Azərbaycanda elektron dövlətin perspektivləri

 

Azərbaycan çox sürətlə və hərtərəfli inkişaf edir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın hər cəhətdən daha da qüdrətlənməsinə, xalqın daha firavan yaşamasına yönəlib. Son beş il ərzində qarşıya qoyulan bütün vəzifələrin və proqramların, verilən vədlərin həyatda öz real təsdiqini tapması iqtidarın siyasətinin düzgünlüyünü, bu siyasi kursa alternativ olmadığını əyani şəkildə təsdiqləyir. Ölkəmizdəki inkişaf tempinin dinamikası dünya siyasəti və iqtisadiyyatında böyük hadisə kimi qiymətləndirilir. Respublikamızda keçirilən son prezident seçkiləri isə ölkədə demokratiyanın yüksək inkişaf səviyyəsini göstərdi və cənab İlham Əliyevin inamlı qələbəsi xalqın ona böyük etimadının bariz nümunəsi oldu.

Bütün sahələrdə hiss olunan inkişaf tempi informasiya təminatı sahəsində də müşahidə olunur. İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanda neft-qaz sənayesindən sonra ən dinamik inkişaf tempinə malik sahədir. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətdir və onun reallaşmasına dövlət başçısı şəxsən səy göstərir. Bununla bağlı bir neçə strateji dövlət proqramı da qəbul edilmişdir. Bu proqram çərçivəsində xüsusi yeri elektron hökumət quruculuğu ilə bağlı dövlət proqramı tutur. Proqram öz növbəsində elmi-hüquqi doktrinanın hazırlanmasını, müvafiq informasiya - hüquqi şüur səviyyəsinə malik vətəndaş cəmiyyətinin formalaşdırılmasını nəzərdə tutur.

Bu gün ölkəmizdə elə vəziyyət yaranıb ki, Prezident İlham Əliyevin bu sahədə direktivləri ictimai inkişafdan öndə gedərək gələcəyə, perspektivə yönəlmişdir. Baxılan məsələlərin yalnız texniki icradan ibarət olmayıb, həm də formalaşan informasiya cəmiyyətində qarşılıqlı ictimai münasibətlər prosesinə aid olduğunu nəzərə alsaq, aydın olar ki, gündəlik həyatda yaranan ictimai münasibətlərin hüquqi tənzimlənməsi səlahiyyətlərinə malik olan qanunvericilərin vaxtında adekvat reaksiyası zəruridir.

XXI əsr qloballaşan vahid informasiya cəmiyyətinin yaranması prosesinin başlanğıcını qoyan informasiya və kommunikasiya texnologiyaları əsridir. Bu gün bu proseslər, eyni sürətlə olmasa da, hər yerdə və eyni zaman çərçivəsində gedir və dövlətlərin, cəmiyyət təbəqələrinin, qarşılıqlı vətəndaş münasibətlərinin bütün aspektlərinə toxunur. Hələ dünənimizdə xəyal kimi görünən kibercinayətlər, elektron imza, nanotexnologiyalar, robotexnika, süni idrak kimi anlayışlar bugünümüzün reallığına çevrilir. Onlar nəinki alimlərin, hətta siyasətçilərin, dövlət xadimlərinin də dilində tez-tez səsləndirilir, həmçinin "elektron hökumət", "elektron dövlət" termininə daha çox rast gəlinir.

"Elektron dövlət" layihə olaraq hər şeydən əvvəl, dövlət idarəetməsinə müvəffəq olmaq üçün elmi-texniki tərəqqi nailiyyətlərinin həyata keçirilmə prosesidir. Bununla belə, "e-dövlət" konsepsiyasının həyata keçirilməsi - dövlət strukturlarında informasiya texnologiyalarının qeyri-ixtiyari yayılmasını tələb edir. Bu, dövlət idarəçiliyi sisteminin yeni qaydası, dövlət aparatı ilə vətəndaş cəmiyyəti arasındakı münasibətlərin texnoloji mühitidir. XXI əsrin dövlət məmuru - sadəcə kompüterlə işləmək bacarığına malik olan dövlət qulluqçusu deyildir. O, müasir reallıqları adekvat şəkildə dərk edən, yaranan informasiya infrastrukturunda sərbəst əlaqə quran, qarşısına çıxan məsələləri əməli və hərtərəfli şəkildə həll edə bilən yeni formatlı rəhbərdir. İnformasiya texnologiyaları bu zaman bütün prosesin ayrılmaz hissəsi olur. Bununla belə, "informasiya ehtiyatları"nı "informasiya texnologiyaları"ndan fərqləndirmək lazımdır. Texnologiya hər şeydən əvvəl instrumentari, texnoloji məna təsəvvürü yaradır, informasiya resursları (ehtiyatları) isə onun tərkib hissəsidir. Bu anlayışları qarışdırmaq olmaz. Dövlət idarəçiliyinin ən yüksək pillələrində - Prezidentin İcra Aparatında, Milli Məclisdə bu məsələlərin ölkə Prezidenti cənab İlham Əliyev siyasətinin prioritet direktivlərinə əsasən həyata keçirilən struktur islahatlarında çox aydın şəkildə əks olunması diqqətəlayiqdir. Beləliklə, yaxın zamanlarda, texniki aspektin informasiya texnologiyaları üzrə üyğun strukturlar arxasında möhkəmləndiyi bir vaxtda, göstərilmiş strukturlarda əsas vəzifəsi informasiya siyasəti sahəsi və informasiya resursları ilə iş fəaliyyəti kimi təyin olunmuş informasiya təminatı şöbəsi, həmçinin informasiya məsələləri üzrə xidmət yaradılmışdır. Elektron dövlət konsepsiyası dövlət strukturlarında informasiya sahələrini bir vəhdət halında birləşdirən oxşar sistemin ölkə miqyasında yaradılmasını nəzərdə tutur və bu halda texniki proses strukturları və institusional səviyyəli e-dövlətlərin yaradılması üzrə strukturları üzə çıxarmaq çox böyük əhəmiyyət kəsb edir. Miqyasları nəzərə alaraq səlahiyyət bölgüsünü də müəyyən etmək önəm daşıyır. Axı elektron dövlət layihəsinin texniki icrası təşkilatın uyğun layihəsinin eyni səviyyəli digər təşkilat çərçivəsində həyata keçirilməsinə imkan yaradır. Lakin digər orqanların fəaliyyətinin elektronikləşməsinin normativ nizamlama prosesinə müdaxilə səlahiyyət bölgüsü hüdudlarının pozulması kimi də qiymətləndirilə bilər. Belə vəziyyətdə, elektron dövlət konsepsiyasını həyata keçirən tabeli və ya idarələrarası fəaliyyət orqanının yaradılması məqsədəuyğun hesab olunur. Belə halda həmin prosesi ləngidən amillərin mənfi təəssüratı minimuma enəcək.

Qeyd etdiyimiz kimi, e - hökumət dövlətin idarə edilməsinin yeni modelidir, dövlətlə vətəndaşların informasiya texnologiyaları vasitəsilə qarşılıqlı əlaqəsini nəzərdə tutur. E-dövlət anlayışı 1990-cı ilin əvvəllərində Qərbdə meydana çıxdı, yalnız 90-cı ilin sonunda praktiki olaraq həyata keçirilməyə başlandı. E - hökumət qurulmasının əsas prinsipləri belədir: e - hökumət həftənin 7 günü sutkada 24 saat işləyir, başqa sözlə desək, vətəndaşa xidmətin istənilən zaman kəsiyində göstərilməsini təmin edir. Məqsəd maksimum sadəlik və şəffaflıqla vətəndaşlara xidmət göstərməkdən, vahid texniki standartların, qarşılıqlı uyğunlaşmanın və məxfiliyin təmin edilməsi, informasiya təhlükəsizliyi qaydalarının yerinə yetirilməsi zamanı vətəndaşın fikirlərini danışıqsız istiqamətləndirməkdən və sairdən ibarətdir. Bütün bu sadaladıqlarım ilk baxışdan təkcə bürokratik əngəllərin, yaxud kağız sənədlər dövriyyəsinin azaldılması kimi görünə bilər, lakin bu heç də belə deyil. Bu, həm də vətəndaşların dövlət orqanlarına müraciət etmək və hüquqi informasiya əldə etmək üçün çəkilən xərclərinə, vaxtına, eyni zamanda vətəndaşların hüquqlarını həyata keçirmək üçün dövlətin xərclərinə qənaət etməsinə imkan verir. Bununla belə, məsələn, Mərkəzi aparatın köhnə təfəkkürlü məmuru informasiyanı əldə etmək üçün nə edir? O, yazılı surətdə tapşırıq xarakterli məktub hazırlayıb tabeli təşkilatlara göndərir, müəyyən etdiyi müddətdən sonra cavab tələb edir, cavabları yığaraq təhlil etmək üçün icraçı bir qrup müəyyənləşdirib nəticəsini ümumiləşdirərək yekun arayış hazırlayır.

Halbuki kompüterin monitoru arxasında əyləşib, proqram təminatı ilə təmin olunmuş vahid şəbəkəyə (mərkəzi icra orqanı - tabe təşkilatlar) daxil olmaq, eyni zamanda sorğu vermək və ona dair onlayn rejimində məlumat almaq, onu dəqiqləşdirmək, nəticələri ümumiləşdirərək yalnız lazım gəldikdə çap etmək imkanları olan yüksək ixtisaslı mütəxəssis bu tapşırığı təkbaşına və daha operativ görə bilər. O ki qaldı e - dövlətin quruluşunun hansı mərhələdə olmasına, qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət orqanlarında İKT tətbiqi getdikcə sürətlə artır. Bu prosesin dinamikasını təhlil etsək, biz bunları ilk növbədə saytların inkişafında görə bilərik, çünki rəsmi veb-saytlar təşkilatın daxildə olan interaktivliyin xarici göstəricisidir. Azərbaycanda əksər dövlət strukturlarının rəsmi veb - saytları mövcuddur, bu saytlarda müraciət, sorğu bölmələri vardır. Ümumiyyətlə, cari ilin statistikasına nəzər salsaq görərik ki, bir çox dövlət, hökumət idarələri bu sahədə xeyli irəliləyişlərə nail olublar. Dövlət orqanlarının saytlarının layihələri icra olunarkən "üç klik konsepsiyası" prinsiplərinə əməl olunması daha çox vacibdir. Belə ki, bu zaman istifadəçi üç düyməni basmaqla istənilən informasiyanı ala bilər. Şəbəkədəki informasiya resurslarının nadir xüsusiyyətə malik olduğunu nəzərə alsaq, bu konsepsiya saytı maksimal dərəcədə funksional həddə çatdırar və onu kompüter savadından asılı olmayaraq ən sadə istifadəçi üçün də açıq edə bilər. Bu isə öz növbəsində əhalinin müxtəlif təbəqələri arasında rəqəmsal qeyri-bərabərliyin mövcudluğu amillərini bir qədər aradan qaldırar.

Nailiyyətlər təkcə veb-saytlardakı müraciət, sorğu bölgüləri ilə məhdudlaşmır. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında, 2008-ci ilin ilk rübündə, Vergilər Nazirliyində "vahid pəncərə" sisteminin yaradılması sahibkarlar tərəfindən müəssisə, şirkətlərin qeydiyyatdan keçirilməsi işini asanlaşdırdı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron imza ilə bağlı apardığı tender artıq başa çatıb, fiziki və hüquqi şəxs tərəfindən dövlət hakimiyyəti orqanlarına göndərilmiş istənilən informasiya, bildiriş həmin şəxsin imzasının rəqəmsal forması ilə təsdiqlənəcək. Azərbaycanda "e - hökumət" təsisatı müəyyən qədər formalaşıb və bu istiqamətdə məqsədyönlü işlər gedir, Milli Məclisdə qanunvericilik bazası təkmilləşdirilir. Burada xüsusi qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq edilmişdir və bu, Azərbaycanda İKT sektorunun inkişafı məqsədilə müxtəlif təşəbbüslərin yaranmasına təkan vermişdir. Cəmiyyət özünü bu istiqamətdə məlumatlandırmaq məqsədilə rəqəmli texnologiyalardan istifadə etməyə, hökumətlə daha sıx əlaqə saxlamağa, bu əlaqəni inkişaf etdirməyə başlamışdır. Hazırda Azərbaycanda e - hökumətin quruluşu "geniş inkişaf" mərhələsindədir və bu mərhələ özündə daha mükəmməl funksiyalara malik olan və dinamik şəkildə yerləşdirilən informasiya təklif edən dövlət saytlarının sayının artması ilə müşayiət olunur. "Elektron Azərbaycan" proqramının tərkib hissəsi olan "elektron hökumət" layihəsi bu gün uğurla həyata keçirilir və BMT-nin "elektron hökumət" layihələrinin inkişafı barədə 2008-ci il üçün hesabatında Azərbaycan regionda lider ölkə kimi göstərilir.

Texnologiyanın vahid bir şəklə salınması zərurəti nöqteyi-nəzərindən razılaşmaq lazımdır ki, "elektron hökumət" termini hadisə mahiyyəti etibarı ilə dəqiq olmur. "Elektron hökumət" termini öz başlanğıcını ingilis "e - goverment " (hərfi mənada - elektron dövlət, elektron idarəetmə) terminindən götürərək təkcə hökumətin "elektronikləşməsini" deyil, həm də "elektron hökumət" ideyasının reallaşdırılması onlarsız mümkün olmayan dövlət idarəçiliyi və yerli idarəetmənin bütün sistemini nəzərdə tutur. Hələ ki bütün normativ sənədlərdə "elektron hökumət" termini tətbiq olunsa da, çox güman ki, "elektron dövlət" termini daha dəqiq olardı. İstənilən elektron hökumət layihəsinin mahiyyəti hər hansı bir ölkədə reallaşdırıla bilər. Bu, həmişə korporativ məlumat sistemində milli səviyyədə tətbiq olunur. Buna baxmayaraq, hökumət sözünə uyğun olan "elektron" ifadəsi müvəqqəti tarixi təzahür olacaq. Zaman keçdikcə o yox olacaq, çünki qeyri-elektron dövlət qalmayacaq. Fikrimcə, terminologiyanı vahid hala salmaq çox vacibdir. Bu böyük hüquqi əhəmiyyət kəsb edir və hüquqi nöqteyi-nəzərdən elmi tədqiqatlarda, normativ aktlarda "e - dövlət" terminindən istifadə olunması daha məqsədəuyğun olardı.

İctimai təsisatlar tərəfindən keçirilən monitorinqlərə nəzər salsaq görərik ki, dövlət hakimiyyətinə daxil olan idarələrin rəsmi veb - saytları arasında inkişaf ayrı-ayrılıqda müxtəlif səviyyələrdə gedir, bəziləri bu prosesə təzəcə qoşulublar. Belə bir şəraitdə e - hökumətin yaradılması prosesi avtomatik olaraq ləngiyir. Inkişafın bərabər getməsi vacib amildir. Bu sahədə lider olan veb-saytları www.prezident.az, www.meclis.gov.az, www.mincom.gov.az, www.taxes.gov.az və s. buna misal gətirmək olar. Digər təşkilatlar da çalışmalıdırlar ki, onların da rəsmi veb-saytları inkişaf etsin. Bəzi saytlarda tam inkişaf gedir, digər saytlarda yox, lakin nəzərə almaq lazımdır ki, "e - dövlət" bütün ölkəni əhatə edən kompleks bir sistemdir və buna görə də ona münasibət fərqli olmalıdır, çünki e - hökumət ya mövcud olur, ya da yox.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş "İcra hakimiyyəti orqanlarının mərkəzləşdirilmiş informasiya təminatı sisteminin yaradılması haqqında" Sərəncamı informasiya təminatı sahəsinin inkişafı üçün növbəti addım kimi zamanın tələbi və perspektivə yönəldilmiş çox vacib bir qərardır. Ölkəmizdə əldə edilmiş təcrübə göstərir ki, "Elektron hökumət"in formalaşdırılması mərhələli, pilot layihələr və tipik həllər vasitəsilə reallaşdırılır, cəmiyyəti buna hazırlamaq məqsədilə müvafiq yanaşmalar tətbiq olunur. Hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir ki, nəticədə də yaxın gələcəkdə Azərbaycanın regionlarının əksəriyyəti yüksək sürətli internetlə təmin ediləcəkdir. Bu isə təkcə hökumət qurumları üçün deyil, eyni zamanda əhali üçün daha vacib və rəngarəng xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq. Elektron təhsil, elektron xəbərlər, elektron-ticarət, elektron-bank və rayonlarda yerləşən orta məktəblərin yüksək sürətli internetlə təmin olunması kimi xidmətlərin başlanması mümkün olacaq.

"E - dövləti" inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, informasiya və bilikləri hansı qrup insanlar keyfiyyətlə əldə edirlərsə, o insanlar öz sosial-iqtisadi vəziyyətini daha sürətlə yaxşılaşdırarlar, inkişaf edərlər. Bu, həm dövlətlərarası, həm də dövlətlər daxilində baş verir. Biz e-hökumətin qurulması istiqamətində, hökumət - vətəndaş, hökumət - hökumət - vətəndaşla əks əlaqəni təşkil etmək üçün çalışmalıyıq ki, cəmiyyətimiz ilkin mərhələdə ən azı 15-20 % İKT sahəsində məlumatlı olsun. Öz növbəsində bu, prosesin inkişafını sürətləndirmək üçün faydalılıq əmsalını artıracaq. "E - hökumət" quruculuğu sahəsində uğur qazanmış ölkələrə nəzər salaq: Kanada, ABŞ, Sinqapur, Finlandiya və s. Postsovet ölkələrində "elektron-dövlət" quruculuğu məsələlərində isə Baltikyanı ölkələr daha çox irəli getmişlər. Məsələn, Estoniyada qəbul olunmuş "İctimai informasiya haqqında" qanuna müvafiq olaraq 2000-ci ildən bəri vətəndaşlar dövlət sirri təşkil etməyən bütün rəsmi ictimai informasiyadan əsas etibarilə məhz internet vasitəsilə istifadə edirlər. Təkcə ona görə yox ki, bu, zamanın tələbidir, həm də ona görə ki, qanunun birmənalı tələbləri belədir. Qüvvədə olan normaya görə, "informasiyanın sahibi həmin informasiyanı ona ehtiyacı olan bütün şəxslərin nəzərinə maksimum sürətlə çatdırmağı təmin edən üsulla dərc etməyə borcludur".

Rəqəmsal fərq, qeyri-bərabərlik adı ilə məşhurlaşan problem insanların informasiya əldə etmək, onunla işləmək, ondan istifadə hüququ üzrə imkanların müxtəlifliyidir. İnformasiya resurslarından və yüksək texnologiyalardan istifadə imkanı üzrə bu, qeyri-bərabərlik, informasiya cəmiyyəti üzrə bütün dünya tərəfindən bugünün və gələcəyin problemi kimi əsas müzakirə obyektidir. Ölkələr arasında mövcud olan ümumi inkişaf fərqindən asılı olaraq, bir qrup insan informasiya resurslarından daha geniş istifadə imkanına malikdir, bir qrup insan isə bu imkanlardan ya müəyyən məhdudiyyətlərlə istifadə edir, ya da tamamilə məhrumdur. Cəmiyyətimizdə də bu problem mövcuddur və biz bunun həllinə çalışmalıyıq. Hələ 2000-ci ilin sonunda ümummilli lider Heydər Əliyev "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət"ində qeyd etmişdi ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür. Yeni minilliyin astanasında ölkəmizin qarşısında duran siyasi və sosial-iqtisadi problemlər geniş müzakirə olunmalı, ümdə vəzifələrimizə uyğun müvafiq proqramlar həyata keçirməliyik. Ona görə biz gözləməli deyilik ki, sosial-iqtisadi, ictimai-siyasi sahələrdə hansı hadisələr baş verəcək və o hadisələrlə ehtimal olunan problemlərlə biz necə mübarizə aparacağıq. Biz bu hadisələri əvvəlcədən öyrənib onları idarə etməyi bacarmalıyıq. Bu baxımdan, onu da qeyd etməliyəm ki, qloballaşma dövründə "e-dövlətin" təsisatı ilə bağlı Azərbaycanın qanunvericilik bazasında xeyli dərəcə yeniliklər var. Dünya təcrübəsi göstərir ki, qeyri-neft sektorunun inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu xüsusilə əhəmiyyətlidir. Azərbaycanda İKT sektoru inkişaf tempinə görə energetika sektorundan geri qalsa da, qeyri-neft sektorunda liderdir desək, yanılmarıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etmişdir: "Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi bizdən tələb edir ki, İKT sahəsində dünyada gedən ən qabaqcıl təcrübəni Azərbaycana gətirək, burada tətbiq edək və geniş yayaq". Hazırda ölkəmizdə İKT neftdən sonra ikinci prioritet sahədir, bu sahənin sürətlə inkişafı "e - dövlətin" yaradılmasında ən böyük önəm daşıyır. "E-hökumətlə" bağlı qanunvericilik bazasında müəyyən qanunlar qəbul edilib və eyni zamanda bu sahədə qəbul olunmuş qanunlar bizi e-dövlətin qurulması istiqamətində hazırlıqlı olduğumuzu göstərir. Xüsusilə qeyd etmək istərdim ki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda informasiya məsələləri üzrə müvəkkil təsisatın yaradılması nəzərdə tutulub və bu "e - dövlətin" qurulmasında inkişaf etmiş ölkələrin bir çoxunda hələ də yoxdur, əlbəttə, bu təsisatın fəaliyyəti müəyyən zaman tələb edir. "E - dövlət"lə bağlı qanunvericilik bazasında başqa yeniliklər də çoxdur. Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına və ümumilikdə dövlətimizin inkişafına xidmət edən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 - 2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan"), "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında" qanunlar qəbul edilmişdir və bu istiqamətlərdə bir sıra layihələr həyata keçirilir. Bu qəbildən olan qanunların mövcudluğu ölkədə İKT-nin inkişafında böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, İKT müfəssəl elmi-hüquqi tədqiqatlar tələb edir. Hüquqi tənzimləmə sadəcə ayrı-ayrı qanunların qəbul edilməsini deyil, elə bir sistemli kompleks qanunvericiliyin mövcudluğunu tələb edir ki, bu zamanda, məsələn, iqtisadi hüquq münasibətlərini tənzimləyən normalar hüquqların qorunmasına və kibercinayətkarlığın qarşısının alınmasına yönəlmiş preventiv normalar ilə ziddiyyət təşkil etməməlidir. Bu sahənin inkişafı üçün ilk növbədə informasiya-kommunikasiya hüququnun (elaw) formalaşması lazımdır. Bu sahədə ölkəmizdə hüquqi ekspertlərin azlığı özünü göstərir, elmi seminarlar isə demək olar ki, çox az keçirilir.

Artıq dövlət və hökumət orqanları vətəndaşların internet vasitəsi ilə edilən müraciətlərinə baxılmasını daha da fəallaşdırmış, öz veb-saytlarında vətəndaşların müraciətləri üçün yer ayırmışlar. Bu orqanlar indi artıq vətəndaşların təklif, tövsiyə və ya pozulmuş hüquqlarının bərpası ilə bağlı şikayət və tələblərinə, vəzifəli şəxslərin hərəkətləri, hərəkətsizliyi barədə elektron müraciətlərə baxılmasını və cavab verilməsini sürətlə internet şəbəkəsi vasitəsilə həyata keçirirlər. Elektron məktublara baxılması dövlət, hökumət orqanlarının xidmətlərinin göstərilməsini daha da yaxşılaşdırır. Vətəndaş müraciətləri ilə iş modulu müraciəti qəbul edilmiş vətəndaşa imkan verir ki, elektron şəkildə istənilən məktubun aqibətini izləyə bilsin: kim ona baxıb, kim cavablandırıb, hara yönəldilib və s. Elektron məktub gərəkli informasiyanın əldə olunması üçün, qarşılıqlı əlaqə zamanı sərf olunan kağız sərfini əhəmiyyətli dərəcədə azaldır. Bu imkan dövlət və vətəndaş arasında sıx informasiya mübadiləsinin həyata keçirilməsində hökumət - hökumət, hökumət - vətəndaş münasibətlərini tənzimləyir, dövlətin fəaliyyətini təmin edən, onun səmərəliliyini artıran əsas mexanizmlərdəndir. Hazırda "e - hökumətin" əsasını təşkil edəcək layihələr reallaşdırılır: telekommunikasiya infrastrukturu təkmilləşdirilir, gömrük, maliyyə, vergi sahələrində korporativ sistemlərdən geniş istifadə olunur, əhalinin reyestri formalaşdırılır, digər kadastr və reyestrlər yaradılır. Bu işlərin bəzilərinə əvvəlki illərdə başlandığından hazırda onların ümumi "e - dövlət" ideologiyasına uyğun əlaqələndirilməsi məsələsi meydana çıxır. Əldə edilmiş təcrübə əsasında hökumət orqanlarının qarşılıqlı əlaqəsini yaratmaq məqsədilə " vahid pəncərə" sxemindən istifadə olunur ki, bu da "hökumət-vətəndaş", "hökumət-hökumət", "hökumət-biznes" əlaqələrinin yaradılmasına təkan verir. Bu yanaşma Azərbaycanda eyni zamanda onu da göstərir ki, "e-dövlətin" formalaşdırılması mərhələli, pilot layihələr və tipik həllər vasitəsilə reallaşır və cəmiyyəti buna hazırlamaq məqsədilə müvafiq yanaşmalar tətbiq edilir, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının inkişaf prosesində yaranan münasibətlərin hüquqi tənzimlənməsi üzrə layihələr qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl siyasəti nəticəsində yaranmış sabit iqtisadi vəziyyət, ölkəmizdə informasiya-kommunikasiya sahəsində əldə olunan uğurlar, həyata keçirilən proqramlar və milli layihələr inamla bunu deməyə əsas verir ki, Azərbaycan ən yaxın gələcəkdə qlobal informasiya cəmiyyətində layiqli yer tutacaqdır.

 

 

Rəşad Əzizov,

Azərbaycan Respublikası Milli Məclisinin

İnformasiya məsələləri sektorunun müdiri,

hüquq elmləri namizədi

 

Azərbaycan.-2009.-7 fevral.-S.9.