İnteqrasiya və biz

 

Bu gün dünya yeni "inteqrasiya dalğasını" yaşayır. XXI yüzilliyin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suveren dövlətlərin inkişafına onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir. Azərbaycanda da yaxın və uzaq əhatədə gedən sürətli inteqrasiya proseslərinin dərin təhlilinə, ölkəmizin milli təhlükəsizliyinə və perspektivlərinə, yeni geosiyasi reallıqda başlıca inkişaf vektorlarının seçiminə, Avropa və MDB ölkələri ilə dəyişən şəraitdə qarşılıqlı münasibətin və əməkdaşlığın optimal formatının müəyyənləşməsinə olan zərurət bu proseslərin elmi əsaslandırılmış konsepsiyasının olmasını tələb edir .

"Böyük Avropa"nın 2001-ci ildən tərkib hissəsi olan Azərbaycanda inteqrasiyanın milli strategiyasını - demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatının formalaşdırılması, ümumi şəkildə deyilsə, ölkəmizlə Avropa arasında ümumi dəyərlərin, təmas nöqtələrinin müəyyənləşdirilməsi təşkil edir. Buraya həmçinin Avropa və dünya ilə ümumi- iqtisadi, siyasi, elmi, informasiya, mədəniyyət, daxili və xarici təhlükəsizlik məkanlarının formalaşdırılması da bilavasitə daxildir.

İnteqrasiya probleminin dünya inkişafının konkret təcrübi reallığı səviyyəsindən, dövlətlərin daxili və xarici siyasətindəki dönüş nöqtələrini müəyyən edən həyati vacib məsələ kimi nəzəri təhlil səviyyəsinə qədər genişlənməsi son yarım əsrdə aşkar müşahidə olunan meyillərdən birinə çevrilmişdir. Bu baxımdan qeyd etmək vacibdir ki, inteqrasiya məsələlərinin bu gün dünya inkişafının mövcud yeni reallıqları və perspektivləri işığında təhlili son dərəcə aktuallıq kəsb edir.

Bugünə qədərki inteqrasiya proseslərinin müzakirəsinin nəticələrini ən ümumi şəkildə səciyyələndirməyə çalışsaq, deyə bilərik: beynəlxalq inteqrasiya prosesləri son dərəcə çoxşaxəli, rəngarəng məzmunlu fenomendir. Onun konkret mükəmməl ifadəsinin indiyə qədər formalaşmamasının səbəbini məhz prosesin ifadə etdiyi fövqəlmürəkkəb hadisə, faktlar və ziddiyyətli, bəzən bir-birini istisna edən şərhlər və nəzəri mövqelər şərtləndirir. Bunu problemin təhlilində müxtəlif mövqe, yanaşma, dəyərləndirmə və proqnozların ümumi mənzərəsinə qısa nəzər salmaqla da aydın müşahidə etmək olar. Onu da qeyd etmək vacibdir ki , inteqrasiyanın mürəkkəb məzmununun təhlili bir neçə elmi nəzəriyyənin - siyasi, iqtisadi, hüquqi, mədəni və s. araşdırmaların qovuşuğunda kompleks tədqiqat aparılmasını zərurətə çevirir.

Müasir dünyada inteqrasiya ideyasının və inteqrasiya ənənələrinin reallığa çevrildiyi Avropa modeli XX əsrin ikinci yarısının ən möhtəşəm sosial fenomeni hesab olunur. Onun tarixinə, inkişaf qanunauyğunluqlarına, mümkün nəticə və perspektivlərinin təhlilinə yüzlərlə tədqiqat həsr olunmuşdur. Bununla belə Avropa birliyində inteqrasiya proseslərini müşayiət edən ziddiyyətlərin dəf edildiyini, indi və gələcəkdə gözləyən çətinliklərin isə artıq tarixdə qaldığını hələ də heç kim qətiyyətlə söyləyə bilməz. Əksinə inteqrasiyanın irəliyə doğru atılan hər bir addımında onun daha miqyaslı və daha mürəkkəb problemlər dairəsini şərtləndirdiyini əminliklə demək olar. Bu da bütövlükdə Avropada inteqrasiya modelinin, o cümlədən də bu prosesə xas olan unikal xüsusiyyətlərin əvvəllər müşahidə olunmayan təzahürlərini aşkara çıxarmış, inteqrasiya modellərinin bu vaxtadək qarşılaşmadığı yeni situasiyanın formalaşmasına gətirib çıxarmışdır. Bu və ya digər məsələlər hər şeydən əvvəl inteqrasiyanın anlayış, ideya və proses kimi mahiyyətinə dair aydın təsəvvürlər sisteminin, yekdil qənaətin, ümumən qəbul edilmiş inteqrasiya nəzəriyyəsinin müəyyənləşməsini çox aktual edir.

"İnteqrasiya"nın ideya və anlayış kimi etimoloji mənasının kifayət qədər anlaşıqlı olması şəraitində, onun nəzəriyyə səviyyəsində şərhlər müxtəlifliyini doğurması, əlbəttə ki, paradoksal məqamdır. Öz növbəsində bu da onu göstərir ki, inteqrasiya söz və ideya kimi müstəvidən, real əməkdaşlıq modelinə və inkişaf paradiqması müstəvisinə keçid alandan sonra onun məna (nəzəri və təcrübi) mürəkkəbliyi dərk edilməyə başlanmışdır. Misal kimi, MDB-nin beş ölkəsində eyni vaxtda - siyasətçilər, hüquqşünaslar, iqtisadçılar, KİV icmalçıları, iri şirkətlərin menecerləri və ictimaiyyət arasında keçirilən rəy sorğusu gedişində məlum olmuşdur ki, hətta peşəkar mütəxəssislər arasına belə "inteqrasiya" sözünün mənasında qeyri-müəyyənlik dərəcəsi həddindən çoxdur. Əksəriyyət bunu sadəcə iki ölkə arasında mübadilə, əməkdaşlıq kimi başa düşür. İnteqrasiya latın dilində "integer"- "bütöv,- bütövləşmə" deməkdir, əslində sözün etimologiyası inteqrasiyanın siyasi proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. "İnteger" sözündən yaranan "inteqratio" sözü də latın dilində "bərpa, tamamlanma" mənasını verir. Dünya tarixində inteqrasiya anlayışının geniş tətbiqindən daha əvvəl inteqrasiya ideyası yaranmışdır. İnsanların birlik, sabitlik şəraitində yaşamaq arzuları mütəfəkkirlər, siyasətçilər tərəfindən mükəmməl ideya kimi izahını tapmış, nəzəri ifadə olunmuşdur. Avropa məkanında birlik və inteqrasiya ideyası da başlanğıcından bugünə paradoksal təzahürlərə malik olmuş, reallaşması üçün paradoksal əks məzmunlu tarixi proseslərdən keçmişdir. İlkin dönəmlərdə birləşmənin yolunu müharibə meydanlarında, savaşla imperiyalar yaratmaqda görənlər üstünlük təşkil etmişdir (Böyük Karl və Müqəddəs Roma imperiyasından tutmuş Napoleon dövrünün Fransa imperiyasına qədərki mərhələ).

İnteqrasiya ideyasının tarixi təkamülü, bəşəriyyət üçün bir çox mütərəqqi, ictimai-siyasi nəzəriyyələrin vətəni olan Avropa məkanında davam etmişdir və nəhayət, XX əsrin ikinci yarısında xalqların mədəni-mənəvi, sivilizasion-dini kökləri baxımından təbii-tarixi yaxınlığı kimi təməl üzərində barış və sülh məkanı kimi dünyaya tanıdılan Avropa beynəlxalq inteqrasiyasının beşiyinə, vətəninə çevrildi. Həmin dövrdən bugünə Avropa bütün dünyada inteqrasiya meyillərinin fundamental stimulu, örnək modeli kimi çıxış etməyə başladı. Əsrlər boyu davam edən Avropadaxili iqtisadi-ticarət əlaqələri burada beynəlxalq nəqliyyat, maliyyə infrastrukturunun şaxələnməsini şərtləndirdi. Ölkələr arasındakı nisbətən qısa "iqtisadi məsələlər" isə milli iqtisadi sosial, hüquqi sistemlərin bir-birinə qovuşmasını sürətləndirdi. Yaşanılan İkinci dünya müharibəsindən sonrakı sülh və sabitlik, birlik arzusu əlverişli coğrafi amillərlə yanaşı, qarşılıqlı münasibətlərdəki ümumi siyasi ab-havanın optimal məcraya yönəlməsini şərtləndirdi. Birləşmiş Avropanın uğurları yeni yüzillikdə onun ümumdünya iqtisadi və sosial tərəqqisinin lideri olacağını güman etməyə əsas verir.

Bu gün demokratik və azad dövlətlərin möhkəm birliyi kimi Avropa faktiki olaraq vahid iqtisadiyyat sisteminə, müasir dünyanın əsas investisiya mərkəzinə, balanslaşdırılmış sosial siyasətə malik olmaqla beynəlxalq münasibətlərdə çox mühüm rol oynayır. Avropa Komissiyasının sədri J.M.D.Barrozu bu barədə qeyd edir: "Avropanın formalaşmaqda olan yeni dünyada rolu barədə mən belə düşünürəm: birincisi, AB şübhəsiz ki, qlobal subyektdir. İkincisi, AB özünün spesifik xarici siyasətini həyata keçirir. Mən bunu səmərəli, çoxtərəfli yanaşma adlandırıram. Üçüncüsü, öz spesifik təbiəti sayəsində AB ən müxtəlif mənbə və xarakterli çağırışlara cavab verə bilən çoxşaxəli xarici siyasət mexanizmlərinə malikdir. AB dünyada ən böyük ümumi bazara və ÜDM-a malikdir". (J.M.D.Barrozu. ES i formiruöhiysə miroporədok: vospriətie i strateqii. M.2007, s.17).

İnteqrasiya proseslərinin intensiv şəkil aldığı vaxtdan etibarən müxtəlif dövrlərdə müxtəlif templərlə davam etmiş, çeşidli amillərlə şərtlənmişdir. Bəzən daha sürətlə, bəzən isə ləngiyərək müxtəlif çətinliklərlə şərtlənmişdir. Bu baxımdan inteqrasiyanın mərhələlər üzrə izlənilməsi, problemə uğurların təhlili ən müxtəlif nəzəri-konseptual şərhlərin meydana çıxmasına səbəb olmuşdur. Bir mərhələdə təklif edilən, optimal hesab edilən konsepsiya növbəti mərhələ üçün məqbul olmamış, yeni yanaşmalara təkan vermişdir. Nəticədə bu gün bütöv bir beynəlxalq inteqrasiya nəzəriyyələri kompleksinin formalaşmasından danışmaq olar. Bu nəzəriyyələr problemə politoloji yanaşmalar kimi səciyyələndirilir. Belə ki, inteqrasiyanın erkən-iqtisadi amillərlə şərtlənən mərhələsi ilə müqayisədə növbəti, daha yüksək - siyasi inteqrasiya mərhələsinə qədəm qoyması zərurəti tamamilə yeni, ziddiyyətli məsələləri aşkara çıxardı. Bugünə qədər həll edilmədiyindən bunlar Avropa inteqrasiyasının "dilemmaları" səciyyəsini almışdır.

İnteqrasiyanın politoloji konsepsiyalarında iqtisadi amillərə də mühüm əhəmiyyət verildiyi üçün onları siyasi-iqtisadi yanaşma da adlandırmaq olar. Mövcud mövqelərin müxtəlifliyi hətta "inteqrasiya" termininə verilən fərqli şərhlər səviyyəsində də müşahidə olunur. Anlayışın lüğətdə izahına görə "inteqrasiya- ETT-nin sürətləndirdiyi ictimai həyatın bütün sahələrində baş verən internasionallaşma bazasında inkişaf edir, dövlətlərin və xalqların qarşılıqlı asılılığını artırır". (Politiçeskiy Gnüiklopediçeskiy slovarğ. Obş. Red. İ sost. Ö.İ.Averğənov. -M. 1993, s.122). Əksər şərhlərdə prosesin təməlində hər şeydən əvvəl, iqtisadi amillərin durması vurğulanır: "Beynəlxalq inteqrasiya prosesləri - ümumdünya əmək bölgüsü prosesi olub, mikro və makro səviyyələrdə ticarət və sairə mübadilə münasibətləri ilə şərtlənmişdir. (Zaqlədıvaə v 21-y vek: ES i SNQ. -M, 1998, st.79). Beləliklə, inteqrasiya - "ölkələrin ardıcıl şəkildə bir-birinə "açılmasının" nəticəsi olub, onların pillə-pillə bütöv bir məkanda bir araya gəlməsi, zaman keçdikcə yeni, daha səmərəli iqtisadi orqanizmdə strukturlaşmasını ifadə edir". (yenə orada, s. 83).

Qərbi Avropada inteqrasiyanın erkən mərhələlərində "federalizm və funksionalizm" konsepsiyaları təşəkkül tapdı. İnteqrasiyanın federalist modelinin müəllifi Avropa federalist hərəkatının lideri italiyalı A.Spinelli olmuşdur. Onun fikrinə görə, yalnız bu model bütün Avropanın uğurlu birliyini təyin edə bilər. (Bax: Alteiro Spinelli and the strategy for the United Stades of Europe // Readings on the theory and practice of European İntegration. 1994. p. 63-75).

Təməlini federalizm prinsipi təşkil edən bu nəzəriyyəyə görə inteqrasiya milli dövlətə və dövlətlər birliyinə "qovuşmağa" səy göstərmədən də ittifaq yaratmağa imkan verir. Bütövlükdə avtonom olaraq qalan milli dövlət səlahiyyətlərinin bir qismini ümumi qurumlara həvalə edir.

Federalizmin klassiki sayılan K.Uierə görə üç müddəaya əməl edilməlidir: 1) federal konstitusiya milli dövlət fövqündə, ondan yüksəkdədir; 2) konstitusiyanın da birtərəfli dəyişilməsi mümkün deyil; 3) konstitusiyanın qarantı bitərəf, müstəqil orqan, məsələn, Konstitusiya və ya Ali Məhkəmə ola bilər. (K.Wheare Federal Government.-Oxford, 1963, sh. 1.).

"Funksionalizm" nəzəriyyəsi bundan fərqli olaraq, beynəlxalq münasibətlər sisteminin yeniləşməsi və transformasiyasının alternativ modelini təklif edir. Onun müəllifi D.Mitrani "funksional alternativin" əsas məqsədini "ümumdünya birliyi" kimi görür. (European Gntegration : theories and approaches .. p.8).

Avropada inteqrasiyanın böyük uğurlarla müşayiət edildiyi mərhələdə (XX əsrin 60-70-ci illəri) "neofunksionalizm" təşəkkül tapdı. Artıq inteqrasiyanın labüd, dönməz bir proses olduğu aşkar həqiqətə çevrildiyi üçün neofunk sionalistlər: E.Haas, L.Lindberq və A.Etsioni inteqrasiya praktikası olan milli dövlətlərin üz funksiyalarının bir qismini fövqəlmilli institutlara həvalə etməsinə doğru könüllü addım atmalarının labüd olacağını vurğulayırdılar. Bunun səbəbi kimi, iqtisadi əməkdaşlığın siyasi tənzimləmə institutlarını zəruri edən vəziyyəti doğurması ilə izah edirlər. Neofunksionalizmə görə konkret insanların tələbatları və ictimai rifah, dövlətin müqəddəsliyi və hər hansı əsas ideologiya ilə müqayisədə prioritet hesab olunmalıdır. Bu nəzəriyyədə dövlətin tənqidi iki müddəaya əsaslanır: 1) Dünyaya milli dövlət prizmasından baxılması sistemli inkişafın qlobal perspektivlərini məhdudlaşdırır: 2) Dünyaya bir-birindən ayrı mövcud olan suveren dövlətlərin formal cəmi kimi baxmaq düzgün deyil, dövlətlərin qarşılıqlı maddi asılılığını nəzərə almaq zəruridir (D.Mitrani. Proqress internaüionalğnoqo qosudarstva. M. 2003, s.136). Bu müddəalardan çıxış edildikdə neofunksionalizm inteqrasiya prosesinin praktiki mexanizmlərini təklif etməyə cəhd edirdi:

1) İnteqrasiya siyasətin ali hesab olunan məsələlərindən başlamalı, eyni zamanda iqtisadiyyatın həlledici sahələrini də əhatə etməlidir.

2) Milli dövlətdən maksimum müstəqil olan və sonrakı inteqrasiyanın fəal iştirakçısına çevrilə bilən müvafiq idarəetmə orqanı yaradılmalıdır.

3) Sürətli inteqrasiya yaxın sahələrə də öz "təzyiqini" göstərir, inteqrasiyanın genişlənməsinə səbəb olur.

4) İnteqrasiya proseslərinin genişlənməsi və dərinləşməsi ümumi institutların yaranmasına səbəb olur və beləliklə, siyasi inteqrasiya iqtisadi əməkdaşlığın nəticəsi kimi çıxış edir. "Yalnız iqtisadi fayda əldə etmək prinsipi, illüzor qənaətdir çünki dərin ideoloji və fəlsəfi köklərə dayaqlanmır",- neofunksionalist E.Haasın gəldiyi nəticə belə idi. (The political dynamics of European Economic İnteqration.-Stanford ,1973 s.1).

Fövqəlmilli siyasi birliklərin yaranması müasir beynəlxalq həyatın səciyyəvi vəhdətidir. Buna görə də inteqrasiyanın iqtisadi aspekti yalnız daha yüksək məqsədə - siyasi inteqrasiyaya xidmət etdikdə əhəmiyyət kəsb edir. Siyasi müstəviyə keçid müəyyən müqəddəm şərtlərin mövcudluğunu tələb edir: əvvəla dövlətüstü (fövqəlmilli) qurumlar mövcud olmalıdır; ikincisi, bu qurumlar sosial və iqtisadi proseslərə təkan vermək üçün səlahiyyətlərə malik olmalıdır; üçüncüsü, dövlət öz maraqları ilə inteqrasiya missiyası arasında qarşılıqlı bağlılığı görməlidir. Kifayət qədər iqtisadi inkişaf, plüralist sosial struktur və ortaq ideoloji prinsiplər mövcud olarsa, inteqrasiya blokları yaradıla bilər. Neofunksionalistlər (E.Haas, P.Şmitter, L.Lindberq və s.) hesab edirlər ki, dünyada mövcud olan inteqrasiya bloklarında yalnız Avropa Birliyi siyasi inteqrasiya potensialına malikdir. Digərləri azad ticarət zonasından artıq nə isə yaratmağa malik deyildir.

Beynəlxalq inteqrasiya nəzəriyyələri içərisində "kommunikativ konsepsiya çox geniş yayılmışdır. ABŞ politoloqu K.Düyz konsepsiyasında dünya birliyinin yekdil qəbul edə biləcəyi mütləq, universal inteqrasiya qanununun olmasını qeyri-mümkün hesab edir. "Millətçilik və sosial kommunikasiya" əsrində K.Düyz milli dövlətləri inteqrasiya iştirakçısı olmasını zəruri edən qarşılıqlı təsir-kommunikasiya faktorunu önə çəkdi. Hər bir xalq özünəməxsus kommunikativ potensiala malikdir. Bu özünü tarixən formalaşan kollektiv yaddaş, adət-ənənə və simvollarda büruzə verir. "Daimi kommunikasiya prosesi müəyyən güzəştlərə getməyi şərtləndirir". (K.Deutsch. Nationalism and Sosial Communication-Cambridge,1966 p.8).

"Kommunikasiya konsepsiyası" başqa cür "plüralist" və ya "transaksio nalist" ("transaction"- latın dilində "saziş, müqavilə, razılaşma") yanaşma kimi də mövcuddur. Beynəlxalq siyasət və milli dövlət münasibətlərinin əsas qayəsi, K.Döyça görə, təhlükəsizlik və sabitlik mühitinin yaradılmasıdır. Belə mühitdə problemlərin həlli üçün hərbi qüvvə tətbiqi imkanı minimuma endirilir. "İnteqrasiya - müəyyən məkan hüdudlarında, dövlətlərarası münasibətlərin sabitlikdən inkişafını təmin edən institutların ümumi birlik hissinin formalaşması kimi mövcud olur". (Baranovskiy V.Q. Politiçeskaya inteqrasiya v Zapadnoy Evrope. Nekotorıe voprosı teorii i praktiki. M, 1983, s.55)

Kommunikasiya nəzəriyyəsinin əvvəlkilərlə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir. Onun qüsurlu cəhəti isə təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir. Digər tərəfdən təhlükəsizliyin həddən artıq qabardılması inteqrasiyanın son dərəcədə zəngin məzmun əhatəsini daraldır.

İnteqrasiyanı "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil edən "dirijizm" (Yan Tinbergen ) nəzəriyyəsi də mövcuddur. Y.Tinbergenə görə neqativ inteqrasiya yalnız vahid iqtisadi məkan yaratmağa mane olan bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutursa, pozitivli inteqrasiya siyasi-iqtisadi proseslərin tənzimlənməsinin vahid qurumlarının yaradılmasına istiqamətlənmişdir. (Tinberqen Ə. Teoriə ekonomiçeskoy politiki. M, 1952, s.92).

"Konstruktivist" inteqrasiya nəzəriyyəsi dövlətlərarası əməkdaşlığın sosial aspektini ən vacib amil kimi önə çəkir. Dövlətlərin sosial maraqları elə sahədir ki, burada fikir ayrılığı, demək olar ki, minimum səviyyədədir. Avropa Birliyi məhz sosial dövlət quruluşu nümunəsidir. İdeya baxımından kommunikasion yanaşma ilə yaxınlıq təşkil edən bu nəzəriyyə inteqrasiyanı qlobal proses kimi qəbul edir. Regional inteqrasiya bunun tərkib hissəsidir.

İnteqrasiya proseslərinin praktiki təhlili baxımından AB modelinin nəzəri ümumiləşdirilməsi olan "mərhələli beşpilləli inkişaf konsepsiyası" çox geniş yayılmışdır. Beşpilləli sxemə görə (azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi maliyyə ittifaqı, siyasi inteqrasiya) hər növbəti pillə əvvəlki kimi obyektiv məntiqi davamı ərsəyə gətirir. İnteqrasiyanın istiqaməti - iqtisadi birlikdən siyasi ittifaqa doğru yönəlmişdir.

Lakin XX əsrin sonu ilə XXI əsrin əvvəllərində beynəlxalq praktika, gerçək inteqrasiya proseslərinin öz daxili ziddiyyətlərinə görə bu qədər ardıcıl və rəvan getmədiyini aşkara çıxardı. 90-cı illərdə Şimali Amerikada, Latın Amerikasında, Afrika, Avrasiya - Sakit okean bölgəsində yaradılan çoxsaylı regional bloklar, vahid iqtisadi məkan və dövlət maraqlarının müxtəlifliyini tam qabarıqlığı ilə üzə çıxardı. Regionlaşma, beşpilləli sxem müəlliflərinin düşündüyü kimi, qlobal inteqrasiyanın pilləsi deyil, ona simmetrik olan mürəkkəb bir inkişaf meyili olduğunu göstərdi. Regional inteqrasiyanın prinsiplərinin Avropadakı modeldən əhəmiyyətli dərəcədə fərqləndiyi məlum oldu.

"Dövlətlərarası yanaşma", inteqrasiya proseslərində dövlətin rolunun alternativsiz olduğunu israr etməklə, neofunksionalizmin tənqidi təhlilini verən konsepsiyadır. Həmin cərəyanın əsas rəqibi kimi "dövlətlərarası yanaşma milli dövlətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiyyətlərinin heç bir quruma verilmədiyini mütləq prinsip kimi vurğulayır. Dövlətin inteqrasiya proseslərində rolu alternativsizdir. Birincisi ona görə ki, formal, suveren inteqrasiya həmişə qeyri-formal inteqrasiyadan daha önəmli əhəmiyyətlidir. İkincisi, yalnız suveren formal inteqrasiya sonrakı qeyri-formal qurumların təşəkkülü üçün bütün şəraiti yarada bilər." (Hansen R.European İntegration//World politics,vol. 21issue 2, 1969 p.17).

Dövlət qərar qəbulunun bütün səviyyələrdə həlledici subyektidir və bunu milli maraqlar arasında həyata keçirir. "Dövlətlərarası yanaşma" konsepsiyasının müəllifi S.Hoffman, konsepsiyanı dərinləşdirən digər alimlər: R.Hansen, E.Moravçik, A.Milvord belə ümumi bir müddəadan çıxış edir ki, inteqrasiyanın həlledici iştirakçıları milli elitalar olduğu üçün onlar milli dövləti hər vəchlə möhkənləndirməyə çalışırlar. Əgər dövlət müəyyən səlahiyyətləri ötürürsə də, bu yalnız milli inkişafda uğurlar əldə etmək məqsədini daşıyır. (Moravscik A. Preference and Power in the European Community 1993, p. 483).

İnteqrasiya nəzəriyyələrinin hamısında milli dövlət və onun yeni reallıqda funksiyaları mövzusu qırmızı xətt kimi keçir. Hətta, demək olar ki, suveren dövlətin roluna verilən şərhlər bu nəzəriyyələrin təşəkkülü və əsas fərqlərini şərtləndirmişdir. Bu baxımdan "dövlətlərarası nəzəriyyəsi" problemi daha konkret müstəviyə keçirməklə reallığa yaxın mənzərəni əks etdirir. A.Milvord bu qənaətinə görə, milli dövlət qərarları vakuum mühitdə qəbul etmir və inteqrasiya onu qlobal sistemdə rəqabətə davamlılığını təmin etməsi, resurslarını səfərbər etməsi üçün faydalıdır.

Dövlətüstü qurumlar olsa da, inteqrasiya siyasətində əsas prioritetlər seçimi yalnız milli dövlət səviyyəsində edilir və buna görə də bu gün dövlətin öz mövqelərini itirməsindən danışmaq tezdir. İnteqrasiyanın inkişafının dövlətlərarası səviyyələrdə qəbul edilən qərarlar, razılaşmalar müəyyən edir.

"Yeni institutsionalizm" konsepsiyası qarşılıqlı əməkdaşlıq münasibətlərində əsas vurğunu siyasi, iqtisadi, hüquqi, mədəni və s. fəallığın episentri olan institutların üzərinə keçirir. Onun müəllifləri K.Telen və S.Steynmoya görə institutlar nəinki inteqrasiyanın vasitəsidirlər, həmçinin inteqrasiya missiyasının aktorları kimi əvəzsiz rola malikdirlər.

"İnstitutsionalizm nəzəriyyəsi" geniş yayılmış, çoxşaxəli istiqamətlər doğurmuşdur. "Yeni instutsionalizm", " rasional instutsionalizm", "tarixi, sosioloji, hüquqi instutsionalizm" və s. kimi cərəyanlar bu nəzəriyyəni əhəmiyyətli müddəalara söykəndiyinə, real modellərin təhlilinə yönəldiyinə dəlalət edir və kifayət qədər geniş elmi paradiqma olmağa iddialıdır. Ümumi prinsip kimi bu yanaşmada institutların (birliklər, fondlar, qurumlar, mərkəzlər və s.) dövlətin ümumi maraqları və strategiya seçiminə dəstək olması, proseslərin daha intensiv getməsinə, xalqların bir-birini tanımasına yardım etməsi ideyasını göstərmək olar.

İnstitutlar çevik şəkildə qarşılıqlı proseslərin məsafə, dəyər, müddət, vaxt itkisi baxımından optimal meyarlarını müəyyənləşdirməklə dövlətə yardımçı olurlar. İnstutsionalistlər inteqrasiyada dövlətin prioritet rolunu qəbul edirlər.

Dünyada gedən inteqrasiya proseslərinin təhlilində son dövrdə yaranan yanaşma kimi "çoxsəviyyəli idarəetmə konsepsiyasını" qeyd etmək olar. ÇİK-nın yaradıcıları kimi K.Blank, Q.Marks, L.Houq tanınmışdır.

ÇİK müasir dünyanın inteqrasiya proseslərini nə dövlətin, nə də beynəlxalq münasibətlərin eyni olan tam fərqli proses kimi nəzərdən keçirir. İnteqrasiya prosesləri nəhəng sosial-siyasi sistemlərin təşəkkülünə gətirib çıxarır və belə sistemdə ayrılıqda heç bir aktor nə müstəqil qərar qəbul edə, nə də bu miqyasda lazımi səlahiyyətlərə malik ola bilmir. Çünki söhbət yeni reallıqdan, dinamik və fövqəlmürəkkəb mahiyyətli yeni sosial qlobal tənzimlənmədən gedir. Hədsiz çoxçalarlı idarəetmə səviyyələri, aktorların iyerarxiyası və siyasi qüvvələr nisbəti şəraitində hər aktor yalnız bir neçə müvafiq səviyyələrdə qərar qəbul edir, müxtəlif iştirakçı və səviyyələrdən əlavə dinamik dəyişən siyasət istiqamətləri, tənzimləmə sxemləri mövcuddur. Çoxsəviyyəli idarəetmədə inteqrasiyanın strukturu fövqəladə dinamizmə, üfüqi və şaquli müstəvilərdə asimmetrik tənzimləmə mexanizmlərinə malikdir (Bax: Christiansen T. Reconstructing European Space: from Territorial Politics to Multilevel Governance.1997.p.65).

Bəhs olunan modeldə dövlətin roluna münasibət aydındır. İstər fövqəlmilli, istərsə də submilli aktorların fəaliyyət sistemini dövlət özü müəyyənləşdirir. İnteqrasiya müxtəlif səviyyələrdə müstəqil siyasi aktorların qarşılıqlı siyasi məzmunu prosesidir. Bu mövqe nümayəndələrinə görə çoxsəviyyəli idarəetmə modeli dünyada yenicə təşəkkül tapmaqdadır. Ötən əsrin 80-90-cı illərindən ən inkişaf etmiş inteqrasiya bloklarında institusionallaşma mərhələsinə qədəm qoymuşdur. Məs. D. Ruqqiyə görə ÇİM-nin predmetini "postmodern beynəlxalq siyasi reallıq formaları"nın öyrənilməsi təşkil edir. AB-nin əsas xüsusiyyəti məhz çoxsəviyyəli siyasi hakimiyyət formalarının çoxçalarlılığı, dinamizmi, qeyri-müəyyənliyidir.

Sadalanan inteqrasiya nəzəriyyələrini əhəmiyyətli edən, onların müasir dövrün taleyüklü problemlərinə, dövlətlərin təhlükəsiz dünyada mövcudluğunun və səmərəli iqtisadi inkişafının təmin edilməsi məsələlərinin diqqət mərkəzinə gətirməsidir. Müasir milli dövlətin rolu, funksiyaları və gələcək taleyi problemlərini ciddi müzakirə etməsidir. Həm də göründüyü kimi, bütün qeyd olunan nəzəriyyələr inteqrasiyanı müsbət proses kimi qəbul edir. Gətirilən misallarda bütövlükdə inteqrasiya nəzəriyyəsinin əsas məsələsi aşkar görünür: Bu nəzəriyyələrin təhlil etdiyi proseslərin mahiyyəti və məqsədi nədən ibarətdir? Başqa sözlə, inteqrasiya prosesdir, yoxsa artıq nəticədir? Onun hərəkətverici qüvvəsi nədir: tarixən mövcud olan obyektiv ideya, subyektiv iqtisadi fayda, yoxsa siyasi maraqlar?

Bu məsələlərə münasibətdə bütün nəzəriyyələri birləşdirən əsas cəhət odur ki, təhlil predmetini suveren dövlətlərin dinc şəraitdə, iqtisadi-texnoloji baxımdan ümumi təməllər üzərində qarşılıqlı vəhdəti təmin edən birlik sisteminin qurulmasını dərk etməsi təşkil edir. Bunun hansı real modellərdə həyata keçirilməsinə isə müxtəlif yanaşmalar var. Əksər nəzəriyyələr dünyada mövcud olan konkret inteqrasiya modellərinin tədqiqi üzərində qurulur. Bu gün üçün ən inkişaf etmiş model isə AB-dir.

Nəzəriyyələrin icmalının yekunu kimi nə demək olar? Dünyada və Avropada inteqrasiya prosesləri nə qədər mərhələlər qət edirsə, o qədər yeni nəzəriyyə meydana gəlir və o qədər də çox fikir müxtəlifliyi yaranır. Həm də get-gedə inteqrasiya ən müxtəlif elmlərin təhlil predmetinə çevrilməkdədir. Nəticədə maraqlı bir "nəzəriyyələrin inteqrasiyası" paradoksu, problemi də yaranır. Çünki hər bir yanaşma ayrıca bir aspekt üzərində diqqət cəmlədiyi üçün onların heç biri inteqrasiyanın bütöv mənzərəsini yarada bilmir.

Belə olduqda bu gün heç bir nəzəriyyə bitkin inteqrasiya nəzəriyyəsi hesab edilə bilməz. Çünki inteqrasiya fasiləsiz, dünya birliyinin bütün sahələrinə nüfuz edən bir prosesdir. Hər mərhələdə inteqrasiyanın: prioritetlər, resurslar, vektorlar, mexanizmlər, prinsiplər, vasitələr və s. dinamikası baş verir. Məsələr, keçən əsrin ortalarından əsas prioritet dövlətlərin dinc yanaşı yanaşması idisə, son dövrdə qloballaşma proseslərinin intensivliyi ilə yaranan asimmetrik inkişaf meyili-regionallaşma, regional inteqrasiyanı önə çıxarmışdır.

Milli dövlətlər qlobal rəqabətdə davamlı mövqe tutmaq üçün regional iqtisadiyyatın potensialını artıran "tərəqqi, rifah zonaları", qurumlar yaradırlar.

İnteqrasiyanın bütün sahələrdə reallığa çevrilməsi üçün onun elmi əsaslandırılmış strategiyası olmalıdır. Bu baxımdan inteqrasiyanın yalnız mütləq müsbət xarakterli proses olduğunu qeyd edən nəzəriyyələr çoxluq təşkil edir. Əks mövqelərə çox az rast gəlinir. (Delğəqin M. Mirovoy krizis. Obhaə teoriə qlobalizasii. M.2003).

Məsələ prosesin lehinə və ya əleyhinə olan mövqelərdə durmaqdan deyil, Avropada gerçəkliyə çevrilən real modelin uğurları ilə yanaşı onun üzləşdiyi problemlərə də dərindən bələd olmaqdan gedir. Başqa sözlə, inteqrasiyanın uğuru bizim bu prosesə hansı bilgilərlə getməyimizdən də çox asılıdır.

Bu gün inteqrasiyanın konkret neçə cür modeli mövcuddur? Biz prosesə modelin hansı mərhələsində qoşulmuşuq? Həmin mərhələnin problemləri nədədir? Yalnız iqtisadi əməkdaşlıqla kifayətlənməli, yoxsa inteqrasiyanın bütün məkanlarında məskunlaşmalıyıq? İştirakçı subyekt kimi öz potensialımızı layiqincə dəyərləndirə bilirikmi? İnteqrasiyanın qarşılıqlı bəhrələnmə prosesi olması üçün onu necə yönəltmək olar? Modernləşmə və inteqrasiya eyni məzmunlu proseslərdirmi və ya onların hansı daha önəmlidir? Bu sualları mümkün qədər qısa cavablandırmağa çalışaq.

Dünyada mövcud olan inteqrasiya modellərinin tipologiyası və strukturuna bələd olmaq da, nəzəri konsepsiyaların təhlili qədər bəlkə daha çox önəmlidir. Bu bir tərəfdən inteqrasiyanı ənənəvi iqtisadi əməkdaşlıqla, ticarət ittifaqları ilə eyniləşdirmək kimi rast gəlinən mövqedən uzaq olmağa, digər tərəfdən isə real modellərin müxtəlifliyinin təməlində hansı amillərin durduğunu görməyə imkan verir. Ölkələrarası əməkdaşlığın tarixi çox qədimlərə, industrial inkişafa qədərki dövrlərə gedib çıxır. İnteqrasiya öz başlanğıcını XX əsrin ikinci yarısından bəşər inkişafının yeni siyasi, iqtisadi, sosial reallığa qədəm qoyması ilə götürmüşdür. Bu mənada inteqrasiya "klassik", "ənənəvi" başa düşülən anlamdan fərqli, "postindustrial" adlanan mərhələnin ilk beynəlxalq əhəmiyyətli nəhəng strukturlarının təşəkkülünü ifadə edir, müasir dövrün başlıca inkişaf meyli kimi dünyanın gələcək perspektivləri məhz bu proseslərdən asılıdır.

Hazırda mövcud olan modellər tipoloji baxımdan: regional inteqrasiya məqsədlərini daşıyan birliklər; beynəlxalq koordinasiya tipli fövqəlmilli hökumət təşkilatları (sayının 378 olduğu qeyd olunur); beynəlxalq qeyri-hökumət təşkilatları(11000-ə yaxındır) kimi fərqləndirilir.

 

 

(Ardı var)

 

Rəbiyyət Aslanova,

fəlsəfə elmləri doktoru,

professor, Milli Məclisin

İnsan hüquqları daimi

komissiyasının sədri

 

Azərbaycan.-2009.-13 fevral.-S.9.