Azərbaycan karikaturası: inkişafın çətin yolu

 

Azərbaycanda karikaturanın yaranması və yeni bir janr kimi tərəqqi tapması, bilavasitə "Molla Nəsrəddin" jurnalının adı ilə bağlıdır. Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı Cəlil Məmmədquluzadənin dediyi kimi, həyatın özü yaratmışdır. XX əsr Azərbaycan satirik mətbuatının nüfuzu və təsir dairəsi olduqca geniş olmuşdur. O, bir təfərdən Avropa və rus satirik mətbuatı ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edərək kamilləşmiş, digər tərəfdən isə Yaxın Şərq, Orta Asiya, Volqaboyu, Krım, Dağıstan xalqlarının satirik mətbuatının yaranıb inkişaf etməsinə müsbət təsir göstərmiş, İran satirik mətbuatının və satirik qrafikasının inkişafında fövqəladə rol oynamışdır.

Məhz "Molla Nəsrəddin" jurnalının təsiri altında Azərbaycanda "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Arı" (1910-1911), "Kəlniyyət" (1912- 1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), Tartan-Partan (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallarla yanaşı bu dövr Bakıda rus dilində "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskie streli" (1910), "Baraban" (1912-1913) kimi satirik jurnallar da nəşr olunurdu.

1920-ci ilə qədər Azərbaycanda nəşr olunan satirik jurnallarda müxtəlif millətlərdən olan rəssamlar fəaliyyət göstərmişlər. O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, B.R.Telinqator, Y.V.Çəmənzəminli, X.Musayev, V.Giladze, Ə.İbrahimzadə, A.Qrinyevskiy, R.Girş, Y.Hamberq, C.Cəbibəyov, Bəha Səid, M.Gerasimov, E.Karqanova, R.Şikarev, P.Sfines və başqalarının məhsuldar fəaliyyəti Azərbaycanda böyük karikatura ordusunun olmasından xəbər verirdi.

100 ildən artıq tarixi olan Azərbaycan satirik mətbuatının yaranması ilə formalaşmış və inkişaf etmiş satirik qrafika sənətini tədqiq etmək, bu sahədə çalışan rəssamlarımızın, karikatura ustalarının yaradıcılığını öyrənmək və tanıtmaq bizim qarşımızda duran əsas vəzifələrdən biridir. İnkişafı boyu zəngin ənənələr əldə etmiş və görkəmli sənətkarlarımızın yaradıcılığında mühüm yer tutmuş karikatura bu gün müstəqil janr kimi tədqiq olunmalı, karikatura janrının keçdiyi tarixi yol və mərhələlər işıqlandırılmalı, bu sahədə mövcud olan tarixi-bədii ənənələr müəyyənləşdirilərək onların müasir dövrümüzdə davam etdirilməsi təmin olunmalıdır.

Azərbaycan karikaturasının keçdiyi tarixi yolda qazandıqlarımız və itirdiklərimiz haqqında danışarkən deməliyik ki, bu sahənin işıqlandırılması istiqamətində görüləsi işlər hələ çoxdur. Təəssüflə demək lazımdır ki, bu gün qürurla danışdığımız bir əsrlik karikatura tariximiz haqqında, bu janrın ölkəmizdə inkişaf mərhələlərini işıqlandıra bilən hər hansı bir tədqiqat işi və ya bu sahəni əhatə edə bilən ədəbiyyat çox azdır. Hətta sovet dövründə belə, bu sahəni tam əhatə edə biləcək hər hansı bir ciddi ədəbiyyat çap olunmamışdır.

XX əsrin birinci yarısında karikatura janrına müraciət edən rəssamların azlığı, bəziləri tərəfindən karikaturanın "yüngül", qeyri-ciddi janr kimi qəbul olunması tədqiqatçıları bu problemden yan keçməyə sövq etmişdir. Bu və digər səbəblərdən müxtəlif dövrlərdə bir sıra müəlliflər tərəfindən satirik qrafikaya həsr olunmuş tədqiqatlarda və ya elmi əsərlərdə karikatura janrı epizodik xarakter kəsb etmişdir.

Mərhum sənətşünaslar Adil Qazıyevin, Mürsəl Nəcəfovun, Paşa Hacıyevin Əzim Əzimzadə və Nəcəfqulu İsmayılov haqqında hazırladıqları bir neçə kitab istisna olmaqla Azərbaycan karikatura tarixini tam işıqlandıra bilən, bu sahədə çalışan çoxsaylı karikatura ustaları haqqında geniş məlumat verə biləcək hər hansı bir nəşr tapmaq çox çətindir, demək olar ki, mümkün deyil. Bu səbəbdən oxucularımız bir çox rəssamlarımızın yaratdıqları çoxsaylı karikaturalarla tanış olmaq imkanından məhrum olmuşlar. Bu gün sıravi oxucu O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə ən yaxşı halda isə X.Musayev, Ə.Behzad, İ.Axundov, Q.Xalıqov, İ.Nəcəfqulu yaradıcılığı ilə müəyyən qədər tanışdır. Lakin Azərbaycanın görkəmli ziyalısı Y.V.Çəmənzəminlinin karikaturaçı rəssam kimi fəaliyyətilə, onun "Molla Nəsrəddin" jurnalında dərc olunan əsərləri, dərc etmək istədiyi "Fokusnik" adlı satirik jurnalına çəkdiyi eskizlərlə təəssüf ki, geniş oxucu kütləsi tanış deyil. "Molla Nəsrəddin" məcmuəsinin təsiri altında inqilabaqədərki Azərbaycanda müxtəlif dillərdə dərc olunan çoxsaylı satirik jurnallar, bu jurnallarda fəaliyyət göstərən B.Telinqator (Beno), C.Cəbibəyov, R.Girş, Y.Hamberq, V.Giladze, Ə.İbrahimzadə, M.Gerasimov, V.Vpnyava, E.Karqanova, Bəha Səid, Abbas kimi Azərbaycan karikatura sənətinə xidmət etmiş rəssamların yaradıcılığı nəzərdən qaçmışdır.

Elmi ədəbiyyatda cənubi Azərbaycanın "Molla Nəsrəddin"i adlandırılan "Azərbaycan" (1907) satirik jurnalında, eyni zamanda "Əncümən", "Həşərtül ərz" və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur.

Hələ tələbəlik illərindən "Molla Nəsrəddin" jurnalı ilə sıx əməkdaşlıq etmiş, daha sonrakı illərdə "Kommunist" qəzetində və "Kirpi" jurnalında uzun illər çalışmış, görkəmli rəssam Hüseyn Əliyevin karikaturaçı kimi fəaliyyəti bu günə qədər də layiq olduğu dərəcədə işıqlandırılmamışdır.

Azərbaycanın görkəmli boyakar rəssamı Səttar Bəhlulzadənin öz yaradıcılığına karikaturaçı kimi başlayaraq dövri mətbuat səhifələrində yaratdığı çoxsaylı satirik rəsmlərlə təəssüf ki, əksəriyyət tanış deyildir. Mikayıl Abdullayev, Tahir Salahov, Kazım Kazımzadə, Əmir Hacıyev, Oktay Sadıqzadə, Altay Hacıyev kimi tanınmış fırça ustalarımızın karikatura janrına müraciət edərək yaratdıqları çoxsaylı satirik əsərlərlə tanış olmaq imkanından çoxları məhrumdurlar.

Sovet dövrünün ilk illərində Azərbaycanda nəşr olunan "Əqrəb" (1923), "Tikan" (1924), "İdarəmizin güzgüsü" (1924), "Allahsız" (1931), "Məzəli" (1939) kimi satirik jurnallar haqqında, bu jurnalların səhifələrində dərc olunan yeni, inqilabi ruhlu karikaturalar haqqında məlumat tapmaq çox çətindir.

1952-ci ildən nəşrə başlamış "Kirpi" satirik jurnalının rəssamları haqqında adi bioqrafik məlumat belə tapmaq, demək olar ki, mümkün deyil. Uzun illər jurnalın baş rəssamı olmuş, Ə.Əzimzadə ənənələrinin layiqli davamçısı İ.Nəcəfqulu, məhsuldar fəaliyyətləri ilə yadda qalmış P.Şandin, S.Şərifzadə, Z.Kərimbəyli, R.Quliyev, jurnalın ilk nömrələrindən 90-cı illərə qədər çoxsaylı karikaturaları ilə mütəmadi olaraq çıxış edən V.Ternavskiy, E.Abdullayev, V.Tatarinsev, Ə.Zeynalov, M.İsmayılov, F.Əliyev, kəskin siyasi karikaturaları ilə yadda qalan R.Qədimov, A.Ələsgərov, təkrarolunmaz şarj ustası H.Haqverdiyev, adi satirik rəsmi kamil qrafik əsər səviyyəsinə qədər yüksəltmiş A.Quliyev (Adil Elçin) və bir çox başqa sənətkarlarımızın yaradıcılıqları diqqətlə araşdırılmalı, tədqiq olunaraq öz layiqli qiymətini almalıdır.

Azərbaycan karikatura tarixinin zənginləşməsində əməyi olan, bu janrın ölkəmizdə inkişafı istiqamətində uzun illər çalışmış, öz sözünü demiş bu şəxsiyyətlərin yaradıcılıqlarının və fəaliyyətlərinin tam işıqlandırılması istiqamətində son illər müəyyən addımlar atılır. Böyük ənənələri olan Azərbaycan karikatura sənətini yaşatmaq, beynəlxalq karikatura aləmində onu təbliğ etmək və bu janrın inkişafını sürətləndirmək məqsədilə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi tərəfindən həyata keçirilən bir sıra tədbirlər və layihələr mövcud boşluğu doldurmaq istiqamətində edilən cəhdlər kimi qəbul oluna bilər.

Bu sahədə uzun illər fəaliyyət göstərmiş, ömürlərini bu janrın inkişafına həsr etmiş karikatura ustaları haqqında kifayət qədər arxiv materialı toplanmış, yaddan çıxan, unudulan karikaturaçı rəssamlarımızın fəaliyyətləri işıqlandırılmışdır. Belə ki, 2005-ci ildə "Azərbaycan karikaturaçı rəssamları", 2006-cı ildə "100 illik karikatura tariximiz", 2007-ci ildə "Azərbaycan karikaturası dünən və bu gün", "Müasir Azərbaycan karikaturası", 2008-ci ildə "Azərbaycan karikaturasının inkişafı" kimi kitablar hazırlanaraq karikaturasevərlərə təqdim olunmuşdur.

Bu kitabların Azərbaycan və ingilis dillərində hazırlanması Azərbaycan karikatura sənəti və rəssamlarımızın yaradıcılığı ilə daha geniş oxucu kütləsini tanış etmək imkanı yaratmış olur. Sənətkarlıq baxımından yüksək səviyyəsi ilə seçilən əsərlər əsasında hazırlanmış bu kitablara artıq dünyanın istənilən ölkəsinin kitabxanalarında, karikatura təşkilatlarında və ya karikaturaçıların şəxsi kitabxanalarında rast gəlmək olar. Təsadüfi deyil ki, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının baş katibi cənab Piter Nyuvandeyk "100 illik karikatura tariximiz" kitabı ilə tanış olduqdan sonra Azərbaycan karikaturası haqqında yazdığı məqalədə bu kitabı "Şah əsərlər toplusu" adlandırmışdır. Bu, Azərbaycan karikaturaçı rəssamlarının yaradıcılığına verilən layiqli qiymətdir.

Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə bu janrın inkişafı, gənclərin bu sahəyə marağının artırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin fəaliyyətinə əməli kömək, mənəvi dəstək göstərilir. 65 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2006-cı ildə Azərbaycan Rəssamlar İttifaqının nəzdində Karikatura bölməsi fəailliyətə başlamışdır. Müqayisə üçün deyə bilərik ki, satira və yumorun mərkəzi sayılan Bolqarıstanın Rəssamlar İttifaqında karikatura bölməsi hələ 1964-cü ildən etibarən fəaliyyət göstərir. Karikatura ənənələrinin zənginliyi, cəmiyyətdə satirik sözə və satirik rəsmə marağın yüksək olması baxımından Azərbaycan istənilən Avropa ölkəsi ilə ayaqlaşmağa qadirdir.

Digər mühüm hadisə isə 2008-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində "Karikatura tarixi"-nin ilk dəfə olaraq bir fənn kimi gələcək sənətşünaslara tədris olunması faktı ilə bağlıdır. Gənclər arasında karikatura janrının təbliğ və tədris olunması baxımından çox böyük əhəmiyyət kəsb edən bu hadisələr gələcəkdə Azərbaycan karikatura sənətinin bu sahəni mükəmməl bilən nəzəriyyəçilərin, sənətşünasların və peşəkarların simasında etibarlı əllərdə olmasına zəmanət verir.

Möhkəm təməllər üzərində qurulmuş, yüksələn xətt istiqamətində inkişaf edən Azərbaycan karikaturası tarixin sınağından çıxaraq 30-cu illərin repressiyalarına, 90-cı illərin iqtisadi çətinliklərinə sinə gərə bilmişdir.

30-cu illərdə mürəkkəb siyasi şəraitdə karikaturaya göstərilən ideoloji təzyiq və təpkilər təbii ki, bu janrın inkişafına əngəllər törədirdi. Bu illər karikatura özünün durğunluq dövrünü yaşamışdır. Eyni zamanda 90-cı illərdə ölkəmizin və cəmiyyətimizin yaşadığı siyasi, sosial, iqtisadi və mədəni problemlər karikaturadan da yan keçməmişdir. Müstəqillikdən sonrakı keçid dövründə bazar iqtisadiyyatının bərqərar olması, çoxpartiyalılıq sisteminin tətbiqi, mətbuatın özəlləşdirilməsi, nəşriyyatların təsərrüfat hesabına keçməsi karikaturaya güclü zərbə vurmuşdur. Maliyyə çətinlikləri üzündən "Kirpi" jurnalı fəaliyyətini dayandırır, dövri mətbuatda dərc olunan karikaturaçı rəssamların sayı kəskin şəkildə azalır. Müstəqilliyinin sonrakı illərində ölkədə dərc olunan müxtəlif satirik jurnallar təbii "Molla Nəsrəddin" (1906-1931), "Kirpi" (1952-1990) səviyyəsinə yüksələ bilməmişlər. Maliyyə çətinlikləri ucbatından solğun, əksər hallarda ağ-qara çap olunan bu jurnallarda dərc olunan karikaturaların əksəriyyəti sənətkarlıq baxımından çox aşağı səviyyədə idi.

 

 

(Ardı var)

 

Bayram Hacızadə,

Azərbaycan Karikaturaçı Rəssamlar

Birliyinin sədri,

əməkdar incəsənət xadimi

 

Azərbaycan.-2009.-7 fevral.-S.11.