Görkəmli ədib, satirik jurnalist
Görkəmli Azərbaycan yazıçısı,
jurnalisti, ictimai xadimi Cəlil Məmmədquluzadə müxtəlif
janrlarda yazdığı
əsərləri ilə
milli realist ədəbiyyatın
yüksək pilləyə
qalxmasında müstəsna
rol oynamış, Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoymuşdur. Ədəbi-tənqidi və estetik görüşlərində C.Məmmədquluzadə
realizmin ardıcıl
tərəfdarı, mübariz
təbliğatçı və
nəzəriyyəçi olmuşdur.
Onun ictimai-ədəbi fəaliyyəti
XIX əsrin 80-ci illərinin
axırlarından XX əsrin
30-cu illərinə qədər
böyük tarixi dövrü əhatə edir.
C.Məmmədquluzadə 1866-cı il fevralın 10-da Naxçıvanın Nehrəm
kəndində anadan olmuşdur. İlk təhsilini əvvəl
mollaxanada, sonra isə Naxçıvan şəhər məktəbində
almışdır. 1887-ci
ildə Qori seminariyasını bitirmiş,
bir müddət müəllimlik etmişdir.
1889-cu ildə ilk bədii əsərini -
"Çay dəstgahı"
alleqorik pyesini,
1894-cü ildə məşhur
"Danabaş kəndinin
əhvalatları" povestini
yazmışdır. 1895-ci ilin yayında Moskva və Peterburqa (Sankt-Peterburq) gedərək bu şəhərlərin mədəni
həyatı ilə
Ədibin yaradıcılığına və
dünyagörüşünün inkişafına Rusiyada baş verən 1905-1907-ci illər inqilabı böyük təsir etmişdir. "Kaspi",
"Tiflisski listok",
"Vozrojdeniye" kimi
liberal burjua qəzetlərində
məqalələr dərc
etdirən ədibin
1905-ci ilin sonlarında
"Kavkazski raboçi
listok" bolşevik qəzetində çıxışı
bu inkişafın nəticəsi idi.
C.Məmmədquluzadə 7 aprel 1906-cı ildə mübariz satirik orqan olan "Molla Nəsrəddin" jurnalının nəşrinə
başlamaqla Azərbaycanda,
eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın bünövrəsini qoymuşdur. O vaxtlar
yazıçı ilə
M.Ə.Sabir, N.Nərimanov,
Ə.Haqverdiyev, Ö.F.Nemanzadə,
Ə.Nəzmi kimi yazıçı və jurnalistlər arasında möhkəm ideya-yaradıcılıq
əlaqələri yaranmışdı.
Ədibin təbliğ etdiyi
demokratiya, azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti
və beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı.
Mollanəsrəddinçilər Yaxın və
Orta Şərqdə qüdrətli bir məktəb yaratmışlar.
"Molla Nəsrəddin"
"Suri-İsrafil", "Azərbaycan", "Nəsimi-Şimal"
(İran), "Cəm"
(Türkiyə), "Tokmaq"
(Türkmənistan) və
digər satirik jurnallar üçün örnək olmuşdur. Mirzə Cəlil dövrünün
eybəcərliklərini qamçıladığına
görə təqib, təzyiq və təhqirlərə məruz
qalmışdı. 1920-ci
ilin iyun ayında M.Cəlil ailəsi ilə birlikdə Təbrizə köçmüş və
orada "Molla Nəsrəddin"in 8 nömrəsini
buraxmışdır. 1922-ci
ildə Sovet Azərbaycanı hökumətinin
dəvəti ilə Bakıya qayıtmış
və həmin ildən jurnalın nəşrini davam etdirmişdir. Görkəmli
ədib Azərbaycan
MİK-in üzvü, "Yeni
yol" qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçılarından
biri olmuş, "Maarif və mədəniyyət", "Yeni
kənd", "Şərq
qadını" və
digər mətbuat orqanlarında fəaliyyət
göstərmişdir.
M.Cəlil öz qələm və məslək dostları ilə birlikdə Azərbaycan satirasını daha da inkişaf etdirərək, ona demokratik məzmun vermişdir. Görkəmli ədibin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət" (1906), "Qurbanəli
bəy" (1907) kimi hekayələri, məşhur
"Ölülər" (1909) komediyası milli realizm və satira tarixində mühüm yer tutur. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan "Ölülər" hərarətlə
qarşılanmış və
N.Nərimanov onu "ideyası inqilablı bir əsər" kimi dəyərləndirmişdir.
M.Cəlilin yaradıcılığında milli şüur ("Anamın kitabı"), məktəb tərbiyəsi,
ümumiyyətlə, xalq
maarifi ("Danabaş
kəndinin məktəbi")
problemlərinə geniş
yer verilmişdir. "Dəli yığıncağı"
komediyasında feodal-patriarxal
münasibətləri, din və
fanatizm kəskin tənqid edilmişdir.
Onun realizmi böyük bədii ümumiləşdirmə
və tipikləşdirmə
qüvvəsinə malik
idi. Əsərlərində yaratdığı Xudayar bəy, Novruzəli, Qurbanəli bəy, İsgəndər,
Şeyx Nəsrullah, Cülbahar və digər obrazlar klassik bədii surətlər silsiləsinə
daxildir.
Jurnalistika sahəsində M.Cəlilin
əsas janrı satira olmuşdur. O, çarizm,
burjuaziya və mülkədarlar, dini fanatizm, cəhalət və nadanlıq, Qərb imperializmi və Şərq istibdadı əleyhinə
çevrilmiş yüzlərlə
publisistik məqalə,
felyeton, satirik miniatürün müəllifidir.
M.F.Axundov kimi M.Cəlil
də ustalıqla, eyhamlar vasitəsilə insanları zalımlarla ölüm-dirim mübarizəsi
aparmağa çağırmışdır.
Ədib
1917-ci ildə yazdığı
"Cümhuriyyət" əsəri
ilə xalq hakimiyyəti - demokratik respublika tələbini irəli sürürdü.
XX əsrin əvvəllərində
M.Cəlil Azərbaycanda
mürtəce mətbuata
qarşı mübarizə
aparan demokratik mətbuata başçılıq
etmişdi.
Yazıçının publisistik əsərlərində
milli məsələlərdən,
qadın azadlığından,
maarif, ədəbiyyat,
incəsənət, ana
dili və digər ictimai-mədəni
problemlərdən bəhs
edilmiş, qabaqcıl
fikirlər irəli sürülmüşdür. Çoxcəhətli, dərin bilik sahibi olan M.Cəlil
müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları ifşa və rədd etmiş, bəşəri nailiyyətləri
təbliğ etməyə
çalışmışdır. 1922-1930-cu illərdə "Molla Nəsrəddin"i sovet mətbuatının mübariz orqanlarından birinə çevirmək üçün səylə
çalışmış, gənc yazıçı
və rəssamların
böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlamışdır.
Ədib ölkə
həyatına və beynəlxalq mövzulara həsr etdiyi "Bəlkə də qaytardılar", "Konsulun
arvadı", "Proletar
şairi", "Qoşa
balınc" və digər hekayələrdə
kəskin, aktual məsələlər qoymuş
və mühafizəkar
qüvvələri ifşa
etmişdir. Ədibin üslubu, dili,
istifadə etdiyi janrlar, obrazlar sistemi, əsərlərinin
kompozisiya xüsusiyyətləri
xalqa olduqca yaxın və doğma idi.
Görkəmli ədibin həyat yoldaşı Həmidə
xanım Cavanşirin
"Molla Nəsrəddin"
jurnalının nəşrində,
onun səhifələrində
qadın azadlığı
məsələlərinin işıqlandırılmasında,
ümumiyyətlə, şəxsi
həyatında və
yaradıcılığının inkişafında böyük
xidmətləri olmuşdur. Daha sonralar
H.Cavanşir "Mirzə
Cəlil haqqında xatirələrim" kitabını
yazmışdır.
M.Cəlilin zəngin
bədii irsi, onun "Molla Nəsrəddin" jurnalı
Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ictimai-ədəbi fikrin, demokratik hərəkatın
inkişafına qüvvətli
təsir göstərmişdir.
Əsərləri xarici dillərə
tərcümə edilmişdir.
Azərbaycanda bir sıra mədəni-maarif müəssisəsinə,
o cümlədən Naxçıvan
Dövlət Musiqili
Dram Teatrına, küçəyə
onun adı verilmişdir. Keçmiş Astraxanbazar rayonu ədibin şərəfinə
Cəlilabad adlandırılmışdır.
Xalqımızın böyük oğlu M.Cəlil öz sanballı əsərləri,
satirik publisistikası
ilə Azərbaycan mədəniyyəti xəzinəsinə
misilsiz incilər bəxş etmiş, onu zənginləşdirmişdir. Ədibin bütün
dövrlər üçün
aktual olan yaradıcılığı ölməzdir,
əbədidir.
2009-cu il fevralın 10-da Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
böyük yazıçı,
dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan
olmasının 140 ili
tamam olur. Bu münasibətlə qədirbilən ölkə
başçısı cənab
İlham Əliyev 6 fevral 2009-cu ildə "Cəlil Məmmədquluzadənin
140 illik yubileyi haqqında" sərəncam
imzalamışdır. Sərəncamda Azərbaycan
Milli Elmlər Akademiyasının, Azərbaycan
Yazıçılar Birliyinin
təklifləri nəzərə
alınmaqla Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik
yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb
həyata keçirilməsi
qərara alınmışdır.
Bu sərəncamın imzalanması
Azərbaycan dövlətinin
C.Məmmədquluzadə irsinə
və onun şəxsiyyətinə böyük
ehtiramının təzahürüdür.
Adilə Qocayeva
Azərbaycan.-2009.-10 fevral.-S.7.