Yarımçıq ömrün yaz nəğməsi

 

Bir ovuc torpağın, bir parça səmanın, ətirli çəmənlərin, qürurlu qayaların, qar zirvəli dağların məhəbbətini doğulduğu Laçından Bakıya gətirərək ilhamının işığına bürüyən bu gözəlliklərə könül oxşayan nəğmələr qoşan şair Malik Fərrux ildırım vurmuş bir ömür yaşadı. Bu qış nakam taleli şairimizin 60 yaşı tamamlandı, həyatda isə heç 50- çatmadı.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Əvvəldən-axıra bir yeri oldu: Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsi. Burada kiçik redaktordan böyük redaktora qədər bir ömrü yaşadı. Tələbəlikdən dövri mətbuatda şeirləri, publisistik yazıları dərc olunurdu. Sağlığında iki şeir kitabının sevincini duydu. Yaxın dostları onu öz aralarında "Laçın qartalı" çağırardılar. Sanki yaranışı Tanrının xoş ovqatına düşmüşdü. Uca boylu, yaraşıqlı, gur saçlı, bir az da qalın səsli Malik Fərrux Laçın qayaları kimi qamətli idi. Qələm yoldaşları xətrini çox istəyirdilər. Həssas təbiətə malik şair qardaşımız hansı mətbuat səhifəsində bir uğurlu yazımızı oxusaydı, dərhal zəng edib fikrini bildirər, adamı yeni mövzulara ruhlandırardı.

İstər poeziyasında, istərsə publisistikasında vətən səsi, yurd sevgisi, el-oba nəfəsi duyulardı. O, Laçından şəhərə gəlmiş bir laçın oğlan idi. Burada xoşbəxtliyini tapsa da, ailə-uşaq sahibi olsa da, ürəyindən su içən qələmi həmişə o dağlardan, o təbiətdən yazırdı. Bütün varlığı ilə doğulduğu yurda bağlı idi Malik Fərrux.

"Yuva nəğməsi" adlı bir şeirində uşaqlıq illərini, anasını, beşiyini poetik yada salan Malik Fərrux boy atıb yeridiyi doğma torpağı cazibə məkanı kimi tərənnüm edib. Dağlar qoynunda qanad açmağını elə burada da son mənzilə qovuşmağın xoşbəxtliyi kimi dəyərləndirib. Təəssüf ki, bu ona qismət olmayıb. Bütün şeirlərində Laçına boylanan, tanış cığırlarla dönə-dönə o yerlərə gedən Malik Fərrux yazırdı:

 

Orda boy atdıqca mən yavaş-yavaş,

Könlümə bir dünya dolurmuş demə.

O layla, o muğam, o torpaq, o daş,

Dönüb Azərbaycan olurmuş demə.

 

Düzənlərə ana qucağı, dənizlərə ana arzuları kimi dəyər verən müəllifə görə, başının üstündə parlayan günəş ana baxışları kimi onu izləyir. Bu səbəbdən harada yaşamasından asılı olmayaraq, fikri-zikri yurdun başına dolanırdı. Çünki vətənə ana demişik. Bu sarıdan özünü Vətənə borclu sayırdı. Malik Fərruxun "Analı dünyam" adlı şeirində maraqlı fikirlər, poetik deyimlər, bənzətmələr diqqət çəkir:

 

Dünyamın yaz fəsli - ana gülüşü,

Dünyamın qış fəsli - ana ahıdır.

 

Laçın dağlarına bəlkə Malik Fərruxdan çox şeir qoşan ikinci bir şair olmayıb. Müəllifə görə, əsil şeir məhz dağlarda dünyaya gəlir. Elə şair dağlarda doğulur. Buna səbəb dağların əzəldən sərkərdələrin, qəhrəmanların oylağı olması, neçə-neçə olaya, hadisəyə şahidliyi, bütün çək-çevirlərdən qalib çıxaraq mərd dayanması onu ilham oylağına çevirir:

 

Sözü misra-misra deyir dağlarım,

İlhamı şəlalə, saçları qardır.

Bu nəğmə dağların, şeir dağların,

Uca zirvələrin şah misralardır.

 

İllər boyu poeziyamızda ayrılıq çayı kimi oxşanan Araza bayatılarımızdan üzü bəri yüzlərlə şeir qoşulub. Sovet dövründə gənc bir şairin Araz mövzusunda düşünməsi, şeir yazması, təbii ki, onun milli təfəkküründən, vətənpərvərliyindən, soy-kökə bağlılığından xəbər verir. Malik Fərrux "Arazı gecə gördüm" adlı şeirində könlünü yandıran bir nisgilin ağrı-acısından qəmlənərək qardaşın qardaşla görüş yolunda daş bağlamış həsrətini çox incə duyumlu misralarda dilə gətirir:

 

Arazın bir dalğasıyam, axım doyunca,

Araz olub, ömür eləmək yaman ağırdır.

Gecə vaxtı bir gümüşü həsrət boyunca,

Yollar axır, qatar axır, zaman axırdı.

 

Malik Fərruxun birinci kitabı 1977-ci ildə çap edilib. "Pəncərədən qızlar baxar" adlı bu əl boyda kitabçada müəllifin geniş ürəyinin çırpıntıları duyulur. Özünü torpağa bənzədən şair səsinə "Heyratı"dan, "Cəngi"dən, gözünə isə torpağın rəngindən nəyinsə keçdiyini vüqarla bildirərək vətəni qarış-qarış gəzməkdən böyük sevinc, xoşbəxtlik duyduğunu dilə gətirir. Çünki haradasa bir ovuc torpağa "Vətən" deyən var.

Onun ikinci kitabı "Bir payız günü" adlanır. Bu şeirlər toplusunda da Vətən məhəbbəti dil açmaqdadır. Bəzən yurdda özünə bir hesabat dərsi qurur. Bu sorğu-sualların ahəngindəki Vətən dərsi oxucunu düşündürməyə bilmir. Bir hasarın dibində, bir çəpərin önündə öz-özünə sual verir: yurddan uzaqda itirdik, qazandıq? Ayların, illərin ayrılığında qazandığı bütün uğurların mayasını doğma ocaqda görür. Arzularının dalınca uzaq-uzaq yerlərə uçub getsə , qəlbinin Laçında döyündüyünü bəyan edir:

 

Dünyanın sal qaya ovcundayam mən,

Könlümün göylər tək dolan çağıdır.

Nəğmə , şeir ta gərək deyil,

Elə o bəsdir ki, Laçındayam mən,

Laçında payızın oğlan çağıdır.E

 

Şeirin bu misrası bizi kövrəldir. İndi dağlar gözəli Laçının düşmən tapdağı altında saralan, qaralan çağıdır. Cismi şəhərdə, ruhu Laçında dolaşan Malik Fərruxun şeirlərində qəribə bir yaz nəfəsi var. Adama təsəlli verən budur. Çünki baharda hər şey təzədir, tərdir. Ömrü yarıda qırılmış şairimizin şeirləri min il ötsə belə, həmişə bizim üçün yenidir. Çünki bu şeirlər vətən məhəbbətindən poetik libas geyinmiş əbədiyyət dastanıdır.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-11 fevral.-S.8.