Daşlaşmış tarix
Əsrlərin dizini
qatlayaraq bugünümüzə qədər gəlib çatmış
milli memarlıq abidələrimizin hər kərpicində bir
tarix yatır. Bu tarixi danışdıran alimlər məhz o
yaddaşın hesabına minilliklər öncə baş verənlərdən
xəbər tuturlar. Təəssüf ki, elə tarixi abidələr
də var ki, dövrün, zamanın, müxtəlif olayların,
zəlzələlərin təzyiq və təsirləri nəticəsində
sıradan çıxaraq xarabalıqlara çevrilib. Xüsusilə
də, sovet dövründə xəttad babalarımızın,
nəqqaşların yaratdıqları milli nə varsa, çalışıldı
ki, hamısının üstündən qara xətt çəkilsin.
Beləliklə, sıradan çıxanı da oldu, millətin
qayğısı nəticəsində bugünümüzə
gəlib çatanı da...
Müstəqilliyimizi
qazandıqdan sonra milli-mənəvi dəyərlərə qayıdışın
nəticəsində, demək olar ki, ölkəmizin hər
yerində təmir-abadlıq işləri aparıldı,
tarixi binalar ikinci ömrə qədəm qoydu. Ölkə başçısı
cənab İlham Əliyevin dəfələrlə tarixi abidələrlə
bağlı imzaladığı sərəncamların təsiri
yurdumuzun bütün bölgəsində duyuldu. Həqiqətən
də, milli memarlıq abidələrinin yeni ömrü başladı.
Kərəm Nəbiyevin lentə aldığı bu şəkillərdə
ikinci ömrünü yaşayan tarixi abidələr əks
olunub. Bu, Cümə məscididir. 1900-cü ildə Qazax mahalının
məşhur din xadimi Məşədi İbrahim tərəfindən
tikilmişdir. İkinci şəkil isə 1901-ci ildə
Qazaxda inşa edilmiş İsrafil Ağa hamamıdır. Ötən
əsrin daş yaddaşı sayılan bu abidələrdə
tariximizin neçə açılmamış səhifəsi
qalmaqdadır.
Azərbaycan.-2009.-8 fevral.-S.6.