"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin qanunun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş ərzaq balansının tərtib olunması qaydasını təsdiq etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilində "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-12 fevral.-S.1.