Azərbaycan karikaturası: inkişafın çətin yolu

 

Təəssüflə deməliyik ki, bu gün də ölkədə nəşr olunan satirik jurnalların əksəriyyətinin təsis edilməsində əsas məqsəd karikatura sənətini inkişaf etdirmək və ya satirik mətbuat mədəniyyətini yüksəltmək deyil. Təbii ki, bu cür "satirik jurnallar"da heç bir bədii səviyyədən, poliqrafiya mədəniyyətindən, çap keyfiyyətindən, yeni yanaşma və ya axtarışlardan, təqdim olunan mövzuların aktuallığından və ya orijinallığından söhbət gedə bilməz. Şəxsi maraqlara xidmət edən bu "satirik jurnallar" artıq tək karikaturanın yox, bugünkü mətbuatın, eyni zamanda, bütün cəmiyyətin ümumi problemidir. Təəssüf ki, satirik mətbuatın və karikaturanın təsadüfi insanların əlində alətə çevrilməsi kimi neqativ hallarla biz bu gün hələ də rastlaşırıq.

Təsviri sənətdən xəbəri olmayan, karikatura ilə şarjın fərqini bilməyən, təşkilati məsələlərdən anlayışı olmayan insanların heç bir maddi və texniki bazaya əsaslanmadan beynəlxalq müsabiqələr təşkil etmək cəhdləri, beynəlxalq təşkilatlarda özlərini məsul və mötəbər şəxs kimi qələmə vermək istəkləri bir çox fəsadlar törətmişdir. Beynəlxalq təşkilatlardan vəsait almaq məqsədi ilə istənilən layihəyə imza atmağa hazır olan bəziləri ölkənin nüfuzuna nə qədər ziyan vurduqları haqqında təəssüf ki, heç düşünmürlər də. Bu üzdəniraq "karikaturaçılar"ın buraxdıqları səhvlərə və məsuliyyətsizliyə görə son üç ildə biz beynəlxalq karikatura təşkilatlarından, müxtəlif karikaturaçı rəssamlardan dəfələrlə rəsmi olaraq üzr iştəmişik. Beynəlxalq karikatura təşkilatlarında mövcud olan "qara siyahı"dan Azərbaycanın adının çıxarılması üçün bir neçə il durmadan çalışmışıq. Bu insanlar, nəhayət, dərk etməlidirlər ki, çilingərin icra hakimiyyəti başçısı, çəkməçinin general olması və ya tərəvəz satanın nazir təyin olunduqları dövr 90-cı illərin əvvəllərinin acı xatirəsi kimi keçmişdə qalıb.

Bir neçə təsadüfi insanın yaratdığı bu problemlər nəticəsində son illər peşəkar karikaturaçıların bu sahədən uzaqlaşmasının da şahidi olmuşuq. Ölkədə ciddi satirik jurnalların dərc olunmaması, bu sahədə qeyri-peşəkarların meydanda at oynatmaları, karikaturaçı rəssamlarımızın uzun illər bu janra müraciət etməməsi ilə nəticələnmişdir. Karikaturada öz sözünü demiş peşəkar rəssamlar, karikaturaya təmənnasız xidmət edən bu sənətkarlar Y.Əsədov, G.Əlizadə, V.Allahyarova, E.Mirzəyev, K.Abdin, B.Qasımxanlı və başqaları son illər bu sənətə qayıdaraq öz yeni əsərləri ilə karikatura sənətinə töhfələr verirlər. Gənclərin, tələbə rəssamların bu janra daha tez-tez müraciət etməsi, təşkilatımızın üzvlərinin sayının günbəgün artması, həqiqətən, Azərbaycan karikaturasının sabahına daha inamla baxmağa tam əsas verir.

3000 il əvvəl xalq yaradıcılığından başlamış, orta əsrlərdə qəzet qrafikasına qədər böyük yol keçmiş karikatura müstəqil bir janr kimi cəmiyyətdə öz vacibliyini sübut etmişdir. Misir fironlarını, antik dövrlərin mifik qəhrəmanlarını tənqid edən, orta əsrlərdə Roma papasını, Vatikanı, kralları, katolik kilsəsini, inkvizisiyanı, Napoleonun işğalçılıq siyasətini ifşa edən, əsrlər boyu təkmilləşən karikaturadan əksər hallarda ideoloji silah kimi istifadə olunmuşdur. Xüsusilə də, sovetlər dövründə ideologiya maşınının bir hissəsi olan karikatura bu gün yeni bir mərhələyə çıxaraq təsviri sənətin ayrılmaz tərkib hissəsi olmasını sübut etdi.

Bu gün karikatura bir sənət növü, düşüncə tərzi olmaqla yanaşı, beynəlxalq dildə danışa bilən, xalqlar, mədəniyyətlər arasında bir körpü olaraq müasir dünyamızın ayrılmaz hissəsinə çevrilmişdir. Avropa ölkələrində hələ 60-cı illərdən etibarən müxtəlif beynəlxalq karikatura festivalları, müsabiqələri, sərgiləri təşkil olunur, çoxsaylı karikatura təşkilatları və klubları yaradılır. Mədəniyyətlərin dialoqu baxımından bu, böyük və çox əhəmiyyətli layihələrə Azərbaycan son illər qoşulmuşdur. 1985-ci ildən Belçikada fəaliyyət göstərən Avropa Karikatura Təşkilatları Birliyinə Argentina, İsrail, Tayvan, Koreya, İran kimi ölkələr üzv qəbul edildikdən sonra bu təşkilat hüquqi və coğrafi baxımdan öz sərhədlərini genişləndirərək Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO) adlandırıldı.

Bu mötəbər təşkilat bütün fəaliyyəti boyu karikatura sənətinin düzgün istiqamətdə inkişafına xidmət etmiş, karikaturaçıların hüquqlarının qorunması, mətbuat və söz azadlıqlarının pozulmasının qarşısının alınması, rəssamların müəllif hüquqlarının müdafiəsi sahəsində mühüm iş aparmışdır. Eyni zamanda, beynəlxalq müsabiqələrin, konfransların "dəyirmi masa"ların təşkil edilməsi, müxtəlif ölkələrdə təşkil olunan karikatura müsabiqələrində obyektivliyə və qiymətləndirilmənin şəffaflığına nəzarət bu təşkilatın nüfuz dairəsindədir.

30 ölkədən 2000 karikaturaçını öz ətrafında birləşdirən bu beynəlxalq təşkilata Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi ancaq 2006-cı ildə tamhüquqlu üzv qəbul olunmuşdur. Bu da rəssamlarımızın yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı, bu mötəbər təşkilatda bizə mövqeyimizi bildirmək, əhəmiyyətli tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmək üçün daha yüksək tribuna vermiş olur. 30-40 illik fəaliyyəti dövründə böyük təcrübə toplamış Avropa və digər qonşu ölkələrin karikatura təşkilatları ilə müqayisədə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi çox gəncdir. Buna baxmayaraq qısa müddət ərzində, bizim təşkilat dünya karikaturasının ayrılmaz hissəsi olduğunu sübut edərək bu ailənin tamhüquqlu üzvü olmuşdur. Bu bizə göstərilən böyük etimad və xüsusi diqqətlə yanaşı, eyni zamanda, bizdən daha çox məsuliyyət, məhsuldar fəaliyyət, götürdüyümüz öhdəlikləri yerinə yetirməmizdə dəqiqlik tələb edir. Qürurla deyə bilərik ki, rəssamlarımız son 3 il ərzində qatıldıqları 200-dən artıq beynəlxalq karikatura müsabiqələrində 70-ə yaxın xüsusi mükafata və fəxri diplomlara layiq görülmüş, onların əsərləri müsabiqələrin qızıl, gümüş, bürünc mükafatları ilə qiymətləndirilmişdir. İştirak etdiyimiz müsabiqələrdə rəssamlarımızın karikaturaları seçilmiş ən yaxşı 100 əsər siyahısına daxil edilmişdir. Bu hadisələr müasir dövrdə Azərbaycan karikaturasının intensiv şəkildə inkişaf etdiyini, dərin bədii ənənələrə malik olmasını, dünya karikaturasına öz layiqli töhfələrini vermək bacarığını nümayiş etdirir.

2008-ci ildə Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının (FEKO) xətti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi ölkədə ilk dəfə olaraq beynəlxalq karikatura müsabiqəsi təşkil etdi. Bu beynəlxalq karikatura müsabiqəsi bütün müsəlman Şərqində ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalının ildönümünə həsr olunmuşdur. İlk dəfə keçirilməsinə baxmayaraq "Molla Nəsrəddin"- Azərbaycan 2008" beynəlxalq karikatura müsabiqəsinin nəticələri öz obyektivliyi, səsvermənin şəffaflığı və yüksək səviyyədə təşkil edilməsi ilə bütün beynəlxalq karikatura qurumları tərəfindən qəbul olundu. Qiymətləndirilmədə obyektivliyin pozulmasından tutmuş, təşkilati məsələlərdə buraxılan nöqsanlara qədər müşahidə olunan müxtəlif beynəlxalq karikatura müsabiqələrindən fərqli olaraq "Molla Nəsrəddin" - Azərbaycan 2008" beynəlxalq karikatura müsabiqəsi hamı tərəfindən müsbət qiymətləndirilərək bu günə qədər təşkil olunmuş beynəlxalq müsabiqələr sırasında birinci onluğa daxil edildi. Əlbəttə ki, bu, Azərbaycan karikaturasının qələbəsi, beynəlxalq aləmdə təşkilatımızın nüfuzunun və çəkisinin yüksəlməsi, ən əsası isə, ölkəmizin layiqincə təmsil olunması kimi mühüm və əhəmiyyətli işə xidmət edən amil kimi qəbul oluna bilər.

Bu gün Azərbaycan karikatura sənətinin beynəlxalq karikatura aləmində tanınması və təbliği istiqamətində məqsədyönlü iş aparılır. Artıq tam əminliklə demək olar ki, xarici ölkələrdə Azərbaycan karikaturasının dostları adlandırdığımız insanlar var ki, onlar da Azərbaycan karikaturasının təbliği, bu sənət növünün dünəni və bu günü, rəssamlarımızın tanınması istiqamətində öz ölkələrində və müxtəlif beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirlər, sərgilər, konfranslar təşkil edirlər. Türkiyədən Yurdagün Göker, Atilla Özer, İsmayil Kar, Rusiyadan Mixail Zlatkovskiy, Stanislav Aşmarin, İrandan Rəhim Bakkal, Şahram Rezaei, Makedoniyadan Cordan Pop İliyev, İsraildən Qennadiy Kostovetskiy, Ukraynadan Vladimir Kazanevski, Kiprdən Hüseyin Çakmak, Serbiyadan Zoran Matik, Belçikadan Rudi Geysens, Misirdən Effat Məhəmməd və digər həmkarlarımız Azərbaycan karikaturasının tanınması istiqamətində bizə dəstək olaraq, sözün əsl mənasında, fədakarlıq edirlər. Azərbaycanı sevən, Azərbaycan karikatura sənətinə laqeyd olmayan bu insanların köməyi və dəstəyi nəticəsində 100 illik karikatura tariximizi tanıtmaq kimi vacib işdə biz daha geniş imkanlar qazanmışıq.

Dünya şöhrətli karikatura ustası və nəzəriyyəçisi Yurdagün Göker ilk dəfə olaraq Azərbaycan karikaturaçı rəssamlarının əsərlərindən ibarət "Azərbaycan karikaturası dünən və bu gün" adlı sərgisini 2008-ci ildə İstanbulda və daha sonra Bursada təşkil etmişdir. Türkiyə tərəfinin təşəbbüsü ilə reallaşan bu sərgilərdə türkiyəli karikaturasevərlər Azərbaycanın 50-dən artıq karikaturaçı rəssamının müxtəlif dövrlərdə yaratdıqları əsərləri ilə tanış olmaq imkanı əldə etdilər. Bu, Azərbaycan karikaturaçılarının xarici ölkədə təşkil olunan ilk sərgisi olmuşdur. Türkiyə Anadolu Universitetinin Karikatura janrını tədqiq və tətbiqetmə mərkəzinin direktoru professor Atilla Özer, Serbiyadan "Kiks" satirik jurnalının redaktoru Zoran Matik, Misirdən "Pharaohs" satirik jurnalının redaktoru Effat Məhəmməd, Kiprdən "Akreb" satirik jurnalının redaktoru Hüseyin Çakmak, Hollandiyadan Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının (FEKO) orqanı olan "Fekonews" jurnalının redaktoru Piter Nyuvandeyk və başqaları Azərbaycan karikatura tarixi haqqında, müasir rəssamlarımızın yaradıcılığını işıqlandıran materiallarla mətbuat səhifələrində mütəmadi olaraq çıxış edirlər. Müasir dünyamızın ayrılmaz hissəsi olan internet saytlarında, iranlı həmkarımız Rəhim Bakkal, ABŞ-da "Cartunion" klubunun rəhbəri Andrey Feldşteyn, Suriyadan Raed Xəlil, Rumınyadan Julian Pena Pai, Makedoniyadan Cordan Pop İliyev, Sudandan Camacho Nayer, Çindən Lenq Mu və başqaları bu gün öz ölkələrinin beynəlxalq karikatura qurumlarında bizə dəstək olaraq Azərbaycan karikaturasının tanınması istiqamətində bizimlə çiyin-çiyinə çalışırlar.

Dünya karikaturasının nəhənglərindən sayılan rusiyalı karikaturaçı rəssam Mixail Zlatkovskiy öz yazılarından birində son illər Azərbaycanda karikatura janrının sürətlə inkişaf etməsini xüsusilə qeyd edərək buranı hər bir karikaturaçının arzuladığı mədəniyyət mərkəzi adlandırmışdır. Eyni fikri İstanbulda "Azərbaycan karikaturası dünən və bu gün" adlı sərginin açılış mərasimində tədbirin təşkilatçısı cənab Yurdagün Göker mətbuat konfransında söyləmişdir. Əlbəttə ki, Azərbaycanın qazandığı siyasi, iqtisadi uğurlar, mədəniyyətin inkişafı istiqamətində respublikada aparılan vacib və əhəmiyyətli işlər hörmətli həmkarlarımıza belə deməyə tam əsas verir.

Son illər Azərbaycanda mədəniyyətin bütün sahələrinin inkişafı istiqamətində aparılan köklü və əsaslı quruculuq işləri ölkə başçısının bilavasitə diqqət və qayğısının nəticəsidir. Şahidi olduğumuz bu tərəqqi, eyni zamanda, Azərbaycan karikatura sənətinin inkişafına da güclü təkan vermişdir.

Karikaturanın demokratik cəmiyyətin artibutu olduğunu, bu janrın ancaq demokratik cəmiyyətdə inkişaf etməsini nəzərə alsaq, günü-gündən çiçəklənən müasir Azərbaycanda son illər karikatura janrının inkişafı ölkədə gedən ümumi proseslərin bir hissəsi, demokratik cəmiyyətin göstəricisi kimi qəbul oluna bilər. Cəmiyyətdə və ölkənin mədəni həyatında özünəməxsus yeri olan Azərbaycan karikaturası milli ənənələrini qoruyub saxlayaraq beynəlmiləl xüsusiyyətləri də kəsb edərək dünya karikatura sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu gün müasir dünyamızda karikatura xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və ünsiyyət körpüsü olaraq, dostluğun və sülhün qorunmasına xidmət etməlidir. Bu baxımdan, hər birimiz öz yaradıcılığımızla və gündəlik fəaliyyətimizlə bu vacib işə töhfələrimizi verməliyik.

 

 

Bayram Hazadə,

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri,

əməkdar incəsənət xadimi

 

(Əvvəli qəzetin 7 fevral nömrəsində)

 

Azərbaycan.-2009.-8 fevral.-S.7.