Demokratikləşmə prosesində
yeni mərhələ
Müasir dövrdə hər
bir dövlətin hüquq sisteminin əsasını təşkil
edən konstitusiyanın hamılıqla qəbul edilmiş
ümumbəşəri demokratik norma və dəyərlərə
cavab verməsi ictimai münasibətləri tənzimləyən
qanunların liberallığında, insan hüquq və
azadlıqlarına maksimum təminat yaratmasında real ifadəsini
tapır. Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən,
Avratlantik məkana inteqrasiya kursunu inamla həyata keçirən
Azərbaycanda da Konstitusiya ən yüksək hüquqi qüvvəyə
malik olan, insan, dövlət və cəmiyyət münasibətlərinin
əsaslarını nizamlayan hüquq normaları sistemi qismində
çıxış edir.
Azərbaycan Konstitusiyası xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, xalqın özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin əksi olan Konstitusiyamız dövlətin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmişdir. Faktiki olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi-hüquqi və iqtisadi sistemin formalaşmasına başlanılmış, ən müxtəlif sahələrdə islahatların aparılmasına fundamental baza yaradılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq-azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Konstitusiyanın mütərəqqi cəhətlərindən biri də insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi (maddə 12) bəyan etməsidir. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə mühüm vəzifə kimi qoymuşdur.
Əsas Qanunda iqtisadi azadlıqlara da geniş yer verilmiş, hər bir vətəndaşın mülkiyyət, sahibkarlıq, sosial təminat və s. hüquqları konkret maddələrdə əksini tapmışdır. Azərbaycan Konstitusiyasının qəbulu ilə 1995-ci ildən ölkədə hüquqi-siyasi islahatlarla yanaşı, sosial-iqtisadi sahədə də mühüm islahatlar aparılmış, özəlləşdirmə prosesi həyata keçirilmiş, mülkiyyət formaları müəyyənləşdirilmişdir. Yeni dövrün tələblərindən irəli gələn bu islahatlar hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, sosial ehtiyaclarının daha dolğun, səmərəli şəkildə ödənilməsinə yönəlmişdir.
Konstitusiyaya dəyişikliklər obyektiv zərurətdən, ictimai tələbatdan irəli gələrək proqressiv nəticələrə imkan yaradırsa, onun sabitliyini və dəyişilməzliyi fikrini əsas gətirərək qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz. Hər bir qanun, normativ-hüquqi akt ictimai münasibətlər sistemini tənzimlədiyindən, cəmiyyət həyatındakı əsaslı keyfiyyət dəyişikliklərinin, iqtisadi-siyasi, hüquqi yeniliklərin həmin sənədlərdə adekvat əksini tapması dövrün tələbi kimi meydana çıxır.
Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının bərqərar olması, ölkədə məhkəmə islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixdə referendum keçirilməsi də dövrün zəruri tələbləri ilə şərtlənmişdir. Bu referendumun nəticəsi kimi Konstitusiyaya insan hüquq və azadlıqlarının daha səmərəli təminatına xidmət edən, obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Bu dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda Prezidentin səlahiyyətlərinin Baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu prinsipi ilə hesablanmasını nəzərdə tuturdu. Konstitusiya islahatı həmçinin hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, respublika Prokurorluğunun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olmasını, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə etmişdir.
2002-ci ildə həyata keçirilmiş Konstitusiya islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər - siyasi-hüquqi islahatların, demokratikləşmə prosesinin sürətlənməsi, ictimai institutların inkişafı, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun düzgün dərk olunması və onlara hərtərəfli şəraitin yaradılması, habelə digər yeniliklər Konstitusiyaya yenidən bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir. Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun dinamik artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin ictimai şüurda mənimsənilməsinə imkan yaratmışdır. Müasir mərhələdə respublikada demokratik inkişafı şərtləndirən başlıca amillərdən biri də insanların iqtisadi azadlıqlarının, səmərəli təşəbbüskarlığının artması, mülkiyyət münasibətlərinin yeni forma və məzmun kəsb etməsidir. İqtisadi azadlıqlarını təmin edən vətəndaşın siyasi cəhətdən yetkinləşməsi, tədricən cəmiyyətin demokratikləşməsi xəttinin fəal iştirakçısına çevrilməsi də qaçılmaz prosesə çevrilir. Keçid prosesini tam başa vurmayan Azərbaycanda demokratiyanın mərhələli səciyyə daşıması da iqtisadi inkişaf və siyasi liberallaşma xəttinin bir-birini tamamlaması vacibliyi ilə şərtlənir.
Milli Məclisdə hazırlanan və Konstitusiya Məhkəməsinin müsbət rəyini alan "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında" Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması da məhz bu zərurətdən irəli gələrək özündə ictimai maraq və mənafeləri əks etdirir. Referendum Aktı layihəsində əksini tapmış 29 əlavə və dəyişikliyin hər biri Konstitusiyamızda insan hüquq və azadlıqlarına təminatın daha da gücləndirilməsini, çağdaş dövrdə təşəkkül tapan bir sıra hüquqi normalara konstitusion statusun verilməsini nəzərdə tutmaqla yanaşı, dövlətin bu sahədə məsuliyyətini, fəaliyyət istiqamətlərini daha da konkretləşdirir. Məsələn, Konstitusiyanın 12-ci, 15-ci, 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər daha çox Azərbaycanın üstünlük verdiyi sosialyönümlü siyasətin daha dolğun, hərtərəfli təmini, habelə uşaq hüquqlarının qorunması istəyindən irəli gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədi kimi təsdiq edilir. Bu dəyişikliklə Azərbaycan dövlətinin insan və şəxsiyyət amilinin yüksəlişinə, hər bir vətəndaşın layiqli həyat tərzinin, yaşayış səviyyəsinin təminatına yönəlmiş məqsədyönlü və ardıcıl siyasətinə konstitusion status verilir.
15-ci maddənin II hissəsinə təklif edilən dəyişikliyə görə, Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosialyönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində belə bir müddəanın Konstitusiyada əksini tapması ölkənin həyata keçirdiyi sosialyönümlü siyasətin mahiyyətindən irəli gəlir. Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası da Azərbaycanda sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu, hakimiyyətin fəaliyyətində sosialyönümlü layihələrin dominantlıq təşkil etdiyini bir daha təsdiqləyir. Bazar iqtisadiyyatı ilə sosial müdafiənin belə uğurlu kombinasiyası qazanılan bir çox uğurların əsasını təşkil edən əsas amillərdəndir.
Nazirlər Kabinetinin iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev 2008-ci ildə sosialyönümlü məsələlərin iqtisadi siyasətdə prioritet əhəmiyyət kəsb etdiyini demişdir: "Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir. 2009-cu ildə bütün sosial proqramlar yüksək səviyyədə icra edilməlidir və əminəm ki, belə də olacaqdır".
Konstitusiyanın 17-ci maddəsinə təklif olunan əlavə və dəyişikliklər respublikamızın hazırkı iqtisadi inkişaf mərhələsində uşaq hüquqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq, uşaq əməyinin istismarı hallarına qarşı mübarizəni daha da gücləndirmək məqsədi güdür. Hazırkı variantda uşaq hüquqları ilə bağlı sadəcə göstərilir ki, "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir". Bu müddəa bütün sahələrdə sürətlə inkişaf etmiş Azərbaycanda uşaq hüquqlarınun müdafiəsi baxımından yetərli sayıla bilməzdi.
17-ci maddəyə edilən 2 mühüm əlavənin mahiyyətinə nəzər saldıqda bu reallıq bir daha təsdiqini tapır. I əlavədə qeyd olunur ki, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar". II əlavəyə görə, "Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır". Hər iki müddəa Azərbaycanda uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini daha da artırır, bu sahədə möhkəm hüquqi baza yaradır.
Konstitusiyaya əlavə və dəyişikliklərin digər qismi isə insan hüquq və azadlıqlarının təminatının daha da təkmilləşdirilməsinə xidmət edir. 25-ci maddəyə (Bərabərlik hüququ) təklif olunan əlavələr hamının qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmanət yaradır. Mövcud varianta görə, "Hamı qanun və məhkəmə qarşısında bərabərdir; kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".
25-ci maddəyə təklif olunan birinci mütərəqqi əlavəyə görə, "Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz". Eləcə də digər əlavədə göstərilir ki, "Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Azərbaycan demokratik dəyərləri inkişafında prioritet kimi qəbul edən tolerant dövlət olduğundan, hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.
Konstitusiyanın 18-ci və 48-ci maddələrinə təklif olunan əlavə və dəyişikliklər vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir. Referendum Aktı layihəsində 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, dini cərəyanların da yayılması və təbliği qadağan edilir. Bu dəyişiklik Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır. 48-ci maddəyə edilən dəyişikliyə görə isə, "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu da çağdaş dövrlə səsləşən vacib dəyişiklik olmaqla, respublikada dini tolerantlığın daha da gücləndirilməsinə, bu sahədə insan hüquqlarına etibarlı təminat mexanizmləri formalaşdırılmasına xidmət edir.
Konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklər Azərbaycan vətəndaşlarının şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, xüsusən də kütləvi informasiya vasitələrinin fəaliyyətində özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasına xidmət edir. Məlumdur ki, ölkədəki liberal-demokratik mühitdən sui-istifadə edərək şantaj və reketçilik yolu ilə gəlir əldə etməyi qarşısına məqsəd qoyan, ciddi jurnalistikaya da zərər gətirən bəzi "qəzetlər" dövlət məmurlarına, ictimai-siyasi xadimlərə, tanınmış ziyalılara böhtan atır, bəzən də onların şəxsi həyatı ilə bağlı qeyri-qanuni yolla əldə edilmiş fotoları, gizli lent yazılarını dərc edirlər. Şübhəsiz, hər bir vətəndaşın mətbuat, söz azadlığı digərinin də Konstitusiya ilə təsbit olunmuş şəxsi toxunulmazlıq hüququndan üstün ola bilməz. 32-ci maddəyə edilmiş mühüm dəyişikliyə görə, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Digər mühüm əlavəyə görə, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".
32-ci maddəyə təklif edilən başqa bir prinsipial əlavə bundan ibarətdir ki, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır".
39-cu maddəyə təklif olunan əlavələrə görə (Sağlam ətraf mühitdə yaşamaq hüququ), "Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz". Belə bir müddəanın Əsas Qanunda özünə yer alması, şübhəsiz, ölkədə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, bu sahədə mövcud hüquqi çatışmazlıqların tənzimlənməsi baxımından heç də az əhəmiyyət kəsb etmir. 39-cu maddəyə təklif olunan digər mühüm əlavədə isə göstərilir ki, "Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir". Bu müddəa Azərbaycanın özünəməxsus flora və faunasının qorunmasına konstitusion təminatı gücləndirir, nadir bitki və heyvan növlərinin mühafizəsinə ciddi hüquqi zəmin yaradır.
50-ci maddəyə təklif edilən əlavə də mahiyyət etibarilə kütləvi informasiya vasitələrində özünü göstərən neqativ halların aradan qaldırılması baxımından vacib əhəmiyyət daşıyır. Həmin maddənin III hissəsində yer alan prinsipial əlavəyə görə, "Hər kəsin hüquqlarını pozan və ya mənafeyinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Məlumdur ki, insanların şərəf və ləyaqətinə toxunan, həqiqətə uyğun olmayan məlumatlar dərc edən bəzi qəzetlər zərərçəkmiş şəxsin təkzib vermək, yaxud barəsində səslənən ittihamı cavablandırmaq hüququnu kobud şəkildə pozurlar. Bu baxımdan hər bir vətəndaşın barəsində KİV-də yayılmış həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatı təkzib etmək hüququnun konstitusion əsaslarının yaradılması son dərəcə mühüm yenilik kimi vurğulanmalıdır.
Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm istiqamətlərindən biri də məhz məhkəmə orqanlarının müstəqilliyinin təmin olunması, ədalət mühakiməsinin daha səmərəli, şəffaf mexanizmlər əsasında həyata keçirilməsidir. Dövlət başçısı İlham Əliyev ölkədə qanunçuluğun, hüquq qaydalarının təminatı baxımından məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini son dərəcə vacib sayır. Referendum Aktı layihəsində 67-ci, 125 və 129-cu maddələrə təklif edilən əlavə və dəyişikliklər məhkəmə hakimiyyətinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ədalət mühakiməsinin təsir gücünün artırılmasına xidmət edir. 67-ci maddəyə (Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları) təklif edilən prinsipial dəyişikliyə görə, "cinayət törədilməsində ittiham edilənlər" ifadəsi "təqsirləndirilənlər" sözü ilə əvəz edilmişdir. Məsələ bundadır ki, Konstitusiyanın 63-cü maddəsinə görə (Təqsirsizlik prezumpsiyası), "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir".
67-ci maddə ilə 63-cü maddə arasında müəyyən hüquqi uyğunsuzluğun mövcudluğu buradan bir daha qabarıq görünür. 67-ci maddədə edilən dəyişiklik həmin uyğunsuzluğu aradan qaldırmaqla, cinayət törədilməsində təqsirli bilinən şəxsin hüquqlarının daha etibarlı təminatına xidmət edir. 67-ci maddəyə edilən digər prinsipial əhəmiyyətli əlavəyə görə, "Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir". Bu əlavə ilə məhkəmələrdə hər bir təqsirləndirilən şəxsin məhkəmədə son söz deməsinin konstitusion əsası yaradılır.
İnsan hüquq və azadlıqlarının beynəlxalq müqavilələrə uyğun tətbiqi özündə bu hüquqların maneəsiz və hər hansı qanunsuz müdaxilələrdən kənar həyata keçirilməsini nəzərdə tutmaqla yanaşı, həm də demokratik cəmiyyətdə onlara qoyulan zəruri və qanunla nəzərdə tutulmuş məhdudiyyətləri də ehtiva edir. Başqa sözlə, bir şəxsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqları başlayan anda qurtarır. Müasir beynəlxalq hüquq insan hüquqlarının ölkənin milli maraqları naminə, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, əxlaq və mənəviyyatın mühafizəsi üçün qanuni və əsaslı məhdudlaşdırılmasını hüquqi dövlətin sabitliyinin ayrılmaz elementi kimi nəzərdən keçirir. 71-ci maddəyə təklif olunan əlavə və dəyişiklik bu baxımdan hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifələrini, hüquq və azadlıqlarının qanuni çərçivəsini də müəyyən edir. Həmin əlavəyə görə, "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Şübhəsiz, yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu baxımdan təklif olunan əlavə də demokratik cəmiyyət quruculuğunun meyarlarına tamamilə uyğundur.
Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə təklif olunan əlavədə isə göstərilir ki, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Azərbaycan xarici sərmayədarlar, əcnəbi iş adamları üçün açıq ölkə olduğundan belə bir əlavənin Konstitusiyada əksini tapması son dərəcə vacib və aktual məsələdir. Ölkə vətəndaşları ilə yanaşı, respublikamızda fəaliyyət göstərən və yaşayan hər bir əcnəbinin Azərbaycanın dövlət rəmzlərinə hörmətlə yanaşması vacibdir. Və təklif olunan müddəa da bu sahədə Konstitusiya nəzarətinin güclənməsini təmin edəcəkdir.
96-cı maddəyə (Qanunvericilik təşəbbüsü hüququ) təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının hər 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha səmərəli təminatına və daha da genişləndirilməsinə xidmət edir. Bu mühüm əlavə 40 min vətəndaşa dövlət idarəçiliyinin və cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə qanunamüvafiq təkliflərini, istək və niyyətlərini qanun layihəsi şəklində Milli Məclisin müzakirəsinə çıxarmaq imkanı yaradır.
101-ci maddədə nəzərdə tutulan dəyişikliyə əsasən, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır. Konstitusiyada belə bir dəyişikliyin edilməsi daha çox respublikamızın son 14 ildə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, siyasi mühitin demokratikləşdirilməsi sahəsində əldə etdiyi uğurlarla şərtlənir. 14 il əvvəl belə bir müddəanın Konstitusiyada əksini tapması Azərbaycan dövlətinin yeni ictimai-iqtisadi formasiyaya keçidi, habelə respublikamızda vətəndaş cəmiyyəti təsisatlarının zəif inkişaf etməsi, demokratik norma və dəyərlərin formalaşmaması, şəffaf seçki praktikasının zəifliyi ilə şərtlənirdi. Ötən müddətdə Azərbaycanda baş verən fundamental hüquqi-siyasi dəyişikliklər, Avratlantik məkana inteqrasiya respublikamızın demokratik inkişaf və insan hüquq-azadlıqları əleyhinə hansısa addım atmasını birmənalı istisna edir. Ölkədə formalaşmış yeni ictimai şüur və siyasi mədəniyyət, habelə hakimiyyət üzərində ictimai nəzarətin güclənməsi bu cür meyillərə imkan vermir. Hər bir vətəndaş prezidentliyə namizədliyini iki dəfədən artıq təkarən irəli sürə bilər, əsas məsələ isə xalqın demokratik və şəffaf şəraitdə keçən seçkilərdə həmin şəxsə etimad göstərməsidir.
Referendum Aktı layihəsində 101-ci maddənin V hissəsinə təklif edilmiş dəyişikliyə görə, "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi xalqın ümumi təhlükəsizliyi və milli maraqları baxımından obyektiv reallığa əsaslanır.
125-ci maddəyə edilmiş əlavəyə görə, "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". 129-cu maddəyə təklif olunan əlavələr isə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya konstitusion təminatı gücləndirir. Həmin əlavəyə əsasən, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Nəzərdə tutulan dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir. Məhkəmə qərarlarının icrası sahəsində bəzi problemlərin mövcudluğu təkcə sıravi vətəndaşların deyil, həm də ayrı-ayrı biznes strukturlarının, iş adamlarının da mənafeyinə toxunur. Bu baxımdan məhkəmə qərarlarının icrasına konstitusion təminatın gücləndirilməsini yeni dövrün tələbi kimi də şərh etmək olar.
Konstitusiyanın 146-cı maddəsinə təklif olunan (Bələdiyyələrin müstəqilliyinin təminatı) dəyişiklik isə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin hüquqi tənzimlənməsinə, bu sahədə bəzi problemli məqamların aradan qaldırılmasına xidmət edir. Bu maddəyə təklif olunan birinci əlavəyə görə, "Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir". Təklif olunan digər əlavəyə görə, "Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz; dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir".
Təcrübə göstərir ki, bəzi yerli özünüidarəetmə orqanları onlar üçün yaradılmış müstəqillikdən sui-istifadə edir, vətəndaşların və dövlətin qanuni mənafeyinə xələl gətirən qanunsuz qərarlar qəbul edirlər. 146-cı maddəyə təklif olunan əlavə və dəyişikliklər də belə halların qarşısının alınmasına, bələdiyyələrin hüquqi məsuliyyətinin artırılmasına xidmət edir. Konstitusiyada əksini tapmış digər mühüm əlavədə qeyd olunur ki, "Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər". Bunlar bələdiyyələrin şəffaf, demokratik, qanunlara hörmət ruhunda fəaliyyət göstərən, dövlət və cəmiyyət qarşısında məsuliyyətini və vəzifələrini düzgün dərk edən qurum kimi formalaşmasına təsir edəcəkdir.
Bütün bunlar bir daha göstərir ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mütərəqqi xarakter daşımaqla, ölkədə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq-azadlıqlarının etibarlı təminatına xidmət etdir. İnanırıq ki, Konstitusiya islahatları ölkənin demokratik, hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq, ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesini daha da sürətləndirəcəkdir.
Qüdrət Kərimov,
"Xəzər" Səhmdar Cəmiyyətinin
sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.-2009.-12 fevral.-S.3.