İnsan xarakterlərinin,
həyat hadisələrinin,
təzadlı və mürəkkəb gerçəkliyin
dolğun bədii təsvirini verən ədib
Azərbaycan ədəbiyyatının və
elminin görkəmli nümayəndəsi, filologiya
elmləri doktoru,
professor, əməkdar elm xadimi
Mir Cəlal Paşayevin
seçilmiş əsərlərindən
ibarət üçcildlik
çapdan çıxmışdır.
Kitablara müəllifin "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanları və hekayələri daxil edilmişdir.
Hər üç roman Azərbaycan oxucusuna yaxşı məlumdur. Birinci roman XX əsrin əvvəllərində Azərbaycanda baş verən xalq azadlıq hərəkatından, dövrün tarixi hadisələrindən, xalqın məişətindən, əsərin qəhrəmanı Qədirin və ailəsinin başına gətirilən müsibətlərdən bəhs edir. "Bir gəncin manifesti" isə Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr olunmuşdur. Əsərin əsas qəhrəmanları - bir ailənin üzvü olan Mərdan, Sona və Bahar əslində o zamankı Azərbaycan kəndlisinin ümumiləşdirilmiş canlı, bədii obrazlarıdır. Üçüncü roman böyük satirik şairimiz M.Ə.Sabirə həsr olunmuşdur.
Mir Cəlal böyük hekayə ustası kimi tanınır. Yazıçı bütün yaradıcılığı boyu 300-ə yaxın lirik-romantik, lirik-psixoloji, lirik-dramatik hekayə qələmə almışdır. Bu hekayələrdə o, bu əsrin 20-ci illərinin axırlarında rayondan köçüb Bakıda, Kiçik Qala küçəsi 16 nömrəli evdə yaşadığı vaxtdan ömrünün sonuna qədər həyatının müxtəlif mərhələlərində rast gəldiyi insan xarakterlərinin, üzləşdiyi həyat hadisələrinin, təzadlı və mürəkkəb gerçəkliyin dolğun bədii təsvirini vermişdir. Üçcildliyə daxil edilmiş hekayələrdə sadə insanların həyatında baş verən tipik lövhələr, aktual problemlər, yumor, fəlsəfi müdriklik maraq doğurur.
Bu əsərlərdə zaman və məkan obrazı aydın nəzərə çarpır. Bakı və onun sakinləri, şəhər ab-havası, insani münasibətlər, bu münasibətlərdə zamanın tələbindən, obyektiv şəraitdən gələn həm mənfi, həm müsbət olan çalarlar, dünəni bu günə bağlayan həyat sürəti, siyasi-ictimai quruluşun olduğundan daha gözəl və üstün görünmək təşnəsi və cəhdləri özünəməxsus, maraqlı detalları ilə Mir Cəlal nəsrində yüksək bədiiliklə ifadə olunmuşdur. Bunlar isə bir epoxanın, bir dövrün bədii portretidir.
Oxucularda elə təsəvvür yaranmasın ki, Mir Cəlal yalnız yuxarıda adı çəkilən romanların müəllifidir. Ədib bədii ədəbiyyatın ən mükəmməl və mürəkkəb janrlarından olan roman janrında da böyük uğurlar qazanmışdır və altı romanın ("Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşıdlar", "Təzə şəhər", "Yolumuz hayanadır") müəllifidir. Görkəmli yazıçının nəvəsi, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva nəşrə "Yazıçı və zaman" adlı ön söz yazmışdır. Nərgiz xanım yazıçının hekayə yaradıcılığından söz açarkən qeyd edir ki, "Kölgədə bitən ağacın kölgəsi olmaz" fikrini sənət devizi seçən Mir Cəlal böyük fikirlərin lakonik bədii təcəssümünə meydan açan hekayə janrına xüsusi maraq göstərmişdir: "Bu hekayələrdə ədibin şəxsi müşahidələri, tükənməz vətənsevərlik, psixoloji hal-vəziyyət, dərin lirizm çox qabarıq şəkildə nəzərə çarpır. "Kölgəsiz ağac" dedikdə isə bu hekayələrdə qələmə aldığı bir çox yazıq, həm də çox hiyləgər və riyakar təbiətli insan obrazlarını nəzərdə tuturdu".
Məlumdur ki, Mir Cəlal böyük gülüş ustadları C.Məmmədquluzadə və Ə.Haqverdiyevin layiqli davamçısı olaraq Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır. Nəşrə daxil edilmiş hekayələr buna bariz nümunədir. Lakin professor N.Paşayevanın dediyi kimi, "Mir Cəlalın, necə deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri ilə əlaqədardır, onun təzahürüdür. Bu gülüşdə Mir Cəlalın ədibliyi də, alimliyi də, müəllimliyi də "iştirak edir". Yəni o, bəzən bir yazıçı kimi oxucularını həyatın qüsurlarından, eybəcərliklərindən uzaq olmağa çağırır, bəzən alim müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim təmkini ilə nəsihətlərini çatdırmış olur. Təsadüfi deyildir ki, Mir Cəlal yaradıcılığında son dərəcədə səmimi, müdrik yumor aparıcıdır, əsasdır."
Doğrudur, üçcildliyə Mir Cəlalın yalnız bədii yaradıcılığından nümunələr salınmışdır. Lakin o, Azərbaycan ədəbiyyatında yüksək professionallığa malik alim kimi də tanınır və qələminin məhsulu olan "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyası XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti, elmi, ictimai həyatı haqqında ən sanballı elmi əsərdir. Bu kitab o dövrün ədəbiyyatının tək faktoloji icmalı yox, həm də bədii-estetik, ideya-estetik ictimai prinsiplərinin və ideallarının sistemli şəkildə elmi-nəzəri təhlili kimi çox qiymətlidir. Nərgiz Paşayeva "Yazıçı və zaman" məqaləsində oxucuların diqqətini bu cəhətə də cəlb edir: "Mir Cəlal Firudin bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin ilk yaradıcısıdır. O, ədəbiyyat nəzəriyyəsinin əsaslarının və mühüm mərhələlərinin elmi izahını və təsnifatını verən ilk ədəbiyyatşünas alimdir. Mir Cəlalın elmi əsərləri təsviri məzmun daşımır. Onlar dərin, mükəmməl, nəzəri təhlil xarakterlidir, həm də lakonik, aydın və sadə üslubda yazılmışdır. Qəliz izahlar, ağır, pafoslu cümlələr, dolaşıq mülahizələr Mir Cəlal elminə yaddır. Bu isə gözəl bir ədəbi nümunə, sadəlik və müdrikliyin vəhdəti demək idi".
Nərgiz xanımın böyük ədibin üçcildliyə salınmış əsərlərini daha dərindən anlamaqda oxuculara yardımçı olacaq ön sözü - füzulişünaslığın təməlini qoymuş, ilk dəfə Füzuli yaradıcılığının elmi-nəzəri şərhini vermiş, altı elmi monoqrafiyanın müəllifi olan Mir Cəlal barədə, onun alim kimi əvəzsiz xidmətlərindən bəhs edən "Yazıçı və zaman" məqaləsi bu sözlərlə bitir: "Mir Cəlal heç vaxt olduğu yüksəklikdən enib, haqqı da olsa heç kəsdən, heç nəyi tələb etmədi. Çünki o yaxşı bilirdi ki, əsl yüksəklik kağızların, sənədlərin, möhürlərin, qərarların, iclasların hökmü ilə deyil, ləyaqətli insan ömrü və bu ömrün zamandan-zamana təsdiqi və təntənəsi ilə ölçülür. O da sirr deyil ki, daxilində bir ilahi qığılcım yaşayan hər bir yazıçı, alim, ümumiyyətlə hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə qovuşur. Beləliklə, yazıçı və zaman qarşıdurması həmişə olduğu kimi bu dəfə də yazıçı qalibiyyəti ilə nəticələnir".
Regionların İnkişafı İctimai Birliyi tərəfindən "Çaşıoğlu" mətbəəsində nəfis şəkildə çap olunmuş üçcildliyin tərtibçiləri və redaktorları Nərgiz Paşayeva və Təhsin Mütəllimovdur.
AzərTAc
Azərbaycan.-2009.-10 fevral.-S.4.