Kinomuzun şərəfli səhifəsi

 

Azərbaycan kino sənətinin inkişafında özünəməxsus xidmətləri olan xalq artisti, rejissor Tofiq Tağızadənin adı mədəniyyət tariximizdə mühüm yer tutur. Onun bu sahədəki yaradıcılığı kino tarixində ayrıca bir səhifədir. Tofiq Tağızadənin adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz onlarca filmlərdən maraqlı epizodlar canlanır.

Onun haqqında belə bir fikir var: Tofiq Tağızadəni dərindən tanımaq istəyənlər mütləq onun filmlərini seyr etsinlər. Azərbaycan kino sənətinə yeni nəfəs gətirən Tofiq Tağızadə ömrünün 40 ildən artıq bir dövrünü kinoya bağlamışdır. Onun rejissorluq etdiyi filmlər sadəcə seyr etmək üçün deyil, bu lent əsərləri əsl məktəbdir. Diqqətlə seyr etdikdə bu filmlərdəki ən kiçik detalın da əks etdirdiyi böyük mənalar, milli-mənəvi dəyərlərimizin təntənəsi diqqət çəkir. Sovet quruluşunda cəsarətlə milli kino çəkmək, adi simvollarla, görüntülərlə tarixin çox qaranlıq mətləblərindən xəbər vermək rejissorun yüksək təfəkküründən, düşüncəsindən, soya-kökə bağlılığından xəbər verirdi.

Tofiq Tağızadə 1909-cu il fevralın 7-də Bakıda anadan olmuşdur. Şəhər mühitində böyümüş gəncin uşaqlıqdan teatra, kinoya böyük həvəsi olub. Tanınmış kinoşünas Aydın Kazımzadə apardığı tədqiqatlar nəticəsində belə nəticəyə gəlib ki, Tofiqdə kinoya marağı uşaqlıq illərində tamaşa etdiyi məşhur Çarli Çaplinin filmləri doğurub. Orta məktəbi bitirən kimi əvvəlcə energetika texnikumuna daxil olub, paralel musiqi məktəbində oxuyub. Kinoya gələn yolları dolanbac döngələrdən keçib. 1938-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun energetika fakültəsində oxuyub. Üçüncü kursda oxuyarkən İkinci dünya müharibəsi başlayıb. Tofiq cəbhəyə göndərilib. Rostov yaxınlığında gedən döyüşlərin birində ağır yaralanaraq geri qaytarılıb. Nəhayət, müharibə başa çatıb. Bununla da, Tofiq Tağızadə arzusuna qovuşub. O, Moskvada ÜDKİ-nin kinorejissorluq fakültəsinə qəbul olunub. O, burada məşhur kino xadimi və bilicilərindən dərs alıb. Tələbəlik illərində istedadlı gənclərlə bir yerdə çalışıb. Sonralar onların hər biri məşhur kinorejissor kimi nəinki öz ölkələrində, həm də dünyada tanınıblar. Bu gənclərin arasında Tofiq Tağızadənin tələbə yoldaşı, sonralar məşhurlaşacaq rejissor Əjdər İbrahimov da var idi. Bu gənclərin hər biri müharibənin ağrı-acılarını çəkmiş, onun dəhşətini yaxından hiss etmişdilər. Ona görə də bir yerdə söhbət edərək fikirləşirdilər ki, hər kəs öz ölkəsinə qayıtdıqdan sonra mütləq müharibələri pisləyən filmlər çəksinlər.

Təhsil illəri başa çatdıqdan sonra Tofiq Tağızadəni "Mosfilm" kinostudiyasına göndərdilər. Bir müddət Moskvada çalışdıqdan sonra öz arzusu ilə doğma vətənə qayıdan ömrünün sonuna kimi C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazdı. İlk filmi "Görüş" (1955) oldu. Bu, Tofiq Tağızadəyə böyük uğurlar gətirdi. Film Azərbaycan Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edirdi onu iki ölkənin rejissoru ekranlaşdırmışdı. Bu debüt çox uğurlu alındı. Yəni, gənc rejissorların qabiliyyəti üzə çıxdı.

İçindəki narahatlıq isə Tofiqə dinclik vermirdi. O, müharibə mövzusunda film çəkmək istəyirdi. Nəhayət, Tofiq bu arzusuna qovuşdu. Üç ildən sonra ekranlara çıxan "Uzaq sahillərdə" filmi həm rejissora, ssenaristə, həm aktyorlara böyük şöhrət gətirdi. Həqiqətən, "Uzaq sahillərdə" filmi nəinki Azərbaycanda, nümayiş etdirilən hər bir ölkədə hadisəyə çevrilmişdi. Filmin musiqisini böyük bəstəkarımız Qara Qarayev yazmışdı. Baş rolun ifaçısı Nodar Şaşıqoğlu idi. Ssenarisini yazıçı İmran Qasımov Həsən Seyidbəyli qələmə almışdılar. Bu film çox sevildi bugünə kimi tamaşaçı marağını məhəbbətini saxlamaqdadır.

Tofiq Tağızadənin bütün filmləri gözəldir. Onların adları da çox maraqlıdır: "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Babamın babasının babası", "Bağ mövsümü", "O dünyadan salam" sairə.

Tofiq Tağızadə son dərəcə istedadlı həssas rejissor idi. Sovet hökumətinin hər bir detalı ən kiçik ştrixlərə qədər lupa ilə nəzərdən keçirdiyi bir zamanda o, filmlərdə elə jestlərdən, görüntülərdən, sözaltı ifadələrdən, əşyalardan bacarıqla istifadə edirdi ki, min illər keçə belə, bu filmlərə hər hansı bir quruluş balta çəkə bilməz. Ona görə ki, o, əsl milli mənəviyyata xidmət edən əsərlərə ekran həyatı verirdi. T.Tağızadə həm çox məsuliyyətli rejissor idi. Filmlərə çəkiləcək aktyorları özü axtarıb tapırdı. Seçimi elə dəqiq ustalıqla edərdi ki, sanki bu rollar elə əvvəlcədən həmin aktyorun potensialını nəzərə alaraq yaradılıb. Bütün filmlərində Tofiq Tağızadənin aktyor seçimi uğurlu alınmışdı. Onun işgüzarlığı, işinə bağlılığı əhatəsində olduğu sənət adamlarına da sirayət etmişdi.

Tofiq Tağızadə bəşəri mövzulara müraciət etməyi daha çox sevirdi. 1975-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında ekranlaşdırdığı "Dədə Qorqud" filmi Azərbaycan kino sənətinin dönüş nöqtəsi oldu. Vaxtilə bu dastanın hansı qadağalara, təzyiqlərə məruz qaldığı bəllidir. Bütün türk dünyasının şah abidəsi sayılan belə bir möhtəşəm epopeyanı filmə gətirmək asan məsələ deyildi. Tofiq Tağızadə ötən əsrin 30-cu illərinin repressiyasının şahidi olmuş sənətkarlardan biri idi. O, çox gözəl bilirdi ki, milli təfəkkür düşüncəyə, şüura bağlılıq bəzən şöhrət gətirsə , sonda hansı ağır nəticələrlə yekunlaşa bilər. Tofiq Tağızadənin bir rejissor kimi ən böyük xidməti ondan ibarət idi ki, o, heç nədən çəkinmədən, bəlkə həyatını təhlükə altına qoyaraq xalq yazıçısı Anarın yazdığı "Dədə Qorqud" filmini xalqına ərməğan etdi. 40 ilə yaxındır ki, bu film tamaşaçı rəğbəti ilə seyr edilir. Buradakı vətən, millət, torpaq, ana sevgisi təkcə dastanın mənsub olduğu xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. Bəşəri duyğuları sənət əsərinə çevirib yaşatmaqsa müdriklikdir, əbədiyyətə qovuşacaq mənəvi ömür tapmaqdır.

Çəkdiyi filmlərlə ölümsüzlük qazanan Tofiq Tağızadə təkcə kinorejissor deyildi. O, uzun illər respublikamızda kino işinin təşkilində milli kadrların hazırlanmasında əvəzsiz xidmət göstərib. Kinematoqrafçılar İttifaqında katib vəzifəsində işləyib. Dəfələrlə Azərbaycanın keçmiş Sovetlər birliyinin deputatı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

Hər kəs Tanrının yazdığı bir ömür payı yaşayır. Sağlığında unudulanlar da var. Xoşbəxtlikdən Tofiq Tağızadə həmişə üzdə olan, həm həmkarları, həm tamaşaçılar tərəfindən sevilən, arzulanan şəxsiyyət idi. Sağlığında film çəkməyə, yaratmağa, işləməyə çağırardılar, axtarardılar. İndi filmlərinə müntəzəm tamaşa edilir hər dəfə yeni tapıntılar, işarələr, mənalar açıqlanır. Bu səbəbdən Tofiq Tağızadənin yaratdığı filmlər Azərbaycan kino sənətinin "qızıl fondu" adlanır.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-8 fevral.-S.6.