Şərəfli ömür
Hər dəfə Mahmud
Mehdiyev haqqında söz düşəndə, adı hörmətlə
çəkiləndə çoxu onun ruhuna dualar oxuyur. O,
çox alicənab şəxsiyyət olub. Dövrünün
övladı kimi cəmiyyətin inkişafı uğrunda
mübarizə, təbliğat aparıb,
dost-tanışlarını işıqlı sabahlara səsləyib,
gələcəyə inam, həvəs oyadıb, dilinə
haram tikə dəyməyib. Övladlarını saf, sağlam
əqidə ilə böyüdüb. Çəkdiyi cəfaların,
əziyyətlərin müqabilində tək bircə
umacağı olub: yuxusuz gecələri, əməyi hədər
getməsin, unudulmasın, ehtiramla xatırlansın. Bu
yazını da onun arzularının işığında qələmə
aldıq.
Mahmud Mehdiyev yüz il əvvəl
dünyaya göz açmışdı. Bu qeydlərini
yazdığı vaxtdan illər keçib. Lakin onun hər
sözünü, fikrini indi də həyəcansız,
etinasız oxumaq mümkün deyil: "Sınaqlardan
üzüağ çıxmışam. Göstərilən
etimadı şərəflə, vicdanla doğrultmuşam. Bir
kimsə önündə ehtiyacım, gündəlik tələbatım
üçün əl açmamışam. İlahinin
yetirdiyi ruzi payına "min şükür" demişəm.
Keçdiyim həyat yolu o qədər çətin olub ki, həmin
anları, hadisələri xatırlayanda uşaq kimi kövrəlirəm.
Nəslimə, nəcabətimə əsla, şərəfsizlik
gətirməmişəm. Məni təmiz əqidə, saf
düşüncə sahibi, xalqını, vətənini
canından artıq sevən insan kimi tanıyıblar..." Ötən
əsrin 20-ci illərində dünyanın çərxi tərsinə
fırlanır, "mənəm-mənəmlik" baş
alıb gedirdi. Hakimiyyət uğrunda amansız mübarizələr
səngimək bilmirdi. Yeniyetmələr, gənclər
zamanın ağrı-acılarına dözmürdülər.
Onlardan biri də Mahmud idi. Ona desəydilər ki,
xalqının gələcəyi naminə canını qurban
ver, imtina etməzdi. Yaşının erkən çağlarından
təşkilatçı, sözübütöv, amalı
işıqlı şəxs kimi tanındı. Onu həmkarlar
ittifaqı və komsomol təşkilatı üzvlüyünə
qəbul etdilər. Uzaqgörənliyini, bilgisini nəzərə
alıb etimad göstərdilər: təbliğatçı,
təşviqatçı kimi Nuxaya (Şəki) göndərdilər.
Gənc Mahmud bu etimadı layiqincə, şərəflə
doğrultdu.
M.Mehdiyevi dövran, mövcud vəziyyət çox ağrılı-acılı sınaqlara çəkmişdi. 1938-ci ildə Ali Partiya Məktəbini bitirmişdi. Ona inanır, etimad göstərirdilər, ayrı-ayrı bölgələrə, regionlara göndərirdilər. Xeyli müddət Kirovabadda (Gəncə) çalışdı. Daha sonra Azərbaycan KP MK onu Naxçıvana göndərdi. Sovet ideologiyası, onun təbliğatı gənc Mahmudun qarşısına əsas şərt kimi qoyulmuşdu. Nə etməliydi? Gözünü açandan, ağlı kəsəndən dünyanı belə görmüşdü. Ancaq harada işləyirdisə, ilk növbədə, insanların güzəranının yaxşılaşmasına qayğı göstərirdi. Halal əməyin qədir-qiymətini bilməyi onlara təbliğ edərdi. O yazıb: "Azərbaycan xalqı dünyada yeganə xalqdır ki, alın təri ilə qazandığı çörəyi öpür, onu bütün nemətlərdən, sərvətlərdən üstün tutur. Halal qazanılan çörəyin önündə mən də baş əyirəm..."
Artıq bacarıqlı təşkilatçı, istedadlı idarəçi kimi tanınan Mahmud Mehdiyevin qismətinə MK-nın nümayəndəsi olaraq Cəbrayıl rayonunda işləmək çıxır. Qısa müddət ərzində orada da hörmət, nüfuz qazanır. Sakinlər onu əzizləri, doğmaları kimi qarşılayır, sözünü, təklifini, arzularını məmnunluqla həyata keçirirdilər. Həmin illər çox əzablı ərəfə idi. İkinci dünya müharibəsi başlamışdı. İnsanlar çətin, dözülməz günlər yaşayırdı. Sabaha inam, ümid öləzisə də, camaat əkin-biçindən qalmırdı. Başqa çarələri, gəlir yerləri də yox idi. Rayondan 600 nəfər döyüş qabiliyyəti olanları ön cəbhəyə aparmışdılar. Mahmud müəllim onların ailələrinə vaxtaşırı baş çəkər, ehtiyaclarını səlahiyyəti daxilində ödətməyə çalışardı. Rayon sakini, 19 yaşlı Cəmil Əhmədovdan "qara xəbər" gələndə bəlkə də hamıdan artıq o, kədərlənmişdi. Amma onun ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi sorağını eşidəndə qürur hissi keçirmişdi. Bax, bu keyfiyyətlərinə görə ərazidə ona qədərsiz hörmət bəsləyər, hara gedərdisə ehtiramla qarşılayardılar. Cəbrayıl erməni işğalına məruz qaldığı günə kimi rayondakı tarix diyarşünaslıq muzeyində onun şərəfinə maraqlı, baxımlı guşə yaradılmışdı. Çox təəssüf, həmin muzey də, guşə də, elə yerli sakinlər kimi doğma ünvandan ayrılmaq zorunda qaldı. Lakin Mahmud müəllim yurd, el-obalarının həsrətini çəkənlərin yaddaşında, xatirələrində yaşayır. Çünki o, həmin camaatın məhəbbətini qazanmışdı.
Mahmud müəllimin bioqrafik məlumatını oxuyanlar, tanış olanlar heyrətlərini gizlədə bilmirlər: axı onda bu qədər enerji haradan idi? Hansı rayonda ağır vəziyyəti düzəltmək lazım cəlibsə, onu həmin ünvana göndəriblər. Şahbuzda rayon partiya komitəsinin katibi, Nuxada ikinci katib, Bakıda - Oktyabr rayonunda (indiki Yasamal) katib, Ağdam partiya məktəbinin, Bakıda 44 saylı orta məktəbin direktoru, Naxçıvanda "Şərq qapısı" qəzetinin məsul redaktoru... Nəhayət, MK-nın razılığı ilə onu dövrün ən populyar nəşri olan "Kommunist" qəzetinə göndəriblər. O, xatirələrində yazıb: "1948-ci ildə redaksiyada əvvəl ədəbi işçi kimi fəaliyyətə başladım. Sonra məktublar şöbəsinin, az keçmiş partiya həyatı şöbəsinin müdiri təyin olundum. MK-nın qərarı ilə redaksiya heyətinə üzv seçildim".
"Kommunist" qəzeti redaksiyasında illərlə çalışdı. Günün tələbinə aid yazılarıyla sayıldı, seçildi. Tərənnüm etdiyi insanların hünərini, əməksevərliyini, uğurlarını, arzu-istəklərini bədii, inandırıcı şəkildə təsvir edərdi. Ünvanına neçə-neçə minnətdarlıq məktubları, teleqramları gələrdi. Əvvəllər olduğu kimi, yenə halal, gərgin əməyindən mənəvi zövq alardı. Fəxr edərdi ki, jurnalist kimi doğma xalqına, vətəninə xidmət edir. Bədii-publisistik yazıları dəfələrlə Mərkəzi Komitənin yığıncaqlarında, büro iclaslarında xatırlanar, dövrün ideologiyasını doğru-dürüst təhlil etdiyi üçün təriflənər, mükafatlandırılardı.
M.Mehdiyev ömrünün son günlərində yazıb: "Əməkdaşı olduğum "Kommunist" qəzeti zəmanəmizin nüfuzlu təbliğat vasitəsi olmuşdu... 70-ci illər xalqımızın intibah dövrü kimi tarixə yazılıb. Yoldaş Heydər Əliyev kimi müdrik təşkilatçı, idarəçi şəxsiyyətlə bir amal uğrunda mübarizə aparmaq, yazmaq, onun arzu-istəklərini qəzet səhifələrinə çıxarmaq çətin olduğu qədər də, şərəflidir. O, tez-tez rayonlara gedər, əmək adamları ilə görüşər, onları gələcəyə ruhlandırardı. Məşhur sürücü-mexanik, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyev haqqında yazdığım "Əməyi üzünə gülən insan" başlıqlı məqaləmi oxuyan yoldaş Əliyev redaktor Ağababa müəllimə tapşırmışdı ki, həmin yazının müəllifini mükafatlandırsın... Məhz onun idarəçiliyi sayəsində Azərbaycan dünyada tanındı. Neçə-neçə əmək adamına sabiq Sovetlər birliyinin ən yüksək mükafatları, fəxri adları verildi. Ədəbiyyat-incəsənət xadimləri təkcə yaradıcılıqları ilə deyil, həm də yoldaş Heydər Əliyevin diqqəti, qayğısı sayəsində tanındılar, sevildilər. "Tarixə yazılan şəxsiyyət" məqaləmdə bütün bunlar barədə fikrimi faktlarla bildirmişəm..."
Onun haqqında xatirələr də yaddan çıxmır: "Kommunist" qəzetinin redaktoru Ağababa Rzayev: "Yazıları ilə keçmişimizə, bugünümüzə, gələcəyimizə ayna tutan, analitik təhlilli məqalələriylə tanınan əməkdaşlarımız çox olub. Ancaq Mahmud Mehdiyevin xidmətlərini unuda bilmirəm. O, redaksiyanı özünə ikinci evi, həmkarlarını doğması-dostu bilərdi. Zəhmətindən ləzzət alardı, yazıları işıq üzü görəndə - dərc ediləndə uşaq təki sevinərdi. And yeri bir Allah, bir də çörək idi. Ailəsinin, balalarının üstündə yarpaq kimi əsərdi. Mən onun kimi əqidəsinə düz, əməllərində nümunə olası insan az görmüşəm".
Səksən səkkiz yaşlı Qulam baba, Cəbrayıl rayon sakini, məcburi köçkün:
- İkinci dünya müharibəsinin ən gərgin, ağır vaxtlarında bizlərə Mahmud müəllim həyan olar, qayğımıza qalar, əhvalımızı soruşardı. Rayon mərkəzi ilə kəndimizi 25 kilometr məsafə ayırırdı. O, tez-tez gün-güzəranımızdan soraq tutmağa gələr, müharibənin qələbəmizlə başa çatacağını deyərdi. Camaatımız ondan çox yaxşılıqlar gördü. Onun təskinliyi, vədləri doğmalarının həsrətini çəkənlərə həyəcanı, əzabı unutdurardı.
Rəşad Mehdiyev, elmlər namizədi:
- Babamın üzünü görməmişəm, amma adı çəkiləndə, xatırlananda qürur hissi keçirirəm. Ruhun şad olsun, baba, bizlərə dünyanın naz-nemətlərindən daha artıq mənəvi sərvətlər yadigar qoymusan.
...Mahmud Mehdiyev ictimai-siyasi xadim, istedadlı jurnalist olmaqla bərabər, həm də nümunəvi ailə başçısı kimi yaddaşlarda qalıb. Altı övladının - dörd oğlunun, iki qızının ali təhsil almalarına, ailə qurmalarına, bəxtəvər yaşamalarına var gücü ilə çalışmışdı. İlk övladı şair-publisist, "Göyərçin" jurnalının baş redaktoru olmuş Tofiq Mahmud idi. Atasının ayrılığına dözə bilmədi. Əcəl vaxtsız, erkən onun başı üstünü aldı. Amma atası haqqında yazdığı ürək sözləri, xatirələri hələ də yaşayır: "Sübh tezdən işə gedərdi. Evdən çıxanda hamımızla görüşərdi. Gündə dəfələrlə zəng edib vəziyyətimizlə maraqlanardı. Onu iki dəfə kövrələn gördüm. Ali məktəbə qəbul olanda, bir də toyumda. Yaşının ixtiyar çağında qol götürüb oynadı. Sonda bizə - mənə və gəlininə dedi: "Biriniz od olanda, biriniz su olun. Heç vaxt bir-birinizə yalan danışmayın. Yadınızda saxlayın, xoşbəxtlik insanın öz əlindədir. O kəslər bəxtəvər ömür sürürlər ki, gələcəklərini düşünürlər..." Atam dünyasını dəyişəndən üzüm gülmədi, eynim açılmadı. Xatirəsini yaşatmaq üçün adını özümə təxəllüs götürdüm".
Mahmud müəllimin ikinci övladı, görkəmli fırça ustası, əsərləri tamaşaçılar, sənətsevərlər tərəfindən sevgiylə qarşılanan, xalq rəssamı, professor, Prezident təqaüdçüsü Rafiq Mehdiyevin də xatirələrini eşitdik:
- Atam bizə təhsilə, seçdiyimiz sənətə məhəbbətimizi artırardı. Deyərdi: "Övlad üçün atanın halal zəhməti ilə qazandığı çörəkdən dünyada ləzzətli bir təam olmaz". Mən Moskvada ali təhsil alanda demişdi: "Çalış xalqımızın şərəfini uca tut. Yaxşı oxu, desinlər ki, bu azərbaycanlı balası həqiqətən, tərifəlayiqdir..." O, ömrü boyu belə amalla yaşadı, azərbaycanlı olması ilə son nəfəsinə kimi fəxr etdi. Ondan eşitdiyim bu sözlər heç yadımdan çıxmır: "1970-ci ildən başlayaraq Azərbaycanımızı canı, varlığı qədər sevən Heydər Əliyev millətimizi dünyaya tanıtdı. İnanıram ki, onun bu ənənəsi davam etdiriləcək". Bəli, həmin ənənə çağdaş dövrümüzdə yüksək səviyyədə yaşayır. Vətən torpağına məhəbbət daha da artıb. Sözə, sənətə, sənətkara qiymət verilir. Sosial-iqtisadi inkişafına görə ölkəmizi dünya tanıyır. İnsanların güzəranları günbəgün yaxşılığa doğru inkişaf edir. Atamın arzuları çin olsa da, özünün yeri görünür...
Hüseyn Mehdiyevin milli kinomuzun inkişafında xidmətləri çoxdur. Operator, rejissor kimi neçə-neçə baxımlı, xarakterik filmləri lent yaddaşında yaşayır. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Onun da xatirələrini eşitdik:
- Bəşər boyu bir kimsə alın yazısından can qurtara bilməyib. İllərdən bəridir ondan ayrılmışıq. Lakin bacı-qardaşlarım kimi, mənə də elə gəlir ki, o yaşayır, bizlərə verdiyi tərbiyənin, tövsiyənin xoş nəticəsini görüb sevinir. Əgər onun ruhu şad olursa, bu da bir təskinlikdir...
Nağıllar, dastanlar, adətən, belə başlayır: biri vardı, biri yoxdu... Mahmud Hüseyn oğlu Mehdiyevin həyat, ömür yolu da elə nağıl qəhrəmanlarına bənzəyir. Nə qədər yaşadısa, bir kəs ondan gileyli olmadı. 30 il əvvəl dünyasını dəyişib, amma unudulmur. Ehtiramla, hörmətlə yad edilir, xatırlanır. Bir zamanlar ataları balalarının qayğısına qalardı, indi də övladları onun ruhunu şad etməyi özlərinə borc bilirlər. Xatirələrdə, yaddaşlarda, əməllərdə ikinci ömrü yaşatmaq da olarmış...
Telman Ağaoğlu
Azərbaycan.-2009.-8
fevral.-S.7.