AzTV öz hədəflərinə çatmaqda güclü kadr potensialına və müasir texnologiyaların tətbiqinə güvənir

 

 Kütləvi informasiya vasitələri arasında televiziya və radionun müstəsna rolunu xatırlatmağa o qədər də ciddi ehtiyac olmadığını müasirlərimiz yaxşı bilirlər. Çağdaş dünyamızda baş verən bütün ictimai-siyasi prosesləri, sosial-iqtisadi və mədəni yenilikləri, təbiətin insana bəxş etdiyi növbə-növ sürprizləri, texnogen hadisələri, insanların maraq və müşahidə dairəsində olan hər şeyi həssas tamaşaçı diqqətinə çatdıran televiziyalar elektron KİV arasında prioritetliyini və populyarlığını, çox güman ki, hələ uzun müddət özündə saxlayacaq. Azərbaycan teleməkanında bu üstünlük ana televiziyamız sayılan və bu müstəsna hüququn qorunub saxlanmasında yaradıcılıq və texnoloji səylərini əsirgəməyən AzTV-nin tərəfindədir. Son illər bu kanalda texniki yenilənmələr və kadr potensialı sarıdan aparılan uğurlu islahatlar belə qənaətə gəlməyə imkan verir. Proqramların bədii-estetik və ideoloji səviyyəsi, keyfiyyəti və təqdimetmə variantları ilə bağlı müxtəlif qurumların apardığı sosioloji sorğular da aparıcıların, jurnalistlərin, rejissorların və operatorların birgə əməyinin bəhrəsi sayılan verilişlər barədə əsl həqiqəti söyləyir.

Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov fevral ayının kollektivin bioqrafiyasında ən yaddaqalan, əlamətdar ay olduğunu bildirir.

- 1956-cı il fevralın 14-də Bakı studiyasında hazırlanan verilişlər ilk dəfə efirə çıxıb. O zamanlar əvvəlcə həftədə 2, sonralar isə 3 dəfə cəmi 2 saatlıq verilişlər təqdim olunurdu. Elə buradaca deyim ki, hazırda Azərbaycan televiziyası öz proqram və verilişlərini 24 saat ərzində ölkəmizə və xaricə yayır.

Düz 53 il sonra isə fevralın 1-də ölkə ictimaiyyəti AzTV-də yeni bir kanalın - "İdman Azərbaycan" telekanalının açılış mərasiminin şahidi oldu. AzTV bu kanalı açmaq üçün Milli Teleradio Şurasının elan etdiyi müsabiqədə iştirak etdi və qalib gəldi. Ötən il iyulun 18-də müsabiqənin nəticələri müzakirə olunarkən üstünlük güclü maddi-texniki bazaya, kadr potensialına, televiziya sahəsində böyük təcrübəyə malik olan AzTV-yə verildi. "İdman Azərbaycan" Cənubi Qafqaz regionunun ilk idman kanalıdır. Hazırda bu kanal Azərbaycan dilində ölkə və beynəlxalq miqyaslı müxtəlif idman yarışlarını, veriliş və proqramları, ən son idman yeniliklərini tamaşaçılara təqdim edir. Telekanal 2009-cu il yanvarın 1-dən üç saatlıq sınaq yayımları ilə fəaliyyətə başlamış, fevralın 1-dən isə 14 saatlıq yayıma keçmişdir.

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi qayğı televiziyaların fəaliyyətində də özünü əyani göstərir. İndi Azərbaycan tamaşaçısı dünyanın istənilən ölkəsində keçirilən hər hansı idman yarışını öz evindəcə mavi ekrandan izləmək imkanındadır. AzTV və "İdman Azərbaycan" telekanalında yaradılan texniki şərait, öz peşəsinə vurğun idman jurnalistləri və şərhçilərin bu məkanda cəmləşməsi olimpiada və çempionatların canlı yayımından tutmuş ən adi yarışlardan hazırlanan telereportajları idmansevərlərin diqqətinə çatdırmağa imkan verir. AzTV-nin idman proqramları redaksiyasının baş redaktoru Elnur Əşrəfoğlu bildirir ki, AzTV-nin "İdman həftəsi", "Futbol zamanı", "Olimp" proqramlarında, "Xəbərlər"in saat 20.00 və 21.00 buraxılışlarında, ümumən hər üç saatdan bir 10 dəqiqəlik xüsusi buraxılışlarda təqdim olunan telesüjetlər və reportajlar tamaşaçıları razı salır.

- Üç ildən artıqdır ki, Bakıda keçirilən beynəlxalq yarışlardan hazırlanan telereportajları öz rejissorlarımız hazırlayırlar. Əvvəllər bu məqsədlə xarici ölkə televiziyalarının əməkdaşları dəvət olunurdu. Avropa Televiziya Birliyinin eksklüziv yayım hüququnun AzTV-yə məxsus olması barədə bildirişini almışıq. İspaniya və İtaliya futbol çempionatlarının yayım hüququ da bizdədir. Reportajlardan əvvəl futbol mütəxəssislərinin, tanınmış idman jurnalistlərinin şərhlərinin verilməsi də tamaşaçıların ürəyindəndir. Vaxtilə ölkənin bir sıra telekanallarında işləyən populyar idman şərhçilərinin bizə üz tutması da AzTV-də yaradılan texniki və sosial-psixoloji şəraitlə izah olunmalıdır. İndi bizim televiziyada çalışmaq olduqca prestijli iş hesab olunur. Rəqəmsal texnologiya, kompüter və internet şəbəkəsi, müasir işıqlandırma sistemi, digər texniki vəsaitlər jurnalistlərin, rejissor və operatorların, montaj işçilərinin məhsuldar, yaradıcı fəaliyyətinə stimul verir.

Bu yazı dərcə hazırlanarkən Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın köməyi ilə ölkənin bir sıra nüfuzlu qəzetlərinin əməkdaşları bu kanalda son vaxtlar həyata keçirilən uğurlu islahatların nəticələri ilə tanış olmaq imkanı qazandılar. AzTV-nin aparıcı redaksiyalarının fəaliyyət prinsipləri, proqram siyasəti, gənc kadrlarla iş, texniki yenilənmə ilə bağlı həyata keçirilən tədbirlərlə əyani tanışlıq hər birimizdə xoş təəssürat yaratdı. QSC sədri Arif Alışanov bildirdi ki, AzTV bir çox göstəricilərinə - kadr potensialına, texniki parametrlərinə, güclü maddi-texniki bazasına görə digər kanallardan köklü şəkildə fərqlənir. Əbəs yerə deyil ki, ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson AzTV rəhbərliyi ilə görüşündə bu kanalı zarafatla "imperiya" adlandırmışdı.

2004-cü ilin fevralından başlayaraq "Teleradio" İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV-UP-link stansiyası quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. Təsadüfi deyil ki, 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülüb.

Arif Alışanov xatırlatdı ki, 1992-ci ildən sonra ilk dəfə 2007-ci ilin aprelində aparıcı və reportyorların seçilməsi üçün keçirilən müsabiqə yaxşı nəticələr verib. Münsiflər heyəti tərəfindən bəyənilən 30 nəfər gənc hazırda AzTV-nin "Xəbərlər", "İctimai-siyasi proqramlar", Müəllif Proqramları və Xüsusi Layihələr Departamentində, "Səhər" musiqi-informasiya proqramında uğurla çalışır. Onlara kanalın yeni siması da demək olar. Bu yaxınlarda isə "New Vision" Prodüser Mərkəzinin keçirdiyi müsabiqənin səkkiz qalibi AzTV ilə əməkdaşlığa cəlb olunub.

Son iki ildə televiziya əməkdaşlarının iş şəraiti yaxşılaşdırılıb, otaqlar təmir edilib, yeni istilik qızdırıcıları qoşulub, kommunikasiya xətləri tamamilə dəyişdirilib. Əməkdaşların çevik fəaliyyətini təmin etmək məqsədilə ötən ilin sonunda yeni avtomobillər alınıb. AzTV-nin əsas inzibati binasının foyesi tanınmaz dərəcədə dəyişib. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulub. "Kinokulub"un lentə alındığı məkan olduqca orijinaldır. Studiya hovuzun üzərində yerləşir. Çəkiliş meydançası qeyri-standart tərtibatı, işıqlandırılması ilə fərqlənir. 2009-cu ildən "Səhər" və "Xəbərlər" yeni məkanda fəaliyyət göstərir. "Xəbərlər"in əməkdaşlarının normal fəaliyyət göstərməsi üçün nyus-rum 60-dan çox kompüterlə təchiz olunub. Bu yaxınlarda "Xəbərlər"in 24 saatlıq iş rejiminə keçməsi gözlənilir.

AzTV İnformasiya Proqramları Studiyasının direktoru, respublikanın əməkdar jurnalisti Faiq Hüsüyev bildirir ki, bu gün Azərbaycan Televiziyasının qazandığı bütün uğurlar ölkə başçısının televiziyanın inkişafına göstərdiyi qayğının nəticəsidir. QSC rəhbərliyinin son iki ildə həyata keçirdiyi uğurlu islahatlar "Xəbərlər"də çalışan hər bir əməkdaşın ürəyindəndir. Azərbaycan Televiziyası vaxtilə itirdiyi nüfuzunu indi qaytarmaqdadır. Reytinqlərdə bizim "Xəbərlər" daim öndə gedir. Bu gün biz xəbər məkanının 90-95 faizinə nəzarət edə bilirik. Faiq Hüsüyev onu da vurğulayır ki, kollektiv əvvəlki bəsit şəraitdə konkret uğurlara nail olmuşdusa, indiki mükəmməl şəraitdə əvvəlkindən iki dəfə böyük nailiyyət əldə etməlidir. "Ötən il teleşirkət rəhbərliyinin birbaşa dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının bir neçə aparıcı telekanalında - CNN, CBC, NBS, Fox news-da olduq. Bundan əlavə, Rusiyanın RTR, NTV kimi kanallarındakı iş şəraitini öyrəndik. Bizim vəzifəmiz gördüyümüz mütərəqqi metodları telekanalımızda tətbiq etməkdir ki, tamaşaçı bizdən informasiyanı olduğu şəkildə ala bilsin".

AzTV-nin ən baxımlı və uzunömürlü proqramlarından biri olan "Səhər" öz tamaşaçılarının görüşünə 1995-ci ildən hər səhər gəlir və özü ilə bütöv bir günün xoş ovqatını gətirir. Dünya telekanallarının, demək olar ki, hamısında bu tipli proqramların verilməsi ənənəsi var. Bəzi yerli xüsusiyyətləri nəzərə almasaq, belə verilişləri oxşar cəhətlər birləşdirir. İnsanlar sübh tezdən - yuxudan durandan ta işə başlayanadək müxtəlif fasilələrlə müsiqi dinləyir, müxtəlif mövzulu informasiyalar alır, məlumatlanır, maariflənirlər. Proqramın baş redaktoru İlham Alışanov bildirir ki, verilişi hazırlayan yaradıcı heyət əvvəllər efirə çıxan "Səhər görüşləri", "Xoş gördük", "Səhər kanalı" və s. verilişlərin bir sıra ənənələrini yaşatmaqla ortaya yeni, müasir biçimdə proqram qoymaq üçün bir sıra xarici telekanalların təcrübəsindən bəhrələnməyi də unutmurlar. Hazırda hər səhər 20-dən artıq rubrika altında həyatın müxtəlif sahələrini əhatə edən, tamaşaçı marağına səbəb olan mövzularda süjetləri "Səhər" proqramında izləmək mümkündür. "Studiyamız yenidən qurulub, təzə montaj otaqları ayrılıb, müasir texnologiyanın tətbiqinə başlamışıq. Yaradıcı heyət də öz işini sevən, yüksək intellektli, savadlı və dünyagörüşlü jurnalist və rejissorlarla, texniki işçilərlə komplektləşdirilib. Bütün bunlar "Səhər"də təqdim olunan reportajların, təqvim materiallarının, digər xarakterli süjetlərin operativliyini təmin edib, keyfiyyətini yüksəldib".

"Bizim başlıca məqsədimiz, daha doğrusu, AzTV-də son iki ildə aparılan uğurlu islahatların əsas mahiyyəti intensiv iş şəraiti yaratmaq, sağlam yaradıcılıq mühiti formalaşdırmaqdan ibarət olub" - bu sözləri də bizimlə görüşdə İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının baş redaktoru İbrahim Məmmədov dedi. O bildirdi ki, QSC rəhbərliyinin müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün redaksiya kollektivləri öz yaradıcılıq imkanlarından hərtərəfli istifadə etmək niyyətindədir. Redaksiyanın hazırladığı verilişlərin araya-ərsəyə gəlməsində cəmi 7-8 nəfərin əməyi olduğunu xatırlatsaq, az qüvvə ilə nə qədər böyük iş görüldüyü aydın olar. Baş redaktor deyir ki, verilişlərin sayı artırılacaq, amma optimal kadr bazası ilə. Digər TV-lərin analoji proqramları ilə rəqabətdə isə uduzmamaq bu yaradıcı kollektivin qarşısında qoyulan başlıca tələb, əsas fəaliyyət prinsipidir. Son iki ildə AzTV-də həyata keçirilən radikal dəyişikliklər bütün verilişlərdə, müəllif və konsert proqramlarında, filmlərin təqdimində özünü əyani göstərir. Məzmun və forma yenilikləri tamaşaçılar tərəfindən təqdir olunur, hətta opponentləri belə razı salır. Efir intizamının yüksəlməsi, informasiya siyasətinin təkmilləşdirilməsi, proqram tərtibindəki yeniliklər islahatların uğurlarından xəbər verir. Texniki problemlərin kompleks həlli isə son illərin mühüm nailiyyətlərindəndir. İki ildə bir qərinənin işinin görülməsinin şahidi olmaq üçün bir neçə saatlığa bu yaradıcı kollektivin işi ilə tanış olmaq kifayət etməz. Əlbəttə, yeniliklər özünü ilk növbədə proqramların təqdimində ehtiva edir.

1998-ci ildə dövlət rəhbərinin imzaladığı fərmanda bildirilirdi ki, ölkə kanalları yalnız Azərbaycan dilində yayımlanmalıdır. Həmin qərara tam dəqiqliyi və ciddiliyi ilə riayət edən AzTV-də hər gün rus və ingilis dillərində 15 dəqiqəlik "Xəbərlər"i çıxmaq şərtilə, demək olar, bütün verilişlər Azərbaycan dilində yayımlanır. Gündəlik efirin təxminən 6-7 saatını lisenziya ilə alınmış xarici filmlər təşkil edir. Xüsusi film siyasətinə uyğun olaraq efirdə yalnız mənəvi dəyərlərimizə uyğun gələn filmlər nümayiş etdirilir.

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 53 il ötür. Bu dövr kollektiv üçün heç də asan, rahat keçməyib. Başlıcası isə televiziya inkişaf edib, yüksəlib. Uzun illər bu kollektivdə çalışan, taleyini telejurnalistikaya bağlayan insanların hər biri ömrünün AzTV-li çağlarını böyük qürur hissi ilə xatırlayır, ötən günlərinə heyifsilənmir. Bu gün ölkənin ana televiziyasında çalışan gənclərin də üzərinə şərəfli bir missiya düşür - yeniləşmiş, müasir texnologiyalara və təfəkkür tərzinə yiyələnmiş telekanalın şöhrətini artırmaq, ölkə televiziyaları arasında liderliyini qoruyub saxlamaq missiyası. Ümidvarıq ki, AzTV-çilərin hər biri bu vəzifənin öhdəsindən şərəflə gələcək.

 

 

Akif Cabbarlı

 

Azərbaycan.-2009.-13 fevral.-S.11.