Vətəndaşların müraciətləri ölkə Prezidentinə və respublikanın davamlı inkişafına inamın təzahürüdür

 

Azərbaycan tarixinin qürur doğuran hadisələrlə zəngin bir dövrünə yekun vuruldu. Ulu öndərimiz Heydər Əliyev siyasətinin uğurlu davamı olan ötən beşillikdə xalqımız qurucu rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə dövlətimizin müstəqilliyini daha da möhkəmləndirdi, ölkəmiz iqtisadi və siyasi qüdrətini sürətlə artıraraq qloballaşan dünyada gedən böhran prosesləri fonunda sabitlik və davamlı inkişaf diyarına çevrildi.

Hələ ilk dəfə Prezident seçilərkən hər bir azərbaycanlının prezidenti olacağını bildirən və bunu real işləri, ardıcıl sosialyönümlü siyasəti, ölkə vətəndaşlarının xoş güzəranı uğrunda yorulmaz fəaliyyəti ilə sübut edən cənab İlham Əliyev daim vətəndaşlarla birbaşa dialoqda olur, onların arzu və istəklərinə böyük qayğı ilə yanaşır, bunu hər bir vəzifəli şəxsdən, hər bir dövlət qulluqçusundan da ciddi tələb edir.

Ölkə rəhbərinin bu prinsipial mövqeyini yaxşı bilən Azərbaycan vətəndaşları məhz buna görə öz arzu və istəkləri, habelə problemləri barədə cənab Prezidentə müraciət edirlər. Əvvəlki illərdə olduğu kimi, seçki ilində də bu müraciətlərin məzmunu və xarakteri, demək olar ki, eyni olmuşdur. Vətəndaşlar hansı problemdən yazırsa yazsınlar, ilk növbədə cənab Prezidentə dərindən inandıqlarını, onun daxili və xarici siyasətini tam dəstəklədiklərini bildirirlər. Bu fikir bütün müraciətlərin ana xəttini təşkil etmişdir.

Öz gücünü xalqından alan və xalqa arxalanan dövlət başçısının vətəndaşların müraciətlərinə göstərdiyi diqqət nəticəsində hər bir müraciət Prezidentin İcra Aparatında və əlaqədar dövlət orqanlarında ciddi araşdırılmış və lazımi tədbir görülmüşdür. Müraciətlərin heç biri diqqətdən kənarda qalmamışdır.

Bu məsələyə ölkə əhalisinin bütün təbəqələrinin böyük marağı nəzərə alınaraq ötən il daxil olmuş vətəndaş müraciətlərinə baxılması barədə hazırlanmış material hörmətli oxuculara təqdim olunur.

 

Xalqın seçimi, xalqın inamı

 

Başa vurduğumuz 2008-ci il ilk növbədə prezident seçkiləri ili kimi xatırlansa da ölkəmizin həyatında bütün sahələrdə böyük inkişaf və tərəqqi ili kimi yadda qalacaqdır. Ötən il ölkə Prezidentinin 5 il ərzində gördüyü nəhəng işlərə yekun vurulmuş, onun 2003-cü ildə Prezident seçilərkən xalqa verdiyi hər bir sözün, hər bir vədin vaxtından əvvəl və uğurla yerinə yetirildiyi məlum olmuşdur.

Azərbaycan xalqı 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevə yenidən səs verərkən ilk növbədə onu vədinə sadiq insan, müdrik siyasətçi, millətini ürəkdən sevən vətənpərvər dövlət başçısı, ulu öndər Heydər Əliyevin yolunu inamla davam etdirən yeganə lider kimi qəbul etdiyini bir daha təsdiqlədi. Bu seçkilər xalqın öz rəhbərinə böyük etimadının və məhəbbətinin ifadəsinə çevrildi və Azərbaycan xalqı bununla doğma Vətəninin davamlı və dinamik inkişafına, özünün rifahına və işıqlı gələcəyinə səs vermiş oldu.

Dünyanın tanınmış siyasətçiləri, ən böyük dövlətlərin nümayəndələri və beynəlxalq müşahidəçilər Azərbaycanda prezident seçkilərinin olduqca demokratik və şəffaf keçirildiyini, heç bir inzibati resursdan istifadə edilmədiyini xüsusi vurğuladılar.

İkinci dəfə dövlət başçısı seçilməsi münasibətilə xarici ölkələrin dövlət, hökumət başçılarından və vətəndaşlarından, beynəlxalq təşkilatların rəhbərlərindən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də bütün sosial təbəqələri təmsil edən Azərbaycan vətəndaşlarından cənab Prezidentin ünvanına daxil olmuş çoxsaylı təbrik teleqramları bunu bir daha sübut etdi. Bu təbriklərin bir çoxu respublika mətbuatında dərc olunmuş, Prezidentin rəsmi saytında verilmişdir.

Bu böyük sayğı və ehtiramın nədən qaynaqlandığı hamıya məlumdur. Azərbaycanın və onun xalqının qazandığı bütün nailiyyətlərin kökündə bilavasitə ölkə Prezidentinin gördüyü real işlər durur. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən konkret hansı işləri görəcəyini xalqa bəyan etmiş, bəzilərinə fantastik görünən layihələri həyata keçirəcəyini bildirmiş və onları gerçəkləşdirmişdir.

Öz prezidentliyinin birinci dövründə imzaladığı 1060 qanun, 832 fərman, 3075 sərəncamla cənab İlham Əliyev ölkə həyatının bütün sahələrinin inkişafını təmin edən hüquqi baza yaratmış, bu məqsədlə 54 dövlət proqramını və digər tədbirlər planlarını təsdiq etmişdir. Təkcə ötən il 10 dövlət proqramı təsdiq edilmişdir ki, bunlar da ölkə həyatının çox vacib sahələrini əhatə edir.

Cənab İlham Əliyev prezident kimi fəaliyyət göstərdiyi dövrdə ölkənin tamamilə yeni inkişaf səviyyəsinə qaldırılmasını, ulu öndər Heydər Əliyevin başladığı neft strategiyasının uğurlu nəticələrindən bəhrələnməklə respublikada qeyri-neft sektorunun sürətli inkişafı üçün zəmin yaradılmasını, idarəçiliyin müasir dünya tələblərinə uyğunlaşdırılmasını ön plana çəkmiş, qarşıya qoyulan vəzifələr elmi və iqtisadi cəhətdən əsaslandırılmış proqramlar üzrə cəsarətlə həyata keçirilmişdir.

Dövlət başçısı Nazirlər Kabinetinin 2008-ci il avqustun 8-də keçirilən geniş iclasında respublikada görülən işlərin sürətini belə səciyyələndirir: "Əlbəttə, çox böyük quruculuq, abadlıq işləri gedir və mən çox istəyirəm ki, daha da tez getsin, sürətlə getsin. Bəzi işlər var ki, başqa yerdə onu 2 ilə, 3 ilə görürlər, biz bunu bir ilə görürük. Bəzi işlər var, bir ilə görülür, biz bunu 3 aya görürük. Bu, bizim yanaşmamızdır. ... Azərbaycanda infrastrukturun yaranması nə qədər tez olsa, bir o qədər yaxşıdır".

İstər əvvəlki 5 ilin, istərsə də yola saldığımız 2008-ci ilin yekunları ilə indi hər bir Azərbaycan vətəndaşı fəxr edir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının artım sürəti dünyada ən yüksək göstəricilərdən biri hesab edilmişdir. 2003-2008-ci illərdə respublikada ÜDM 2,7 dəfə artmış, onun adambaşına düşən həcmi 5800 ABŞ dollarına çatmışdır. Son 5 il ərzində sənaye istehsalı da 2,7 dəfə artmış, dövlət büdcəsinin xərcləri 2003-cü ildəki 1 milyard 200 milyon dollardan 2008-ci ildə 15 milyard dollara çatmışdır. 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına təqribən 44 milyard dollar investisiya qoyulmuşdur ki, bu da bütün müstəqillik illərində Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların 77 faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon ABŞ dolları idisə, indi bu rəqəm 18 milyard dollardan çoxdur.

Bu illər ərzində 766 min, o cümlədən 2008-ci ildə 120 min iş yeri açılmışdır ki, bunun da 548 mini daimi iş yerləri olmuşdur.

Ötən dövr ərzində ölkə Prezidentinin gördüyü işlər təkcə Azərbaycan vətəndaşlarında heyrət doğurmur. Dünyanın aparıcı dövlətlərinin mətbuat orqanları və xəbər agentlikləri cənab İlham Əliyevin fenomenal liderlik xüsusiyyətlərini ayrıca vurğulayaraq onun Azərbaycan kimi mürəkkəb geosiyasi vəziyyətdə olan bir dövləti qısa müddətdə bu cür böyük sıçrayışla inkişaf etdirmək bacarığına qibtə ilə yanaşırlar.

Azərbaycan hökumətinin iqtisadi strategiyasının səmərəliliyi Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının dünyanın 181 ölkəsində dövlət tənzimlənməsinin keyfiyyəti, onun kiçik və orta biznesə təsiri haqqında son məruzəsində də təsdiq edilmiş, ölkəmiz islahatların həyata keçirilməsinə görə dünyada lider dövlət hesab edilmişdir.

Hazırda Azərbaycan informasiya texnologiyalarının inkişafı səviyyəsinə görə MDB ölkələri arasında liderdir. Ümumdünya İqtisadi Forumunun 2007-2008-ci illər üçün "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"ında dünyanın 127 qabaqcıl ölkəsi arasında respublikamızın son bir ildə 4 pillə irəlilədiyi, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Rusiya, Argentina, Filippin, Pakistan, Moldova, Ermənistan və Gürcüstanı arxada qoyduğu göstərilir.

Azərbaycanda elmi nailiyyətlərin, yeni texnologiyaların və innovasiyaların tətbiqi, yeni sənaye sahələrinin yaradılması istiqamətində növbəti illərdə nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün ölkə Prezidenti müasir düşüncə tərzinə malik kadr ehtiyatlarının yaradılmasına, ölkənin elmi potensialının gücləndirilməsinə, təhsil səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirir. Dövlət başçısının təsdiq etdiyi proqramlar əsasında və respublikanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə tikilib istifadəyə verilən yüzlərlə məktəb binası buna əyani sübutdur.

Hazırda xarici ölkələrdə 4 min nəfərdən çox azərbaycanlı gənc təhsil alır ki, onların da 1000 nəfəri bilavasitə dövlət hesabına oxuyur. Azərbaycanın gələcəyi olan bu mütəxəssislərin yetişdirilməsi cənab Prezidentin təsdiq etdiyi müvafiq dövlət proqramı əsasında həyata keçirilir. Ölkənin və millətin gələcəyini neft kapitalında deyil, insan kapitalında görən cənab Prezident deyir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir".

Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlar Prezident İlham Əliyevin səmərəli və məhsuldar idarəçilik sisteminə üstünlük verməsi və Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq üçün ardıcıl və düşünülmüş siyasət yeritməsi sayəsində mümkün olmuşdur.

 

Müraciətlər xalqla dövlət arasında etimad körpüsüdür

 

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək, eyni zamanda qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab almaq, dövlət orqanlarının və vəzifəli şəxslərin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək, lakin tənqidə görə təqib olunmamaq hüququ təsbit edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına ünvanlanan müraciətlərin dinamikasına nəzər saldıqda, 2008-ci ili vətəndaşların yüksək fəallığı ili kimi səciyyələndirmək olar. Bu müraciətlərdə vətəndaşlar ölkə Prezidentinin onların güzəranının gündən-günə yaxşılaşdırılması üçün gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, cəmiyyətin inkişafına kömək edə biləcək təkliflər vermiş, gündəlik qayğılarından söhbət açmış, habelə rastlaşdıqları bürokratik maneələr və süründürməçilik halları barədə yazmışlar.

Bütövlükdə 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan müraciətlərin 65,1 faizini ərizələr, 33,2 faizini şikayətlər, 1,7 faizini isə təkliflər təşkil edir.

Qeyd etməliyik ki, 2008-ci ildə Prezidentin İcra Aparatına daxil olan müraciətlərin sayı ayrı-ayrı şəhər və rayonlar üzrə artmışdır. Bu artım Bakı şəhəri və onun bəzi rayonlarında, Şəki şəhərində, Ağdaş, Ağdam, Astara, Beyləqan, Biləsuvar, Gədəbəy, Goranboy, İsmayıllı, Qazax, Sabirabad, Tərtər rayonlarında daha yüksək olmuşdur. Bütövlükdə daxil olan müraciətlərin 36,6 faizi Bakı şəhəri və onun rayonlarının payına düşür.

Naftalan, Şirvan şəhərlərində, Ağstafa, Ağsu, Cəlilabad, Dəvəçi, Hacıqabul, Qobustan, Samux, Sədərək, Ucar, Şərur və başqa rayonlarda isə müraciətlərin ümumi sayının 2007-ci ilə nisbətən azalması müşahidə edilmişdir.

Bir sıra şəhər və rayonlarda əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı daha çox olmuşdur. Bu göstərici Bakı şəhəri və onun rayonlarında, habelə Naftalan, Sumqayıt şəhərlərində, Ağcabədi, Ağdam, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Lerik, Siyəzən və Yardımlı rayonlarında başqa şəhər və rayonlara nisbətən yüksəkdir.

Naxçıvan MR-in rayonlarında, Yevlax şəhərində, Ağstafa, Ağsu, Hacıqabul, Xaçmaz, Xızı, Qax, Qəbələ, Qusar, Oğuz, Salyan və Zaqatala rayonlarında bu göstərici daha aşağıdır.

Bəzi şəhər və rayonlardan Prezidentin İcra Aparatına daxil olan yazılı müraciətlərin sayı bilavasitə həmin şəhər, rayon İHB aparatlarına daxil olan müraciətlərdən çox olmuşdur. Buna misal olaraq Bakının Nizami və Sabunçu, habelə Ağdam, İmişli, Kəlbəcər, Şəmkir rayonlarını göstərmək olar. Bunun səbəbləri araşdırılmalı və təhlil edilməlidir.

Vətəndaşların müraciətlərinə baxılmasında bizim əsas prinsipimiz odur ki, hakimiyyətin bütün pillələrində hər bir insanın problemi mahiyyəti üzrə və qanunla müəyyən edilmiş müddətdə həll olunsun.

Dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında çalışan hər bir vəzifəli şəxs vətəndaşların gündəlik problemlərinin həllinə çalışmalı, ölkə rəhbərliyinin həyata keçirdiyi böyük layihələr nəticəsində yaranmış iqtisadi potensialdan istifadə edərək insanların güzəranını yaxşılaşdırmağa səy göstərməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi: "Əsas odur ki, sözlə əməl arasında birlik olsun, görülən tədbirlər nəticəsində irəliləyiş olsun. Bu irəliləyiş təkcə iqtisadi göstəricilərdə yox, eyni zamanda insanların gündəlik həyatında öz əksini tapsın. Əgər belə olarsa, onda Azərbaycan xalqı daha da yaxşı, firavan yaşayacaqdır. Bizim də məqsədimiz bundan ibarətdir ki, insanlar yaxşı yaşasınlar, zəngin yaşasınlar, sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar".

Xalqla dövlət arasında birbaşa ünsiyyət və etimad körpüsü olan müraciətlərin mövzularına nəzər saldıqda, məhkəmə və hüquq-mühafizə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti, mənzil, əmək məsələləri, sosial müdafiə, məişət problemləri barədə müraciətlərin üstünlük təşkil etdiyini görürük.

Əvvəlki illərdən fərqli olaraq, enerji, su və qaz təchizatı, meliorasiya və su təsərrüfatı, qaçqınlar və məcburi köçkünlər, əfv məsələlərinə dair müraciətlər azalmışdır.

Daxil olan müraciətlərin məzmunu və mahiyyəti oxucular üçün daha böyük maraq kəsb etdiyindən bu barədə bir qədər ətraflı danışmaq istərdik.

 

Ürəkdən gələn sözlər

 

Ötən il ölkə vətəndaşlarından Azərbaycan Respublikasının Prezidentinə və onun İcra Aparatına yüzlərlə minnətdarlıq məktubu gəlmişdir. Bu müraciətlərdə vətəndaşlar ölkədə gedən böyük abadlıq və quruculuq işlərinə, yeni çəkilən yollara, körpülərə, qaz və su kəmərlərinə, elektrik xətlərinə, istifadəyə verilmiş elektrik stansiyalarına, kənd təsərrüfatı, ekologiya, ərzaq təhlükəsizliyi, meliorasiya və içməli su təchizatı məsələlərinin həllinə, elm, təhsil, mədəniyyət və digər sahələrdə çalışanlara göstərilən diqqətə, habelə öz müraciətlərində qaldırdıqları məsələlərin həllinə görə cənab Prezidentə minnətdarlıqlarını ifadə edirlər.

Şərur rayonundan şəhid atası Əli Əliyev öz müraciətində ötən ilin iyununda respublikamızda keçirilən hərbi parada görə minnətdarlığını belə ifadə edir: "Bu gün Azərbaycan tarixində ilk dəfə olaraq Milli Ordumuzun gücünün canlı nümayişinə görə, əziz Ali Baş Komandanım, Sizə dərin minnətdarlığımı bildirirəm... İnanıram ki, Sizin apardığınız siyasət sayəsində torpaqlarımız düşmənlərdən tezliklə azad olacaqdır. Bu azadlığı xalqımıza Siz bəxş edəcəksiniz".

Belə müraciətlər respublikanın bütün guşələrindən, müxtəlif sosial kateqoriyaya mənsub insanlarından daxil olur.

Şirvan şəhəri rus icmasının sədri Lyubov Urmantseva cənab Prezidentə bu şəhərə dəfələrlə gəldiyinə, şəhərdə aparılan böyük abadlıq işlərinə, millətindən asılı olmayaraq bütün ahıl, xəstə və tənha insanların xüsusi qayğı ilə əhatə edildiyinə, onlara tibbi və maddi yardım göstərildiyinə görə minnətdarlığını bildirməklə yanaşı, Vətənimizin rifahı naminə görülən işlərdən xüsusi razılığını ifadə edir.

Bərdə rayonunun Mollalı kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün Məlahət İsayeva yazır: "Hörmətli Prezident, Sizə oğlum Faiqə əlil arabası verilməsi və ailəmizə yardım göstərilməsi üçün müraciət etmişdim. Sizin tapşırığınızla oğlum Faiqə 2 ədəd əlil arabası verdilər, evimiz üçün soyuducu və televizor da verdilər, ailəmizə ünvanlı sosial yardım təyin etdilər. İndi oğlum rahat hərəkət edir. Çox sağ olun ki, ailəmizin müraciətinə bu cür diqqət ayırdınız".

Xətai rayonundan Rövşən Nəbiyev, Suraxanı rayonundan Sitarə Cabbarlı və ali məktəblərə yüksək balla qəbul olunmuş bir qrup tələbə isə qəbul imtahanlarının obyektiv keçirilməsinə, Ağdamın Quzanlı orta məktəbinin 9-cu sinif şagirdi Çimnaz Ələsgərli informasiya texnologiyaları sahəsində aparılan uğurlu işlər sayəsində cənab Prezidentin saytını və digər internet saytlarını müntəzəm izləyə bildiyinə, Qubadlı rayonundan məcburi köçkün, məktəbli Nuranə Məmmədli cənab Prezident tərəfindən ona kompüter dəsti hədiyyə edildiyinə görə öz minnətdarlıqlarını bildirirlər.

Belə kollektiv müraciətlər də çoxdur. Onlardan birini Ağdaş rayonunun Qəsil kənd sakinləri göndərmişlər. Onlar yazırlar: "Bayramlar ərəfəsində - dekabrın 28-də kəndimizin əhalisi əsl Yeni il sevinci yaşamış, əsl Yeni il hədiyyəsi almışdır. Bu, bizə əziz Prezidentimizin hədiyyəsidir. Həmin gün kəndimizdə çoxdan həsrətində olduğumuz tarixi hadisə baş vermiş - evlərimizdə mavi alov şölələnməyə başlamışdır. Təbii qaz - təbii təmizlikdir, sağlamlıqdır, rahatlıqdır. Kəndimiz elektrik enerjisi ilə fasiləsiz təmin olunur. İndi Qəsilin gecəsi də gündüzü kimi işıqlıdır".

Mingəçevir şəhərindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri aldıqları yeni mənzillərə və bu mənzillərə qaz verildiyinə, Masallı şəhər sakinləri içməli su problemlərinin həll edildiyinə, Xaçmaz rayonunun bir sıra kəndlərinin sakinləri təbii qaz verildiyinə, Quba rayonunun Ərməki kənd sakinləri kənddən keçən çayın üzərində körpü tikilməsi barədə göstəriş verildiyinə, Cəlilabad rayonunun sakinləri Cəlilabad-Buravar-Yardımlı magistral yolunun çəkildiyinə, Goranboy, Zərdab, Dəvəçi, Hacıqabul və başqa rayonların sakinləri yayın qızmar aylarında suvarma suyu ilə təmin edildiklərinə və sair məsələlərə görə cənab Prezidentə öz minnətdarlıqlarını bildirirlər.

Ölkə Prezidentinin təşəbbüsü və sərəncamı ilə keçən il respublikanın aran rayonlarında illər boyu içməli sudan korluq çəkən kəndlərin 455 mindən çox sakini müasir modul tipli sutəmizləyici qurğular vasitəsilə ekoloji cəhətdən təmiz su ilə təmin edilmişlər. Vətəndaşlar bunu onlara dövlət qayğısının yeni təzahürü kimi qiymətləndirmişlər.

Ölkə Prezidentinin gənclərə və uşaqlara qayğısı da minnətdarlıq məktublarında öz əksini tapmışdır. Respublikada "Muğam-2005" və "Muğam-2007" müsabiqələrinin 25 yaşınadək olan qaliblərinin ötən il gənc istedadların "Qızıl kitab"ına salınması və xüsusi təqaüdə layiq görülməsi münasibətilə onların bir qrupu yazır: "Bizə verdiyiniz yüksək qiymətə və göstərdiyiniz qayğıya görə, cənab Prezident, Sizə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizi əmin etmək istəyirik ki, Azərbaycan muğamını bundan sonra da bütün dünyada tanıtdırmaq yolunda daha əzmlə çalışacağıq".

Belə təşəkkür məktubları respublikanın hər yerindən, o cümlədən Bakı şəhəri və onun Nərimanov rayonundan, Gəncə, Lənkəran şəhərlərindən, Abşeron, Daşkəsən, Göyçay, Kürdəmir, Qəbələ, Şamaxı, Ucar və başqa rayonlardan da daxil olmuşdur.

Ölkə Prezidentinin ünvanına təkcə respublikadan deyil, xarici ölkələrin dövlət və ictimai-siyasi xadimlərindən, respublikamızda olmuş xarici ölkə vətəndaşlarından, jurnalistlərdən, iş adamlarından və xaricdə yaşayan soydaşlarımızdan daxil olmuş minnətdarlıq və təşəkkür məktubları da az deyildir. Bu məktublarda ölkə Prezidentinin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən hörmət və sevinc hissi ilə bəhs edilir, ölkəmizin beynəlxalq imicinin gündən-günə yüksəldiyi qeyd olunur.

Estoniyanın Tallinn şəhərindən olan Mixail Andreyeviç Solovyov cənab Prezidentə yazır: "Mənə iki dəfə günəşli Azərbaycana gəlmək səadəti nəsib olmuşdur. İnanın ki, bu günlər mənim həyatımda ən əlamətdar günlərdən idi. Azərbaycanın bütün sakinlərinə səmimi təşəkkürümü bildirirəm ki, onlar bilikli, yüksək təhsilli və ədalətli prezidentlərinin rəhbərliyi altında dünyada analoqu olmayan bir dövlət qurmuşlar. Sizin ölkənizin ab-havası son dərəcə mənim ürəyimcədir".

Ankara şəhərində keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri II Konqresi iştirakçılarının cənab Prezidentə ünvanlanmış müraciətində deyilir: "Azərbaycan ədəbiyyatını himayə etdiyinizə, yazıçılara və şairlərə hərtərəfli dəstək verdiyinizə görə Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizin ədəbiyyata bu yüksək diqqət və qayğınız ümumtürk ədəbi ictimaiyyətinə böyük fayda vermiş və çoxlarına örnək olmuşdur. Allah Sizi və xalqınızı qorusun".

 

İnkişafa təkan verən təkliflər

 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı təkliflər Azərbaycan vətəndaşlarının fəal həyat mövqeyindən, ölkənin iqtisadiyyatını daha da yüksəltmək və respublikamızı ən qabaqcıl texnologiyaların tətbiq olunduğu yüksək inkişaf etmiş dövlətlər səviyyəsində görmək istəyindən irəli gəlir.

Təkliflərin mövzuları müxtəlifdir. Bunların bir çoxunda ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş əbədiləşdirilməsi, onun ideyalarının daha dərindən öyrənilməsi və həyata keçirilməsi, ölkə Prezidenti İlham Əliyevin respublikanın müstəqilliyini möhkəmləndirmək, beynəlxalq nüfuzunu daha da gücləndirmək sahəsində gördüyü işlərin ictimaiyyətə daha yaxşı çatdırılması arzuları ifadə olunur.

Müraciətlərin bir qismində respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri və Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin və mədəniyyətin inkişafı üçün gördüyü böyük işlər, onun ictimai-siyasi fəaliyyəti təqdir edilir.

Bundan başqa, vətəndaşlar bir sıra ictimai-siyasi məsələlərə, o cümlədən Qarabağ probleminə böyük diqqət yetirir, cənab Prezidentin bu məsələdə tutduğu prinsipial mövqeyi bəyənir və problemin həllinə dair öz mülahizələrini bildirirlər. Onlar həmçinin elm, təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, ekologiya, səhiyyə, su, enerji, qaz təchizatı və sair məsələlərə dair təkliflərini verirlər.

Vətəndaşlar yaxşı bilirlər ki, onların bütün təklif və arzuları diqqətlə öyrəniləcək və istifadə olunacaqdır. Şübhəsiz ki, ölkənin sosial-iqtisadi, elmi-texniki potensialı və texnoloji tərəqqisi yüksəldikcə, ölkə vətəndaşları təəssübkeşlik göstərərək Vətənimizin inkişaf və tərəqqisi üçün daha maraqlı təkliflər verəcəklər.

 

Qayğı istəyi ilə yazılan ərizələr

 

Bir qayda olaraq, son illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan müraciətlərin böyük əksəriyyəti ərizələrdən ibarət olur. Ərizələrdə vətəndaşlar daha çox öz gündəlik qayğılarından bəhs edirlər. Ərizələrin əsas mövzuları mənzil, əmək, əhalinin sosial müdafiəsi və dövlət sosial müdafiəsi, torpaq, səhiyyə, təhsil, qaçqınların və məcburi köçkünlərin problemləri, qaz, enerji və su təchizatı, nəqliyyat və sair məsələlərdir.

Daxil olan ərizələrin sayı Bakı şəhərindən, xüsusilə onun Binəqədi, Yasamal rayonlarından, Gəncə, Sumqayıt, Şəki şəhərlərindən, Abşeron, Astara, Balakən, Biləsuvar, Gədəbəy, Şəmkir rayonlarından daha çox olmuşdur.

2007-ci ilə nisbətən bir çox mövzular üzrə ərizələrin sayının azalması müşahidə olunur. Məsələn, ərizələrin sayı birdəfəlik maddi yardım üzrə 24 faiz, kənd təsərrüfatı məsələləri üzrə 15 faiz, maliyyə, bank və kredit məsələləri üzrə 3,4 faiz, şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti və sair mövzular üzrə qismən azalmışdır.

Kənd təsərrüfatına dair müraciətlərin ildən-ilə azalması ölkə Prezidentinin bu sahənin inkişafına göstərdiyi böyük qayğı və diqqətin, xüsusilə aqrolizinq, fitosanitariya və baytarlıq xidmətlərinin yaxşılaşdırılması, taxıl istehsalçılarına əlavə yardımların verilməsi, onların güzəştli qiymətlə gübrələrlə təmin edilməsi, ən müasir emal müəssisələrinin yaradılması, ümumiyyətlə ərzaq təhlükəsizliyi məsələlərinə diqqətin artırılması nəticəsində olmuşdur.

Ölkə Prezidenti Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilən iclasında demişdir: "...Fermerlərə subsidiyalar ayrılması davam etdiriləcəkdir. Yəni kənd təsərrüfatının inkişafı üçün bütün tədbirlər görüləcəkdir". Şübhə yoxdur ki, cənab Prezidentin bu qayğısı sayəsində kənd təsərrüfatı sahəsində daha böyük uğurlar əldə ediləcəkdir.

Qeyd etməliyik ki, daxili işlər və prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizələr müvafiq surətdə 22,3 və 20 faiz azalmışdır. Bununla yanaşı, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair şikayətlər digər sahələrə nisbətən hələ də çoxdur.

Sahibkarlığın inkişafı, özəlləşdirmə məsələlərinə dair ərizələrin sayı bir qədər artmış və həmin ərizələrdə əsasən sahibkarlara bundan sonra da kömək göstərilməsi xahiş olunur.

Cənab Prezidentin bu günlərdə qeyd etdiyi kimi, dünyada gedən maliyyə böhranına baxmayaraq, bu il sahibkarlara 120 milyon manat kredit veriləcəkdir və əvvəlki illərdə olduğu kimi, özəl sektor inkişaf etdiriləcəkdir.

Ərizələr barəsində danışarkən bir məsələni xüsusi olaraq qeyd etməliyik ki, ərizələrin sayı yerlərdə vətəndaşların həlli mümkün olan problemlərinə diqqət və qayğının artırılmasından asılıdır. Həqiqi qayğıya və köməyə ehtiyacı olan hər bir insana əl uzadılmalı, çıxış yolu göstərilməli, onun tələbi əsassızdırsa və ya həlli imkan xaricindədirsə, bu ona aydın izah edilməlidir.

 

"Harada şikayət çoxdursa..."

 

Vətəndaşların təklifləri onların fəal həyat mövqeyindən və cəmiyyəti inkişaf etdirmək arzusundan, ərizələr onların gündəlik qayğılarından və məişət problemlərindən irəli gəlirsə, şikayətlərin məğzini vətəndaşın pozulmuş hüquqlarının bərpası, qarşılaşdığı çətinliyin aradan qaldırılması, ölkənin daha sürətli inkişafına mane olan bürokratiya və süründürməçilik hallarına son qoyulması təşkil edir.

Çəkinmədən demək olar ki, bu gün respublikada mövcud olan sosial-iqtisadi və hüquqi baza vətəndaşların bilavasitə dövlətdən asılı olan ümumi problemlərinin həll edilməsinə və şikayətlərin sayının dəfələrlə azaldılmasına imkan verir.

Müsbət haldır ki, ötən 2008-ci ildə müraciətlərin ümumi sayı bir qədər artsa da, şikayətlər cəmi 33,2 faiz təşkil etmişdir.

Qeyd etməliyik ki, ötən il 2007-ci ilə nisbətən bir sıra şəhər və rayonlardan, o cümlədən Lənkəran, Mingəçevir və Şirvan şəhərlərindən, Abşeron, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Dəvəçi, Hacıqabul, Xaçmaz, Kürdəmir, Qusar, Laçın, Oğuz, Samux, Sədərək, Siyəzən, Şəmkir, Şərur, Tovuz, Ucar, Zaqatala rayonlarından daxil olan şikayətlərin sayında azalma müşahidə olunmuşdur. Belə şəhər və rayonların sayı 35-dən çoxdur və bunu vətəndaşların problemlərinə artan diqqətin nəticəsi hesab etmək olar.

Bir qayda olaraq, son illərdə şikayətlərin azalması meyli müşahidə olunsa da, ötən il bəzi şəhər və rayonlar üzrə onların sayının bir qədər artması nəzərə çarpır.

Bakı şəhəri və onun bəzi rayonlarından, Ağdaş, Ağdam, Astara, Balakən, Beyləqan, Daşkəsən, Goranboy, İsmayıllı, Kəlbəcər, Qazax, Masallı, Neftçala, Sabirabad, Tərtər və digər rayonlardan olan fərdi və kollektiv şikayətlərin sayının artması həmin şəhər və rayonların rəhbərlərini ciddi düşündürməli, ilk növbədə onların yaranma səbəbləri araşdırılmalıdır.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə azalmışdır. Burada ilk növbədə şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyətinə, müdafiə, orduya çağırış və hərbi xidmət, təbii, texnogen hadisələr və fövqəladə hallar, informasiya kommunikasiyaları və texnologiyaları, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı, maliyyə, bank, kredit və sığorta, əhalinin sosial müdafiəsi, o cümlədən sosial yardım, müavinət və sair məsələlərə dair şikayətlərin azaldığını göstərmək olar.

Bəzi sahələr üzrə şikayətlərin ümumi sayının başqa sahələrlə müqayisədə hələ də yüksək olması narahatlıq doğurur.

Prezidentin İcra Aparatına daxil olan müraciətlərin böyük əksəriyyəti məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti haqqındadır və onların çoxu şikayətlərdən ibarətdir.

Ümumiyyətlə, məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti barədə daxil olan müraciətlərin çoxunu şikayətlər təşkil edir. Vətəndaşlar məhkəmələrdə qərar və qətnamələrin birtərəfli, qeyri-obyektiv qəbul edilməsindən, bəzi hakimlərin süründürməçilik hallarına yol verməsindən şikayətlənirlər.

Daxili işlər orqanlarının fəaliyyətinə dair şikayətlərdə dövlət yol polisi işçilərinin sürücüləri əsassız incitməsindən, mənzillərin və şəxsi mal-qaranın oğurlanması və sair cinayətlərin açılması üçün polis orqanları tərəfindən operativ tədbirlər görülməməsindən narazılıq bildirilir. Daxili işlər orqanlarının fəaliyyəti haqqında şikayətlərin faizi Ağsu, Bərdə, Kürdəmir, Suraxanı rayonlarında daha yüksəkdir.

Bələdiyyələrin fəaliyyəti barədə şikayətlərin çox olması onların işində hələ də ciddi qüsurların olduğunu göstərir. Bu şikayətlərdə əsasən ayrı-ayrı bələdiyyə sədrlərinin qanunsuz əməllərindən, torpaq sahələrini kənar şəxslərə satmasından, seçicilərinə hesabat verməməsindən bəhs edilir. Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar ən çox müraciət Sumqayıt şəhərindən, Binəqədi, İmişli, Masallı, Şəmkir rayonlarından daxil olmuşdur.

Şikayətlərin digər böyük hissəsi əmək məsələləri, o cümlədən əmək haqlarının vaxtlı-vaxtında verilməməsi, qanunsuz işdən çıxarılma halları ilə əlaqədardır.

Tikinti məsələlərinə aid müraciətlərin də çoxunu şikayətlər təşkil edir və bu şikayətlərdə şəhərsalma prinsiplərinin pozulmasından, çoxmərtəbəli binaların tikintisinin ətrafda yaşayan sakinlər üçün ciddi narahatlıq yaratmasından, kommunikasiya xətlərinin zədələnməsindən, yaşıllıqların qırılmasından narazılıq edilir. Bu şikayətlərin əksəriyyəti Bakı şəhəri və onun rayonlarında tikilən çoxmərtəbəli binalarla əlaqədardır. Vətəndaşlar daha çox "Aslan", "Fərid İnşaat", "Altes Group", "Konsul", "İdeal İnşaat", "Nəsildən-nəslə", "Caspian Servis", "A+A", "OMA", "Mars-A", "Nika", "Pronto", "R və S", "El-E", "Diqlas", "Kainat-NT", "Azəri Construction Company", "Kənan-VR", "Lotus-CM", "Mahir", "Elgənc", "Monolit", "Tərəqqi tikinti", "Merkuri Palas" və sair MMC və MTK-ların, daha doğrusu, onların fəaliyyətinə şərait yaradan yerli icra hakimiyyəti orqanlarının fəaliyyətindən narazılıq bildirirlər.

Hamıya məlumdur ki, şəhər və rayon icra hakimiyyətləri ölkə Prezidentinin qarşıya qoyduğu böyük quruculuq vəzifələrində fəal iştirak edir, şəhər, qəsəbə və kəndlərin abadlığı məsələlərinə diqqəti gündən-günə artırırlar. Bununla yanaşı, elə şəhər və rayonlar vardır ki, onlardan daxil olan müraciətlərin, o cümlədən şikayətlərin çoxu bilavasitə İHB-lərin və onların ərazi nümayəndələrinin, yerli idarə, müəssisə və təşkilat rəhbərlərinin fəaliyyəti ilə bağlıdır. Bu şikayətlərdə vətəndaşların müraciətlərinə baxılmasında laqeydlik, süründürməçilik, fərdi qəbulda yol verilən nöqsanlar və sair hallardan narazılıq ifadə olunur.

Şəhər və rayon icra hakimiyyəti başçılarının fəaliyyəti daim diqqət mərkəzindədir və onların atdığı hər bir addıma insanlar dərhal öz münasibətlərini bildirirlər. Bu baxımdan Lerik rayonundan daxil olan bəzi şikayətlər üzərində dayanmaq vacibdir. Rayonun büdcə təşkilatlarında çalışan müəllimlər, uşaq bağçalarının tərbiyəçiləri və başqaları aldıqları əməkhaqqıdan hər ay məcburi qaydada bir faiz rayon icra hakimiyyəti yanında yaradılmış "Mərhəmət" fonduna pul tutulduğunu bildirirdilər. Bu məsələ araşdırılaraq buna son qoyulmuşdur. Əminik ki, gələcəkdə belə hallara yol verilməyəcəkdir.

Şəhər, rayon icra hakimiyyətlərinin və onların nümayəndələrinin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri və onun bəzi rayonlarından, Yevlax şəhərindən, Ağdam, Balakən, Beyləqan, Göygöl, Xızı, İmişli, Qobustan, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Tərtər, Yardımlı və Zaqatala rayonlarından daxil olan müraciətlərin yarıdan çoxunun şikayət olmasının səbəbləri araşdırılıb müvafiq nəticə çıxarılmalıdır.

Göstərilən şəhər və rayonlardan, habelə Daşkəsən, İsmayıllı, Gədəbəy, Qaradağ rayonlarından vəzifəli şəxslərin, yəni dövlət orqanlarının yerli şöbələrinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin fəaliyyətindən şikayətlərin çox olması da diqqətdən kənarda qalmamalıdır.

Bu şəxslər "Dövlət qulluğu haqqında" Qanunun tələblərinə daha ciddi riayət etməli, qanunda göstərilən əsas vəzifələrindən birini - vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmaq və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək vəzifəsini layiqincə yerinə yetirməlidirlər.

Torpaq məsələlərinə dair şikayətlər daha çox Bakı şəhəri və onun rayonlarından, Sumqayıt, Astara, Beyləqan, Cəlilabad, Dəvəçi, Gədəbəy, Masallı, Tovuz, Yardımlı şəhər və rayonlarından daxil olmuşdur.

Güman edirik ki, torpaqların icarəyə verilməsini və alqı-satqısını tənzimləmək barədə ölkə Prezidentinin son vaxtlar imzaladığı normativ-hüquqi aktlar bu sahədə vəziyyətin yaxşılaşmasına, qayda-qanunun və şəffaflığın artırılmasına kömək edəcək, gələcəkdə belə müraciətlərin azalmasına gətirib çıxaracaqdır.

İstilik, su, qaz təchizatı məsələləri barədə şikayətlər ümumən azalsa da, bu sahələrdə vətəndaşları narahat edən bəzi çətinliklərin hələ tam aradan qaldırılmadığı məlum olur. Bu şikayətlərdə çox vaxt daxili istilik sistemlərinin bərpa edilməməsindən, su, qaz, elektrik sayğaclarının quraşdırılması zamanı abonentlərdən pul tələb edilməsindən, vaxtilə müvafiq qurumların müfəttişləri tərəfindən evlərdə yığılan pulların hesaba köçürülməməsindən, elektrik enerjisi, istilik, içməli su ilə təchizatda yaranan fasilələrdən, sayğac qoyulmazdan 3-5 il əvvəl işlədilən qazın və ya suyun indiki qiymətlərlə hesablanaraq əsassız cərimələr kəsilməsindən, yaxud ödəniş etməyən bir və ya bir neçə abonentə görə bütün məhəllənin, binanın təchizatının dayandırılmasından narazılıq ifadə olunur.

Bu məsələlərlə bağlı kollektiv müraciətlərin çox olması da narahatlıq doğurur. Prezidentin İcra Aparatına daxil olmuş və müxtəlif səhmdar cəmiyyətlərinə, o cümlədən "Sumqayıtelektrikşəbəkə", "Bakıelektrikşəbəkə", "Azərsu", "Azərenerji", "Azəristiliktəchizat", "Azəriqaz" SC-lərə aid kollektiv müraciətlərin də yarıdan çoxu şikayət olmuşdur. Əminik ki, bu faktlar adları çəkilən səhmdar cəmiyyətlərində araşdırılacaq və tədbir görüləcəkdir.

Bu məsələlərdən danışarkən qeyd etməliyik ki, istiliklə təchizat məsələlərinin həllinə ölkə rəhbərliyi tərəfindən böyük əhəmiyyət verilməsinə, 3 il əvvəl bu işlə məşğul olan "Azəristiliktəchizat" ASC-nin yaradılmasına, bu məqsədlə təkcə həmin ASC-yə xeyli investisiya ayrılmasına baxmayaraq, hələ də Bakı şəhərində, respublikanın digər iri şəhərlərində evlərin hamısı qızdırılmır. Həmin mövzuda Prezidentin İcra Aparatına daxil olan müraciətlərin çoxunu şikayətlər təşkil edir. Belə şikayətlər Binəqədi, Xətai, Nizami, Səbail, Suraxanı rayonlarından daha çoxdur. Düşünürük ki, adıçəkilən ASC ilə Bakı Şəhər İcra Hakimiyyəti bu məsələnin həlli üçün lazımi tədbir görəcəklər.

 

Kollektiv və təkrar müraciətlər nədən qaynaqlanır?

 

Vətəndaşların müraciətlərinin hər biri böyük diqqət və qayğı tələb etsə də, kollektiv müraciətlər üzərində xüsusi olaraq dayanmaq lazım gəlir.

Təhlillər göstərir ki, 2008-ci ildə respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin 5 faizini kollektiv müraciətlər təşkil edir. Bunun da 43,8 faizi Bakı şəhəri və onun rayonlarının, 56,2 faizi isə digər şəhər və rayonların payına düşür.

Kollektiv şikayətlər Bakı şəhəri və onun Binəqədi, Nizami, Sabunçu, Yasamal, habelə İmişli, Lerik, Masallı rayonlarından daha çoxdur. Elə rayonlar vardır ki, ümumən daxil olan kollektiv müraciətlərin sayı az olsa da, əksəriyyəti şikayətlərdən ibarətdir. Məsələn, Neftçala rayonundan daxil olan kollektiv müraciətlərin, demək olar ki, hamısı, Hacıqabul və Şəkidən isə yarıdan çoxu şikayətdir.

Bakı şəhərindən daxil olan kollektiv müraciətlərin böyük bir qismi çoxmərtəbəli yaşayış binalarının və ticarət obyektlərinin tikintisi ilə əlaqədardır. Bu şikayətlərə nəzarət qaydasında baxılarkən Bakı Şəhər İcra Hakimiyyətindən verilmiş cavablarda, bir qayda olaraq, həmin tikintilərin Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyindən müvafiq "İcazə" sənədi alınmadan aparıldığı və inşaat işlərini dayandırmaq, yaşıllıqları bərpa etmək, ətrafdakı sakinlər üçün yaranan təhlükəni aradan qaldırmaq barədə tapşırıq verildiyi bildirilir. Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyətində bu tapşırıqların icrasına nəzarət edilmir. Bu da vətəndaşların təkrar müraciətlərinin yaranmasına səbəb olur.

Kollektiv müraciətlərlə yanaşı, daha çox narahatlıq doğuran məsələlərdən biri də Prezidentin İcra Aparatına təkrar müraciətlərin daxil olmasıdır.

Təkrar müraciətlərin yaranma səbəbləri ilk növbədə onlarda qaldırılan məsələlərin vaxtında həll edilməməsindən, həmçinin "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə və bununla əlaqədar kargüzarlıq qaydalarına tam riayət olunmamasından irəli gəlir.

Qanunda göstərilir: "Müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır".

Təkrar müraciətlərin sayının çox olmasında bəzi peşəkar "yazarlar"ın da rolu az deyildir. Əvvəlki illərdə dərc edilmiş yazılarımızdan onlardan bir neçəsinin adları oxuculara tanışdır. Qeyd etmək lazımdır ki, bəziləri həmin tənqidlərdən nəticə çıxararaq "hər gün bir müraciət göndərmək" prinsipindən əl çəkmişlər.

Lakin elə şəxslər də vardır ki, onların müraciətlərinə dəfələrlə baxılaraq ətraflı cavab verilsə də, müntəzəm yazmaqda davam edirlər.

Yasamal rayonundan Yaqub Muradzadə, Nizamidən Dursun Məmmədova, Bəhmən Aslanov, Binəqədidən Aydın Zalov, Sabunçudan Nizami Musayev, Ağcabədidən Əlövsət Abdullayev, Kürdəmirdən Mətanət İsmayılova, Gəncədən Əlyar Dadaşov, Abşerondan Çərkəzxanım Xankişiyeva, Laçından məcburi köçkün Fazil Həsənov, Ucardan Baxşeyiş Qasımov və başqaları ən çox yazan müəlliflərdəndir.

Bütövlükdə yaxşı olardı ki, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında kollektiv və təkrar müraciətlər daha geniş təhlil olunsun, onların baxılmasına daha ciddi yanaşılsın, yaranma səbəbləri dərindən öyrənilərək aradan qaldırılsın.

 

Təhlillər problemlərin monitorinqidir

 

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin dövlət hakimiyyəti orqanlarında öyrənilməsi cəmiyyəti narahat edən problemləri müəyyən etmək baxımından çox vacibdir.

Vətəndaşların öz Konstitusiya hüquqlarından istifadə edərək dövlət orqanlarına etdikləri hər bir müraciətə diqqətlə yanaşılması və qanun çərçivəsində baxılması nə qədər əhəmiyyətlidirsə, bu müraciətlərin yaranma səbəblərinin araşdırılıb aradan qaldırılması bir o qədər zəruridir. Bu vəzifənin daha uğurla yerinə yetirilməsində müraciətlərin xarakterik cəhətlərinin öyrənilməsi, yol verilən əsas nöqsanların ümumiləşdirilməsi mühüm vasitədir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi belə təhlillərin aparılmasına xüsusi diqqət yetirir, bunun üçün müxtəlif forma və metodlardan istifadə edir. Bu gün oxucuların müzakirəsinə verilən materialı da məhz bu təhlillərin nəticəsi hesab etmək olar.

Ölkə rəhbərliyinin vətəndaşların müraciətlərinə baxılması işini təkmilləşdirmək sahəsində qarşıya qoyduğu tələblərə uyğun olaraq Prezidentin İcra Aparatında daha geniş təhlillər və araşdırmalar aparılmasına diqqət artırılır.

İl ərzində şöbə tərəfindən onlarla belə arayış hazırlanaraq baxılıb tədbir görülmək üçün müvafiq dövlət hakimiyyəti orqanlarına göndərilmişdir. Ötən il belə təhlillər 15 parametr və 14 mövzu üzrə aparılmış, vətəndaşların müraciətlərinə baxılması işindəki müsbət və mənfi cəhətlər, bu sahədə olan problemlər aydınlaşdırılmışdır.

2008-ci ilin birinci yarısında mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu işin təhlili bir sıra maraqlı faktlar üzə çıxarmışdır. Həmin faktlar ətraflı təhlil edilmiş və onun yekunları bizim şöbənin ötən il dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirdiyi seminar-müşavirədə geniş müzakirə olunmuşdur.

Seminar-müşavirədə 75 dövlət hakimiyyəti orqanının və digər qurumların 150-dən artıq nümayəndəsi iştirak etmiş, həmin orqanlarda vətəndaşların müraciətlərinə baxılması işindəki müsbət təcrübə və yol verilən nöqsanlar haqqında ətraflı söhbət getmişdir.

Gələcəkdə belə seminar-müşavirələrin rayon, şəhər İHB aparatlarının vətəndaşların müraciətlərinə baxılmasına məsul işçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulmuşdur.

Müşavirənin yekunları nəzərə alınaraq müvafiq tövsiyə materialları hazırlanıb mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və digər qurumlara göndərilmişdir. Hər bir dövlət orqanının özündə belə təhlillər aparılır, vacib məsələlər ətraflı öyrənilir, nəticələri kollegiya iclaslarında, İHB yanında şuralarda, tabeli təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirələrdə müzakirə olunur və lazımi tədbirlər görülür.

Ötən il bütövlükdə respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin təhlili göstərir ki, onların 72 faizi mərkəzi, 28 faizi isə yerli icra hakimiyyətli orqanlarının payına düşür. Ümumiyyətlə, daxil olan müraciətlərin 36,3 faizi müsbət həll olunmuş, 16,6 faizi əsassız sayılmış, 25,2 faizinin həlli imkan xaricində olmuş, qalan hissəsi barədə müvafiq tədbir görülmüşdür.

Nazirliklərdə, o cümlədən rabitə və informasiya texnologiyaları, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi, mədəniyyət və turizm nazirliklərində müsbət həll olunan müraciətlərin faizi daha yüksək olmuşdur. Dövlət komitələrində baxılan müraciətlərin 64,1 faizi müsbət həll edilmiş, 6,4 faizi əsassız sayılmış, 13,8 faizinin həlli imkan xaricində olmuşdur. Səhmdar cəmiyyətlərində bu göstəricilər müvafiq surətdə 66; 8,9 və 11,2 faiz olmuş, 3,4 faizi barədə müvafiq tədbir görülmüşdür.

Şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin 40,9 faizi müsbət həll olunmuş, 13,7 faizi əsassız sayılmış, 11 faizinin həlli imkan xaricində olmuş, 22 faizi barədə müvafiq tədbir görülmüşdür.

Ümumiyyətlə, əksər təşkilatlarda müsbət həll olunmuş müraciətlərin faizinin yüksək olmasını vətəndaşların müraciətlərinə qayğı və diqqətin nəticəsi saymaq olar.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına bütövlükdə daxil olan müraciətlərin növlər üzrə təhlili göstərir ki, onların 61,8 faizini ərizələr, 37,8 faizini şikayətlər, 0,4 faizini isə təkliflər təşkil etmişdir.

Araşdırmalar göstərir ki, müraciətlərin növlərinin müəyyən edilməsi bir çox təşkilatlarda və yerli icra hakimiyyətlərində "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunda göstərilən təsnifata uyğun aparılmır. Bu məsələyə daha çox diqqət yetirilməsi, məzmunundan və mahiyyətindən asılı olaraq müraciətlərin, qanunda göstərildiyi kimi, təklif, ərizə və şikayətlər üzrə qruplaşdırılması çox vacibdir.

Vətəndaşların müraciətlərinə baxılması işini daha da təkmilləşdirmək və aparılan təhlilləri daha səmərəli etmək üçün Prezidentin İcra Aparatında artıq daha müasir proqramlar tətbiq edilməyə başlanılmışdır. Ölkə Prezidentinin bu işə böyük əhəmiyyət verdiyini nəzərə alsaq, ən müasir tələblərə cavab verən yeni proqramın yaxın vaxtlarda hazırlanıb tətbiq ediləcəyini cəsarətlə deyə bilərik.

Müsbət cəhətlərdən biri də odur ki, artıq bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri və qəbulu ilə əlaqədar belə proqramların hazırlanıb tətbiq edilməsi üçün lazımi iş aparılır.

Gələcəkdə vətəndaşın elektron poçt vasitəsilə istədiyi orqana istədiyi məsələ barəsində müraciət etməsinə və öz müraciətinə cavab almasına şərait yaradılacaqdır. Çünki ölkəmizdə ən müasir texnologiyaların tətbiqi gündən-günə genişlənir. İndi formalaşmaqda olan elektron hökumət idarəçiliyinin tətbiqi vətəndaşların müraciətlərinə daha operativ baxılmasına geniş imkan yaradacaqdır. Bizim məqsədimiz odur ki, respublikanın bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu sahədə şəffaflıq artırılsın, hakimiyyətin vətəndaşla dialoqu daha səmərəli olsun.

Güman edirik ki, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında bu məsələlərə bundan sonra daha böyük əhəmiyyət veriləcək və son nəticədə vətəndaşların müraciətlərinə baxılması işi daha da təkmilləşəcəkdir. Unutmaq olmaz ki, təhlillər cəmiyyətin problemlərindən xəbərdar olmaq və onun nəbzini tutmaq vasitəsidir.

 

Nəzarət işi və məmur məsuliyyəti

 

Vətəndaşların müraciətlərinə obyektiv və qərəzsiz baxılmasında nəzarətin rolu danılmazdır. Müraciətlərə nəzarətlə baxılması həm problemləri daha dərindən öyrənməyə, həm vətəndaşın nə qədər haqlı olduğunu müəyyən etməyə, həm də bu müraciəti araşdıran idarə və təşkilat rəhbərinin, dövlət qulluqçusunun vətəndaşların müraciətlərinə nə dərəcədə məsuliyyətlə yanaşdığını aydınlaşdırmağa kömək edir.

Son illərdə Prezidentin İcra Aparatına daxil olan müraciətlərə nəzarətlə baxılmasına diqqət daha da artırılmışdır. Əvvəlki illərdə müraciətlərin 10-20 faizi nəzarətə alınırdısa, ötən il nəzarət qaydasında baxılan müraciətlərin sayı 30 faizdən artıq olmuşdur. Qeyd etmək lazımdır ki, bu, öz müsbət nəticəsini verməkdədir. Prezidentin İcra Aparatından baxılmaq üçün yerlərə nəzarət qaydasında göndərilmiş müraciətlərə alınmış cavablar diqqətlə təhlil edilir, məsələlərin necə araşdırılması qiymətləndirilir.

Yaxşı cəhət odur ki, müraciətlərdə qaldırılan məsələlərin çoxu müsbət həll olunmuşdur və Prezidentin İcra Aparatına ünvanlanmış minnətdarlıq məktublarında bu, öz əksini tapmışdır.

Xüsusilə Bakı şəhərində aparılan tikintilərə aid müraciətlərə nəzarətlə baxılmasına ciddi diqqət yetirilmişdir. Belə müraciətlər əsasında bəzi tikintilər dayandırılmış və ya ləğv edilmiş, yaşıllıqların qırılmasının qarşısı alınmışdır. Məsələn, Nizami rayonu Qara Qarayev prospekti 2517-2518 nömrəli məhəllədə "Aviator" kooperativinin binasında yaşayan sakinlərin müraciətləri nəticəsində həmin binanın qarşısında inşa edilməkdə olan dördmərtəbəli obyektin tikintisi ləğv edilmiş, qazılmış özül doldurularaq ərazinin əvvəlki vəziyyəti bərpa olunmuşdur.

Nəzarətlə baxılan müraciətlərdən danışarkən son vaxtlar bəzi rayon icra hakimiyyətlərində məsələnin mahiyyətindən yayınaraq, müraciətlərin anonim olduğunu sübut etməyə daha çox cəhd göstərildiyini qeyd etmək yerinə düşərdi. Ayrı-ayrı fərdi və kollektiv müraciətlərdə göstərilən faktları araşdırıb tədbir görmək, yaxud hər hansı kənd və qəsəbənin müraciətdə qaldırılan sosial problemini həll etmək əvəzinə bəzi İHB-lər müraciət müəlliflərinin kimliyini araşdırmağa daha çox vaxt sərf edirlər.

Bəzi idarə və təşkilat rəhbərləri nəzarətə alınmış müraciətlərə səthi cavablar verməyə, özlərinə sərf etməyən faktların üstündən sakitcə keçməyə cəhd göstərsələr də, bunun qarşısı alınaraq təkrar araşdırmalar aparılmış və tədbir görülmüşdür.

Respublika vətəndaşlarından mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və digər qurumlara birbaşa daxil olan müraciətlərə baxılmasında da bu məsələyə diqqət artırılmış, nəzarət qaydasında baxılan müraciətlərin faizi əvvəlki illərə nisbətən xeyli artmışdır.

Bütövlükdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında nəzarət qaydasında baxılan müraciətlərin 45,7 faizi müsbət həll olunmuş, 37,2 faizi əsassız sayılmışdır. Şəhər və rayon icra hakimiyyətlərində isə bu göstərici 42 və 15,4 faiz olmuşdur.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri məlumatlara görə, 2008-ci ildə vətəndaşların müraciətlərinə baxılması məsələləri kollegiya, idarə heyəti və şura iclaslarında, müxtəlif müşavirələrdə 861 dəfə, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda 361 dəfə, yerli icra hakimiyyəti orqanlarında 500 dəfə müzakirə edilmiş, 80-dən artıq şəxs tutduğu vəzifədən azad edilmiş, 700-dək vəzifəli şəxs barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Daxili işlər, rabitə və informasiya texnologiyaları, ekologiya və təbii sərvətlər, vergilər, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə, təhsil nazirliklərində, habelə Lənkəran, Cəlilabad, Göyçay, Kürdəmir, Qəbələ, Laçın, Ucar şəhər və rayonlarında cavabdeh şəxslərlə bağlı belə tədbirlər daha çox tətbiq edilmişdir. Lakin müraciətlərin çox olduğu bəzi rayonlarda həmin məsələ dəfələrlə müzakirə olunsa da, heç bir intizam tənbehi tədbiri tətbiq edilməmişdir.

İstər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarında bu məsələlərin daha ətraflı müzakirə edilməsi nəzarət işinin daha da yaxşılaşdırılması üçün təsirli vasitədir və bundan geniş istifadə olunması hər bir məmurun məsuliyyətini artırardı.

Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, hər bir məmur heç də hamıdan yüksəkdə durmadığını başa düşməli, xalqın iradəsinin icraçısı olduğunu, bir sözlə, cəmiyyətin, dövlətin onun üzərinə böyük məsuliyyət qoyduğunu dərk etməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə həmin məsələyə bir daha qayıdaraq bildirmişdir: "Hamı bilməlidir ki, dövlət əleyhinə fəaliyyət göstərməyə, əsassız iddiada olmağa, yaxud da qanunsuz yolla varlanmağa heç kimə icazə verilmir. Buna görə həm nəzarət, həm də inzibati tədbirlər və ciddi cəza tədbirləri tətbiq olunmalıdır. Xüsusilə 2009-cu ildə və ondan sonrakı illərdə bu siyasət davam etdiriləcəkdir".

Vətəndaşların problemlərinin daha ətraflı və dərindən öyrənilib həll edilməsində nəzarət işinin vacibliyi nəzərə alınaraq bu işə diqqət gücləndirilməli, hər bir müraciətə mahiyyəti üzrə baxılıb həll edilməsi təmin olunmalıdır.

 

Qəbul vətəndaşın ümid ünvanıdır

 

Vətəndaşlar yazılı müraciətlərinə cavab almadıqda, yaxud yaşayış yerində və ya iş yerində öz problemini həll edə bilmədikdə, ilk növbədə daha yüksək vəzifəli şəxsin qəbuluna yazılaraq dərdlərini bölüşmək, konkret cavab almaq istəyirlər. Ona görə də qəbula gəlmiş hər bir vətəndaşa qayğı ilə yanaşılmalı, diqqətlə dinlənilməli və probleminin həllinə imkan dairəsində kömək göstərilməlidir.

Ötən il Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Vətəndaşların qəbulu otağına müraciət edən vətəndaşların sayı 2007-ci ilə nisbətən 3 min nəfər az olmuşdur.

Yazılı müraciətlərdə olduğu kimi, şifahi müraciətlərdə də daha çox məhkəmə və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti, özəl tikinti şirkətlərinin fəaliyyəti, habelə müxtəlif məişət məsələləri qaldırılır.

Keçən il respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında son zamanlar yaranmış müsbət təcrübədən geniş istifadə edilmişdir. Respublikanın rayon mərkəzlərində, şəhər və qəsəbələrində keçirilən səyyar qəbullarda aktual məsələlər hər bir məhəllənin, qəsəbənin və kəndin sakinlərinin iştirakı ilə müzakirə olunmuş, vacib problemlərin həlli üçün tədbirlər görülmüşdür. Bu baxımdan Gəncə şəhər, Daşkəsən, Qəbələ, Tərtər və digər rayon İHB-lərinin müsbət işini qeyd etmək olar.

2008-ci ildə respublikanın şəhər və rayon icra hakimiyyəti aparatlarında bütövlükdə 200 mindən çox vətəndaş, o cümlədən icra hakimiyyəti başçıları tərəfindən 100 minədək vətəndaş qəbul edilmişdir.

Respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarında isə cəmi 380 mindən artıq şəxs, o cümlədən mərkəzi aparatlarda 60 mindən artıq vətəndaş qəbul edilmişdir.

Bunlara baxmayaraq, vətəndaşların qəbulunda hələ bir sıra qüsurlara yol verilir. Yerlərdə laqeydliklə qarşılaşan bəzi vətəndaşlar Prezidentin İcra Aparatının struktur bölmələri rəhbərlərinin qəbulunda olmaq barəsində yazılı müraciətlər edirlər. Keçən il Prezidentin İcra Aparatına daxil olan yazılı müraciətlərin 1,8 faizi bu mövzuda olmuşdur. Qəbulla bağlı ərizələrin 25 faizinin Bakı şəhərindən olması burada vətəndaşların qəbulunun lazımınca təşkil edilmədiyini göstərir. 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Vətəndaşların qəbulu otağında şöbə tərəfindən aparılmış araşdırmanın nəticələri bunu bir daha təsdiq etmişdir. Bəzi şəhər və rayonlardan, o cümlədən Ağsu, Astara, Balakən, Biləsuvar, Gədəbəy, Göyçay, Kürdəmir, İsmayıllı, Lerik, Lənkəran və Yevlaxdan da bu mövzuda yazılan müraciətlər çox olmuşdur.

Qəbuldan danışarkən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul cədvəlləri və onlarda qəbulun təşkili məsələlərinə də qısaca toxunmaq istərdik.

Təhlillər göstərir ki, qəbulların təşkilində və qəbul cədvəllərinin tərtibində müəyyən çatışmazlıqlar da vardır. Lənkəran, Naftalan, Yevlax, Ağsu, Binəqədi, Xaçmaz, İmişli, Kəpəz, Qaradağ, Qobustan, Qusar, Sabirabad, Samux şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında qəbulların təşkili zamanı həftənin bütün günləri nəzərə alınmamış, yaxud əlaqə telefonları göstərilməmişdir. Bakı şəhər, Sabunçu, Yasamal rayon, Gəncə şəhərinin Nizami rayon icra hakimiyyəti aparatlarında qəbul günləri və saatları məhdudlaşdırılmışdır.

Yaxşı olardı ki dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşların qəbulunu müvafiq qanunvericiliyə uyğun olaraq təşkil etsinlər, vətəndaşları əvvəlcədən məlumat verilən günlərdə və saatlarda, zəruri hallarda isə dərhal qəbul etsinlər.

Qəbul günləri barədə vətəndaşlara əvvəlcədən məlumat verilməli, qəbul saatlarına məhdudiyyət qoyulmamalı, qəbul günləri bazar və bayram günlərinə salınmamalı, qəbula yazılma qaydası vətəndaşlara ətraflı izah edilməlidir.

 

"Mənə arayış verin..."

 

Vətəndaşların dövlət qurumlarına, idarə, təşkilat və müəssisələrə daha çox müraciət etdikləri məsələlərdən biri də müxtəlif arayışların və sənədlərin verilməsi barəsində olur. Xüsusilə pensiya, təqaüd, varislik və sair məsələlərlə bağlı müraciətlərə çox təsadüf edilir. Bu baxımdan sənədlərin qorunması hər bir vətəndaşın həyati maraqları üçün vacib olduğu kimi, dövlət orqanlarının işini asanlaşdırmaq cəhətdən də mühüm rol oynayır. Eyni zamanda, bugünün sənədləri tarixi baxımdan illər keçdikcə daha böyük əhəmiyyət kəsb edir və xalqımızın keçmişini öyrənmək üçün bu sənədlər həmişə ilkin və etibarlı mənbə olacaqdır. Bu işin səmərəsi kargüzarlığın düzgün aparılmasından və arxiv işinin mövcud qanunvericiliyə uyğun təşkilindən asılıdır. Bu sahədə hər bir qurumda fəaliyyət göstərən sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyalarının üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev xalqımızın tarixinin və mədəniyyətinin qorunmasına böyük qayğı göstərir. Məhz bu diqqət və qayğının sayəsində keçən il Milli Arxiv İdarəsinin ən müasir avadanlıqla təchiz edilmiş yeni binası istifadəyə verilmiş, bir çox şəhər və rayonlarda yerli arxivlər daha geniş və yararlı binalara köçürülmüşdür.

Son illərdə şöbəmizin səyləri ilə sənədlərin qorunması və arxivə təhvil verilməsi işinə nəzarət güclənmiş, keçmiş xalq deputatları sovetlərinin, daha sonra İHB-lərin qəsəbə və kənd nümayəndəliklərinin sənədlərinin yerli arxivlərə verilməsi təmin olunmuşdur.

Bununla yanaşı, sənədlərin arxivə vaxtında təhvil verilməməsi, arxiv işinin tələblərinə riayət edilməməsi üzündən bəzən onların saxtalaşdırılması, yaxud itirilməsi hallarına təsadüf edilir. Belə faktlardan biri Göygöl Rayon Dövlət Arxivində aşkar edilərək lazımi tədbir görülmüşdür.

Bəzən vaxtilə idarəetmə sistemində aparılan islahatlar nəticəsində ləğv olunmuş, yaxud özəlləşdirilmiş bir sıra idarə, müəssisə və təşkilatların sənədlərinin təhvil verilmədiyi aşkar olur. Məsələn, keçmiş Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin bəzi müəssisələrinin sənədlərini tapmaq mümkün deyildir. Çünki onlar vaxtında arxivə təhvil verilməmişdir.

2008-ci ildə Milli Arxiv İdarəsində 2315 vətəndaşa, o cümlədən vaxtilə Azərbaycan vətəndaşı olmuş, indi isə xaricdə yaşayan şəxslərə keçmiş fəaliyyətləri ilə bağlı arayışların verilməsi mümkün olmamışdır. Unutmaq olmaz ki, bu sahədə qabaqcıl dünya təcrübəsi əsasında hələ çox iş görülməlidir. Yəqin ki, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında gələcəkdə daha kompakt və operativ istifadə edilə bilən elektron arxivlər yaradılması barədə indidən ciddi düşünməlidirlər. Bu cəhətdən Dövlət Sosial Müdafiə Fondunda yaradılmış məlumat bazasını və arxivi müsbət qiymətləndirmək olar.

Hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında kargüzarlıq işinin müasir tələblər səviyyəsində qurulması həm idarəetmə işinin daha yaxşı təşkil edilməsinə, həm də sənədlərin daha etibarlı qorunmasına xidmət edəcəkdir.

 

 

Azərbaycan.-2009.-13 fevral.-S.5-7.