Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

 

II. Xidmətin fəaliyyət istiqamətləri

 

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasında istehsal edilmiş və xaricdən satış üçün gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əyarlanmasını və damğalanmasını həyata keçirir;

7.2. dövlət əyar damğalarının, ad damğalarının izlərinin, qiymətli metalların, qiymətli daşların, onlardan hazırlanan məhsulların, habelə metal qırıntılarının və tullantılarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizasını aparır;

7.3. qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövlət nəzarətini həyata keçirir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Xidmətin vəzifələri

 

8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əyarlanmasını və damğalanmasını həyata keçirmək;

8.2. Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahələrində dövlət nəzarəti tədbirlərini həyata keçirmək, qiymətli metalları, qiymətli daşları və onlardan istehsal edilmiş məmulatları işlədən və uçotunu aparan dövlət müəssisələrində qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama aparmaq;

8.3. nəzarət tədbirləri həyata keçirilən zaman cinayət əlamətləri olan qanun pozuntuları aşkar olunduqda yoxlama materiallarının hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.4. qiymətli metalların nadir külçələri və nadir qiymətli daşlar üçün onların nadir kateqoriyaya aid edilməsini təsdiq edən sənədləri tərtib etmək və qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri görmək;

8.5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda qiymətli daşların ekspertizasını və diaqnostikasını həyata keçirmək;

8.6. qiymətli metal külçələrinin və qiymətli daşların nadir kateqoriyaya aid edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ekspertizaların həyata keçirilməsi və bu barədə ekspert komissiyası tərəfindən qərarların qəbul edilməsi üçün tədbirlər görmək;

8.7. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə sənədlərinin verilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəy vermək;

8.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və miqdarda dövlət rüsumu tutulmasını təmin etmək;

8.9. qanunvericiliyə uyğun olaraq qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırmasını həyata keçirmək;

8.10. Azərbaycan Respublikasında istehsal edilmiş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatları ilə ticarətin onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət əyar damğaları olduqda aparılmasına nəzarət etmək;

8.11. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların pərakəndə ticarət qaydaları barədə təkliflər vermək;

8.12. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, onların müvafiq təcrübəsini öyrənmək;

8.13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Xidmətdə qiymətli metalların və onlardan hazırlanmış məmulatların əyarlanması, analizi və damğalanması üzrə yeni texnologiyaların tətbiq edilməsini həyata keçirmək;

8.14. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

8.15. Xidmətə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.16. Xidmətin işçilərinin ixtisasının artırılmasını və xüsusi hazırlığının təşkil edilməsini həyata keçirmək;

8.17. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Xidmətin hüquqları

 

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərdən müəyyən edilmiş müddətlərdə affinaj nəticəsində əldə olunmuş qiymətli metalların miqdarı (o cümlədən pul ifadəsində) və bağlanmış müqavilələr üzrə qarşılıqlı hesablaşmaların vəziyyəti, qiymətli metalların metallurji balansı, bağlanmış müqavilələrin sayı və hazır məhsulun planlaşdırılan tədarük həcmi haqqında məlumat almaq;

9.2. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının idxal və ixrac qaydaları barədə təkliflər vermək;

9.3. Xidmətə həvalə olunmuş vəzifələri yerinə yetirmək məqsədilə qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərə xidməti vəsiqəsini və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını təqdim etməklə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada maneəsiz daxil olmaq;

9.4. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərin bu məqsədlə istifadə etdikləri əraziyə, istehsal, anbar, ticarət və digər bu qəbildən olan binalarına, iş yerlərinə, nəqliyyat vasitələrinə, daimi və müvəqqəti saxlanc yerlərinə, bu sərvətlərin özlərinə qanunla müəyyən edilmiş hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların alınması, istifadəsi, dövriyyəsi, uçotu və saxlanması, qırıntıların və tullantıların yığılması qaydalarının pozulması aşkar olunduğu hallarda həmin binaları, iş yerlərini, nəqliyyat vasitələrini, daimi və müvəqqəti saxlanc yerlərini qanunla müəyyən edilmiş hallarda və qaydada möhürləmək;

9.5. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada sorğu vermək və cavab almaq, müvafiq sənədləri, yazılı və şifahi izahatları və arayışları tələb etmək;

9.6. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi sahibkarlarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama keçirmək;

9.7. qanunla müəyyən edilmiş hallarda və qaydada qiymətli metalların və qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanması, onların qırıntıları və tullantıları barədə məlumatlar əks olunan mühasibat sənədlərini, normativ texniki və digər sənədləri yoxlamaq, qanunla müəyyən edilmiş hallarda və qaydada onları möhürləmək;

9.8. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərində, dövlət nəzarəti orqanlarına məxsus və ya digər laboratoriyalarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və analiz aparmaq üçün qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırlanan məhsullardan, habelə qırıntılardan və tullantılardan nümunələr götürmək;

9.9. qanunvericiliyə müvafiq olaraq nəzarət həyata keçirilən sahibkarlıq subyektlərinin səlahiyyətli vəzifəli şəxslərinə aşkar olunmuş nöqsanların aradan qaldırılması, qiymətli metalların və qiymətli daşların səmərəsiz istifadəsinə səbəb olan və (və ya) onların mühafizəsini mümkünsüz edən şəraitin yarandığı hallarda icrası məcburi olan yazılı sərəncamlar göndərmək;

9.10. öz səlahiyyətləri daxilində hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi həyata keçirilərkən uçot və hesabat formalarını, habelə göstərilən sənədlərin təqdim olunma qaydalarını hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

9.11. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda inzibati xətalara dair işlərə baxmaq, inzibati tənbeh tədbiri tətbiq etmək;

9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda nəzarət tədbirlərinin həyata keçirilməsi nəticəsində qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) və satışı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışa çıxarılmaması üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

9.13. qiymətli metalların əyarlanması, damğalanması, ekspertizası, diaqnostikası və analizinin aparılması haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu-məlumat xidməti göstərmək;

9.14. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.15. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.16. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək, onlarla müqavilələr bağlamaq;

9.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Xidmətin fəaliyyətinin təşkili

 

10. Xidmətə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12. Xidmətin rəisinin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Xidmətin rəisi:

13.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və regional orqanlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Xidmətin rəis müavinləri, aparatın struktur bölmə rəhbərləri və regional orqanlarının rəhbərləri və müavinləri istisna olmaqla Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

13.6. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir;

13.7. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;

13.8. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 

Azərbaycan.-2009.-11 fevral.-S.7.