Günəşə boylanan
çiçəklər kimi...
Yerişi, danışığı, təbəssümü ilə 35-40 il əvvəlki Fərəh xanım idi. Pilləkənləri lap universitet tələbələri kimi enib-qalxırdı. Hafizəsi isə məni heyran etmişdi. Neft və Kimya İnstitutunu bitirdikdən sonra ölkənin iri sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışdığını, 1966-1968-ci illərdə SSRİ-nin İrandakı səfirliyinin nəzdindəki məktəbdə rus dilindən dərs dediyini, 1969-1971-ci illərdə Xalq Nəzarəti Komitəsində, 1971-1972-ci illərdə Azərbaycan KP MK-da inspektor kimi fəaliyyətini, 1972-1978-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin katibi işləməsini, sonra isə on il Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışdığını az qala gününə-saatınadək xatırladı. Bu müddətdə görüşdüyü, təmasda olduğu görkəmli siyasi və dövlət xadimlərini, mədəniyyət və incəsənət ustalarını, iş yoldaşlarını, rəfiqələrini bütün təfərrüatı ilə yada saldı. Ümummilli lider Heydər Əliyevlə hər görüşün onun üçün tarixi bir hadisə olduğunu, həm də ömrü boyu unutmayacağı bayram günü kimi hafizəsində qaldığını xüsusi məmnunluqla bildirdi.
Fərəh Şəkinskaya, avtobioqrafiyasından da göründüyü kimi, bir vaxtlar çoxlarının həsəd apardığı, əli çatmadığı vəzifələrdə işləyib. Amma 1993-cü ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik etməsini ömrünün ən gözəl, yaddaqalan dövrü kimi qiymətləndirir: "Millətimiz yüksək mədəniyyətə, əlçatmaz mənəvi-etik dəyərlərə malik olduğunu minillərdən bəridir ki, sərgilənməkdə, sübut etməkdədir. Dünyanın inkişaf etmiş, müdrik xalqları bunu dərindən dərk edir, qiymətləndirir. Nə olsun ki, bədnam qonşularımız musiqimizə, adət-ənənələrimizə, adlarımıza, hətta qazanda bişən xörəklərimizə qədər yiyələnmək, daha doğrusu, mənimsəmək niyyətindədirlər. Alınmaz. Deyirlər ki, "Sarı gəlin" bizimdir. Lakin bizim dilimizdə, təmiz türk ləhcəsində oxunan mahnının niyə ermənilərə mənsub olduğunu onlardan soruşanda gözlərini döyməkdən savayı ayrı əlacları qalmır. Üzə çıxası, ən məşhur saydıqları bəstəkarları belə bizim ustadlardan oğurlayır, ora-burasına əl gəzdirir, sonra sinələrinə döyüb öz adlarına çıxırlar. Yanılırlar. Biz də əlimizi yanımıza salıb gözləməməli, dərslərini verməliyik.
Bu sözlərdən sonra Fərəh xanımın gözləri ani olaraq yol çəkdi. Ayağa qalxıb şkafdan bir neçə qovluq götürdü. Fotoşəkillər, yol qeydləri yazılmış bloknotlar, hətta imzalanan sənədlərin surətləri, təyyarə biletləri uzun illərin yorulmazlığı, cəsarət və riski haqqında çox şey deyirdi.
- İndi oturub fikirləşirəm ki, ötən əsrin 80-ci illərinin axırlarından mən də üzümü Qarabağa tutmasaydım, yurddaşlarımıza həyan olmasaydım, özümü necə bağışlayardım? Dağlıq və aran Qarabağı, demək olar ki, qarış-qarış gəzdim. Mədəniyyət evlərində, kitabxanalarda görüşlər keçirdik, camaatın vətənpərvərlik ruhunun yüksəldilməsi üçün çox işlər gördük. Odun-alovun içində bəzən yeni mədəniyyət ocaqlarının açılışını keçirirdik. Təsəvvür edirsiniz, gənclər, uşaqlar bizi necə sevinclə qarşılayırdılar. İki daşın arasında konsert proqramı hazırlayır, qonaqların qarşısında çıxış edirdilər. O uşaqların necə məlahətlə, yanıqlı oxumaları, şaqraq rəqs etmələri indiki kimi gözümün qabağındadır. O vaxtkı dövlət katibi rəhmətlik Tofiq İsmayılov deyərdi ki, Fərəh, sən həyatını riskə qoymusan. Qayıt Bakıya, uşaqlarının yanına. Mən də həmişə deyərdim ki, bəs buradakı uşaqlar kimindir, mənim, sizin balalarınız deyilmi? O da dərhal mənimlə razılaşardı. Həyat yoldaşım, o vaxtlar Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə rəhbərlik edən Əkrəm Şəkinski də tez-tez bu bölgəyə baş çəkir, rayonlarda yeni artezian quyularının qazılması, habelə faydalı mineral ehtiyatların üzə çıxarılması ilə bağlı tədqiqatlara nəzarət edirdi. Sonra iş elə gətirdi ki, məni yeni yaradılan Dövlət Uşaq Filarmoniyasına direktor təyin etdilər. Yenidən mədəniyyət məsələləri ilə, uşaqların musiqi duyumunun, dünyagörüşünün artırılması ilə bağlı fəaliyyətim, doğrusu, çox ürəyimdən oldu.
Ötən illər Dövlət Uşaq Filarmoniyası üçün əsl inkişaf dövrü kimi xarakterizə edilməlidir. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən ayrı-ayrı musiqi və rəqs dərnəklərinin işinin professional məcraya yönəldilməsi, maestro Niyazinin, Tofiq Quliyevin, Polad Bülbüloğlunun və digər nüfuzlu bəstəkar və musiqiçilərin uzun illər boyu üzərində düşündükləri ideyanın gerçəkləşdirilməsi paytaxtın balaca sakinlərinin böyük musiqi dünyasına boylanan arzularının reallaşdırılması yolunda uğurlu bir addım oldu. Hazırda filarmoniyada Azərbaycanın tanınmış incəsənət xadimləri - Oqtay Zülfüqarov, Teymur Göyçayev, Məryəm Babayeva, Məryəm Əlibəyli, Natiq Qəzənfəroğlu və digərləri bu musiqi ocağına üz tutan 1200 uşağa incəsənətin sirlərini öyrədirlər. Burada fəaliyyət göstərən Xalq Çalğı Alətləri Orkestri, muğam və vokal sinifləri, kamera ansamblı, xor kapellası, "Aysel" teatrı, "Can bala" və "Noğullar" qrupları. "Breq-dans" müasir rəqslər və moda studiyaları, 3 yaşından 18 yaşınadək uşaqların hərtərəfli musiqi təhsili almasına, onların bu sahədəki qabiliyyətinin tam üzə çıxmasına gözəl şərait yaradır. Uşaqların klassik musiqiyə həvəsləndirilməsi və bu sahədə kadrlar hazırlanması məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə filarmoniyamızda Uşaq-Gənclər Simfonik Orkestri yaradıldı. Bu kollektiv qısa müddətdə uğurlu çıxışları ilə bir sıra ölkələrdə klassik musiqimizi tanıda bilib.
- Biz uşaqların hərtərəfli yetişməsinə, yüksək mənəvi-etik dəyərlər zəminində böyük həyata hazırlanmasına səy göstəririk. Estetik tərbiyə yalnız muğam, yaxud mahnı oxumaq, rəqs etməklə çərçivələnmir. Uşaqların yaxşı geyinməsi, zövqlə bəzənməsi, danışıb-gülməsi, davranışı, bir-biri ilə münasibəti estetik tərbiyəni şərtləndirən mühüm amillərdəndir. Mən burada daimi deyiləm, nə vaxtsa gedəcəyəm. Amma ürəyimdən keçən yeganə arzu balalarımızı hərtərəfli, elmli, tərbiyəli, musiqi duyumlu, özünə və böyüklərə hörmət duyğulu əsl vətəndaş kimi yetişdirməkdir. Balacalar Günəşə boylanan çiçəklər kimidir. Onları soluxmağa, boyunlarını bükməyə qoymamalıyıq. Dövlətimiz bu yolda bizə etibarlı qarantdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın son illər mədəniyyət və incəsənətimizlə, o cümlədən gənc nəslin yüksək estetik tərbiyəsi ilə bağlı reallaşdırdığı proqramlar ürəyimizcədir.
Dövlət Uşaq Filarmoniyasının gənc artistləri, vokalçı və rəqqasları öz istedadlarını Azərbaycanın ən böyük səhnələrində olduğu kimi, xarici ölkələrin çoxsaylı tamaşaçılarına da göstərə biliblər. MDB ölkələrində, Türkiyə, Şotlandiya, İngiltərə, Fransa, Avstriya, Ərəb Əmirlikləri və digər dövlətlərdə balaca bakılıların çıxışları rəğbətlə qarşılanıb. Azərbaycanın əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskayanın iş otağında bu səfərlərin nəticələrini əks etdirən diplomlar, tərifnamələr, mükafatlar səliqə ilə saxlanılır. Bunların hər biri ayrıca söhbətin mövzusudur.
- Biz öz yetirmələrimizlə, bugünkü tələbələrimizlə fəxr edirik. Müğənni Ayğün Bəylər, tarzən Əliağa Sədiyev, nağaraçı Kamran Əliyev, aşıq Samirə Əliyeva və onlarca başqaları qazandıqları uğurlara görə kollektivimizə həmişə minnətdarlıqlarını bildirirlər. Tez-tez gəlirlər, balacaların məşqlərində iştirak edirlər. Qönçə Mehdiyevanı tanımamış olmazsınız. On yaşında gəlmişdi. İstedadını göstərdi. Sonra konservatoriyanı, magistraturanı qurtardı. Hazırda xalq musiqisi üzrə vokal instrumental ansamblına rəhbərlik edir. Taleyini bizim filarmoniya ilə bağlayanların çoxu həyatda böyük uğurlar qazanıb, ad-san yiyəsi olub. Yetirmələrimiz Azərbaycan musiqisi, mədəniyyəti və incəsənətinin inkişafına gözəl töhfələr verməkdədirlər.
Fərəh Şəkinskaya həyatının mənasını uşaqlarla işləməsində, onların yüksək ideallar ruhunda böyüməsində görür. Harada, hansı ölkədə səfərdə olubsa, mədəni dəyərlərimizin təbliğinə, tanınmasına çalışıb. 1990-cı ildə Türkiyədə keçirilən Azərbaycan mədəniyyəti günlərində nümayəndə heyətinə rəhbərlik edib. 1991-ci ildə Avropa Şurasında ölkəmizi təmsil edən qadın nümayəndə kimi yadda qalıb. Türkiyənin mərhum prezidenti Turqut Ozalın həyat yoldaşı Səmra xanımla, habelə Nəzmiyyə xanım Dəmirəllə keçirdiyi görüşlərin əsas mövzusu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, azərbaycanlı uşaqların sağlam böyüməsi, yaxşı təhsil alması, musiqimizin, incəsənətimizin incəliklərinə dərindən yiyələnməsi olub.
Dövlət Uşaq Filarmoniyası paytaxtın Bəsti Bağırova küçəsində - keçmiş "28 Aprel" kinoteatrının binasında yerləşir. Son illər ucaldılan yaraşıqlı, müasir görkəmli imarətlərin arasında yerləşən, milli memarlıq elementləri ilə zəngin olan fundamental tikili indiki tələblərə o qədər də cavab vermir. Konsert salonunun, məşq otaqlarının ciddi təmirə ehtiyacı açıq-aşkar duyulur. Filarmoniyaya ayrılan vəsaitin binanın tam təmirinə imkan verməməsini nəzərə alsaq, müvafiq strukturların, ilk növbədə, Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin, habelə humanitar yönümlü biznes strukturlarının və iş adamlarının böyük musiqi dünyasına üz tutan 1200 uşağın bu qədim binada daha rahat nəfəs almasına bir "oksigen bolluğu" yaradacağı ümidindəyik. Fərəh xanım da bütün çətinliklərə baxmayaraq, kollektivin gücünə inanır, dövlətimizin qayğısı sayəsində gənc istedadların yeni zirvələr fəth etməsi üçün səylərini əsirgəmir.
A.Cabbarlı
Azərbaycan.-2009.-13
fevral.-S.13.