İllər, pillələr, talelər

 

Bakıdan bir az aralı, şəhərin geniş qoynunda, "Binə qəsəbəsi" deyilən yerdə qədim, uca küknar ağaclarının əhatəsində Azərbaycan Milli Aviasiya Akademiyasının işıqlı pəncərələri sayrışır. Yeni memarlıq üslubunda tikilən dörd-beş mərtəbəli tədris ocaqları tələbələrin və müəllimlərin ixtiyarına verilib. Qısaca "Akademiya şəhərciyi" də deyirik. Burada çiynipaqonlu gənclərin - oğlanların və qızların timsalında həmişə ürəkaçan həyat qaynayır. Ətrafı yaşıllıqlara qərq olmuş idman meydançaları, sinif otaqları, parket döşəməli dəhlizlər əslində gözəllik sərgisidir. Hara baxırsan, sağlam gənclərdi: Müstəqil Azərbaycanın sabahkı təyyarəçiləri, şturmanları, dispetçerləri, təyyarə bələdçiləri və başqa ixtisas sahibləri yetişir. Azərbaycan dilində təhsil alırlar.

Ürəyim fərəh hissilə dolur. Çünki sıxıntısını çox çəkmişəm. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğum illərdə, Bakıya təyyarə ilə gedib-gələndə görürdüm ki, bir-iki azərbaycanlı təyyarəçi var. Azərbaycanca bilməyən azərbaycanlılar idilər. Adi təyyarə bələdçisi də yox idi. Təyyarənin Bakı aeroportuna enməsini, qalxmasını da rus dilində elan edirdilər. "Özümüzünkülər" də rusca danışırdılar.

İndi, suveren dövlətçiliyimizdə bu təyyarəçilərə, bu bələdçilərə azərbaycanca dərs deyən müəllimlərdən biri də mənəm. Azərbaycan ədəbiyyatından, dünya mədəniyyəti tarixindən mühazirələr oxuyuram.

Bütün bu yeni təlim-tərbiyə məsələlərinə rəhbərlik edən, başqa xalqların da dilinə, mədəniyyətinə böyük hörmət bəsləyən Milli Aviasiya Akademiyasının rektoru, yüksək insani keyfiyyətlərə malik akademik Arif Paşayevdir. O, ədəbi mühitdə yetişmişdir, böyük yazıçımız Mir Cəlal Paşayevin oğludur.

Arif müəllimin anası Püstə xanım danışırdı ki, biz Mir Cəlalla nikah kəsdirməyə gedəndə qabağımıza mərhum şairimiz Mikayıl Müşfiq çıxdı.

- Haraya belə? - üzünü Mir Cəlala tutub soruşdu.

- Gedirik nikahımızı kəsdirək, - o da gülümsəyərək cavab verdi.

- Mən də sizinlə şahid kimi gedirəm.

- Gedək. - Mir Cəlal sevinclə təklif etdi.

Püstə xanım deyirdi ki, Müşfiq Mir Cəlalın dostu idi. Biz "Kommunist" qəzetinin redaksiyasında işləyəndə (orada da Mir Cəlalla Püstə xanım tanış olublar - N.H.) Müşfiq gəlib-gedirdi. İndiki Nizami adına Ədəbiyyat Muzeyinin 1-ci mərtəbəsində şəkilçəkən var idi, Dilbərin şəklini pəncərənin arxasından asmışdılar. O qədər gözəl idi ki, biz qızlar da gedib ona baxırdıq. Dilbər Müşfiqin sevgilisiydi.

Mir Cəlalla Püstə xanım İçərişəhərdə övliya Mirmövsüm ağanın müqəddəs ocağına yaxın bir yerdə ev kirayə etmişdilər.

Toylarını Azərbaycanın böyük müğənnisi Cabbar Qaryağdıoğlu tar, kamança, qaval üçlüyü ilə aparıb. Qələm dostları Süleyman Rəhimov, Sabit Rəhman, Səməd Vurğun toyda dost sözü deyiblər, oynayıblar.

1934-cü il fevralın 15-də o müqəddəs qonşuluqda Mir Cəlalın ilk övladı - Arif Paşayev dünyaya göz açıb. Tanrının seyidə (Mir Cəlala) verdiyi bir ev dolu sevinc payı Arif olub!

Püstə xanım övladcanlı, ailəcanlı bir xanım idi. Anası Gözəl xanım da, bacısı Rəna xanım da yanında qalırdılar. Uşaqların hamısına (Arifə, Elmiraya, Hafizə, Ədibəyə, Aqilə - N.H.) demək olar ki, Gözəl xanım özü baxıb. Rəna xanımın da toyu bu evdə çalınıb.

Mir Cəlal onu qızlarından ayırmırdı. Rəna xanımın yoldaşı Cümşüdlə və Elmira xanımın yoldaşı, AMEA-nın müxbir üzvü, mərhum Tofiqlə, Ədibə xanımın yoldaşı mərhum Eldarla da mən bu mötəbər ailədə tanış olmuşam.

Mir Cəlalın sağlığında şəhərdəki evinə gedib-gəlirdim. Əvvəl aspirantı kimi, sonra da o ev mənim böyük qələm dostumun eviydi. Mir Cəlal dünyasını dəyişdi. Amma ailəyə elə isinişmişdim ki, yenə də xeyirdə-şərdə dəyirdim.

Evin ortasındakı iri, uzun və yaraşıqlı ipək süfrəli yemək stolu indiki kimi gözümün qabağındadır. Mən də o mehriban süfrədə əyləşərdim. Stolun baş tərəfi Mir Cəlalın fəxri yeriydi. "Ayaq tərəfdə" isə kiçik oğlu Aqil oturardı. Boyca hamıdan ucaydı. Mir Cəlal hərdən sataşardı ki, Aqil, ayağın ayağıma toxunur, o tərəfə elə. Gülüşərdik. Yumorla danışmaq Mir Cəlalın canındaydı. Mərhum Aqil də çox istedadlıydı, heyf, yazmadı. Çoxu dünyasını dəyişdi.

Əlbəttə, bu mənəvi sarsıntıların episentri Arif müəllimin ürəyindən keçirdi.

Mir Cəlal müəllimlə tanışlığım 1954-cü ildən başlayır. Məni Bakıdan Sovet ordusunda hərbi xidmətə aparmışdılar. "Salyanski kazarma" deyilən yerdə hərbi hissədəydim. Gəncədə Pedaqoji İnstitutu bitirib, Bakıya yenicə gəlmişdim. Şəhərdən bir az aralıda Balaxanı qəsəbəsində dərs deyirdim. İcazə alıb, Yazıçılar İttifaqına "Gənclər günü"nə gəlmişdim. Təzə şeirlərim var idi, oxumaq istəyirdim. Əsgər paltarımı dəyişməmişdim, paqonda, şineldə gəlmişdim. Şeirlərimi oxuyandan sonra qabaq cərgədə oturan Mir Cəlal müəllim məni təbrik edib, əlimi sıxdı. Başqa bir hörmətli yazıçımız Əyyub Abbasova dedi ki, yaxşı şeirləri var, kitabını buraxmaq olar. O vaxt kitab barədə düşünmürdüm. Amma mənim ilk "Qoca çobanın hekayəti" kitabımı mərhum Əyyub müəllim buraxdı. O vaxt "Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı"nda müasir ədəbiyyat şöbəsinin müdiri vəzifəsində işləyirdi. Əsgər şinelində Yazıçılar İttifaqında görüşümüzü Mir Cəlal müəllim sonralar mənim "Könlüm şeir istəyir" adlı kitabıma yazdığı müqəddimədə də xatırlayıb. Aspiranturaya qəbul olunana qədər də biz görüşürdük.

Mir Cəlalın evində kəsilən çörək ömür boyu insana bəs eləyir. Çünki halal müəllim, yazıçı əməyi ilə qazanılırdı. O süfrədə çörək kəsməyən tələbəsi yox idi. Elə bil tələbələrini bir-birinə çörəklə yaxınlaşdırır, çörəklə mehribanlaşdırır, özü də bundan mənəvi zövq alırdı. İndi görürəm, Arif müəllim də belədir. Tək olsa da (mərhum həyat yoldaşı Aida xanımı nəzərdə tuturam - N.H.) çörəyini tək yemir.

Akademik Arif Paşayev - içində intibah gəzdirən insandır. Onu həm ailədən tanıyıram, həm də artıq on iki ilə keçir ki, rəhbərlik etdiyi Milli Aviasiya Akademiyasında işləyirəm.

Sonuncu iş yerim - Mətbuat və İnformasiya Nazirliyi ləğv ediləndə (nazirin birinci müavini idim), mən də başqaları kimi işsiz qaldım. Ölkədə ictimai-siyasi quruluş dəyişmişdi. Arif müəllimin ortancıl qardaşı Hafiz müəllim mənə zəng elədi ki, get Arif müəllimin yanına, sənə sözü var. 1997-ci il idi. Hafiz Paşayev onda ABŞ-da Azərbaycanın səlahiyyətli səfiri vəzifəsində işləyirdi. Bakıya gəlmişdi. Qardaşlarda da atalarının tələbələrinə olan isti münasibəti gördüm.

Arif müəllim məni elə həmin gün Humanitar fənlər kafedrasına işə götürdü.

Mir Cəlal müəllim hələ o vaxt, mənim gənclik illərimdə şeirlərim barədə məqalə yazmışdı. "Nəriman" poemamı Səməd Vurğunun "Komsomol poeması", Mikayıl Müşfiqin "Mingəçevir" poemaları ilə müqayisə edib, qiymətləndirirdi.

Ustadın hekayələr kitabı haqqında mənim də məqaləm çıxmışdı, sonralar 60 illik yubileyini qəzet səhifələrində şeirlə təbrik etmişdim.

Tərcümeyi-halıma Mir Cəlal müəllim bələd idi. Məni Sovet dövründə kiminsə yerinə əsgərliyə də aparmışdılar. Sonralar "Poylu beşiyim mənim" poemamda Mir Cəlala bir neçə bənd şeir misraları həsr elədim. Bir bəndi belədir:

 

Hər papağın altda oğlum, bir oğul yatır,

Qullar elə bilirlər ki, orda qul yatır.

İstedadın köməyinə istedad çatır.

Dahilərin fəryadına insan lal olur,

O insan ki, insan olur - Mir Cəlal olur.

 

Mən akademiyaya gələndə onun həyətində kiçik, yastı kazarmalar var idi. Bu uzun yastı kazarmaların bir ucunda rektorun qəbul otağı, ortasında köhnə meşin qapılı mühasibat idarəsi, o biri ucunda isə həkim məntəqəsi yerləşirdi. Həyətində kərtənkələ də görmüşdüm. Müəllim də, tələbə də sinifdə donurdu. Məndən soruşanda ki, dərsin hansı otaqdadır? Zarafatla deyirdim ki, borular keçən sinif otağında. Boruların uzunluğuna və iriliyinə görə belə deyirdim.

Akademiyada ruslar və ruslaşan müəllimlər dərs deyirdi. Ali təhsilli olanlar az idi. Azərbaycan dilində bir ərizə, təqdimat yazmaq lazım gələndə, azərbaycanca yazan adam axtarırdılar.

Arif müəllim, burada birinci növbədə, müti şəkildə bu mühitəuyğunlaşma psixologiyasını dəyişməliydi, sonra da əlbəttə, akademiyaya ixtisasca aviasiya işini bilən peşə sahiblərilə yanaşı, savadlı, mədəni, milli-etik dəyərləri özündə cəmləşdirən müəllimlər dəvət etməliydi. Onları axtarıb tapmalıydı.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda heç vaxt olmayan, milli və dünyəvi məzmunu olan yeni tipli bir təhsil ocağı yaradılmışdı: Milli Aviasiya Akademiyası. Azərbaycan öz tərcümeyi-halının yeni mərhələsinə qədəm qoyurdu. Dünyaya yeni pəncərə açılırdı. Yeni elmi-texniki-pedaqoji tədqiqatlar, yeni mədəni əlaqələr yaranırdı.

Arif müəllim bunların öhdəsindən əzmkarlıqla gəldi. Təbii ki, həyatda heç bir şey asan olmur. Baş da, əl də, ayaq da işləməlidir. Yeni, lazımi instansiyalarla əlaqə saxlamalı, yazılı-şifahi müraciətlər etməli, yazdığını təkid etməli və gedib-gəlməliydi. Saçlarına dən düşməli, hətta ağarmalıydı. Tikib-qurmaq üçün, fizika-riyaziyyat elmindən əlavə, inşaat işlərini bilməli, müasir memarlığın tələblərinə bələd olmalıydı.

O, gözəl bilirdi ki, tikinti-qurucluq məsələlərində - mühəndislik, estetik gözəllik həndəsi-fiziki-riyazi hesablamalarsız mümkün deyil.

Az bir müddətdə 4 böyük və yaraşıqlı tədris korpusu tikilib istifadəyə verildi. 4 mərtəbəli tələbə yataqxanası, həkim məntəqəsi, təmiz və səliqəli tələbə yeməkxanası, geniş, işıqlı idman kompleksi, yaşıllıqlar, kiçik fəvvarələr, qızıl gül talaları akademiyanın geniş həyətini bəzədi. Sinif otaqları akademiyanın öz mebel fabrikinin istehsalı olan yeni standartlara uyğun partalarla daha da gözəlləşdi. Ağappaq yazı lövhələri qara flomastrlarla yazıldı.

İndi öz ana dilimizdə fakültələr, kafedralar, laboratoriyalar açılıb. Texniki akademiyanın siniflərində Azərbaycan tarixi, politologiya, sosiologiya, etika, estetika fənləri ilə yanaşı, Azərbaycan, ingilis, rus, latın dilləri keçilir. Kulturologiya, fəlsəfə, hüquq fənləri tədris olunur. Maaşlar artırılıb. Fakültələr, kafedralararası kompüter şəbəkəsi yaradılıb. Texniki təhsil alan çiynipaqonlu gənclərin sayı artıb. Mənim dərs dediyim tələbələr "Boinq" markalı təyyarələri idarə edirlər və s.

Onu da deyim ki, Arif müəllim akademiyada Azərbaycanda ilk dəfə olaraq Milli Aviasiya Muzeyi yaradıb; burada əsrin əvvəllərindən başlamış tariximizin müxtəlif mərhələlərinə aid nadir sənədlər və fotoşəkillər toplanıbdır.

Adlı-sanlı akademiklər burada kafedra müdiri işləyir, laboratoriyalarda təcrübələr aparılır.

Arif müəllim elmi şuralarda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəisi, məşhur təyyarəçi Cahangir Əsgərovun adını həmişə hörmətlə çəkir. Onun Milli Aviasiya Akademiyasında elmi və texniki potensialın möhkəmlənməsinə, inkişafına göstərdiyi daimi diqqəti yüksək qiymətləndirir. Onların bu işgüzar və dost münasibətləri akademiyada yaradıcılıq mühitinin yaranmasına xidmət edir ki, bu da professor-müəllim heyətinin elmi axtarışları üçün yeni imkanlar açır.

Ən məsul səfərlər zamanı uzaq-yaxın uçuşları yerinə yetirən Milli Aviasiya Akademiyasının prorektoru, təyyarəçi Rauf Cəfərzadə aviasiya sahəsində namizədlik və doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edən ilk azərbaycanlıdır. Onun oğlanları da mənim tələbələrim olub, atalarının yolunu davam etdirirlər. Azərbaycan və dünya səmasında xarici markalı təyyarələrdə üç azərbaycanlı şahini uçur! Bu, özü fərəh hissi deyilmi?!

İki il bundan qabaq, ürəyimin müalicəsilə bağlı Almaniyaya getdiyim zaman İbrahim Seyidov adlı təyyarəçi bir tələbəmin İtaliyada Azərbaycan Hava Yollarının təmsilçisi olduğunu biləndə sevindim. Məni oğlum Nazimlə bərabər Milan aeroportunda qarşıladı, şəhəri gəzdirdi, bir gün sonra Almaniyaya yola saldı. Müalicəm demək olar ki, elə buradan başladı. Mən o tələbəmə dünya mədəniyyəti tarixindən mühazirələr oxumuşdum. İndi o, Avropa intibahı epoxasının yarandığı və inkişaf etdiyi yerdə - Dantedən, Petrarkadan, Bokkaççodan danışır, Leonarda do Vinçinin, Mikelancelonun, Rafael Santinin həyatına aid maraqlı söhbətlər edirdi.

Arif Paşayevi müəllimlər də, tələbələr də sevirlər. Belə insanlar mənalı ömürlərini xalqına, vətəninə həsr etməklə keçdikləri yolun yolçularına nümunə olurlar. Onların işığı heç vaxt sönmür, zəkasıyla bir ölkə, el-oba, bütün bir vətən tanınır. Belə insanların üzündə "şəxsiyyət" sözünün poetikası oxunur.

Onun bir şəxsiyyət kimi təkcə təhsilin və təlim-tərbiyənin yox, həm də müasir Azərbaycan aviasiya elminin yaranmasında, inkişafında görkəmli ixtiraçı alim kimi xüsusi xidmətləri olduğunu xarici ölkələrdə də qiymətləndirirlər.

Onun şəxsi təşəbbüsü və zəmanətilə Milli Aviasiya Akademiyasının mütəxəssis alimləri xarici ölkələrin aviasiya akademiyalarına, ali təhsil ocaqlarına, aparıcı elmi mərkəzlərə ezam olunur. Müasir elmi nailiyyətlərin və elmi kəşflərin Azərbaycanda da tətbiqi üçün o, həmişə öz tövsiyələrini deyir və buna yüksək, ictimai məna verir.

Milli və dünya texniki elmlərinin bir sıra aktual problemləri ilə bağlı öz laboratoriyasında maraqlı təcrübələr aparır, yüksək dövlət və beynəlxalq simpoziumlara dəvət edilir, eləcə də Milli Aviasiya Akademiyasının rektoru kimi elmi-pedaqoji vəzifələrini böyük bir kollektiv qarşısında şərəflə yerinə yetirir. Sadədir, amma adi deyil. Yüksək mövqedədir, amma yanındakını görür. Rəsmi və fəxri adları çoxdur, amma rəsmi deyil, həssasdır. Elmi şuralarda heç vaxt, heç kəsi hədələməyib, amma texniki-elmi əsərlərin yüksək səviyyədə yazılmasını təkidlə tələb edir.

Arif müəllim cəmiyyət adamıdır. O, istedadı tez görür və ürəkdən sevinməyi bacarır. Kömək etmək, qolundan tutub ayağa qaldırmaq üçün dayaq olur. Bir növ, özünü istedadlı kimsəsizin yerinə qoyur, Arif olduğunu da unutmur. Görürəm ki, Mir Cəlaldır. Xalqda deyirlər, atasını itələyib, yerində durub. Mən nədənsə həmişə Arifdə Mir Cəlalı axtarıram. Bəlkə tələbə istədiyi müəlliminin övladlarında da müəllimini görmək istəyir. Amma Arif Paşayev şəxsiyyəti, nüfuzu həmişə nəzərimdədir. Bu da mənim sevincimdir. Təkcə mənimmi?!.

Elmi şuralarda müzakirələr zamanı onun iradları ilə hesablaşırlar, çünki xeyirxahdır. Qərəz deyilən şey ümumiyyətlə, onda yoxdur və heç vaxt olmayıb. Qərəzli adamlardan da xoşu gəlmir. Bir dəfə dedi ki, yanıma gəlirlər, biri o birini pisləyir. Sonra deyir filankəsi işdən çıxarım. Heç indi də adamı işdən çıxarmaq olar? Ona qalsa, birinci özü getməlidir. Qərəzli yaşamaq olmaz... O, belə bir ürəyin sahibidir.

Tariximizi, ədəbiyyatımızı, şeirimizi, fəlsəfəni sevir. Yazıçı oğlu kimi, bəzən atası Mir Cəlaldan, başqa yazıçıların həyatından qısa, gülməli əhvalatlar danışır və danışana qulaq asır. Güləndə uğunub gedir. Yanına yaradıcı ziyalılardan gələndə, onlara diqqət göstərir.

Elmi şura iclaslarının birində Milli Aviasiya Akademiyasında nə üçün kulturologiyanın (dünya mədəniyyəti tarixinin), Azərbaycan ədəbiyyatının (eləcə də Azərbaycan dilinin) bir fənn kimi tədris olunmadığını soruşdu. Və dedi ki, bunlar proqrama daxil edilsin. Dedilər texniki ali məktəblərdə bu fənlər keçilmir. Nə üçün?! - sual etdi. Bu qaydanı kim qoyub?! Texniki ali məktəbin tələbəsi öz xalqının tarixini, ədəbiyyatını, dünya mədəniyyəti tarixini bilməməlidir? Humanitar biliklərdən məhrum olmalıdır? Heç kəs cavab verə bilmədi.

- Tələbə hərtərəfli yetişməlidir - dedi.

Akademik Arif Paşayev böyük təhsil islahatçısı, böyük yaradıcı qüvvədir. Bunu tək mən yox, həmkarları da bilir. Yaxşılıq, xeyirxahlıq müsabiqəsi keçirilsəydi, o, mütləq birinci yeri tutardı.

Mir Cəlal imtahan götürməyə gedəndə tələbələrdən eşidir ki, onsuz da qiymət yazacaq, onun imtahanına hazırlaşmasaq da olar. Söz ona bərk toxunur. Dalbadal dörd-beş tələbəyə "2" yazır. Sonra da yanındakı assistenti göndərir ki, qoy göndəriş alıb gəlsinlər qiymətlərini yazım ki, təqaüd ala bilsinlər.

Arif müəllim də Mir Cəlalın tərbiyəsini alıb.

Millət, millət! - deyən natiqlər az deyil. Təəssüf ki, milləti yaşadanlar azdır. Bəlkə də bu, elə az olmalıdır?!.

Arif müəllim belə azlardandır. Danışanda qışqırmır, səsi qulağı deşmir, ürəyi sığallayır. Tənqidi də xoş olur, tərifi də. Öldürmür, yaşadır. Amma çəkdiyini ürəyində çəkir. Buna görə də ürəyindən əməliyyat olundu. Bəşər övladı kimi o da qayğı istəyir, diqqət istəyir.

Bağdakı evlərinin həyətində çay içirdik. Arif müəllimin anası Püstə xanım qəhərlənmişdi.

- Arif də tək qaldı, Nəriman da, Aqil də, - deyə köks ötürürdü.

Üçümüz də həyat yoldaşımızı itirmişdik.

Mən Aida xanımı indi xatırlayıram. Ailənin böyük gəliniydi, elmi mühitdə də böyük hörmət qazanmışdı. Vaxtsız getdi. Amma böyük elmi, ədəbi irs qoyub getdi. Bəzən mənə elə gəlir ki, qadınlar hansı yaşda olsalar da, dünyadan vaxtsız gedirlər.

Akademik Arif Paşayev akademiyada sərəncamlar verir, anası Püstə xanımın yanında isə "dəyişir", bir növ yenə olurdu ailənin böyük uşağı (mənə elə gəlirdi). Anasının asta, mehribancasına dediyi sözlər Arif müəllim üçün "sərəncam" olurdı, "əmr" olurdu, "göstəriş" olurdu. Mən bunların şahidiyəm. Bu, övlad-valideyn halallığı idi. Amma bir həssaslığı da duymuşdum ki, Püstə xanım sözü elə deyirdi ki, Arifin də ürəyincə olsun.

Püstə xanım dünyasını dəyişən kimi, Arif müəllim yenə "dəyişdi". Gördü ki, ailədə ondan böyüyü yoxdur. Gördü ki, dünən Püstə xanımın yanına gələnlər, bu gün onun yanına məsləhətə gəlirlər. O, məsləhətlər verəndə daha səhv etməməliydi. Təmkinli, müdrik olmalıydı. Oldu da.

Arif Paşayev ürəyinin odunu anasız qalan iki gül kimi qız balalarına həsr elədi. Onları cəmiyyət üçün tərbiyə etdi, böyütdü. Həm ata oldu, həm də ana. İndi də elədir.

Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, cənab Prezident İlham Əliyevin həyat yoldaşı, dostu, silahdaşıdır.

Nərgiz Paşayeva M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur, filologiya elmləri doktoru, professordur. Mən onun müdafiəsində iştirak etmişəm. Elmi rəhbəri, çıxış edən akademiklər Nərgiz xanımın ədəbi-elmi mühitə yeni ab-hava gətirdiyini deyir, onu təbrik edirdilər.

Arif müəllimdən televiziya müsahibələrindən birində soruşdular ki, qızınıza (Mehriban xanımı nəzərdə tuturdular - N.H.) nə tövsiyə edərdiniz.

Çox müdrik cavab verdi: - O mənim ağıllı, həssas qızımdır dedi, - Özü bilir ki, bütün bir ölkə (nəinki bir ölkə?!) onun danışığını, hərəkətlərini, gördüyü işləri izləyir. Və haqqında fikir yürüdür, rəy formalaşdırır.

Taleyin nə qədər şərəfli, nə qədər məsuliyyətli qismətidir!

Arif müəllim bu sözlərlə Tomrisdən üzübəri qəhrəman qadınlarımızın zəminində şahanə görkəmilə seçilən Mehriban Əliyevanı sanki müasirlərinə təqdim edirdi.

Mehriban xanım Fransada YUNESKO-nun xoşməramlı səfiri seçiləndə, mən də sevindim. Birinci dəfəydi ki, millətin qızı böyük Avropa ölkəsində nüfuzlu bir təşkilatın səlahiyyətli təmsilçisi seçilirdi.

 

Bizim xoşməramlı səfir qızımız,

Birinci xanımı Azərbaycanın.

Bizim yerdə doğan Dan Ulduzumuz -

gözünə işıqdı elin-obanın.

Birinci xanımı Azərbaycanın.

 

Başında tac gördüm - sənə halaldı,

Tanrının əliylə o yanır, qızım.

Qız yaxşı olanda -

el misalıdı, -

ata bir oğul da qazanır, qızım.

 

Sən millət dedikcə, sevincin daşır,

Bilirəm, ulular düşür yadına.

A qızım,

millət də mehribanlaşır, -

Mehriban dedikcə sənin adına.

 

Sən qızlar içində gün kimi aydın,

gəlinlər içində su sonasısan.

Sən heykəl Heydərin - qız anasıydın,

Heydər Əliyevin - öz anasısan.

 

Cənab prezident, mən oğlum desəm,

qəbul et,

haqdandı şairin səsi.

Bir ata yanında gəldin ərsəyə,

bütün atalara oğul əvəzi.

 

Sən ali rəmzisən qədim torpağın,

insana hörmətdi insan yaddaşı.

Qoşa qanad kimi zirvəyə qalxın,

Üçrəngli bayraqla durun yanaşı.

 

Arif müəllim millətin balalarına da diqqət ayırır, qayğı göstərir.

O, yataqxanada tələbələrin yaşayış şəraitilə gedib şəxsən tanış olur, akademiya şəhərciyində ədəbi görüşlər keçirir, xarici qonaqları qəbul edir və s. Məqsəd ancaq dövlətçiliyimizə xidmətdir, xeyirxahlıq və insanpərvərlikdir. O, tələbələri bəzi "tələbkar" müəllimlərdən də qoruyur. Elmi şuralarda yeri düşəndə deyir ki, biz müəllimlərə tələbələrə görə maaş verilir. Onları kəsmək yox, birinci növbədə öyrətmək lazımdır. Mir Cəlalın da əzazil müəllimlərdən zəhləsi gedərdi. Çünki o:

 

Tələbənin atasıydı,

Yerdə Tanrı sədasıydı.

Məqbul vaxtı qaydasıydı -

Soruşmamış qol çəkərdi.

 

Mir Cəlal sağlığında yazdığı əsərlərə görə təqiblərə məruz qalsa da, dünyaya kişi kimi gəldi, kişi kimi də getdi.

Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Mir Cəlal demək olar ki, ömrünün çoxunu Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə həsr edib. "Azərbaycan ədəbiyyatı tarixi kafedrası"nın müdiri işləmişdir. Mübaliğəsiz demək olar ki, indiki Azərbaycan ziyalılarının yarısı bu unudulmaz müəllimin tələbəsidir. Axı, tələbələrinin də tələbəsi olub, indi də var. Mir Cəlal zəmanəmizin mütəfəkkir alimi, yazıçısı, pedaqoqu olub. "Bir gəncin manifesti"ndə bir azərbaycanlı qadının toxuduğu xalını "İtə ataram, yada satmaram!", - deyə üsyan etməsi - məhz Mir Cəlalın bəyanatı, yazıçı manifestiydi. O hələ öz sağlığında dünyanın böyük simaları ilə yanaşı dururdu. Əks halda, "Fransa burjua inqilabını hazırlayan" Avropa maarifçilik epoxasının yaradıcıları ilə, eləcə də bizim qabaqcıl fikirli maarifçilərimizlə Mir Cəlalın fikir, əqidə qohumluğu olmazdı. O, yazıçı kimi Sovet dövründə Azərbaycan gəncliyinə milli hisslər aşılayır, sanki onları silkələyib ayıldırdı. Bu, yazıçı fədakarlığıydı. "Xalq yazıçısı" və akademiyanın "müxbir üzvü" kimi fəxri adlardan isə yüksəkdə dururdu.

Onun bütün şüurlu həyatı, ömrünü həsr etdiyi ədəbi-bədii-elmi yaradıcılıq sahələrində eyni uğurlar qazanmaqla müasirlərinə nümunə olması dediklərimə ən yaxşı sübutdursa, müstəqil Azərbaycanın ilk uzunmüddətli səlahiyyətli səfiri, professor Hafiz Paşayevin "Bir səfirin manifesti" adlı qiymətli kitabı, əsərin müzakirəsi zamanı səslənən fikirlər də mənim sözlərimə qüvvətdir.

Nəhayət, ədalət öz yerini aldı. Cənab Prezident İlham Əliyevin sərəncamından sonra, böyük yazıçının 100 illik yubileyi YUNESKO xəttilə Parisdə geniş qeyd olundu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva yubiley mərasimində məzmunlu çıxışı ilə Fransa ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Bu, bizim günlərin ədəbi hadisəsiydi.

Həmin günlərdə ingilis-Azərbaycan-rus dillərində "Aviasiya terminləri lüğəti" də (baş redaktoru - Nərgiz Paşayeva, elmi redaktoru - Arif Paşayev) nəfis tərtibatda çıxıb. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfəydi ki, üç dildə belə bir kitab nəşr olunurdu.

Arif Paşayev elə bir elmi-ədəbi-pedaqoji mühitdə pərvəriş tapıb ki, tək bir Azərbaycan ziyalısını deyil, mötəbər bir ailəni, elit yaşıdlarının, həm də yaşadığı epoxanın elmi təfəkkürünü ləyaqətlə təmsil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və elmi kəşflərinə görə dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib. Apardığı ictimai-pedaqoji işlərin miqyası müqabilində xarici dövlətlərin qızıl, gümüş medalları, ordenləri ilə təltif edilib, respublika dövlət mükafatı laureatı fəxri adına layiq görülüb, fizika-riyaziyyat elmləri doktoru, professordur.

Bütün bunlar onun haqqıdır. Mir Cəlal sağ olsaydı, daha obrazlı şəkildə - Ana südü kimi halaldır, - deyərdi.

Ürəyimdə bax, belə bir "Arif Paşayev" ucalığı var.

Görürəm ki, illər Arif müəllim üçün pillələr oldu. Pillələr taleyinə döndü. Arif Paşayev o pillələri liftlə qalxmadı, piyada çıxdı, amma ağılla, fəhmlə, təfəkkür işığında çıxdı və qalxdı. Yolun işıqlı olsun!

Mir Cəlal evə bir az gec gələndə adətən, işıqların hamısını yandırardı ki, ev nura qərq olsun. İmkanı olsaydı, dünyanı işığa döndərərdi. O, Sizi də İşıq kimi yandırdı, Arif müəllim. Yanın, bundan sonra da işıq paylayın - insanlar arasında, insanlıq cərgəsində.

Böyük şairimiz Nizami Gəncəvi yaxşı insanlar haqqında belə demişdir: "Adlı-sanlılar içində eləsini tanımıram ki, onun insanlığı üçün minnət və şükür edilməsin".

 

 

Nəriman Həsənzadə,

xalq şairi

 

Azərbaycan.-2009.-13 fevral.-S.8.