Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi

 

 Fevralın 10-da Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov gündəliyə çıxarılan məsələlər barədə ətraflı məlumat verdi. Cari məsələlərin müzakirəsində deputatlar Bakı şəhərinin bir sıra küçə və meydanlarında reklam lövhələrinin əcnəbi dillərdə tərtib edildiyini və "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanunun tələblərinin pozulduğunu, parlament televiziyasının yaradılması, Quba məzarlığında aparılan işlərin sürətləndirilməsi məqsədilə əlavə maliyyə vəsaitinin artırılması və digər məsələlərə toxundular.

Parlament Sədrinin müavini Bahar Muradova bildirdi ki, qanunvericiliyə əsasən ölkədə rəsmi dövlət dili Azərbaycan dilidir və qanun hamı üçün birdir. Buna görə də müvafiq qurumlar qanunun tələblərinin pozulması hallarının qarşısını almalı və zəruri tədbirlər görməlidirlər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsini üçüncü oxunuşda təqdim etdi. Komissiya sədri bildirdi ki, müzakirəyə çıxarılan qanun Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərdən biridir. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı ayrı-ayrı maddələrə dair deputatlar tərəfindən irəli sürülən təkliflər işçi qrupunda öyrənilmiş və nəzərə alınmışdır. Qanun layihəsinin monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla əməliyyatlar, monitorinq iştirakçıları tərəfindən məlumatların maliyyə monitorinqi orqanına təqdim olunması maddələrində, eləcə də maliyyə monitorinqi orqanın fəaliyyətinin təşkilindən bəhs edən fəslində zəruri dəyişikliklər edilmişdir. Ə.Hüseynov əlavə etdi ki, qanun layihəsi iqtisadi subyektlərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradacaq. Deputatlar qanun layihəsinin üçüncü oxunuşda təkmil variantda hazırlandığını qeyd etdilər və müsbət münasibət bildirdilər.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. Qeyd olundu ki, 2008-ci il ərzində Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1615 müraciət edilmişdir. İcraatda olan müraciətlərin bir qisminə baxılaraq müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab verilmiş və aidiyyəti üzrə göndərilmiş, bəziləri üzrə isə inzibati nəzarət icraatı aparılmışdır. Ötən il nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 15670 bələdiyyə aktı göndərilmiş və onların qanunvericiliyə uyğunluğu öyrənilmişdir. Bununla yanaşı, fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 421 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir.

V.Zahirovun sözlərinə görə, 294 bələdiyyə sədri məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati nəzarət icraatı zamanı bəzi bələdiyyələrin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntularına da rast gəlinmişdir. Nazir müavini qeyd etdi ki, aşkar edilən hüquq pozuntularına görə 15 bələdiyyə ilə bağlı prokurorluq orqanlarına müraciətlər edilmiş və cinayət işləri başlanmışdır.

2008-ci il ərzində bələdiyyələr tərəfindən 289,2 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 5703,3 ha torpaq sahəsinin qanunsuz olaraq icarəyə, 97,9 ha torpaq sahəsinin isə qanunsuz olaraq istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, il ərzində 6090 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Ədliyyə nazirinin müavini bildirdi ki, bələdiyyələrin fəaliyyətində qanun pozuntularına yol verilməməsi və maarifçilik məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 808 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi təklif olunmuşdur. Nazirlik tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara hüquqi, metodoloji yardım göstərilməsi məqsədilə bir çox seminarlar, tədris kursları, müşavirələr təşkil olunmuş, metodik vəsaitlər hazırlanmışdır. Bələdiyyələrə hüquqi və metodik kömək göstərilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi yönündə işlər bundan sonra da davam etdiriləcəkdir.

Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirdi ki, 2008-ci ildə bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqan qanunvericiliyin tələblərinə müvafiq işini qurmuşdur. Ötən müddət ərzində adı çəkilən qurum bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədilə bir sıra tədbirlər keçirmişdir. Ədliyyə Akademiyasında birhəftəlik kurslarda dinləyicilərə akademiyanın, nazirliyin Qanunvericilik baş idarəsinin və Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən mühazirələr oxunmuşdur. Ötən müddət ərzində qurum tərəfindən 114 maarifləndirici tədbir keçirilmişdir. Komissiya sədri əlavə etdi ki, həyata keçirilən bütün tədbirlər yerli özünüidarəetmə orqanlarının üzvlərinin maarifləndirilməsi işinə xidmət etmişdir.

Deputat Elmira Axundova bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən oqranın illik məruzəsini müsbət qiymətləndirdi. Bəzi bələdiyyələrin hələ də daimi bina ilə təmin olunmadığını və bu məsələyə də baxılmasını zəruri saydı. Bələdiyyələrin fiziki və hüquqi şəxslərdən vergi toplanılmasında çətinliklərlə üzləşdiklərini deyən deputat Gülər Əhmədova bu sahədə də işlərin görülməsini vacib hesab etdi.

Deputat Əli Məsimli bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın bəzi bələdiyyələrin işində nöqsanlar aşkar edərək qanun çərçivəsində tədbirlər görməsini müsbət hal kimi dəyərləndirdi. Bu, gələcəkdə bələdiyyələrin daha məsuliyyətlə işləməsinə gətirib çıxaracaq. Deputat Mübariz Qurbanlı qarşıdan bələdiyyə seçkilərinin gəldiyini bildirərək bələdiyyələrin maliyyələşdirilməsi məsələsinə baxılmasını zəruri saydı.

Müzakirələrin sonunda deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə müsbət münasibət bildirdilər.

 

* * *

 

Fasilədən sonra "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarıldı. Bu qanunun qəbulunda məqsəd ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və idarəedilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləmək, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirməkdir. Ölkəmizdə xüsusi iqtisadi zonanın yaradılması xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verəcək.

Qanun layihəsi ilə bağlı məlumat verən Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə dedi ki, xüsusi iqtisadi zonaların yaradılması ölkəmiz üçün həyati vacib məsələlərdən biridir. 2007-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi iqtisadi zonaların yaradılması barədə fərman imzaladığını xatırladan komissiya sədri əlavə etdi ki, bu gün ölkəmizdə azad iqtisadi zonanın bir qolu olan xüsusi iqtisadi zonaların yaradılması üçün hər bir şərait var. Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflər nəzərə alınmışdır. Ümumilikdə, qanun layihəsinə 60-dan çox düzəliş edilmiş, dil və üslub baxımından təkmilləşdirilmişdir. Ziyad Səmədzadə birinci oxunuşda müzakirələr zamanı deputatlar tərəfindən qaldırılmış hər bir məsələyə ayrılıqda aydınlıq gətirdi.

Müzakirələr zamanı deputat Elmira Axundova qanun layihəsinin bəzi müddəalarının yenidən işlənilməsinə ehtiyac olduğunu vurğuladı. Xüsusi iqtisadi zonaların yaradılmasının iqtisadiyyatın neftdən asılılığının azalmasına xidmət edəcəyini, ölkəmizə kapital axınını stimullaşdıracağını deyən deputat Eldar Quliyev bəzi maddələrlə bağlı təkliflərini də diqqətə çatdırdı. Deputat Ərəstun Quliyev də çıxışında xüsusi iqtisadi zonaların yaradılmasını məqsədəuyğun hesab edərək layihə ilə bağlı fikirlərini bölüşdü. Qanun layihəsinin yüksək peşəkarlıqla hazırlandığını deyən deputat Gövhər Baxşəliyevanın sözlərinə görə bu, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində hazırlanan ən mühüm sənədlərdən biridir. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsinin professionallıqla və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlandığını qeyd etdi. Qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.

Sonra Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə ilə bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov layihənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunduğunu bildirdi. Əli Hüseynovun sözlərinə görə, yeni iqtisadi münasibətlər mənzil münasibətlərinə də yenilik gətirmişdir. Amma hazırda ölkəmizdə bu sahədə olan qanunvericilik köhnədir və müasir dövrün tələblərinə cavab vermir. Yeni Mənzil Məcəlləsinin qəbulunda məqsəd təkcə qanunvericiliyi müasir tələblərə uyğunlaşdırmaq deyil, həm də gələcək perspektiv üçün möhkəm hüquqi baza formalaşdırmaqdır.

Komissiya sədri bildirdi ki, layihənin parlamentdə birinci oxunuşda müzakirəsi, eyni zamanda bir neçə gün əvvəl parlamentin dörd daimi komissiyasının birgə müzakirəsi zamanı deputatlar tərəfindən səslənən təkliflər işçi qrup tərəfindən öyrənilmiş və nəzərə alınmışdır. Ümumilikdə layihənin 100-ə yaxın maddəsinə əlavə və dəyişiklik edilmiş, bəzi maddələr tamamilə çıxarılmış, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.

Əli Hüseynov əvvəlki müzakirələrdə deputatların ən çox münasibət bildirdikləri məqama - yaşayış yerinin yenidən qurulması və yenidən planlaşdırılması, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsi kimi məsələlərə aydınlıq gətirdi. Onun sözlərinə görə layihədə bütün hallarda vətəndaşların hüquqlarının qorunması ön plandadır.

Müzakirələr zamanı deputat Elton Məmmədov bildirdi ki, Mənzil Məcəlləsi mülki sahənin ən vacib qanunvericilik aktlarından biridir. Amma mövcud qanunvericilik günümüzün reallıqları ilə uyğunlaşmır. Yeni Məcəllə isə bu reallıqlara tam cavab verəcək. Elton Məmmədov bəzi maddələrlə bağlı fikirlərini də bildirdi.

Mənzil Məcəlləsinin layihəsinin müzakirəyə çıxarılmasını yüksək qiymətləndirən deputat Eldar Quliyev dedi ki, bu sənəd ölkəmizdə vətəndaşların mülkiyyət hüquqlarının daha da təkmilləşməsinə və mülkiyyət münasibətlərinin inkişafına xidmət edəcəkdir. Eldar Quliyev bəzi maddələrlə bağlı təkliflərini diqqətə çatdırdı. Deputatlardan Vahid Əhmədov, Fazil Mustafayev, Pənah Hüseyn, Nəsib Nəsibli, Baba Tağıyev və Əli Məsimli də layihə ilə bağlı fikirlərini bölüşdülər, təkliflərlə çıxış etdilər.

Mənzil Məcəlləsinin layihəsinin müzakirəsi Milli Məclisin növbəti iclasında davam etdiriləcək.

 

 

Azərbaycan.-2009.-11 fevral.-S.3.