Tarixi nailiyyət

 

Sabah Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan MR-in 85 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi üçün 2009-cu il fevralın 6-da sərəncam vermişdir.

Sərəncamda göstərilir ki, qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə müsbət və həlledici təsir göstərmişdir. Muxtar respublika bu gün də milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.

Naxçıvan torpağı məmləkətimiz üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub. Arxeoloqların fikrincə, əlverişli təbii-coğrafi mövqeyə malik olan bu diyarda əcdadlarımız qədim daş dövründən məskən salıblar. Qazma, Əshabi-kəhf, Daşqala və Kilid mağaralarından əldə edilən çoxsaylı maddi-mədəniyyət nümunələri də deyilənləri təsdiqləyib.

Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı Qazma mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində 22 mədəni təbəqə aşkara çıxarılıb. 22 metr uzunluğunda olan bu mağarada aparılan tədqiqatlar zamanı çoxlu sayda heyvan sümükləri ilə yanaşı daşdan hazırlanmış əmək alətləri qeydə alınıb. Daş məmulatlarının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri ərazidə qədim insanların paleolit dövründən məskunlaşdığını göstərib.

Eramızdan əvvəl dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Govurqala, Çalxanqala kimi qala - şəhər məntəqələri fəaliyyət göstərib. Ötən ilin yay mövsümündə Oğlanqala qədim yaşayış yerində beynəlxalq ekspedisiyanın iştirakı ilə aparılan qazıntılar nəticəsində mixi yazı nümunəsi də üzə çıxarılıb.

 

Böyük dövlətlərin siyasi maraqlarının kəsişdiyi ünvan

 

AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin dediyinə görə, tarixin sonrakı məqamlarında Naxçıvan diyarı mürəkkəb, çətin və maraqlı bir inkişaf yolu keçib. Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşən bu diyar fatehlərin, böyük dövlətlərin siyasi maraqlarının kəsişdiyi ünvana çevrilib. Bu səbəbdən də onun mənsub olduğu və yaşadığı siyasi tarixin böyük bir qismi yadellilərə qarşı mübarizədə keçib. Eramızdan əvvəl VIII əsrdə Manna dövlətinin tərkibində olan, sonralar skitlər tərəfindən ələ keçirilən Naxçıvan daha sonra Midiya, eramızdan əvvəl VI əsrdə Əhəmənilər tərəfindən işğal olunub. Eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin ordusunun hücumuna məruz qalan imperiya dağıldıqdan sonra Atropatena dövlətinə qatılan Naxçıvanı bizim eranın 624-cü ilində Bizans imperatoru II İrakli ələ keçirib. VII əsrin 40-cı illərində isə bölgəni ərəb qoşunları işğal ediblər.

IX-XI əsrlərdə Azərbaycan feodal dövlətlərinin tərkibinə daxil olan Naxçıvan təkcə ayrılmaz parçası olduğu Azərbaycanın deyil, həm də Yaxın və Orta Şərqin gözəl və əzəmətli şəhərlərindən birinə çevrilir. XII əsrdə isə Naxçıvan Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına cevrildikdən sonra onun qüdrəti daha da artır. XIII-XIV əsrlərdə isə o, Xarəzmşahların, monqolların, Qızıl Ordanın dağıdıcı yürüşlərinə məruz qalsa da, bütün dövrlərdə öz mədəniyyətini, dövlətçiliyini və tarixi ərazisini qoruyub saxlaya bilib.

 

Tarixin gərgin və təzadlı anları

 

1918-1920-ci illərdə Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvanın nə qədər gərgin və təzadlı bir dövr yaşadığını belə bir fakt da sübut edir ki, qısa müddətdə burada iki xarici dövlətin - ABŞ və İngiltərənin general-qubernatorluğu fəaliyyət göstərib.

O dövrdə Azərbaycan əraziləri hesabına öz dövlətini yaradan ermənilər təkcə əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənmək istəməyiblər. Onlar qədim oğuz-türk yurdu olan Naxçıvana da sahib çıxmaq istəyiblər. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin şimalda bolşeviklərin, cənubda ermənilərin hərbi təcavüzündən ehtiyatlanaraq barışdırıcı siyasət yeritməsi, qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməsi, tərəddüd göstərərək Naxçıvan diyarının Azərbaycan torpağı olduğunu elan etməməsi də "Böyük Ermənistan" ideyasını hansı yolla olursa-olsun gercəkləşdirmək istəyən daşnakların əl-qolunu daha da açmasına səbəb olub. Budövrkü tarix isə bölgə və onun əhalisi üçün həqiqətən də ağır və təlatümlü dövr olub. Belə ağır və məşəqqətli dövrdə ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi yenə də yeganə xilasını Azərbaycanın tərkibində qalmaqda görüb. Türkiyə dövlətinin bu dövrdə siyasi və hərb cəhətdən bölgəyə göstərdiyi kömək əvəzsiz rol oynayıb. 1918-ci ilin iyulunda, Azərbaycan Xalq Cümhuruyyətinin yenicə möhkəmləndiyi dövrdə Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvana gəlmiş XI Qafqaz ordusu ermənilərin qovulmasında naxçıvanlılara olduqca böyük kömək edib. Elə həmin ilin noyabr ayında yaradılan Araz Türk Cümhuriyyəti də əhalinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında əhəmiyyətli rol oynadı. Cəmi beş ay fəaliyyət göstərən bu qurum torpaqlarımızın erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünə xidmət etdi. Onu da qeyd edək ki, paytaxtı Naxçıvan şəhəri olan bu siyasi qurumun ərazisi təxminən 16 min kvadratkilometr, əhalisi 1 milyon nəfərə yaxın olub. Həmin qurum təkcə Naxçıvan bölgəsindəki əraziləri əhatə etməyib. Onun çevrəsindəki ərazilər - Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri də bu respublikanın tərkibində olub.

 

Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi

 

Akademik İsmayıl Hacıyevin fikrincə, əgər 1918-1920-ci illərdə ermənilərin Naxçıvanı işğal etməklə bağlı cəhdləri daha çox hərbi və siyasi müstəvidə aparılmışdısa, 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğal edəndən sonra daşnak Ermənistanının ərazi iddiası mərkəzi hakimiyyətin regional siyasəti səviyyəsinə qaldırıldı. O zamankı "fəhlə-kəndli hökuməti"nin apardığı bu məkrli siyasət Naxçıvanın öz fəhlə və kəndlilərinin qətiyyətli mövqeyi nəticəsində uğursuzluğa düçar oldu. Belə ki, 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdir. Bundan sonra ermənilərin zor gücünə, hərbi yolla Naxçıvanı işğal etmək niyyətləri baş tutmadı. O dövrdə Ermənistanın ilk baş naziri olmuş şəxs də etiraf etməyə məcbur olmuşdur ki, "Naxçıvan və Şərurda inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik. Silaha əl atmağa, qoşun yeritməyə və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur və Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi, hətta silah gücünə də qurmağa nail ola bilmədik. Məğlub olduq və geri çəkildik".

Naxçıvan məsələsi eyni zamanda fəal diplomatiya və siyasət meydanına da çıxarılmışdır. Onun siyasi aktuallığını belə bir fakt da təsdiq edir ki, bu məsələ 1919-cu ildə bir neçə dəfə Zaqafqaziya Seymində, 1918-1920-ci illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyətinin, Türkiyə Respublikasının və Ermənistanın milli şuralarında və parlamentlərində, 1919-cu ildə Versal sülh konfransında, 1920-1921-ci illərdə Azərbaycan və Ermənistan inqilab komitələrində, 1921-ci il martın 16-da Rusiya Kommunist Bolşeviklər Partiyasının Siyasi Bürosunda, 1920-1921-ci illərdə Rusiya Xalq Komissarları Sovetində müzakirə mövzusuna çevrilmişdir. Naxçıvanın tarixi taleyi isə yalnız 1921-ci ildə böyük uzaqgörənliklə imzalanmış iki beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapa bildi. Martın 16-da Moskvada imzalanan müqavilə Naxçıvanın artıq mövcud olan ərazi statusunu təsbit edərək ona Azərbaycan protektoratı altında muxtariyyət verilməsini müəyyənləşdirdi. Oktyabrın 13-də Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə hökuməti arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan Qars müqaviləsi əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. 20 maddədən və 3 əlavədən ibarət olan bü müqavilənin beşinci maddəsi Naxçıvanın gələcək statusundan bəhs edir. Orada deyilir ki, "Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin üçüncü əlavəsində göstərilən sərhəd daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar". Müqavilənun müddətsiz inzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etdi.

Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun olaraq həll edildi. Bu halda Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşdı.

 

Muxtariyyət tarixinin başlanğıcı

 

Ən yeni tariximizdən bu həqiqət də məlumdur ki, Azərbaycanda sovet hakimiyyəti 1920-ci ilin aprelində qurulsa da, bu hakimiyyətin strukturları Naxçıvanda 3 ay sonra - yalnız iyul ayının 29-da yarandı. Bahadur Vəlibəyovun başçılığı ilə XI Ordunun 300 nəfərlik bir hissəsi Gorus-Biçənək-Kolanı istiqamətindən keçərək, Naxçıvana daxil oldu. Naxçıvan şəhərində hərbi inqilab komitəsi və müdafiə şurası yaradıldı. Bir qədər sonra diyarın başqa bölgələrində də inqilab komitələri və yerli hakimiyyət orqanları təşkil olundu. Sovet hakimiyyəti Naxçıvanın bütün ərazisində 1921-ci ilin yanvarınadək qurulub başa çatdırıldı. Həmin ilin sentyabrında isə Naxçıvan Xalq Komissarları Soveti yaradıldı.

1922-ci ilin yanvarında Naxçıvanda sovetlərin birinci qurultayı keçirildi. Diyar İnqilab Komitəsi ləğv olundu və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi yaradıldı. 1922-ci ilin dekabrında I Zaqafqaziya sovetlər qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarda Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü ilin əvvəlində III Ümumnaxçıvan sovetlər qurultayı Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi Xalq Komissarları Sovetini buraxdı, bunun əvəzində Diyar İcraiyyə Komitəsi və onun komissarlıqlarını yaratdı. Bu qurultay Naxçıvan Sovet Sosialist Respublikasının muxtariyyət hüquqlarında Azərbaycanın tərkibinə qatılması məsələsini geniş müzakirə etdi və ayrıca bəyanatla bölgənin Azərbaycana daxil olmasını vacib saydı.

1923-cü il dekabr ayının 31-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan diyarının Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul etdi, bunun təsdiqini Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsindən xahiş etdi. 1924-cü il yanvarın 8-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi barədə qərar qəbul etməklə Azərbaycanın tərkibində saxladı.

Naxçıvan MSSR-in Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il yanvarın 18-də keçirilmiş birinci plenumu həmin qərarı təsdiq etdi və bundan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq olundu.

 

Muxtar ərazi statusunun möhkəmləndirilməsi

 

Naxçıvanın Azərbaycanın tərkibində olmasını rəsmən qəbul etməyə məcbur olan Ermənistan yenə də bu torpağa olan ərazi iddialarından, onu özünə birləşdirmək niyyətindən əl cəkmək istəmir. Ermənilər yenə də məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Nəticədə Moskvadakı himayədarlarının köməyindən istifadə edərək Naxçıvanın bəzi torpaqlarını qoparıb öz ərazilərinə birləşdirə bilirlər. 1929-cu ildə Zaqafqaziya MİK-nin qərarı ilə muxtar respublikanın 657 kvadrat kilometr ərazisini - Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy, Ordubad qəzasının isə Qorçevan kəndləri Ermənistana verildi. Aradan bir il ötməmiş Ordubad dairəsinin Aldərə, Lehvaz, Astazur və Nüvədi yaşayış məntəqələri də qonşu dövlətə "peşkək" edilərək həmin ərazidə Mehri rayonu yaradılır. Bu məkrli siyasət nəticəsində Naxçıvan ərazi cəhətdən Azərbaycandan ayrı düşür.

Naxçıvanın muxtar ərazi statusunun möhkəmləndirilməsində ötən illər ərzində qəbul olunmuş konstitusiyaların böyük əhəmiyyəti olmuşdur. Muxtar respublikanın 1926-cı il aprelin 18-də V Ümümnaxçıvan Sovetlər Qurultayında qəbul olunmuş birinci Konstitusiyasında və sonrakı konstitusiyalarda Naxçıvan Azərbaycanın tərkibində Muxtar Respublika kimi təsbit olunmuşdur. Göründüyü kimi, Naxçıvanın muxtariyyəti 1918-1921-ci illərdə bölgədə baş verən proseslər, ona bilavasitə təsir edən daxili və xarici amillər, diyarın coğrafi-siyasi vəziyyəti və beynəlxalq müqavilələr sayəsində mümkün olmuşdur.

 

Zamanında gündəmə gətirilən məsələ

 

Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli erməni hiylələrinə məruz qalıb. 1990-cı ilin iyul ayında xalqımızın mərd və mübariz oğlunun siyasi təqiblər ucbatından Moskvadan Naxçıvana gəlməsi, burada yaşayıb, fəaliyyət göstərməsi muxtar respublikanın başı üzərində dolanan siyasi oyunlardan, ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə ümummilli liderimizin muxtar respublika parlamentində xüsusi bəyanatla çıxış etməsi, 1992-ci ilin mart ayında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür verdi. Naxçıvan üçün ağır bir zamanda qardaş Türkiyənin birmənalı mövqeyi də Ermənistana öz təcavüzkar hərəkətlərini həyata keçirməyə mane oldu. 1992-ci ilin may ayında - Şuşa və Laçın şəhərlərinin işğalı dövründə Naxçıvana qarşı məkrli planların altst olunmasında məhz bu amil önəmli rol oynadı. Məhz həmin ilin may günlərində dünyanın 57 dövləti Ermənistanın Naxçıvana qarşı təcavüzkarlığını pisləmiş, NATO isə bu barədə xüsusi bəyanatla çıxış etmişdir.

Amma istər xaricdə, istərsə də daxildə bu yeniliklərə, müsbət dəyişikliklərə qısqanclıqla yanaşanlar, onu gözü götürməyən qüvvələr də tapıldı. AXC-Müsavat iqtidarı dövründə, daha doğrusu, 1992-ci ilin oktyabr ayında yerli cəbhəçilər Naxçıvanın muxtariyyət statusunu ləğv etmək üçün dövlət çevrilişinə əl atanda ulu öndər onlara ibrətamiz və tutarlı şəkildə belə cavab vermişdi: "Mən həyatımdan keçərəm, lakin Naxçıvanı Azərbaycandan ayırmaram". Ondan bir il əvvəl isə Naxçıvanı Azərbaycan üçün "kor bağırsaq" hesab edən Ayaz Mütəllibov da hakimiyyəti əldə saxlamaq üçün antikonstitusion tədbirlərə əl atmışdı. Hamıya da məlum idi ki, vəzifə hərisləri tərəfindən bu addımlar yalnız və yalnız xalqımızın müdrik oğlu Heydər Əliyevin siyasi meydandan uzaqlaşdırılmasına yönəldilmişdi.

 

Muxtariyyət tarixində yeni mərhələ

 

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilir. Buradan isə belə bir məntiqi həqiqət doğur ki, əgər 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələri Naxçıvanın tarixi-hüququ statusunu müəyyənləşdirmişsə, ölkəmizin müstəqilliyi dövründə qəbul olunan Əsas Qanunumuz ilə Naxçıvanın statusu ali hüquqi qüvvəyə qaldırılır. Yeni Konstitusiyanın 8-ci fəsli bütövlükdə "Naxçıvan Muxtar Respublikası" adlanır. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə müddəanın muxtar respublikanın statusunu müəyyən edən maddəyə daxil edilməsi mühüm əhəmiyyət daşımaqla bərabər dünya təcrübəsinə də uyğunlaşdırılır.

1998-ci ilin dekabr ayında isə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul olunur. Həmin il yanvarın 14-də ölkə başçısı Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında muxtar respublikanın Konstitusiya layihəsi geniş müzakirə olunur. Həmin iclasda dahi rəhbər qəbul olunacaq konstitusiyanın ölkəmizin ictimai-siyasi həyatı və muxtar respublikanın taleyi üçün oynayacağı rola toxunaraq demişdi: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Lakin Azərbaycanın bəzi müxalif siyasi dairələri, 1992-1993-cü illərdə olduğu kimi, bu dövrdə də muxtar respublikanın statusu ilə bağlı əsassız iddialar, bu statusu ləğv etməyə çağıran təkliflər irəli sürməyə başladılar. Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrə əsaslandığını unudan bir sıra simasızlar bəyanatlar verərək bölgənin yeni konstitusiya layihəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlmədiyini iddia edirdilər. Onların əsas bəhanəsi də bu idi ki, guya unitar dövlətdə muxtariyyət ola bilməz. ADP-nin yaydığı bəyanatda isə deyilirdi ki, Naxçıvan Muxtar Respublikasının bir qurum kimi saxlanılması Konstitusiyada təsbit olunmuş Azərbaycanın unitar dövlət olması prinsipinə ziddir.

Dünyanın bir sıra unitar dövlətlərində - Finlandiya, İtaliya, İspaniya, Çin, Gürcüstan və Danimarkanın inzibati-ərazi quruluşunda muxtar qurumların mövcudluğu bu müddəaların da tamamilə əsassız olduğunu göstərdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi ilə bağlı yaradılan dövlət komissiyasının iclasında böyük yanğı və narahatçılıqla demişdi ki, təəssüflər olsun ki, bizim daxilimizdə də müxalifətə mənsub olan, "Naxçıvana muxtariyyət verilməməlidir", "muxtariyyət ləğv olunmalıdır" fikirləri söyləyən bəzi şəxslər, yaxud Naxçıvanın Konstitusiyasının qəbul olunmasına mənfi münasibət göstərənlər istər-istəməz Azərbaycana düşmən mövqeyində duran ermənilərin həmin iddialarına kömək edirlər.

 

Uğurla davam etdirilən siyasət

 

Naxçıvanın muxtariyyat statusunun qorunması və məhkəmləndirilməsi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində həmişə üstün yer tutub. Elə buna görə də müdrik insan siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və onun inkişafına xüsusi qayğı göstərib. Geniş auditoriya qarşısındakı çıxışlarının birində bununla bağlı belə deyib: "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin".

Prezident İlham Əliyev də bu ənənəni, siyasi xətti uğurla davam etdirir. Muxtar respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçımız bu amilə toxunaraq belə deyib: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü".

Bir neçə kəlmə də muxtar respublikada dövlət idarəetmə quruluşu haqqında. Təbii ki, bölgənin yerləşdiyi geostrateji mövqe, başlıcası isə ölkənin əsas hissəsi ilə onun ümumi sərhəddinin olmaması burada muxtar idarəetmə sisteminin təsis olunmasını zəruru edib. Bu idarəetmə sistemi ölkəmizdə mövcud olan dövlət quruluşundan bir qədər fərqlidir. Əgər ölkəmiz bu sahədə prezidentli respublika quruluşuna malikdirsə, muxtar respublikada dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata keçirilir.

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun fikrincə, ümummilli liderimizin müəyyən etdiyi quruculuq xətti, ölkəmizin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarıb. Bu səbəbdən də muxtar respublika iqtisadi və sosial böhrandan nəinki qısa vaxt ərzində yaxa qurtara bilmiş, həmçinin onun dayanıqlı və dinamik inkişafı da təmin edilib. Ötən il ərzində burada iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcminin 29 faiz artması da həyata keçirilən tədbirlərin məntiqi davamı olub.

Bir sözlə, Naxçıvanın muxtariyyəti həqiqi mənada onun qazandığı tarixi nailiyyət olub. Muxtar respublikanın bugünkü varlığı və inkişafı da onun real bəhrəsi olub. Görülən işlər, həyata keçirilən tədbirlər bunlarla da bitmir. Ümummilli liderimizin sözləri ilə desək, "Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir."

 

 

Məmməd Məmmədov

 

Azərbaycan.-2009.-8 fevral.-S.4.