Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Nazirlik Bakı şəhərində yerləşir.

 

II. Nazirliyin fəaliyyət istiqamətləri

 

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir;

7.2. dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir;

7.4. Azərbaycan Respublikasında sığorta fəaliyyəti sahəsində dövlət siyasətinin və sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;

7.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda ölkədə dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata keçirilməsini təmin edir;

7.6. dövlət borcunun idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;

7.7. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz səlahiyyətləri daxilində tədbirlər görür;

7.8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir;

7.9. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir;

7.10. ölkədə maliyyə bazarının inkişafı, iqtisadiyyata xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;

7.11. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, sığorta fəaliyyətinə nəzarət, dövlət borcunun idarə edilməsi, qiymətli metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ-hüquqi tənzimlənməni həyata keçirir;

7.12. Azərbaycan Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır;

7.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

7.14. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Nazirliyin vəzifələri

 

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkə iqtisadiyyatının mövcud vəziyyətini təhlil etmək və sosial-iqtisadi problemlərin həllinə dair təkliflər vermək;

8.2. maliyyə, büdcə, vergi, mühasibat uçotu, dövlət borcunun idarə edilməsi və audit fəaliyyəti sahəsində dövlət siyasətinin hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.3. dövlətin pul-kredit və gömrük siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

8.4. dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək, dövlət büdcəsinin tərtibi və icrası prosesinin təkmilləşdirilməsi barədə təkliflər vermək;

8.5. müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən etmək və aidiyyəti təşkilatlara göndərmək;

8.6. dövlət satınalmalarının dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin, normativ-hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən malların (iş və xidmətlərin) satınalınması üzrə yaradılan tender komissiyalarının işində iştirak etmək;

8.7. Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə müəyyən olunmuş qaydada, lakin büdcə proqnozlarından, dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirmək və həmin maliyyə əməliyyatlarının uçotunu təşkil etmək;

8.8. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrası ilə əlaqədar maliyyə təminatını həyata keçirmək;

8.9. zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq;

8.10. büdcə xərcləri üzrə müəyyən olunmuş limitdən artıq borc yaradan təşkilatlar barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.11. dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;

8.12. dövlət büdcəsinin icrası haqqında aylıq, rüblük və illik hesabatları tərtib etmək və onları müvafiq dövlət orqanlarına təqdim etmək;

8.13. dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirmək, o cümlədən müvafiq ilin dövlət büdcəsi haqqında qanunla təsdiq olunan ümumi məbləğə və istiqamətlərə riayət olunmaqla dövlət büdcəsindən ssuda (borc) vermək;

8.14. dövlət büdcəsinin icrası prosesində, zərurət yarandıqda, qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində təsdiq olunmuş büdcə ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında dəyişikliklər etmək;

8.15. dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaətin dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;

8.16. büdcə gəlirlərinin proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi, habelə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün zəruri tədbirlər həyata keçirmək;

8.17. dövlət rüsumlarının, vergilərin və digər məcburi ödənişlərin məbləğləri və dərəcələri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

8.18. vergi hesab-fakturalarının və qanunvericilikdə müəyyən edilmiş hallarda digər ciddi hesabat blanklarının, habelə ciddi hesabat sənədi kimi tətbiq edilən blankların mərkəzləşdirilmiş qaydada sifarişini, təqdim edilməsini və uçotunun aparılmasını təmin etmək;

8.19. aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

8.20. Azərbaycan Respublikasında təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən xüsusi seriya və nömrəyə malik ilkin uçot sənədi olan ciddi hesabat blanklarının forma və rekvizitlərinin işlənib hazırlanmasını və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin etmək;

8.21. Azərbaycan Respublikasının toplu maliyyə balansını tərtib etmək və tədiyə balansının tərtibində iştirak etmək;

8.22. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək;

8.23. dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı xərclər smetasının tərtibi, təsdiqi və icrasının ümumi qaydalarını müəyyən etmək;

8.24. büdcə təşkilatlarında, onların tabeliyində fəaliyyət göstərən qeyri-büdcə qurumlarında, büdcədənkənar dövlət fondlarında, habelə həmin təşkilatların tabeliyində fəaliyyət göstərən təsərrüfathesablı müəssisələrdə, Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik xidmət orqanlarında dövlət büdcəsindən ayrılan vəsaitlərin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək;

8.25. yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün Agent-bankların seçilməsini təmin etmək;

8.26. Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda, məqsədli büdcə və büdcədənkənar dövlət fondlarında təftiş və yoxlamalar aparmaq;

8.27. dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkarlandığı hallarda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərmək;

8.28. Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta fəaliyyətinə nəzarəti təşkil etmək, sığorta işinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək;

8.29. qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta broker təşkilatlarının və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətinə, təkrar sığorta işinə, sığorta, ehtiyat və digər fondların yaradılmasına, sığortaçıların sığorta haqları və tariflərinin əsaslandırılmasına, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin olunmasına Nazirliyin sturkturuna daxil olan Dövlət Sığorta Nəzarəti Xidməti vasitəsilə nəzarət etmək;

8.30. qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini, dövlət borcunun idarə edilməsini və dövlət zəmanətlərinin verilməsini təmin etmək, habelə dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək;

8.31. dövlətin daxili və xarici borclarının yuxarı həddini müəyyənləşdirmək üçün təkliflər vermək;

8.32. beynəlxalq maliyyə bazarlarında ölkənin imicinin daha da möhkəmləndirilməsi istiqamətində beynəlxalq reytinq agentlikləri ilə sıx əməkdaşlıq etməklə zəruri tədbirlər həyata keçirmək;

8.33. qanunvericiliyə uyğun olaraq dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılmasını, vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsini və ya idarə edilməsini, dövlət qiymətli kağızlarının emissiyasını Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçirmək;

8.34. dövlət investisiya proqramlarının layihələrinin növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, habelə sonrakı üç il üzrə icmal büdcənin göstəricilərinə uyğunluğuna və həmin proqram layihələrinin maliyyə təminatına dair rəy vermək;

8.35. Azərbaycan Respublikasında investisiya fəaliyyəti, investisiyaların qoyulması və təşviqi sahəsində, o cümlədən kreditlərin, maliyyə və texniki yardımların (qrantların) və sair formada maliyyə vəsaitlərinin cəlb edilməsində, dövlət investisiya proqramlarının hazırlanması və həyata keçirilməsində, habelə həmin proqramların icrası üçün nəzərdə tutulan vəsaitlərin konkret layihələr üzrə bölgüsündə öz səlahiyyətləri daxilində iştirak etmək;

8.36. Azərbaycan Respublikasının beynəlxalq maliyyə bazarına inteqrasiya etməsi, ölkəyə xarici kapitalın cəlb edilməsi, iqtisadiyyatın müvafiq sahələrində dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün dövlət istiqrazlarının buraxılması istiqamətində təkliflər vermək;

8.37. qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının emissiyası ilə bağlı funksiyaları həyata keçirmək;

8.38. dövlət idarəetməsi, qiymətli kağızlar bazarı, gömrük-tarif, qiymət-tarif siyasəti və digər sahələr üzrə dövlət siyasətinin və normativ-hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında həmin sahələrdə dövlət idarəçiliyini həyata keçirən orqanlarla birlikdə iştirak etmək;

8.39. dövlət proqramlarının layihələrinin, həmçinin dövlət büdcəsinin vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına həyata keçirilən digər layihələrin maliyyə ekspertizasını həyata keçirmək, təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulan qurumların yaradılmasına, dövlət büdcəsindən maliyyələşən qurumların strukturunun, əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsinə və ştat vahidlərinin müəyyən edilməsinə rəy və təkliflər vermək;

8.40. iqtisadiyyata investisiyaların cəlb edilməsi, kreditlərin (o cümlədən, dövlət zəmanəti ilə alınmış kreditlərin), qrantların, maliyyə (texniki) yardımlarının alınması ilə bağlı, habelə investisiya layihələri üzrə danışıqlarda öz səlahiyyətləri daxilində iştirak etmək;

8.41. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsi nəzərdə tutulan investisiya və innovasiya proqramlarının hazırlanmasında iştirak etmək, ayrılan vəsaitdən səmərəli istifadə olunmasına nəzarət etmək;

8.42. öz səlahiyyətləri daxilində dövlət zəmanəti ilə kredit alınan hallarda beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatları, xarici dövlətlər və kredit təşkilatları tərəfindən verilən kreditlərdən istifadə məqsədilə investisiya layihələrinin (təkliflərinin), habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditlərin, qrantların, maliyyə (texniki) yardımlarının layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasında iştirak etmək;

8.43. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlıq etmək, bu təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək, maliyyə-kredit məsələləri ilə bağlı həmin təşkilatların nümayəndələri ilə danışıqlar və məsləhətləşmələr aparmaq, onlar tərəfindən Azərbaycan Respublikasına kreditlərin ayrılması üzrə danışıqlarda iştirak etmək, beynəlxalq təşkilatlara üzvlüklə əlaqədar tələb olunan xərclərin ödənilməsi üçün təkliflər vermək;

8.44. beynəlxalq iqtisadi əməkdaşlıqla bağlı maliyyə-valyuta problemlərini təhlil etmək, xarici dövlətlərlə maliyyə-valyuta və kredit münasibətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, dövlət büdcəsinin xarici valyutada olan vəsaitlərinin səmərəli idarə olunmasını təmin etmək;

8.45. dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda vəzifə (tarif) maaşlarının düzgün tətbiqinə öz səlahiyyətləri daxilində nəzarət etmək, dövlət orqanlarının strukturunun təkmilləşdirilməsi və ştat vahidlərinin müəyyən edilməsi ilə bağlı təkliflər vermək;

8.46. büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

8.47. dövlət idarə, müəssisə və təşkilatlarının, o cümlədən məqsədli büdcə və büdcədənkənar dövlət fondlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək;

8.48. təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq;

8.49. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə metodiki köməklik göstərmək və qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirləri həyata keçirmək;

8.50. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş, qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrin operativ uçotunun aparılmasını təşkil etmək;

8.51. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Bankı və digər kredit təşkilatları ilə Azərbaycan Respublikası adından kredit müqavilələri bağlamaq, alınmış kreditlərin vaxtında qaytarılmasını təmin etmək, onlardan məqsədli istifadə olunmasına nəzarət etmək;

8.52. qanunvericiliyə uyğun olaraq ölkənin qiymət-tarif siyasətinin həyata keçirilməsi üçün qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların (iş və xidmətlərin) qiymətlərinin və tariflərinin tənzimləmə qaydalarının hazırlanmasında iştirak etmək;

8.53. dövlət büdcəsinin layihəsinin tərtibi, təsdiq edilmiş göstəricilərə uyğun olaraq büdcə xərclərinin bölgüsü, dövlət büdcəsinin kassa icrası, dövlət maliyyə nəzarəti, dövlət borcunun idarə edilməsi, ölkədə əyar nəzarəti, sığorta fəaliyyətinə nəzarət, mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi və maliyyə hesabatlarının tərtibi sahələrində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

8.54. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə vermək;

8.55. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri çərçivəsində səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklarda dövləti təmsil etmək, onlardan rüblük hesabatlar almaq və fəaliyyətləri barədə təkliflər hazırlamaq;

8.56. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatları üzərində əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini Nazirliyin strukturuna daxil olan Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti vasitəsilə həyata keçirilməsini təmin etmək;

8.57. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

8.58. maliyyə orqanları işçilərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, habelə maliyyə orqanları üçün mütəxəssislərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirmək;

8.59. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.60. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.61. Nazirliyin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış İnternet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

8.62. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

8.63. Nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək, onun strukturuna daxil olan qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

8.64. Nazirliyin tabeliyində olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün istifadə edilən məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq etmək, həmin vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək;

8.65. tabeliyində olan qurumlarda dövlət qulluğu keçmə və əmək münasibətləri məsələlərini tənzimləyən tədbirlər görmək;

8.66. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.67. digər icra hakimiyyəti orqanlarının dövlət büdcəsi, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması, qiymətli metallar və qiymətli daşlar üzrə dövlət tənzimlənməsi, dövlət maliyyə nəzarəti və dövlət sığorta nəzarəti sahələri ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.68. Nazirliyin fəaliyyət sahələrinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunması üçün tədbirlər görmək və ona nəzarət etmək;

8.69. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Nazirliyin hüquqları

 

9. Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində və qaydada növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi üçün lazım olan əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarından, zərurət yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından almaq;

9.2. büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatlar almaq;

9.3. ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi halları aşkar olunduqda, kredit resursundan artıq xərcə yol verildikdə, əvvəl ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatların vaxtında və düzgün təqdim edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini xəbərdar etməklə müəssisələrin, idarələrin və təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsini (müdafiə olunan xərclər istisna olmaqla) məhdudlaşdırmaq və artıq ödənilmiş vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə bərpa etdirmək;

9.4. dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılmış və təyinatı üzrə istifadə olunmayan vəsaitləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisələrdən, idarələrdən, təşkilatlardan və bələdiyyələrdən geri almaq üçün tədbirlər görmək;

9.5. dövlət büdcəsinin mədaxil hissəsini təmin edən müvafiq icra hakimiyyəti orqanlarından mütəmadi olaraq rəsmi məlumatlar, hesablanmış vergilər və qeyri-vergi daxilolmaları barədə hesabatlar, gəlirlər üzrə proqnozların yerinə yetirilməsi barədə arayışlar almaq, dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən aşağı olduqda səbəbini araşdırmaq, müvafiq arayışlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

9.6. dövlət orqanlarından, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən dövlət büdcəsinin və məqsədli büdcə fondlarının icrası, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərindən və dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərdən istifadə haqqında statistik və digər hesabat göstəriciləri almaq;

9.7. tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə mülkiyyət formasından asılı olmayaraq, qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş yoxlama aparmaq, habelə onlarla əməliyyatlar aparan fərdi sahibkarların qiymətli metallar və qiymətli daşlardan istifadə üzrə fəaliyyətini qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlamaq, aşkar olunmuş hüquqpozmalar barədə materialları aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək;

9.8. sığortaçılar və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə pozulduqda onların ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məhkəmədə iddia qaldırmaq, sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların müflis elan edilməsi barədə məsələlərə baxılmaq üçün məhkəməyə müraciət etmək;

9.9. tabeliyində olan müvafiq dövlət orqanı vasitəsilə sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq, qanunvericiliklə müəyyən olunmuş qaydada onların fəaliyyətini yoxlamaq, təqdimatlar vermək;

9.10. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsi gəlirlərinin artırılması imkanlarının araşdırılması məqsədilə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və bu təhlil üçün tələb olunan məlumat və sənədləri həmin müəssisələrdən sorğu etmək və almaq;

9.11. müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə xərclənməsinin yoxlanılmasını təmin etmək;

9.12. tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi dövlət təşkilatlarında, büdcə və büdcədənkənar dövlət fondlarında malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitlərinin xərclənməsi üzrə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;

9.13. aparılan nəzarət yoxlamalarının nəticələri üzrə müvafiq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

9.14. maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı dövlət vəsaitlərinin xərclənməsində cinayət əlamətləri olan qanun pozuntusu aşkar olunduğu halda nəzarət obyektlərindən ilkin sənədləri götürmək üçün hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarına təqdimatlar vermək;

9.15. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı müqavilələrin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikası adından borcun alınması və zəmanət verilməsi, dövlət borcunun vaxtında ödənilməsi və ölkə daxilində dövlət qiymətli kağızları bazarının inkişafı barədə təkliflər vermək;

9.16. dövlət borcalmasının ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş müvafiq proqramların, dövlət investisiyalarının maliyyələşdirilməsinə və dövlət büdcəsinin kəsirinin örtülməsinə yönəldilməsi barədə təkliflər vermək;

9.17. iqtisadiyyatın prioritet sahələrinin inkişafı üçün müvafiq investisiya layihələrinin daxili maliyyə mənbələri hesabına həyata keçirilməsi məqsədilə ölkənin iqtisadi artım dinamikasına uyğun olaraq dövlət istiqrazlarının emissiyasına dair təkliflər vermək;

9.18. beynəlxalq maliyyə-kredit təşkilatları və xarici dövlətlər tərəfindən verilən kreditlər hesabına aparılan investisiya layihələrinin müsabiqələrinin təşkil edilməsində və keçirilməsində iştirak etmək;

9.19. öz səlahiyyətləri daxilində icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət fondları tərəfindən işlənib hazırlanmış mühasibat uçotu sahəsində normativ-hüquqi aktların və tövsiyə xarakteri daşıyan sənədlərin təsdiq və tətbiq edilməsinə razılıq vermək;

9.20. öz səlahiyyətləri çərçivəsində ciddi hesabat blanklarının istifadəsinə nəzarəti həyata keçirmək;

9.21. iri dövlət vergi ödəyicilərinin gəlir və xərclər smetalarının layihələrini aidiyyəti orqanlarla birlikdə razılaşdırmaq və onların gəlir və xərclər smetalarının icrasına nəzarətin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

9.22. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək, onun fəaliyyətini dayandırmaq və ya ləğv etmək;

9.23. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

9.24. maliyyə siyasətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.25. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.26. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.27. müəyyən olunmuş qaydada Nazirliyin səlahiyyətlərinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.28. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə sahəsi üzrə elmi tədqiqatlar aparmaq, təkliflər vermək;

9.29. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.30. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, İnternet saytı yaratmaq və ondan istifadə etmək;

9.31. üzərinə qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə müəyyən edilmiş qaydada özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən mətbəə orqanı yaratmaq;

9.32. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Nazirliyin fəaliyyətinin təşkili

 

10. Nazirliyin aparatı və Nazirliyin strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti, Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti, Nazirliyin yerli bölmələri və tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir.

11. Nazirlik öz fəaliyyətini bilavasitə və onun strukturuna daxil olan bu Əsasnamənin 10-cu bəndində göstərilən qurumlar vasitəsilə həyata keçirir.

12. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

13. Nazirliyin işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

14. Nazirliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan nazir rəhbərlik edir.

15. Maliyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan bir birinci müavini və üç müavini vardır.

16. Nazir müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

17. Nazirliyin strukturuna daxil olan qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və öz səlahiyyətləri daxilində müstəqil sərəncam vermək hüququna malikdirlər.

18. Maliyyə naziri aşağıdakı səlahiyyətlərə malikdir:

18.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

18.2. əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyinin, Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin, Nazirliyin yerli bölmələrinin və tabeliyində olan digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

18.3. Nazirliyin aparatının struktur bölmələrinin, onun yerli bölmələrinin və tabeliyində olan qurumların (hüquqi şəxslərin, təşkilatın və s.) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

18.4. Nazirliyin strukturunda olan qurumların büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

18.5. maliyyə, dövlət büdcəsi, dövlət borcunun idarəedilməsi, sığorta fəaliyyəti, mühasibat uçotu və audit, əyar nəzarəti və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində öz səlahiyyətləri daxilində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və digər normativ-hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

18.6. nazir müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

18.7. Nazirliyin aparatında çalışan dövlət qulluqçularını, Nazirliyin strukturuna daxil olan orqanların rəhbərlərini, onların müavinlərini, struktur bölmələrinin rəhbərlərini, regional (zona) orqanlarının, habelə Nazirliyin yerli bölmələrinin, tabeliyində olan digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

18.8. Nazirliyin aparatının, tabeliyində olan qurumların fəaliyyətinə dair qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ-hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

18.9. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

18.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

18.11. Nazirliyin işçilərinin ümumi say tərkibi və strukturu barədə təkliflər verir;

18.12. Nazirliyin aparatının və tabeliyində olan qurumların funksional təyinatını və işçilərin say həddi daxilində say tərkibini müəyyən edir, zərurət olduqda onlarda dəyişikliklər aparır;

18.13. öz səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbir görür;

18.14. dövlət büdcəsindən Nazirliyə ayrılmış maliyyə vəsaitini idarə edir, tabeliyindəki qurumlar arasında bölüşdürür, o cümlədən ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla mükafatlar verir;

18.15. Nazirlik sisteminə işə götürülən işçilərlə əmək müqaviləsinin bağlanılması və xitam verilməsi məsələlərinə dair Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir;

18.16. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir və hüquqlardan istifadə edir.

19. Nazirlikdə Azərbaycan Respublikasının maliyyə nazirindən (kollegiya sədri), vəzifəyə görə onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirindən, Nazirliyin aparatının və strukturuna daxil olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə digər mütəxəssislər və alimlər də daxil edilə bilər.

20. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

21. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

22. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

23. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq nazirin əmrləri ilə həyata keçirilir.

24. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

25. Zəruri hallarda Nazirliyin kollegiyasının iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.

26. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin sisteminə daxildir.

27. Büdcə proqnozlaşdırılmasının, ölkə iqtisadiyyatının maliyyələşdirilməsinin, mühasibat uçotu və hesabatının, nəzarət-təftiş işinin, sığorta tənzimlənməsi və nəzarəti metodikasının təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, elmi və digər təşkilatların nümayəndələrindən ibarət Nazirliyin Elmi-Metodiki Şurası yaradıla bilər. Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir.

 

 

Azərbaycan.-2009.-11 fevral.-S.4.