Samux yüksəliş
yolundadır
Samuxlular 2008-ci ili uğurla yola saldılar. İqtisadi-sosial
həyatın hər sahəsində çoxlu işlər
görülüb. İndi yerlərdə
ötən ilin yekunları təhlil olunur, yeni ilin vəzifələri
müəyyən edilir. Bu günlərdə
rayonda keçirilən toplantıda da bu barədə ətraflı
söhbət açıldı. Əvvəlcə icra
hakimiyyətinin başçısı Vilyam Hacıyev il ərzində görülən işlərdən
danışdı. Sonra ayrı-ayrı idarə
və müəssisə rəhbərlərinin məlumatları
dinlənildi.
Uğurlar göz önündədir
Son beş ildə kənd təsərrüfatı
sahəsində məhsul istehsalı təqribən dörd dəfə,
sənayedə isə 8,4 dəfə
çoxalıb. Əsaslı kapitala yönəldilən
investisiyanın həcmi 23,7 dəfə
artıb.
Yekdilliklə qeyd olundu ki,
bütün bunlar ölkə başçısı İlham Əliyevin
təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın bəhrəsidir.
Dövlət Proqramının icrası ilə əlaqədar
olaraq rayon elə sürət götürüb ki, burada il ildən daha uğurlu gəlir.
Samux əsasən
aqrar rayon kimi tanınır. Torpaq əsl sahibinə
veriləndən sonra hər sahədə məhsuldarlıq ilbəil
artır. Ötən il rayon üzrə 28,3
min ton taxıl, nəzərdə tutulduğundan xeyli çox
qarğıdalı, günəbaxan, meyvə-tərəvəz,
habelə heyvandarlıq məhsulları istehsal olunub. "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"
uğurla yerinə yetirilir. Kənd təsərrüfatının
bir sıra sahələri üzrə, xüsusən taxıl tədarükündə
rayon özünü tam təmin edir.
Keçən il fermerlərə
güzəştli qiymətlərlə 207,4
ton azot və 138 ton superfosfat kübrəsi satılıb. Bundan əlavə, toxumçuluq təsərrüfatlarına
Rusiyadan gətirilmiş təqribən 40 ton yüksək
repreduksiyalı buğda toxumu verilib. Cari
ildə isə "Buğda istehsalçılarının
maddi marağının artırılması və buğda
istehsalının stimullaşdırılmasına dair"
Nazirlər Kabinetinin qərarına əsasən torpaq
mülkiyyətçilərinə 286 min manat yardım
hesablanıb.
Torpaq
sahibkarlarına kömək məqsədilə suvarma sisteminin
inkişafına xüsusi diqqət yetirilir. Təkcə ötən il qırx ədəd hidrotexniki qurğu, habelə
270 metr boru kəməri əsaslı təmir edilib. Altı ədəd yeni subartezian quyusu istifadəyə
verilib. Ən önəmlisi isə budur ki,
Yenikənd nasos stansiyasında 250 kilovatlıq gücündə
təzə mühərrik quraşdırılıb. Taxılçılar deyirlər ki, bütün
bunlara görə yerlərdə vəziyyət çox
yaxşıdır. Neçə gün
davam edən qar da torpağa güc-qüvvət gətirdi.
Belə getsə, cari ildə zəmilərdən
azı otuz min ton məhsul götürə biləcəyik.
Maldarların
da uğurları fərəhlidir. Hazırda rayonda
iribuynuzlu mal-qaranın sayı 20 min, qoyun-quzunun miqdarı 160
min başa çatır. Son bir neçə
ildə ət, süd və yun istehsalı iki dəfə
artıb.
Bu yerlər
tarixən üzümçülük diyarı olub. Ənənə
davam edir. Sərkarda, Yenikənddə və
başqa yerlərdə kütləvi surətdə
üzüm bağları salınır. Plantasiyaların
sahəsi min hektara çatır. Üzümçülüyün
inkişafı ilə əlaqədar mövcud emal müəssisələri
bərpa edilir, yeniləri tikilir.
Samux sənaye mərkəzinə çevrilir
Özəl
sektor inkişaf etdikcə yeni-yeni obyektlər, istehsal-emal
müəssisələri yaranır. Müxtəlif qəsəbə
və kəndlərdə irili-xırdalı doqquz ədəd
müasir quruluşlu dəyirman fəaliyyət göstərir,
ət, süd, günəbaxan, meyvə-tərəvəz
emalı üzrə onlarca zavod və sex təşkil olunub.
Hazırda rayon üzrə təqribən otuza
yaxın müasir quruluşlu sənaye obyekti işləyir.
Samux quşçuluq fabriki fəaliyyətə
başlayıb. Qarayeri qəsəbəsində
"Qaraçanaq" şərab zavodu istifadəyə
verilib. "Qoşqar" un fabriki hər
yanda tanınır. "Bizim ailə"
adlı tumdoldurma müəssisəsinin məhsulları
respublikanın hər guşəsinə, hətta sərhəddən
kənara da gedir. "Çinar" müəssisəsində
ictimai və fərdi binalar üçün mişar
daşından milli ornamentli bəzək hissələri
hazırlanır.
Rayonda yerli
xammal hesabına tikinti materialları istehsalı geniş miqyas
alıb. Zavodlar, sexlər, istehsal sahələri
yaradılır. Bütün bunların nəticəsidir
ki, son beş il ərzində rayonda sənaye məhsulunun həcmi
8,4 dəfə artıb.
Keçən il
"Universal HAA" meyvə-tərəvəz saxlama anbarı
fəaliyyətə başlayıb. Burada iyirmidən
artıq soyuducu kamera işləyir. Kartof,
soğan, kələm və digər meyvə-tərəvəzlə
yanaşı, ət və süd məhsullarının
mühafizəsi üçün hər şərait
yaradılıb. Bura əsasən Qərb
bölgəsinin məhsulları gəlir. Bununla
yanaşı Belarusdan və digər ölkələrdən də
ərzaq gətirilir. Bu obyekt hər cəhətcə
faydalıdır. Əvvəla, yığım
dövründə - yəni alıcı az
olanda tökülüb-qalan məhsul mühafizə edilir. Digər tərəfdən də qış
aylarında bazarda kasadlıq olanda bəzi işbazlar tərəfindən
süni surətdə qiymətlərin
qaldırılmasının qarşısı alınır.
Hər gün bir yenilik
Gəncədən
asfalt yolla günbatan tərəfə -Samux şəhərinə
gedirsən. Hər yan tikinti meydanına bənzəyir. Hara baxırsan yeni-yeni obyektlər ucalır. Yollara, küçələrə asfalt döşənir,
səkilər düzəldilir. Milli
ornamentli naxışlar hər yanı bəzəyir. Xüsusən Heydər Əliyev prospekti və Xatirə
parkı göz oxşayır. Təkcə
rayonun mərkəzində yox, ən ucqar qəsəbə və
kəndlərdə də bu cür geniş miqyaslı işlər
gedir.
Ölkə
başçısının tapşırığı ilə
görülən abadlıq və quruculuq işləri
küçələrə və yollara bəzək verir,
binalara, abidələrə dönərək göz
oxşayır.
Heydər Əliyev və Kolayır prospektləri,
Əsgər Zeynalov, Elçin Məmmədov, Səməd
Vurğun küçələri əsl seyrangaha çevrilib.
Samuxda gözəl
ənənə yaranır. Ayrı-ayrı təşkilatlar
üçün müasir quruluşlu inzibati binalar tikilir.
Son vaxtlarda notariat kontoru və qeydiyyat
şöbəsi üçün hər şəraiti olan
yaraşıqlı bina ucaldılıb. Ağır
atletika kompleksində isə tamamlama işləri
görülür. Heydər Əliyev
parkı, Ulu Öndər muzeyi yaradılıb. "Samux şəhidləri" kompleksi inşa
edilib. Rayon mərkəzində, qəsəbə
və kəndlərdə bir neçə istirahət guşəsi
və idman-əyləncə mərkəzi təşkil olunub.
Onlarca ticarət, iaşə obyekti
açılıb, Qarabağ əlilləri və şəhid
ailələri üçün yaşayış binası
istifadəyə verilib.
Rayon mərkəzində,
Qarayeri qəsəbəsində və Lək kəndində
elektron ATS-lər quraşdırılıb. Lək,
Zazalı və Çobanabdallı kəndlərində
poçt şöbələri üçün yeni binalar
tikilib. Əhalinin elektrik enerjisi və təbii
qazla təmini sahəsində də görülən işlər
fərəh doğurur.
Ötən il
qəsəbə və kəndlərin
qazlaşdırılması sahəsində daha çox iş
görülüb. Çobanabdallı, Lək, Bağbanlar,
Yuxarı və Aşağı Ağasıbəyli, habelə
Əhmədli kəndlərinə yeni qaz xətləri çəkilib.
Əlibayramlı kəndinə, Qaraarx qəsəbəsinə
qaz verilməsi təmin edilib.
Yeni ilin ilk
töhfəsi - yeni məktəb
Sarıqamış
kənd məktəbinin vəziyyəti o qədər də
xoşagələn deyildi. "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı bu yerlərə
də işıq saldı. Yeni ilin ilk
günlərində rayon mərkəzindən bir qədər
kənarda yerləşən bu yığcam kənddə hər
cür şəraiti olan məktəb binası istifadəyə
verildi.
Respublikanın
hər yerində olduğu kimi, Samux rayonunda da məktəblərin
maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində geniş
tədbirlər həyata keçirilir. Son illərdə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
onlarca məktəb binası tikilib, yaxud əsaslı təmir
edilib. Təkcə keçən il
Qovlarsarı kənd orta məktəbi üçün yeni
bina ucaldılıb. Yuxarı Ağasıbəyli
və Əlibayramlı kənd məktəblərinin
binaları bərpa olunub.
Cari ildə
qarşıda daha böyük üfüqlər
açılır. On məktəb binasının yenidən
qurulması gözlənilir. İl ərzində
müasir idman kompleksi ucaldılacaq, müxtəlif idarə və
müəssisələr üçün beş
inzibati bina tikiləcəkdir. Hazırda Lək kəndində beş yüz kilovoltluq yarımstansiya inşa
olunur. Bu, bütövlükdə Qərb
bölgəsinin elektrik enerjisi ilə təminatına
güclü təkan verəcəkdir.
Qırmızı
Samux qəsəbəsində balıq yetişdirmə müəssisəsinin
yaradılması, balıq konserv zavodunun tikilməsi, Poylu kəndində
camışçılıq kompleksinin, Qarayeridə yunun ilkin
emalı sexinin təşkili, habelə Kəsəmən kəndində
bitum zavodunun inşası, Burunqovaqda sutəmizləyici
qurğunun quraşdırılması nəzərdə
tutulub.
Samux həmçinin
səfalı guşələri, müalicə suları ilə
tanınır.
Təbii imkanlar xarici investorların da diqqətini
cəlb edir. Müxtəlif ölkələrlə
danışıqlar gedir. Yaxın gələcəkdə
Ağasıbəyli kəndi ərazisində müasir
quruluşlu İstisu sanatoriya kompleksinin, habelə,
Kürün sahilində turizm mərkəzinin
yaradılması gözlənilir.
Əhməd İsayev
Azərbaycan.-2009.-8
fevral.-S.3.