"Dövlət rüsumu
haqqında" Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında
"Dövlət
rüsumu haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 757-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
1.1. iki ay müddətində:
1.1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. bu fərmanın 3-cü bəndinə uyğun olaraq qüvvədən düşmüş aktların siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. əvvəllər müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında qalan "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ödənişlərin dövlət büdcəsində cəmləşdirilməsi ilə əlaqədar həmin mərkəzi icra hakimiyyəti orqanlarının əlavə maliyyələşdirilməsi məsələlərini həll etsin;
1.3. öz səlahiyyətləri daxilində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin adında "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini şəhər, rayon (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) icra hakimiyyəti orqanları həyata keçirirlər.
3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin həyata keçirilməsinə görə ödənişlərin (haqların) tutulmasını və həcmlərini müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti və digər rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş aktlar qüvvədən düşmüş hesab edilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənişlərin (haqların) yığılmasının dayandırılmasına nəzarət etsin və mütəmadi olaraq bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 fevral 2009-cu il
Azərbaycan.-2009.-12 fevral.-S.2.