Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə

 

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi (bundan sonra - Agentlik) dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları vasitəsilə həyata keçirir.

4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

6. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

7. Agentlik Bakı şəhərində yerləşir.

 

II. Agentliyin fəaliyyət istiqamətləri

 

8. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1. büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borclarının ödənilməsini həyata keçirir;

8.2. dövlət büdcəsinin icrasını yerinə yetirməklə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq ünvanlı istifadəsini təmin edir;

8.3. dövlət xəzinədarlığının inkişafını, vahid xəzinə hesabının idarə edilməsini və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsini təmin edir;

8.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Agentliyin vəzifələri

 

9. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

9.1. hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək, büdcənin icrasına dair hesabat sənədlərini hazırlamaq və dövlət büdcəsinin kassa icrasını həyata keçirmək;

9.2. dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək;

9.3. dövlət büdcəsinə bütün daxilolmalar, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitinin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları, dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət təminatı ilə alınmış kreditlər üzrə maliyyə əməliyyatlarını və digər dövlət maliyyə əməliyyatlarını qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək;

9.4. büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək;

9.5. dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək;

9.6. müəyyən olunmuş qaydada, lakin dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq;

9.7. ehtiyat fondlarından vəsaitin Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi təyinatlar üzrə yönəldilməsini təmin etmək;

9.8. dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişi və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsait həddində maliyyələşməsini həyata keçirmək;

9.9. dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək;

9.10. dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq;

9.11. dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq;

9.12. dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üzrə ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcədənkənar vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası prosesində cari nəzarəti həyata keçirmək;

9.13. rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında xəzinə işlərinin müvafiq qaydalara uyğun qurulmasına, büdcə vəsaitinin hərəkətinin xəzinə hesablarında düzgün əks etdirilməsinə, mövcud kredit resursu və büdcə limiti həddinin gözlənilməsi prinsipinə əməl edilməsinə, ödəniş üçün əsas olan təsdiqedici sənədlərin mövcud qanunvericiliyə uyğunluğuna operativ nəzarəti təmin etmək;

9.14. xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq;

9.15. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Agentliyin fəaliyyətində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

9.16. Agentlik tərəfindən xidmət göstərilən büdcə təşkilatları ilə rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları arasında hərəkət edən maliyyə resurslarının dövri üzləşdirilməsini həyata keçirmək;

9.17. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

9.18. rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə təmin olunmasına əməli köməklik göstərmək;

9.19. büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətləri xəzinə hesab kitablarında uçota almaq;

9.20. dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Agentliyin hüquqları

 

10. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. mərkəzləşdirilmiş xərclərin kassa icrası prosesində öz səlahiyyətləri daxilində cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən xərclərin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarından zəruri sənədləri almaq;

10.2. dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli və ya mərkəzləşdirilmiş xərclərdən maliyyələşən nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq;

10.3. rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün müvafiq qaydada seçilmiş Agent-Banklarda tranzit hesabları açmaq;

10.4. ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu, habelə vəsaitin xərclənməsinə dair müvafiq hesabatlar təqdim edilmədiyi hallarda müvafiq büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə həmin təşkilatın maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

10.5. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda aparılan təftiş və yoxlamalarda, habelə bu təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində iştirak etmək;

10.6. dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabı açmaq və ya belə hesabdan istifadə etmək üçün yazılı icazə vermək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əvvəllər verdiyi icazəni geri çağırmaq;

10.7. büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada, aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatlar almaq;

10.8. fəaliyyət göstərdiyi sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

10.9. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

10.10. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin idarə edilməsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

10.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Agentliyin fəaliyyətinin təşkili

 

11. Agentliyə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

12. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Direktorun Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

14. Agentliyin direktoru:

14.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və regional (zona) xəzinədarlıq orqanlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

14.3. Agentliyin direktorunun müavinləri, Agentliyin aparatının struktur bölmələrinin rəhbərləri və Agentliyin regional (zona) orqanlarının rəhbərləri və müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.4. Agentliyin xərclər smetasına uyğun olaraq ona ayrılan vəsaitin istifadəsinə sərəncam verir;

14.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

14.6. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;

14.7. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi vəkalətnaməsiz təmsil edir;

14.8. Agentliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

14.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 

Azərbaycan.-2009.-11 fevral.-S.5.