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə Xidmətin www.dedrx.gov.az internet səhifəsi vasitəsilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbul edilməsi imkanları yaradılmış, virtual qaydada daxil olan vətəndaş müraciətlərinin aidiyyəti üzrə struktur bölmələrə və qurumlara çatdırılaraq qeydiyyata alınması və cavablandırılması üçün müvafiq sistem formalaşdırılmış və il ərzində 100-ə yaxın elektron müraciətə cavab verilmişdir.

Vətəndaşların ictimai etimadının artırılması, hüquq sahiblərini maraqlandıran sualların operativ cavablandırılması, onları narahat edən problemlərin dərhal həlli məqsədilə Xidmət Aparatında "Qaynar xətt"in yaradılması barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilmiş, Xidmətə bu məqsədlə üç rəqəmli nömrə (148) verilmiş, sistemin texniki spesifikasiyasının hazırlanması işinə müvafiq firma cəlb edilmiş və "Qaynar xətt" sisteminin cari ilin birinci rübü ərzində istismara verilməsi nəzərdə tutulmuşdur.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində süni maneələrin aradan qaldırılması məqsədilə Xidmətin ərazi idarələrində hüquqi qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı yenidən işlənmiş, sadələşdirilmiş və Xidmət rəisinin əmri ilə rəsmiləşdirilərək ərazi idarələrinin inzibati binalarında elanlar lövhəsində asılmışdır. Sənədlərin siyahısı Xidmətin internet saytında da yerləşdirilmiş, eyni zamanda bir ərizə üzrə üç məqsədin icrası (dövlət reyestrindən çıxarışın, daşınmaz əmlakın texniki pasportunun, məhdudiyyət-yüklülük arayışının alınması) təmin edilmişdir. Bütün bunlar vətəndaşlardan qanunvericilikdə müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin istənilməsi hallarını aradan qaldıracaqdır. Qeyd edilənlərdən əlavə, Xidmətdə informasiya ehtiyatları bazasının formalaşdırılması üçün əmr layihəsi hazırlanmış, informasiya ehtiyatları bazasının reyestri, bazadan istifadə qaydaları tərtib edilmişdir.

Beynəlxalq qurumların təcrübəsini öyrənmək və bu təcrübədən Xidmətin fəaliyyət istiqamətləri üzrə istifadə etmək məqsədilə il ərzində bir sıra ölkələrə, o cümlədən Norveç və Niderland krallıqlarına, Almaniya, İtaliya, Rusiya, Xorvatiya, Monteneqro, Türkiyə, Litva respublikalarına təlim səfərləri təşkil edilmiş, 2008-ci il 1 aprel tarixində Bakıda Litva Respublikası Dövlət Reyestrlər Mərkəzi ilə Xidmət, 2008-ci il 2 avqust tarixində isə Belarus Unitar Müəssisəsinin Dövlət Reyestri və Torpaq Kadastrı üzrə Minsk Şəhər Agentliyi ilə Xidmətin Bakı Şəhər Ərazi İdarəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Almaniya Federativ Respublikası hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış sazişin komponenti kimi Almaniya İnkişaf Bankı (KfW) tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan, respublikamızın Gəncə və Şəki bölgələrini əhatə edəcək "Daşınmaz əmlakın kadastrı" pilot layihəsinə hazırlıq işləri də bu müddətdə davam etdirilmiş, 2008-ci il 24 yanvar tarixində Xidmətlə KfW təşkilatı arasında danışıqların razılaşdırılmış protokolu imzalanmışdır.

Vətəndaşlar arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və qiymətləndirilməsi üzrə maarifləndirmə xarakterli tədbirlər il ərzində davam etdirilmiş, 2008-ci il 7 iyul tarixində Xidmətin təşəbbüsü ilə "Daşınmaz əmlakın qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi", 2008-ci il 6 dekabr tarixində isə "Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi - ənənə və müasirlik" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixinin arxiv materialları əsasında öyrənilməsi il ərzində davam etdirilmiş, ölkəmizdə mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində toplanmış tarixi ənənələri özündə əks etdirən səyyar-sərgi kompozisiya hazırlanmış, sərgi-kompozisiyanın Xidmətdə yaradılan hüquq mərkəzində statik şəkildə yerləşdirilməsi üçün eskiz layihəsi təsdiq edilmişdir və bu iş yaxın günlərdə başa çatdırılacaqdır.

Yaxın beş ildə ölkəmizin sosial-iqtisadi inkişafına və daşınmaz əmlak bazarında dövriyyənin artmasına müvafiq olaraq əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi, vətəndaşlara xidmət şəraitinin daha da yaxşılaşdırılması, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesində etibarlılığın, şəffaflığın və operativliyin təmin olunması, respublika üzrə daşınmaz əmlakın rəqəmli məlumat bazasının formalaşdırılması və ondan səmərəli istifadənin təmin edilməsi, daşınmaz əmlakın elektron idarəetmə sisteminin yaradılması, daşınmaz əmlak bazarında investisiya fəallığının gücləndirilməsi və digər məqsədlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sisteminin inkişafına dair Dövlət Proqramı (2009-2014) layihəsi işlənib hazırlanmışdır. Əmlakın qeydiyyatı sahəsinin inkişaf etdirilməsində dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətlərinin müəyyənləşdirildiyi bu layihə Xidmət Aparatının bütün struktur bölmələrində və ərazi idarələrində müzakirə edilmiş, rəy və təkliflər nəzərə alınmışdır və layihə yaxın günlərdə müvafiq dövlət qurumlarına təqdim ediləcəkdir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Xidmətin Daxili Nəzarət Komissiyasının 2008-ci il ərzində gördüyü işlər haqqında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına müəyyən edilmiş müvafiq formalara uyğun yarımillik və illik hesabatlar təqdim edilmişdir.

Hesabat dövründə Xidmətin fəaliyyət sahəsini əhatə edən qanunvericilik sənədlərinin əks olunduğu toplunun ikinci cildi çapdan çıxmış, əhali arasında hüquqi maarifləndirmə işinin tərkib hissəsi kimi yazılı və elektron kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilmişdir.

Bütün bunlar, əlbəttə, görülməli olan işlərin hələ müəyyən bir hissəsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bundan sonra da öz fəaliyyətini ölkəmizin sürətli inkişaf tempinə uyğun qurmağa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi nailiyyətlərə öz töhfələrini verməyə çalışacaq.

 

 

Arif Qaraşov,

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətinin rəisi

 

 

Azərbaycan.-2009.- 7 fevral.-S.7.