Qadın triumfu

 

 O, İmperatriça Feofaniyadan sonra Almaniyada dövlət başında duran ikinci qadındır. Zərif cinsin nümayəndəsi olmasına baxmayaraq, siyasətdə əsl kişi təbiəti nümayiş etdirir. Bu gün Avropanın taleyilə bağlı hər hansı mühüm qərar onun razılığı olmadan qəbul edilmir. Kommunist rejiminin bərqərar olduğu bir ölkədə böyüməsinə baxmayaraq, uşaqlıq dövründən özünü kapitalizmin nümayəndəsi kimi aparıb. İxtisasca fizik olsa da, özünü siyasətdən təsdiq edib. Almaniyanın federal kansleri Angela Merkel bu gün də siyasətin həyatının ayrılmaz hissəsi olduğunu bildirir.

 

Qırmızı keşişin qızı

 

Qızlıq soyadı Kasner olan Angela Doroteya Merkel 1954-cü il iyulun 17-də Hamburqda anadan olub. Angelanın atası Horst Kasner texnologiyanı öyrənmək məqsədilə Qərbi Almaniyanın bu şəhərinə Şərqi Berlindən gəlmişdi. Angelanın anası Herpinda Kasner isə latın və ingilis dili müəllimi işləyirdi. Hamburqda teoloji təhsil aldıqdan sonra Kasner həyat yoldaşı və yenicə dünyaya gəlmiş Angela ilə birlikdə Almaniya Demokratik Respublikasına köçdü. Burada kiçik Templin şəhərində yaşayan Horst Kasner kilsədaxili təhsil mərkəzinin yaradılmasında fəal iştirak etməyə başladı. 1957-ci ilin iyulunda Angelanın qardaşı Mark Kasner, 1964-cü ilin avqustunda isə bacısı İrena dünyaya gəldi.

Sonradan keşişlər üçün nəzərdə tutulan kollecə rəhbərlik etməyə başlayan Horst Kasner Berlin-Brandenburq Lüteran kilsəsinin də ən önəmli nümayəndələrindən biri idi. O, həm də ADR hökumətinə qarşı müxalifətdə olmayan din xadimləri sırasında yer alırdı. Horst Kasner teoloqların yaratdığı "Vaysenzee seksiyası" qrupuna daxil idi və ADR hökuməti belə hesab edirdi ki, bu qrup kilsənin "tərəqqipərvər" hissəsinə aiddir. Bütün bunlar Kasnerə Qərbə gedib-gəlmək üçün asanlıqla icazə almağa şərait yaradırdı. Lakin ADR-də Angelanın anasına ixtisası üzrə məktəbdə işləməyə qadağa qoyulmuşdu. Bu səbəbdən keçmiş müəllimə özünü uşaqlarına həsr etmək məcburiyyətində qalmışdı.

1961-ci ildə Angela Templində orta politexnik məktəbində birinci sinfə getdi. Müəllimlərinin və onunla bir sinifdə oxuyanların bildirdiyinə görə, orta məktəbdə ilk illərdə o, digərlərindən elə fərqlənməsə də, sosial baxımdan şəraitə tez uyğunlaşan olub. Riyaziyyat və rus dilini daha yaxşı mənimsəyən Angela 1973-cü ildə orta məktəbi əla qiymətlərlə başa vurdu.

Uşaqlıq dövrü və orta məktəb illəri ilə bağlı Merkel xatırlayır ki, atasının dindar olması və özünün xristian ənənələrinə bağlılığı onun həyatında vacib rol oynayıb və kommunist ölkəsində keçən uşaqlığı dövründə xristian kökləri ilə bağlılığı daha da güclənib. Angela onu bildirir ki, Almaniya Demokratik Respublikasında (ADR) yaşamasına baxmayaraq, özünü heç vaxt buranın bir hissəsi hesab etməyib. Elə bu səbəbdən ADR istehsalı olan geyimlərdən və digər əşyalardan mümkün qədər istifadə etməməyə çalışıb. Angelanın uşaqlığı barədə mediada müxtəlif maraqlı faktlara rast gəlmək mümkündür. Məsələn, bildirilir ki, Almaniyada olan sovet əsgərləri dəfələrlə onun velosipedini oğurlayıb. Lakin Angela buna görə heç vaxt əsgərlərə nifrət etmədyini qeyd edir.

Qızından fərqli olaraq Angelanın atası sosializmə daim rəğbət bəsləyib və hətta buna görə ona "Qırmızı Kasner", "Qırmızı Keşiş" təxəllüsü verilib. Sosializmə olan rəğbətinə görə, "Qırmızı Kasner" qızının Ernst Telmanın adına olan pioner təşkilatına daxil edilməsinə də heç bir etiraz etməyib. Angela isə pioner təşkilatının ardınca, Vzal Alman Gəncləri İttifaqı adlanan komsomol təşkilatına da qəbul olunub. Məktəb illərində Angelanın riyaziyyata marağı böyük olub, hətta o, iki dəfə Sovet-Şərqi Almaniya olimpiadasında birinci yerə çıxıb. 1968-ci ildə isə digər olimpiya qalibləri ilə birlikdə Moskvaya gəlib. Rus dili üzrə respublika müsabiqələrində də dəfələrlə birinci yerə çıxan Angela hələ orta məktəbdə oxuyarkən fizik olmaq və bu məqsədlə Karl Marks adına Leyptsiq Universitetinin fizika fakültəsinə daxil olmaq qərarına gəldi.

 

"Demokratik oyanış"la başlanan siyasi yol

 

1973-cü ildə bu universitetə daxil olan Angela həyatında vacib rol oynayan bəzi şəxslərlə elə tələbə ikən tanış olub. Onlardan biri gələcək həyat yoldaşı Ulrix Merkel idi. Bəzi məlumatlara görə, onların ilk görüşü tələbələrin Moskva səfəri zamanı baş tutub. Hələ ali məktəbdə təhsil alarkən onlar ailə həyatı qurdular. Lakin bu evlilik həyatı cəmi beş il çəkdi. 1982-ci ildə Angela həyat yoldaşından ayrılsa da, onun soyadını daşımaqdan imtina etmədi. Alman dilindən tərcümədə bu ad "nəzərəçarpan, aydın" mənasını verir. Onun ikinci həyat yoldaşının - İoahim Zauerin soyadının tərcüməsi isə "turş" deməkdir. Maraqlıdır ki, bəzən İoahim "cənab Merkel" deyə çağırılır. Lakin onun özü bundan incimədiyini bildirir.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Merkel dərhal işə düzələ bilmədi. Tədqiqatçılara görə, buna əsas səbəb həmin vaxt Merkelin ADR Dövlət Təhlükəsizlik Nazirliyi (Stasi) ilə əməkdaşlıqdan imtina etməsi və "Həmrəylik" hərəkatından olan polşalı dissidentlərə rəğbət bəsləməsi olub. Həmin vaxtlar ADR-də qurulan rejimdən elə də açıq şəkildə narazılıq ifadə etməyən Merkel iş tapmaq üçün Berlinə gəldi və 1978-ci ildən 1990-cı ilə kimi ADR Elmlər Akademiyasının Mərkəzi Fizika-Kimya İnstitutunda işə düzəldi. Maraqlıdır ki, elə həmin vaxtlar Angela institutun komsomol təşkilatının təşviqat və təbliğat üzrə katibi seçildi. 1986-cı ildə kvant kimyası üzrə doktorluq dissertasiyasını müdafiə edən Angela siyasətə 1980-ci illərin sonlarında, Berlin divarlarının yıxılmasından sonra atıldı. Onun siyasətə gəlməsinin əsas səbəbi isə həmin vaxtlar ADR-də baş verən çaxnaşmalardan sonra xalqının taleyinə biganə qala bilməməsi və almanların birləşməsinə can atması idi. Bu məqsədlə Angela 1989-cu ildə "Demokratik oyanış" təşkilatına üzv oldu, bir ildən sonra isə bu təşkilatın mətbuat katibi seçildi. Sonra partiyaya çevrilən bu təşkilat siyasi kursunu bir neçə dəfə dəyişdi. Əvvəlcə onu sol təmayüllü partiyalar sırasına aid etməyə başladılar. Lakin az sonra bu partiya sosializm prinsiplərindən tam imtina etdi.

Xalq Palatasına 1990-cı il martın 18-nə təyin edilən seçkilərlə bağlı yaradılan "Almaniya uğrunda alyans"da isə "Demokratik oyanış"da əsas rollardan birini oynayırdı. Lakin həmin vaxt seçkilərdə "Demokratik oyanış" 0,9 faiz səs toplamaqla ciddi məğlubiyyətə uğradı. Buna əsas səbəb partiyanın sədri Volfqanq Şnurun ADR Təhlükəsizlik Nazirliyilə əməkdaşlığının meydana çıxması olmuşdu. Lakin "Demokratik oyanış"la birlikdə "Almaniya uğrunda alyans"a qatılan Şərqi Almaniya Xristian Demokratlar İttifaqı (XDİ) 41 faiz səs topladığı üçün alyans seçkilərdə birinci yerə çıxdı. Xristian Demokratlar İttifaqı tərəfindən irəli sürülən siyahıda adı birinci gələn Lotar de Mezyer alyansa daxil olan partiyalardan, sosial demokratlardan və liberallardan ibarət koalisiya yaratdı. Aprelin 12-də Lotar de Mezyer ADR Nazirlər Şurasının yeni sədri seçildi. O, Merkeli ADR tarixində azad seçilən ilk və sonuncu qeyri-kommunist hökumətinin mətbuat katibinin müavini təyin etdi. Elə həmin il Mezyerin tapşırığı ilə Moskvaya gələn Angelanın əsas missiyası sovet vətəndaşlarının Almaniyada baş verən siyasi dəyişikliklərə münasibətini öyrənmək idi.

ADR-də keçirilən parlament seçkilərindən az sonra gündəmə gələn əsas məsələlərdən biri də Almaniyanın birləşməsi idi. Məhz həmin dövrdə Angelanın siyasi karyerasında vacib rol oynayan federal kansler Helmut Kolla tanışlığının baş tutması gələcək baş nazir üçün mühüm əhəmiyyət kəsb etdi. Belə ki, Kol Merkelin vəzifə karyerasında sürətlə yüksəlməsində az rol oynamadı. Merkellə Kolu isə Lotar de Mezyer tanış etmişdi.

1990-cı il avqustun 31-də ADR və AFR-in birləşməsi haqqında müqavilə imzalandı. O dövrdə mətbuat katibinin müavini kimi Merkel Mezyeri mühüm dövlət tədbirlərində və xarici səfərlərdə müşayiət edirdi. Bu səbəbdən o, Almaniya Federativ Respublikası ilə münasibətlərin tənzimlənməsi barədə imzalanan yekun müqavilədə də iştirak edib. Elə həmin vaxtlar Mezyerin ətrafında yaranan qalmaqal Angelanı daha çox diqqət mərkəzinə çəkdi. Belə ki, Mezyerin xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu meydana çıxdığından o, karyerasını yarımçıq saxlamalı oldu. Həmin vaxt Merkel keçmiş rəhbərini ictimai şəkildə sərt ittiham etməyə başladı.

Bu dövrdə yaşanan proseslərdən biri də Almaniyanın şərqində və qərbində olan siyasi partiyaların birləşməsi idi. Onlardan biri olan Xristian Demokratlar İttifaqı Qərbi Almaniyada eyni adlı partiya ilə birləşdi. Bundan sonra Merkelin təmsil olunduğu "Demokratik oyanış" partiyası da növbədənkənar qurultayında Xristian Demokratlar İttifaqının tərkibinə daxil olmaq barədə qərar qəbul etdi. 1990-cı il oktyabrın 1-2-də Hamburqda birləşmə ilə bağlı keçirilən qurultayda o, "Demokratik oyanış"ı təmsil edən nümayəndə heyətinin üç üzvündən biri idi.

 

Xristian Demokratlar İttifaqının yeni baş katibi

 

Angelanın ADR-də mətbuat katibinin müavini vəzifəsinə 1990-cı il oktyabrın 3-də, Almaniyanın birləşdiyi gün son qoyuldu. Bundan sonra Merkel Mətbuat və İnformasiya üzrə Federal Nazirlikdə məsləhətçi təyin edildi. Birləşmiş Almaniyada yeni iş yeri tapan Merkel Bundestaqa deputat seçilmək qərarına gəldi və Ştralzund-Ryuqen dairəsindən deputatlığa namizəd oldu. Həmin il dekabrın 2-də birləşmiş Almaniyanın Bundestaqına keçirilən ilk seçkilərdə Merkel 48,5 faiz səs toplayaraq deputat seçildi.

1991-ci ildən 1998-ci ilə qədər Xristian Demokratlar İttifaqının sədr müavini olan Angelanın istər federal hökumətdə, istərsə də partiyada sürətli yüksəlişinin əsas səbəbi Kolun dəstəyi idi. 1990-cı ildə Bonna Federal Kanslerliyə çağırılan Merkel Kolun yaratdığı dördüncü kabinetdə gözlənilmədən qadın və gənclər üzrə nazir təyin olundu.

Angelanın belə yüksəlməsində federal kansler xüsusi rol oynadığına görə həmin vaxt çoxu onu "Kolun qızı" çağırırdı. 1994-cü il oktyabrın 16-da Bundestaqa keçirilən növbəti seçkilərdən sonra Kol onu ətraf mühit, təbiətin mühafizəsi və nüvə reaktorlarının təhlükəsizliyi üzrə nazir vəzifəsinə təyin etdi. Bu vəzifədə çalışdığı vaxt Merkel olduqca ciddi bir qalmaqalla üz-üzə qaldı. Belə ki, həmin vaxt jurnalistlərə məlum oldu ki, nazir bağ evinə hərbi vertolyotda gedir və hər belə uçuş dövlət xəzinəsinə bir neçə min markaya başa gəlir. Merkelin siyasi karyerası ciddi təhlükə altına düşsə də, sonda o bu qalmaqaldan yenə Kolun dəstəyilə yaxa qurtara bildi.

1998-ci il sentyabrın 27-də Bundestaqa keçirilən növbəti seçkilərdə Xristian Demokratlar İttifaqının və Xristian Sosialistlər İttifaqının koalisiyası çox ciddi məğlubiyyətlə üzləşdi. Bu, partiya rəhbərliyində yeni dəyişikliyə gətirib çıxardı. Belə ki, həmin il noyabrın 7-də Volfqanq Şoyble XDİ-nın sədri vəzifəsində Kolu əvəzlədi. Partiyanın fəxri sədri statusunu alan Kolun tövsiyəsi ilə Merkel Xristian Demokrat İttifaqının baş katibi seçildi. Bu dəfə Volfqanq Şoyble də Merkelin yeni təyinatını dəstəkləyirdi.

 

"Qara kassa" əməliyyatı

 

1999-cu ilin noyabrında Xristian Demokratlar İttifaqının qeyri-qanuni şəkildə maliyyələşdirilməsi barədə qalmaqal Angelanın siyasi həyatına təsirsiz ötüşmədi. Söhbət həmin vaxt meydana çıxan "qara kassa" əməliyyatından gedirdi. Hətta Kol bu qalmaqal üzündən siyasi karyerasına son qoydu. Qeyd edək ki, "qara kassa" qalmaqalı Xristian Demokratlar İttifaqının qanunsuz maliyyələşdirilməsi ilə bağlı idi. 1999-cu il dekabrın 16-da Kolun ZDF telekanalına verdiyi müsahibədən sonra bir daha aydın oldu ki, "Siyasi Partiyalar haqqında" qanuna zidd olaraq o, partiya üçün milyonlarla marka həcmində maliyyə vəsaiti alıb. Bütün israrlara rəğmən Kol partiyaya kimin yardım etməsini açıqlamaqdan imtina etdi.

Həmin vaxt Kolun bu hərəkətinə qarşı çıxanlardan biri isə elə Merkel idi. Bununla bağlı Merkel "Frankfurter Allgemeine Zeitung" qəzetində Helmut Kolu ciddi tənqid edir və partiyanın "köhnə qvardiyadan" birdəfəlik ayrılmalı olduğunu yazırdı: "Partiya ilk müstəqil addımlarını atmalı, özünə inanmalıdır. Helmut Kolun özünü tez-tez adlandırdğı kimi "qoca döyüş atı" olmadan siyasi rəqiblərilə mübarizəni davam etdirə bilər. Bir yeniyetmə kimi partiya valideyn evindən ayrılmalı və öz yolu ilə getməlidir".

Bir qədər sonra XDİ Koldan partiyaya maliyyə ayıran şəxsin adını açıqlamayana qədər fəxri sədr səlahiyyətlərini dayandırmağı tələb etdi. Buna cavab olaraq Kol fəxri sədrlikdən istefa verdi. Elə həmin vaxtlar Kolun partiya sədri Şoyble ilə ictimai polemikaları da geniş vüsət almağa başladı. Lakin partiyanın xəzinədarı Briqitt Baumaysterin verdiyi açıqlamalar Şoybleyə ciddi zərbə vurdu. Belə ki, Bundestaqın 2 dekabr 1999-cu ildə keçrilən iclasında Şoyble Karlhayns Şrayberin adlı iş adamının timsalında hərbi sənaye lobbisindən maliyyə yardımı alması barədə iddiaların əsassız olduğunu bildirmişdi. Lakin Briqitt Baumayster sözügedən lobbidən pulun necə alınmasını tam detallarına qədər açıqladı və bundan sonra Şoyble maliyyə yardımı alınmasını etiraf etdi.

 

Yeni sədrlə yeni uğurlar

 

 Bundan sonra isə onun partiya sədri vəzifəsində qalması mümkün deyildi. 2000-ci il fevralın 16-da Şoyble XDİ və XSİ fraksiyasında bildirdi ki, o, partiya sədri və fraksiya lideri postundan gedir. Növbəti bir neçə həftə ərzində baş katib kimi Merkel partiyaya rəhbərlik etməyə başladı. 2000-ci il aprelin 10-da isə o, partiya sədri seçildi. 2000-2001-ci illərdə federal dairələrdə keçirilən yerli seçkilərdə Merkelin rəhbərliyi altında XDİ ciddi qələbə qazandı. Elə bundan sonra Merkelin federal kansler postuna əsas namizədlərdən biri olacağı dəqiqləşməyə başladı. Lakin 2002-ci ilin sentyabrında Bundestaqa keçirilən seçkilərdə Merkel federal kansler postuna namizədliyini Bavariyanın baş naziri və Xristian Sosialist İttifaqının sədri Edmund Ştoyberin lehinə geri götürdü. Buna əsas səbəb isə XDİ-nin yuxarı eşelonlarının Ştoyberi dəstəkləməsi idi. Həmçinin partiya sədri postunda ilk dövrlər Merkelin ambisiyaları bir çox tərəfdaşlarının tənqidinə tuş gəlmişdi. Hətta bəziləri onu keçmiş ADR-dən "yad element" adlandırır, siyasi təcrübəsizlikdə ittiham edirdi. Beləliklə də, 2002-ci ildə keçirilən seçkilərdə Merkel könüllü olaraq Edmund Ştoyberə güzəştə getdi. Əslində, Ştoyberin kansler postuna namizəd olması Merkelin lehinə idi. Çünki həmin vaxt Merkel qələbə çalacağına tam əmin deyildi və Ştoyberin məğlub olacağı təqdirdə xristian partiyalarından ən yaxşı namizəd statusuna yiyələnəcəyini də yaxşı bilirdi.

Sentyabrın 22-də keçrilən seçkilərdə Angelanın əvvəlcədən gözlədiyi kimi, Herhard Şröderin lideri olduğu Almaniya Sosial Demokrat Partiyası və Yoşka Fişerin Yaşıllar Partiyasının koalisiyası qalib gəldi. Hadisələrin bu səpkidə inkişafı və partiyasında əsas rəqiblərin sıradan çıxması Merkelin mövqeyini yenidən möhkəmləndirdi. Elə bu səbəbdən 2002-ci ilin payızında Merkel Bundestaqda Xristian Sosialist və Xristian Demokrat ittifaqlarının yaratdığı fraksiyaya rəhbər seçildi. Hətta bununla bağlı Xristian Demokratlar İttifaqının Rəyasət Heyətinin həlledici iclasında Ştoyber səsini Angelanın lehinə verdi.

Partiyanın 2002-ci ilin noyabrında Hannoverdə keçirilən federal qurultayında Merkel yenidən böyük səs çoxluğu ilə sədr seçildi. Növbəti il partiya üçün uğurlu oldu. Belə ki, Hessendə və Aşağı Saksoniyada keçirilən parlament seçkilərində Xristian Demokratlar İttifaqı qalib gəldi. Bununla da, qanunverici orqanda mövqeyini gücləndirən və müxalifətdə olan Angela ölkənin idarə edilməsində iştirak etməyə başladı.

2004-cü ilin fevralında isə federal kansler Herhard Şröder Almaniya Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa verdiyini açıqladı və onun yerinə Frans Myunteferinq keçdi. Elə həmin il Hamburq parlamentinə keçirilən seçkilərdə Xristian Demokratlar İttifaqı qələbə qazandı.

2004-cü ilin sonlarında federal prezident Yohannes Raunun səlahiyyət müddəti başa çatdı. Formal olan bu baş siyasi vəzifəyə namizədliyini irəli sırən Volfqanq Şoyble XDİ və XSİ-dən dəstək alacağına ümid edirdi. Xristian Demokratlar İttifaqı daxilində Merkelə qarşı çıxan qüvvələr də Şoyblenin namizədlyini dəstəkləyirdi. Lakin Merkelin dəstəklədiyi namizəd bankir Horst Kelyer idi. Federal Məclisdə Kelyerin qələbə qazanaraq Prezident seçilməsi Merkelin mövqelərini daha da gücləndirdi.

2005-ci ildə keçirilən yerli seçkilərdə Almaniya Sosial Demokrat Partiyası növbəti dəfə məğlubiyyətə uğradı. Davamlı məğlubiyyətləri nəzərə alan partiyanın sədri Frans Myunteferinq Bundestaqa növbədənkənar seçkilərin keçirilməsini təklif etdi. Onun ardınca federal kansler Şröder Bundestaqda öz hökumətinə könüllü şəkildə etimadsızlıq təşəbbüsü irəli sürdü ki, bu da 2005-ci il sentyabrın 18-də növbədənkənar parlament seçkilərinin təyin edilməsilə nəticələndi.

2005-ci ilin ortalarına yaxın Merkel artıq xristian partiyalarının böyük əksəriyyətinin dəstəyini əldə etmişdi. Həmin ilin mayın 30-da Merkel XSİ və XDİ-dən federal kansler postuna rəsmi namizəd kimi irəli sürüldü. Onun namizədliyi Ştoyber tərəfindən təklif olunmuşdu və hər iki xristian partiyasının rəhbərliyi bu təklifi məmnuniyyətlə qəbul etmişdilər.

Merkel qalib gələcəkləri təqdirdə Azad Demokratlar Partiyası ilə birlikdə koalisiya hökuməti yaradacağını bildirdi. Ancaq XDİ və XSİ bloku seçkilərdə cəmi 35,2 faiz səs toplaya bildi. Almaniya Sosial Demokrat Partiyası isə bir qədər az - 34,2 faiz səs toplamışdı. XDİ və XSİ-nin topladığı səs proqnozlaşdırıldığından aşağı olduğu üçün bu onlara Azad Demokratlar Partiyası ilə birlikdə blok yaratmasına imkan vermirdi.

Yaşıllar Partiyası ilə yaradılmış koalisiya hökumətini itirən Almaniya Sosial Demokrat Partiyası da hökuməti formalaşdıra bilməzdi. Maraqlıdır ki, həmin vaxt televiziya debatlarında Şröder məğlubiyyətə baxmayaraq, yenidən hökuməti formalaşdırmaq niyyətində olduğunu bildirdi. Şröderin belə iddia irəli sürməsinə əsas səbəb Almaniya Sosial Demokrat Partiyasının Bundestaqda hələ də ən böyük fraksiyaya malik olması idi. Lakin qanunverici orqanda ən böyük fraksiya birliyi XDİ və XSİ-yə məxsus idi. Bu səbəbdən hökumətin formalaşdırılması üçün tərəflərdən biri güzəştə getməli idi. Uzun müzakirələrdən sonra hər üç partiya Merkelin namizəd olmasına razılıq verdi. Sosial demokratlara 8 nazir postu vəd edildi. Şröder isə Merkel hökumətində təmsil olunmaq istəmədiyini bildirdi.

 

Zərif cinsdən ilk federal kansler

 

Merkel 2005-ci il noyabrın 22-də parlament tərəfindən federal kansler postuna təsdiq olundu. O, bu vəzifədə olan ilk qadın idi. Kansler vəzifəsinə yiyələndikdən sonra Merkel ölkənin daha da inkişaf etməsi üçün bir sıra vacib addımlar atdı. Onun fəaliyyətinin əsas istiqamətini federativ sistemdə dəyişikliklər aparılması, bürokratizmlə mübarizə, elmi araşdırmalara daha münbit şəraitin yaradılması, enerji, büdcə və maliyyə, əmək bazarı və səhiyyə sistemində islahatlar təşkil edirdi. Angela Merkelin bu istiqamətdə fəaliyyəti əhali, biznes dairələri tərəfindən özünə geniş dəstək qazandı. 2000-ci ilin sonlarından isə Merkel yeni sosial bazar iqtisadiyyatı siyasətinin reallaşmasına çalışır. 2007-ci ildə Almaniya Avropa Birliyinə sədrlik edərkən bir sıra vacib addımlar atıldı. Bunlar Transatlantik əməkdaşlığın dərinləşməsi, enerji siyasəti, Qara dəniz və Mərkəzi Asiya regionunda yerləşən ölkələrlə qonşuluq münasibətlərinin genişləndirilməsi, bu qəbildən olan digər məsələlər idi.

Xanım Merkel ətraf mühitin təmizliyi uğrunda ən fəal mübarizə aparan Avropa liderləri sırasında yer alır. Hətta buna görə ona "ekologiyanın Janna d'Arkı" təxəllüsü də verilib. Onun fikrincə, hazırda yaşanan maliyyə və iqtisadi böhran 2020-ci ilə qədər Avropa İttifaqının qarşıya qoyduğu ekoloji məqsədlərə çatmasına imkan verməyəcək.

Xarici siyasətdə isə Merkel daim balanslaşdırılmış mövqeyə üstünlük verir ki, bu, onun Almaniya daxilində nüfuzunun yüksək həddə qalmasında əsas rollardan birini oynayır. Həm ölkə daxilində, həm də Avropa Birliyi çərçivəsində atılan addımlara görə, ABŞ-ın nüfuzlu "Forbs" jurnalı Merkeli 2006, 2007 və 2008-ci illərdə ilin adamı elan edib. 1998-ci ildə ikinci dəfə ailə quran Merkelin övladı yoxdur. Bununla bağlı, o özü qeyd edir: "Əvvəllər övladımın olacağını düşünürdüm, lakin alınmadı. Siyasətlə məşğul olanda və yaşım 35-ə çatanda artıq bununla bağlı özümə heç bir sual vermədim". Angelanın ən böyük arzusu isə Moskvadan Vladivostoka qədər transsibir ekspress səyahətinə çıxmaqdır.

 

Azərbaycan-Almaniya əlaqələri uğurla inkişaf edir

 

Almaniya 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə həmin ilin fevralın 20-də qurulub. 1992-ci il sentyabrın 22-də isə Almaniyanın ölkəmizdə səfirliyi açılıb. 1996-cı il iyul ayında ümummilli lider Heydər Əliyevin Almaniyaya rəsmi səfəri olub. Məhz bu səfər zamanı "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında münasibətlərin əsası haqqında" birgə bəyanat, eləcə də imzalanmış digər sazişlər ölkələr arasında əlaqələrin hüquqi-normativ bazalarının genişlənməsində mühüm rol oynamışdır.

2004-cü ilin avqust ayında Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə Almaniyaya rəsmi səfər edib. Səfər müddətində o, Prezident Horst Köler və Federal kansler Herhard Şröderlə görüşlər keçirib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 2007-ci ilin 14-16 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya növbəti dəfə rəsmi səfərində Almaniyanın Kansleri Angela Merkellə görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivlərindən, ölkəmizdə gedən iqtisadi tərəqqidən, bütün sahələrdə iqtisadi islahatların uğurla həyata keçirilməsindən və demokratik proseslərdən söhbət açılıb. Bildirilib ki, iki ölkə arasındakı münasibətlər çox yaxşı səviyyədədir və Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı vacibdir. Bu istiqamətdə Azərbaycanın gördüyü işlər təqdirəlayiq qiymətləndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub, qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Federal kansler postunda Almaniyanın, eləcə də Avropanın inkişafında mühüm nailiyyətlərə imza atmağı bacaran xanım Merkel yenidən bu vəzifəyə ən real namizəd sayılır. Onun rəhbərliyilə Almaniyanın xristian partiyalar ittifaqının növbəti dövr üçün də hökuməti öz əllərində saxlamaq ehtimalının kifayət qədər yüksək olması elə Merkelin rəqibləri tərəfindən etiraf edilir. Bu həm də Merkelin lider qismində fəaliyyətinin bir nəticəsidir. Qeyd edilənlər isə zərif cinsin bu nümayəndəsinin hələ qarşıdakı illərdə də Almaniya, ümumiyyətlə isə Avropa siyasətində əsas fiqurlardan olacağını göstərir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-8 fevral.-S.2-5.