Zamanın diktə etdiyi Konstitusiya islahatları
Demokratikləşmə, insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından uzun məsafə qət edərək yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə uyğunluğu ilə şərtlənir. Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır.
Tarixən məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti quruculuğu yönümündə inamlı addımların atıldığı dövlətlərdə insan hüquq və azadlıqlarına maksimum təminat yaradan yeni Konstitusiyanın qəbulu qaçılmaz olur. Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışığın təminatçısı kimi çıxış edən Konstitusiya eyni zamanda dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətləri ilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1993-cü ilin oktyabrında yeni Konstitusiyanın hazırlanması üçün təşəbbüs göstərilsə də, ölkədə siyasi sabitliyin mövcud olmaması, sosial gərginlik, dövlət çevrilişi cəhdləri, həmçinin qarşıya çıxan bir sıra təxirəsalınmaz vəzifələr bu təşəbbüsün reallaşmasını ləngitmişdir. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində dövlətçiliyə qarşı yönəldilmiş qəsdlərin qarşısı alındıqdan və ölkədə Əsas Qanunun qəbuluna imkan verən zəruri şərait, siyasi sabitlik formalaşdıqdan sonra - 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ölkə Prezidentinin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiya yaradılmışdır. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiyanın iclasında geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir. "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.
Komissiya tərəfindən hazırlanmış layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin yeni Konstitusiyamızın hazırlanmasında, qəbul edilməsində gərgin əməyi və töhfəsi danılmazdır. Həmin dövrdə humanist və insanpərvər xarakteri ilə MDB məkanında ən mütərəqqi Konstitusiya olan bu fundamental sənədin qəbulu milli dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da yüksəlməsi baxımından çox mühüm ictimai-siyasi hadisə olmuşdur. Əsas Qanunun preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.
Azərbaycan Konstitusiyasının 1-ci maddəsinə görə, "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Konstitusiyanın 2-ci maddəsinə əsasən, "Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir". Əsas Qanunun 3-cü maddəsində göstərilir ki, "Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər". Həmin maddənin 2-ci hissəsində göstərilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər".
Əsas Qanunun 7-ci maddəsi Azərbaycan dövlətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit edir, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləri göstərir. Eyni zamanda, konstitusiyalı quruluşun xüsusiyyətlərindən biri kimi 15-ci maddədə iqtisadi fəaliyyət azadlığını, mülkiyyət növlərinin müxtəlifliyini və onların bərabər müdafiəsinə verilən təminatı əks etdirir.
Konstitusiyanın ən mütərəqqi cəhəti burada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi, insan və vətəndaş hüquqlarının və əsas azadlıqlarının geniş təsbit olunmasıdır. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması bunu əyani surətdə təsdiqləyir. Belə normalar bu və ya digər şəkildə, lakin tamamilə fərqli doktrinada sovet dövründə qəbul edilmiş konstitusiyalarda da əksini tapmışdı. Lakin həmin konstitusiyalarda bu hüquqları vətəndaşlara dövlət verirdi. Yeni Konstitusiyanın əvvəlkilərdən əsas və prinsipial fərqi də məhz onda ilk növbədə insan hüquq və azadlıqlarının prioritetliyinin, üstünlüyünün birmənalı bəyan edilməsidir.
İnsan hüquq və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Konstitusiyamızın Azərbaycanda dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını, başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında qurulduğunu nəzərdə tutan müddəaları xüsusilə diqqətəlayiqdir. Bu müddəalar ölkəmizin dünya birliyinə inteqrasiyasına geniş imkanlar açır, eyni zamanda beynəlxalq hüquq normalarının, xüsusilə də insan hüquqlarına dair normaların ölkəmizdə maneəsiz tətbiqinə əlverişli şərait yaradır.
Azərbaycan Respublikasının Milli Məclisində yeni qanunların qəbulu, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi də məhz ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək niyyətindən irəli gəlir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini sensasion hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Bu, təbii bir prosesdir. Qanunla cəmiyyəti müqayisə etsək, görmək olar ki, bunlar zaman müstəvisində müxtəlif xüsusiyyətlərə malik olan təsisatlardır. Qanuna nisbətən cəmiyyət dinamik inkişaf edən bir qurumdur. Konstitusiya da qanundur və qanunun əsas vəzifəsi cəmiyyətdəki ictimai münasibətləri tənzimləməkdir. Zaman keçdikcə daha statik xüsusiyyətə malik olan qanunun dinamik inkişaf edən cəmiyyətlə "ayaqlaşmaması", bunun da nəticəsində ictimai münasibətləri tam dolğunluğu ilə tənzimləyə bilməməsi təbii bir prosesdir. Çünki cəmiyyətin inkişafı prosesində mövcud ictimai münasibətlər kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalır, yeni münasibətlər əmələ gəlir ki, onların da cəmiyyətin inkişaf səviyyəsinə uyğun şəkildə tənzimlənməsi zərurəti meydana çıxır. Bu baxımdan "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin mart ayının 18-də ümumxalq səsverməsinə - referenduma çıxarılmasını tamamilə təbii, qanunauyğun, məntiqi proses kimi qarşılamaq lazımdır.
Konstitusiya ictimai münasibətləri tənzimləyən digər qanunların və normativ-hüquqi aktların əsas hüquqi istinad nöqtəsidir. Əsas Qanunun qüvvəyə mindiyi 1995-ci ildən ötən 14 il müddətində cəmiyyət həyatında fundamental dəyişikliklərin baş verməsi - Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi cəhətdən sıçrayışlı inkişaf etməsi, cəmiyyət həyatının bütün sferalarında tərəqqi və intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu yönümündə əsaslı addımların atılması, respublikamızın insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi və s. prinsipial məsələlər Konstitusiyaya bir sıra mütərəqqi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirir.
Demokratiya sahəsində həlledici uğurlara imza atmış dövlətlərə nisbətən iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə insan hüquq və azadlıqlarının daha dolğun və hərtərəfli təminatı ilə bağlı olaraq zaman-zaman Konstitusiyanın təkmilləşdirilməsi zərurəti meydana çıxır. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər ardıcıl və davamlı xarakter daşıdığından yeni dövrün tələbi kimi təşəkkül tapmış mütərəqqi yeniliklərə konstitusion statusun verilməsi zəruridir. Referendum Aktı layihəsinin qəbulunda məqsəd bir tərəfdən insan hüquq və azadlıqlarına təminatı möhkəmləndirməkdən, digər tərədən yeni dövrün tələbi kimi qəbul edilmiş qanunlara, normativ-hüquqi aktlara konstitusion status verməkdir.
1995-ci ildə Azərbaycanda dövlətin, xalqın təhlükəsizliyi baxımından müəyyən daxili və xarici təzyiqlər hiss edilirdisə, respublikamız hazırda milli təhlükəsizliyinə etibarlı təminat formalaşdırmaqla regionda əsas söz sahiblərindən birinə çevrilmiş, idarəetmə təsisatlarını inkişaf etdirərək dövlətçilik sütunlarını möhkəmləndirmişdir. Yalnız bir faktı vurğulamaq kifayətdir ki, həmin dövrdə təxminən 400-500 milyon dollar həddində olan dövlət büdcəsi hazırda təxminən 12 milyard manat təşkil edir. O dövrdə cəmi 5,5 manat təşkil edən minimum əməkhaqqı hazırda 75 manata yüksəlmişdir. İnkişafdakı zaman fərqini qabarıq büruzə verən bu və digər rəqəmlər, habelə ictimai şüurdakı pozitiv dəyişikliklər Konstitusiya islahatlarının aktuallığını bir daha önə çıxarır. Hələ 2002-ci ilin 24 avqustunda bu zərurət nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilsə də, cəmiyyətin hazırkı sürətli inkişafı, habelə xalqın ümumi mənafeyi baxımından bu məsələyə yenidən qayıdılmasını zərurətə çevirir.
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləmişdir. Referendum aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Həmin dəyişikliklər aktuallığı və əhəmiyyəti ilə diqqəti cəlb edir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının daha da genişləndirilməsi, bu hüquq və azadlıqların təminatı üçün dövlətin üzərinə əlavə vəzifələrin qoyulması Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin əsas iki səciyyəvi cəhətləridir. Bütövlükdə, Konstitusiya islahatları ölkəmizdə insan hüquqlarına dair beynəlxalq normaların da maneəsiz tətbiqinə imkan verməklə, dünya birliyndə daha layiqli yer tutmağımıza imkan yaradacaqdır.
Əsas Qanunun 12-ci maddəsinə təklif olunan (Dövlətin ali məqsədi) dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilir. Bu dəyişiklik Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı məsələnin özünün yüksək inkişaf mərhələsinə adladığını göstərir. Belə bir mühüm müddəanın Konstitusiyada əksini tapması respublikamızın ötən 14 ildə maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi, habelə iqtisadi siyasətdə sosialyönümlü məsələlərin həllinin prioritet mahiyyət kəsb etməsidir.
Konstitusiyanın 15-ci maddəsinin (İqtisadi inkişaf və dövlət) ikinci hissəsinə təklif olunan dəyişikliyə görə, "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bu hissəyə təklif olunan "sosialyönümlü" ifadəsi obyektiv reallığa əsaslanmaqla, Azərbaycan dövlətinin sosialyönümlü siyasətini özündə ehtiva edir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir inkişaf etmiş dövlətdə bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı sisteminə xüsusilə diqqət yetirilir. Vətəndaşların sosial və iqtisadi təminat hüquqlarının reallaşdırılması demokratik inkişaf yolu tutmuş bütün dövlətlər üçün mühüm vəzifələrdəndir. Müasir dünyada sosial-iqtisadi və mədəni hüquqlar əsas insan hüquqları sisteminə aid olmaqla, fərdin yaşayışının sosial-iqtisadi şəraitinin qorunması və möhkəmləndirilməsi məsələlərinə toxunur, insanların qorxu və ehtiyacdan azad olma şəraitinin yaradılması məqsədilə əmək və məişət, məşğuliyyət, güzəran və sosial müdafiəsi sferasındakı vəziyyətini müəyyənləşdirir. Dövlət başçısının ilk gündən sosialyönümlü siyasət strategiyasına üstünlük verməsi bir tərəfdən Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Prezident İlham Əliyev hesab edir ki, bəşər cəmiyyəti sivilizasiyanın daha yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşmalı, həmin insanların sosial tələbatının ödənilməsi bir növ həmin cəmiyyətin mənəvi göstəricisinə çevrilməlidir.
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Yəni, ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır. Prezident İlham Əliyevin qənaətincə, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Azərbaycan Prezidenti daim bildirir ki, dövlətin öz vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Başqa sözlə deyilsə, siyasi quruluşların hüquqi cəhətdən müxtəlifliyinə baxmayaraq, sosial təminat tədbirləri insanların həyati tələbatlarının, heç olmasa, minimum səviyyədə ödənilməsinə xidmət edir.
Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yolunu prioritet olaraq seçmişdir, bu sistemdə Prezident İlham Əliyevin apardığı sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqliliyi aradan qaldırmaq, sosial müdafiəyə ehtiyacı olan insanların yaşayış səviyyəsini yüksəltmək hesabına cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır. Dövlət başçısı bu fikirdədir ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Sosializm dövrünün populizmə əsaslanan "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizindən, formal səciyyə daşıyan "sosial bərabərlik" şüarından fərqli olaraq, Azərbaycan hökuməti bazar iqtisadiyyatının sərt tələbləri şəraitində məhz vətəndaşların aztəminatlı təbəqəsi üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə tam bərqərar olmasına çalışır. Burada söhbət əsla sosial bərabərlikdən deyil, sosial ədalət prinsipinin qorunmasından gedir.
Azərbaycanda sosial məsələlərə xüsusi diqqət yetirilməsi həm də respublikanın 70 il sosializm sistemində yaşaması ilə səciyyələnir. Uzun illər bu sistemdə - mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və mürəkkəb prosesdir. İctimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Bu baxımdan, keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi məsələsinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. "Əgər Azərbaycanda sırf bazar iqtisadiyyatı prinsipi tətbiq olunarsa, əhalinin bir hissəsi böyük çətinliklərlə üzləşə bilər. Xüsusilə keçid dövründə yaşayan ölkələr üçün bu, adi haldır və tarixdən də biz bunu görürük. Ona görə iqtisadi yönümlü, investisiya yönümlü bazar iqtisadiyyatı prinsiplərinə sadiq olan siyasətimiz eyni zamanda sosial proqramlar ilə tamamlanmalıdır. Bu məqsədlə də böyük işlər görülür və görüləcəkdir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır. Azərbaycanda ildən-ilə minimum əməkhaqqı, minimum pensiyalar qaldırılır, orta əməkhaqqı artır. Amma hələ ki, bu bizi tam qane edə bilməz, ancaq dinamika və sürətli dinamika, əlbəttə ki, çox sevindiricidir", - deyə dövlət başçısı bildirir. Bu baxımdan Konstitusiyanın 15-ci maddəsinə "sosialyönümlü" ifadəsinin daxil edilməsilə Azərbaycan iqtisadiyyatının sosialyönümlü iqtisadiyyat kimi konstitusion-hüquqi təsbitinin nəzərdə tutulması dövlətin sosial siyasətindən qaynaqlanır.
Konstitusiyanın 17-ci maddəsinə (Ailə və dövlət) təklif olunan əlavə və dəyişikliklər isə son 15 ildə Azərbaycanda uşaq hüquqlarının təminatı istiqamətində qəbul olunmuş qanunlara və digər normativ-hüquqi aktlara konstitusion status vermək, habelə dövlətin bu sahədə üzərinə düşən vəzifələri konkretləşdirmək məqsədi daşıyır. Bu maddəyə əlavə olunmuş III hissədə göstərilir ki, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır".
Azərbaycanda hələ sovetlər birliyi dövründən bugünədək valideyn himayəsindən məhrum olmuş körpələr və uşaqlar dövlətin himayəsinə götürülərək körpələr evlərində, habelə internat məktəblərində, xüsusi pansionatlarda saxlanılır, 18 yaşınadək təhsilə, təlim-tərbiyəyə cəlb edilir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, respublikamız uşaq hüquqları haqqında konvensiyalara, sazişlərə qoşulmuş, Milli Məclisdə bir sıra qanunlar qəbul edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar haqqında indiyədək Konstitusiyada heç bir müddəanın olmaması isə Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə adekvat deyildir. Uşaq hüquqlarının və onlara qayğının bütün dünyada aktuallığı ilə seçildiyi bir zamanda Azərbaycan Konstitusiyasında uşaq hüquqlarının qorunmasının dövlət təminatlarının təsbit edilməməsini kostitusion-hüquqi boşluq kimi xarakterizə etsək, düzgün olardı. Bu baxımdan 17-ci maddənin III hissəsinə təklif olunan əlavə valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı dövlətin üzərinə konstitusion vəzifələr qoyur.
17-ci maddənin IV hissəsinə təklif edilən əlavəyə görə, "Uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır".
Belə bir əlavənin Konstitusiyada əksini tapması son 15 ildə ölkənin dinamik sosial-iqtisadi tərəqqisi ilə əlaqədar əmək bazarının inkişafı, işçi qüvvəsinə tələbatın kəskin artması, habelə qanunvericiliyin tələblərinə zidd olaraq uşaqların onların sağlamlığına və mənəviyyatına zidd fəaliyyətə cəlb edilməsi kimi arzuolunmaz halların geniş yayılmasıdır. Etiraf etməliyik ki, sahibkarlığın hələ o qədər də inkişaf etmədiyi, sosial-iqtisadi problemlərin özünü qabarıq göstərdiyi, işsizlər ordusunun mövcud olduğu 1995-ci ildə belə bir müddəanın Əsas Qanunda əksini tapmasına haradasa zərurət duyulmurdu. Hazırda isə Konstitusiyaya belə bir əlavənin təklif edilməsi Azərbaycanın gələcəyi olan uşaqların sağlam ruhda tərbiyə edilməsi, habelə fiziki sağlamlığının qorunması baxımından son dərəcə aktual görünür.
Konstitusiyanın 17-ci maddəsinin V hissəsində yer almış digər əlavəyə görə isə, "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər".
(Ardı var )
Rafael Cəbrayılov
Milli Məclisin deputatı
Azərbaycan.-2009.-13 fevral.-S.10.