Azərbaycan Prezidenti İlham Əliyev Xırdalan dairəsində tunel tipli yolötürücünün açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına ötən ilin mayında başlanmışdır. Nəqliyyat Nazirliyinin sifarişi ilə görülən inşaat işlərini "Akkord" şirkətlər qrupu həyata keçirir. Avropa Yenidənqurma İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılan bu layihə çərçivəsində yolun 16-134-cü kilometrinə beton örtük döşənməlidir.

Beynəlxalq əhəmiyyətli bu yolda yük maşınlarının hərəkətinin intensivliyi nəzərə alınmaqla qalın beton örtüyün döşənməsi yolun davamlılığını artırır. Magistral boyu 21 körpü yolötürücü, 10 qovşaq, 15 mal-qara keçidi, 112 boru keçidi, 5 xidmət məntəqəsi olacaqdır. Yenidənqurma işləri üç növbədə aparılır.

Avqust ayının 22-də avtomagistralın bir hissəsi olan Bakı-Sumqayıt yolu bütünlüklə tamamlanaraq istifadəyə verilmişdir. Yolun bu hissəsinin açılış mərasimində respublika Prezidenti İlham Əliyev iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov Xırdalan dairəsində tikilmiş yolötürücü barədə məlumat verərək bildirdi ki, yanaşma yollarla birlikdə onun uzunluğu 700 metr, eni 20 metr, tunelin hündürlüyü 5 metrdir. 4 hərəkət zolaqlı tunelin uzunluğu 50 metr, istinad divarlarının uzunluğu 440 metrdir. Yeni yolötürücü şimal istiqamətində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcəkdir.

Yolötürücüdə üzərində "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə inşa olunmuşdur. İyul 2008 - fevral 2009" sözləri yazılmış lövhə vurulmuşdur.

Dövlətimizin başçısı yolötürücünün açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, bu münasibətlə yol inşaatçılarını təbrik etdi.

Hazırda Bakı-Quba-Rusiya Federasiyası yolunun tam istifadəyə verilməsi üçün intensiv gedir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 fevral.-S.1.