Korifeylər yadigarı
Ötən əsrin əvvəllərində Azərbaycan teatrı çox mürəkkəb və ziddiyyətli bir şəraitdə təşəkkül tapırdı. O illərdə nəinki müsəlman qızlarının, hətta oğlanların da "aktyorluğa qurşanması" yaxşı qarşılanmırdı. Belə adamları ələ salır, məsxərəyə qoyur, hətta ölümlə hədələyir, qətlə yetirir, aradan götürürdülər. Bütün bunlara baxmayaraq, dövrün ziyalıları hiss edirdilər ki, ağır məngənələrdən, qadağalardan sıyrılıb çıxmaq üçün hətta ölümlə belə çarpışmaq lazımdır. Belə də oldu. Azərbaycan teatrı üzləşdiyi bütün burulğanlardan qalib çıxaraq Yaxın Şərqdə qabaqcıl teatr kimi tanınmağa başladı. Bu prosesin ən qorxmaz, qətiyyətli iştirakçılarından biri Abbas Mirzə Şərifzadədir.
Teatr tariximizə aktyor kimi daxil olan Abbas Mirzənin çiyinlərinə düşən yük çox ağır idi. O, bir tərəfdən dram teatrının səhnəsində obrazlar yaradır, digər tərəfdən də kinoda, operada rejissorluq edirdi. İlk Azərbaycan kinorejissoru olaraq "Bismillah" (1925), "Hacı Qara" (1929), "Məhəbbət oyunu" (1934) filmlərini yaradıb. 1928-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru təyin olunan Abbas Mirzə Şərifzadənin bu sahədəki fəaliyyəti də çox uğurlu idi.
Ötən əsrin 20-30-cu illərində Abbas Mirzə Şərifzadə Azərbaycan səhnəsində bir heyrət mücəssəməsi idi. Onun haqqında qələmə alınan yazıları nəzərdən keçirəndə ünvanına deyilən xoş sözlər adamın qəlbini riqqətə gətirir. Abbas Mirzə Şərifzadəni "Azərbaycan səhnəsinin altun tağı", "Avropa miqyasında bir aktyor", "Mədəniyyətimizin fəxri" kimi dəyərli fikirlərlə təqdim edirdilər.
1928-ci ildə əməkdar, 1936-cı ildə xalq artisti fəxri adlarına, eləcə də bir sıra dövlət mükafatlarına layiq görülən Abbas Mirzə Şərifzadə də təəssüf ki, dövrün repressiyalarından qurtula bilməmişdi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Abbas Mirzə Şərifzadə oldu. Görkəmli aktyorun hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Ailəsinin çəkdiyi zillətinin təsvirini vermək indi çox çətindir. Övladlarının illər boyu göstərdikləri səylərin nəticəsində yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilər. Azərbaycan teatr səhnəsinin inkişafında misilsiz xidmətləri olan fədakar mədəniyyət xadimi Abbas Mirzə Şərifzadə həyatda da faciə qəhrəmanına çevrildi. Həyatına, taleyinə vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi ömür-gün yoldaşı, səhnəmizin digər nümayəndəsi xalq artisti Mərziyyə xanım Davudova oldu.
Məlumdur ki, ötən əsrin 20-ci illərində Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli... kimi aktrisalar çıxış edirdilər. Bu durna qatarının sırasına qoşulan Mərziyyə xanım əslində Həştərxandan gəlmişdi. Onu Bakıya Hüseyn Ərəblinski dəvət etmişdi. Mərziyyə xanım əvvəlcə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə, sonra Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu təsdiqləyib. O, Hüseyn Cavidin "İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabil olub. Bununla da Mərziyyə Davudova səhnədə bir-birinə bənzəyən və bənzəməyən mürəkkəb, ziddiyyətli qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb.
Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Onun haqqında yazılan xatirələrdən məlum olur ki, böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi təkcə səhnədə deyil, həyatda da böyük əks-sədaya səbəb olmuşdu. Mərziyyə xanımın ustalıqla yaratdığı Sevil o qədər parlaq, sirli alınırdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atırmışlar. Əslində Mərziyyə xanım qaranlıq mühitdə parlaq bir ulduz kimi doğmuşdu. Böyük dramaturq Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Mərziyyə xanımın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktritsa səhnədə yalnız azərbaycanlı qadın surətlərini deyil, Qərb teatrından gələn Dezdemonalar, Amaliyalar, Ofelyalar... kimi neçə-neçə mürəkkəb obrazlar yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu bacarığına görə Mərziyyə Davudova Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə kimi müqtədir aktyorlarla bir sırada fəxarətlə dayanırdı və bütün aktrisalardan seçilirdi.
Maraqlıdır ki, Mərziyyə xanım Davudovaya da xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, cəmi bir ildən sonra Abbas Mirzəni xalq düşməni elan edənlər aktrisanı da çək-çevirə salır, mühakiməyə aparıb-gətirir, qəlbini didib-parçalayırdılar. O illərin əzab-əziyyətini, xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı, dərdini gizlətməyə, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdə ürəyi arxayın idi: Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu ləyaqətlə davam etdirirdi.
Düşmənləri bunun fərqinə varmasa da, yaxın adamlar, dostlar sevinirdilər ki, səhnədə yeni parlaq ulduza dönən Firəngiz Şərifova təkcə öz ömrünü yaşamır. Onun bütün aktrisalıq fəaliyyətində Abbas Mirzə Şərifzadənin və Mərziyyə xanım Davudovanın arzuları boylanırdı. Firəngiz 10-12 yaşından atasının dərdini içinə çəkərək yaşadı. Özünü sənətə bağladı, səhnəyə həsr etdi. Axı o, adi aktrisa deyil, iki korifeyin yadigarı idi. Məhz bu məsuliyyəti nəticəsində də Firəngiz Şərifova Azərbaycan səhnəsinin görkəmli nümayəndələrindən birinə çevrildi. Tamaşaçı sevgisi qazanmış xalq artisti, Prezident təqaüdçüsü Firəngiz xanım Şərifovanın səsində, nəfəsində qəribə bir cazibə var. O, danışanda qulaq asasan. Özünəməxsus təbəssümlə, qəribə ifadələrlə elə şirin müsahibə çevrilir ki, bəzən keçmişə qanadlanıram. Elə bil ötən əsrin 20-30-cu illərində yaşamış bir zadəgan xanımın çıxışını dinləyirsən. Danışıqda, jestdə, sözdə, söhbətdə nə qədər cazibədarlıq göstərmək mümkünmüş.
Elə bil bütün bunlar dünən olub. Mərziyyə xanım balaca Firəngizin əlindən tutaraq konservatoriyaya - Üzeyir Hacıbəyovun yanına gəlib. İlk sualı da belə olub: "Üzeyir bəy, Firəngiz bizim davamçımız ola bilərmi? Bəlkə bir qulaq asasınız?" Dahi bəstəkar əvvəlcədən qətiyyətlə bildirib ki, Abbas Mirzənin yadigarı mütləq onun davamçısı olmalıdır. Böyük bəstəkar yanılmayıb. Firəngiz Şərifova Dövlət Konservatoriyasında təhsil aldığı illərdə həmişə səhnə haqqında düşünüb, valideynlərinin yolunu davam etdirmək istəyi bütün hisslərinə hakim kəsilib. İlk professional fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Müxtəlif tamaşalarda bitkinliyi, məzmunu ilə seçilən obrazlar yaradıb. 1949-cu ildə Dövlət Musiqili Komediya Teatrı müvəqqəti bağlandıqdan sonra Firəngiz Şərifova öz yaradıcılıq yolunu Gənc Tamaşaçılar Teatrında davam etdirib. Onun bu teatra gəlişi böyük maraqla qarşılanıb. İlk rolu da Cəfər Cabbarlının "Yaşar" pyesindəki Yaqut obrazı olub. Sonralar Mehdi Hüseynin, Yusif Əzimzadənin, Çingiz Aytmatovun, Qoqolun, Şekspirin, Şillerin, Lope de Veqanın və başqalarının əsərlərindəki obrazların bitkin xarakterlərini yaradıb.
Ömrünün yarım əsrdən çoxunu Gənc Tamaşaçılar Teatrına həsr edən xalq artisti Firəngiz Şərifova zəngin yaradıcılıq yolu keçərək sözün əsl mənasında sənət məktəbi yaradıb. Həyatın müxtəlif sınaqlarına məruz qalan, uzun illər atasının müəmmalı "yoxa çıxması" ilə əlaqədar müxtəlif idarə və təşkilatlara müraciətlər edən, keçmiş sovetlər birliyində həqiqətlərin ifadəsi mümkün olmadıqda onu ürəyində gizlətməyi bacaran Firəngiz Şərifova bütün bu olacaqların acığına mərd və mərdanə yaşadı. Bu səbəbdən də başını həmişə dik tutdu, Şərifzadələr ocağının ləyaqətli davamçısı kimi yaşayıb yaratdı. Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim etdiyi ana obrazları xüsusilə seçilir. Onun səsinin ahəngindəki istilik, mehribanlıq hər bir tamaşaçıya doğma və əzizdir. Səhnədə doğulmuş aktrisa teatra həmişə müqəddəs məbəd kimi baxıb. Azərbaycan səhnəsində ana obrazlarının çox qadir ifaçıları olub. Etiraf edək ki, Firəngiz Şərifovanın yaratdığı analar daha təbii və təsirlidir.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-10
fevral.-S.7.