"Azərbaycan ədliyyəsinin
inkişafına dair
2009-2013-cü illər üçün
Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Ölkəmizdə hüquq
sisteminin müasirləşdirilməsi,
məhkəmə-hüquq islahatlarının
davam etdirilməsi ədliyyə orqanlarının
və məhkəmələrin
fəaliyyətinin son dövrün
tələbləri səviyyəsində
qurulmasını, ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasını, vətəndaşların məhkəmələrə
və ədliyyə orqanlarına müraciət
imkanlarının asanlaşdırılmasını,
regionlarda hüquq infrastrukturunun genişləndirilməsini,
yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri
edir.
Ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. dövlət büdcələrinin layihələri hazırlanarkən bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi üçün tələb olunan vəsaitin ayrılmasını təmin etsin;
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 fevral 2009-cu il
Azərbaycan.-2009.-10 fevral.-S.1.