Görülən işlərə
yekun vuruldu, qarşıda duran vəzifələr müəyyənləşdirildi
Neftçalalılar öz ənənələrinə sadiq
qalaraq 2008-ci ili də uğurla yola salmışlar. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına, ölkə
başçısı İlham
Əliyevin imzaladığı
fərman və sərəncamlara əsasən,
keçən il rayonda bir sıra
təşkilati, ictimai-iqtisadi
məsələlərin həlli,
təmir, tikinti-quruculuq,
yeni iş yerlərinin açılması,
əhalinin sosial rifahının yüksəldilməsi,
yoxsulluğun azaldılması
və digər sahələrdə irəliləyişlər
olmuşdur.
Bütün bunlar barədə Neftçala
Rayon İcra Hakimiyyətinin
başçısı Taleh
Qaraşovun hesabat məruzəsində ətraflı
bəhs edildi. Qeyd olundu ki,
2008-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi
2007-ci ilə nisbətən
44,7 faiz artmışdır.
Ümumi məhsulun tərkibində qeyri-dövlət
bölməsinin payı
90,9 faizə yüksəlmişdir.
Ötən il rayonda 36 yeni müəssisə yaradılmış,
2 müəssisə fəaliyyətini
bərpa etmiş, 220 fiziki şəxs sahibkarlıq fəaliyyətinə
başlamışdır. Bunun
nəticəsində 475 nəfər
daimi iş yeri ilə təmin
olunmuşdur. Ümumiyyətlə,
2004-cü ilin əvvəlindən
hesabat dövrünədək
rayonda 6,8 min yeni iş yeri yaradılmışdır
ki, bunun da 3 minə yaxını daimidir. Hesabatdan həmçinin məlum oldu ki, ötən il əhaliyə göstərilən rabitə
xidmətinin həcmi əvvəlki illə müqayisədə 4,5, nəqliyyat
xidməti 4,6 faiz artmış və onların keyfiyyəti yaxşılaşmışdır. Əhalinin nominal pul gəlirləri isə
2007-ci illə müqayisədə
37,2 faiz çoxalmışdır.
Məruzədə o da
göstərildi ki, keçən il rayonda fəaliyyət göstərən 3 nərəbalıqartırma
zavodu tərəfindən
ümumilikdə 12 milyon
ədəd nərə
balığı körpəsi
yetişdirilərək Kür
çayı vasitəsilə
Xəzər dənizinə
buraxılmışdır. Bu, 2007-ci ildəkindən 3,8 milyon ədəd çoxdur.
Aqrar sahənin
işçiləri də
keçən ili uğurla yolu salmışlar. Belə ki , rayon üzrə 87 min
958 ton taxıl, 772 ton kartof,
1078 ton tərəvəz, 480 ton bostan məhsulları, 2
min 310 ton meyvə və
giləmeyvə, 215 ton üzüm,
2 min 12 ton pambıq istehsal
edilmişdir. Taxıl
istehsalına dövlət
qayğısı nəticəsində
keçən il rayon üzrə zəmilərdən
əvvəlki illə
müqayisədə 12 min 243 ton çox məhsul biçilmişdir. Qaramalın
baş sayı 38,6
min, davarların sayı
isə 111,5 min baş
olmuşdur. Ötən
il ət, süd, yun və
yumurta istehsalı da artmışdır. Eləcə də "Aqrolizinq" ASC-nin Neftçala rayon aqroservis filialının fəaliyyəti
genişləndirilərək buradakı texnikanın sayı 66-ya çatdırılmış,
fermer və torpaq mülkiyyətçilərinə
güzəştli qiymətlərlə
mineral gübrələr satılmışdır
.
2008-ci ildə təmir, tikinti və abadlıq işləri də diqqət mərkəzində olmuş, həyata keçirilən işlərin keyfiyyətinə, xüsusilə milli memarlıq üslubunun saxlanılması məsələlərinə xüsusi önəm verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası inşa olunmuş, H.Cavid adına mərkəzi istirahət parkı, Milli Qəhrəman X.Məmmədov adına mədəniyyət və incəsənət sarayı əsaslı təmir edilmiş, Gənclər parkı yenidən qurulmuşdur. Bundan əlavə, Neftçala şəhərində, qəsəbə və kəndlərdə, rayonun səhiyyə, mədəniyyət obyektlərində, rayondaxili yollarda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Ötən il habelə rayonun təhsil müəssisələrində təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsinə diqqət artırılmışdır. Prezidentin "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın təsdiq edilməsi haqqında" 17 aprel 2006-cı il tarixli Sərəncamının icrası məqsədilə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi üçün məqsədyönlü iş aparılmış, 7 istedadlı şagird fənn olimpiadalarında iştirak etmişdir. Ötən dərs ilində rayonun orta məktəblərini bitirən məzunlardan 227 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuş, onlardan 53 nəfəri 500-dən, 9 nəfəri isə 600-dən yuxarı bal toplamış, 1 nəfər 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. Məruzədə bildirildi ki, ölkə başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları təminatı Proqramının təsdiq edilməsi haqqında" fərmanına uyğun olaraq, məktəblərin kompüterləşdirilməsi başa çatdırılmışdır. Bunlardan savayı, keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Kürqarabucaq kəndində müasir tələblərə cavab verən 200 şagirdlik əsas məktəbin tikintisi başa çatdırılmış və 1176 şagirdlik şəhər 1 saylı orta məktəb əsaslı təmir edilmiş, bir çox təhsil ocaqlarının istilik sistemi yerli büdcə vəsaiti hesabına işə salınmışdır.
Yığıncaqda rayon səhiyyəsində görülmüş işlərdən də ətraflı söhbət açıldı. Göstərildi ki, 2008-ci ildə ana və uşaqların sağlamlığı, mühafizəsi diqqət mərkəzində saxlanılmışdır. Keçən il rayonda ana ölümü olmamış, imtiyazlı xəstələrə göstərilən tibbi xidmət, onların bir sıra lazımi dərman preparatları ilə təmin olunmasına diqqət artırılmış, rayon mərkəzi xəstəxanasında əsaslı və cari təmir işləri aparılmış, onun maddi-texniki bazası möhkəmləndirilmiş, Kürqarabucaq kəndində müasir tipli yeni həkim ambulatoriyası istifadəyə verilmişdir.
Tənqid və özünütənqid şəraitində keçən hesabat yığıncağında əhalinin elektrik enerjisi və təbii qazla təminatında, işıq və qaz pullarının yığımında, Xol zonası fermer və torpaq mülkiyyətçilərinin əkin sahələrinin suvarılmasında yol verilmiş nöqsanlar da qeyd olundu. Nərəbalıqartırma zavodlarının Kür çayı vasitəsilə Xəzərə buraxdığı nərə cinsli balıqların qanunsuz ovlanması nəticəsində kütləvi şəkildə məhv edilməsi isə xüsusi vurğulandı. Eyni zamanda göstərildi ki, qazanılan uğurlara baxmayaraq, rayon təhsilində hələ də bir sıra nöqsanlar mövcuddur. Belə ki, Astanlı, Xəzərkənd, Boyat, Şirvanlı kənd orta məktəblərindən bir məzun da keçən il ali məktəbə qəbul olunmamışdır. Səhiyyə sahəsinə gəldikdə isə, rayon ərazisində fəaliyyət göstərən bəzi həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində ilkin tibbi yardım, müalicə-profilaktika işi lazımi səviyyədə deyil. Həkim ambulatoriyalarının 6-sı uyğunlaşdırılmış binalarda yerləşir, 4-nün binası isə yararsız vəziyyətdədir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətində də bir sıra nöqsanların olduğu bildirildi.
Beləliklə, yığıncaqda görülən işlərə yekun vuruldu, mövcud nöqsanların aradan qaldırılması yolları göstərildi, cari ildə qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.
Seyran Cavadov
Azərbaycan.-2009.-11 fevral.-S.3.