BMT-nin hesabatında
Azərbaycanın insan
hüquqları sahəsindəki
uğurları əksini
tapmışdır
Azərbaycanda insan
hüquqları və əsas azadlıqlarının təmin
olunması istiqamətində bir sıra uğurlar əldə
edilmişdir.
Bu fikirlər Cenevrədə
BMT Baş Məclisinin 2006-cı il 15 mart tarixli Qətnaməsinə
müvafiq olaraq İnsan Hüquqları Şurasının
Universal Dövri İcmal Mexanizmi üzrə işçi
qrupunun 4-cü sessiyasında Azərbaycanla bağlı qəbul
edilən hesabatda əksini tapmışdır.
Hesabatda Azərbaycanın
beynəlxalq təşkilatlarla əməkdaşlığı,
əldə olunan uğurlar barədə geniş məlumat
verilmişdir. Ölkəmizin universal dövri icmal üzrə
hazırladığı milli məruzəsində Azərbaycan
hökumətinin mövqeyi və BMT-yə üzv olan ölkələrin
münasibətləri də geniş yer almışdır.
Azərbaycan Prezidentinin
2009-cu il 13 yanvar tarixli sərəncamına uyğun olaraq,
xarici işlər nazirinin müavini X.Xələfovun
başçılığı ilə nümayəndə heyəti
milli məruzənin təqdimatında iştirak etmişdir.
Azərbaycanın BMT-nin
Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəliyinin rəhbəri, səfir
Elçin Əmirbəyovun verdiyi məlumata görə, digər
ölkələrlə yanaşı, Azərbaycana da bir
sıra tövsiyələr verilmişdir. Ölkəmizlə
bağlı hesabatın müzakirəsində 60-a yaxın heyət
öz fikrini bildirmişdir və bu da beynəlxalq ictimaiyyətin
Azərbaycana göstərdiyi marağın təzahürü
idi.
Azərbaycanın
tövsiyələrə hansı səviyyədə əməl
etməsi məsələsi BMT Baş Məclisinin 2009-cu ilin
iyununda keçiriləcək 11-ci sessiyasında müzakirə
olunacaqdır.
BMT Baş Məclisinin
İnsan Hüquqları Şurasının Universal Dövri
İcmal Mexanizmi üzrə işçi qrupunun sessiyası
fevralın 13-də başa çatacaqdır. Qurumun
sessiyasında Azərbaycanla yanaşı, daha 15 ölkə
üzrə hesabat qəbul ediləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-8 fevral.-S.1.