Azərbaycan Yazıçılar
Birliyi – 75 Dünyanın xəritəsi bir rəngdə deyil
Azərbaycan yazıçılarının 1934-cü ildə keçirilən I qurultayında Səməd Vurğun ittifaqın məsul katibi seçilmişdi. Azərbaycan Yazıçılar İttifaqının iki sədri - Məmməd Kazım Ələkbərli və Seyfulla Şamilov repressiya caynaqlarına ilişdikdən sonra (1938) yaradıcılıq birliyinin bütün ağırlığını Səməd Vurğun daşımalı oldu. İlk baxışda bu xronoloji ardıcıllıq adi səslənə bilər, amma o illərin ab-havasını bilənlər bu seçimin hansı dəhşətlər bahasına başa gəldiyini yaxşı dərk edirlər. 1930-cu illərdən başlanan repressiyaların ölüm taktikası müxtəlif cür həyata keçirilib. Kimi Sibir çöllərində əzablara düçar olunub, kimi elə Bakıdaca güllələnib, bir başqasını da dost və qardaş itkisi üzərində quruluşu tərənnümə məcbur edərək mənəvi işgəncə veriblər. Bax, bu ağrı və acıların, əzabların qovşağında Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edən Səməd Vurğunun içində nə çəkdiyi bəllidir. Bunun üçün arxivlərdə sübut axtarmağa gərək yox. Azərbaycana qanadını gə\rmiş zülmətin rəngi Səməd Vurğunun vaxtsız ağarmış saçlarında görünürdü. Min ilin qocasına dönmüş unudulmaz şairimiz çəkdiyi mənəvi əzabların və məşəqqətlərin hesabına ömrünün 50-ci pilləsini ancaq tamamladı. Əslində, Səməd Vurğun özü də repressiya qurbanı idi. Nə olsun ki, şairi 1937-ci ildə güllələmədilər, sürgünə göndərmədilər? Mənəvi əzab fiziki ağrıdan betər olur. Həssas duyumlu şair elə-belə yazmırdı ki, dünyanın xəritəsi bir rəngdə deyil.
Azərbaycan
poeziyasının əngin səmasında qartal kimi qanad
çalan Səməd Vurğun bu möhtəşəm
ünvanda əbədilikdir. İnsana, torpağa, vətənə
məhəbbət dolu şeirlərin, dərin məzmunlu
pyeslərin, poemaların müəllifi haqqında hələ
ötən əsrin ortalarında Rumıniya mətbuatında
belə yazırdılar: "Şair Səməd Vurğun
bütün dünyaya öz poetik fleytası ilə məlumdur".
O öz şeir lirikasının simlərini elə qüdrətlə
kökləmişdi ki, bu sirli rübabdan qopan həzin sədalar
bütün dünyada eşidilirdi. Azərbaycanda uşaqdan
böyüyə, adidən aliyə elə bir insan tapmaq nəinki
çətin, heç mümkün deyil ki, Səməd
Vurğundan ən azı bir-iki bənd əzbər bilməsin.
Bu səadətin bəlkə də yeganə sahibi Səməd
Vurğun olub. Şairin məşhur "Azərbaycan"
şeiri bu gün vətəndaşlığımızın
mənəvi pasportuna çevrilib. Bağçaya gedən
körpədən tutmuş sənət və siyasət
adamlarına qədər hər kəs öz Vətən
sevgisini, azərbaycançılıq məramını
bildirmək üçün ilkin olaraq məhz şairin bu
misralarını dilə gətirir:
Mən bir uşaq, sən bir
ana,
Odur ki, bağlıyam
Hankı səmtə,
hankı yana,
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən.
Ədəbiyyatşünas-alim,
professor Cəfər Xəndana məxsus fikirdir: "Səməd
Vurğun poeziyada elə bir zirvə tutub ki, ikinci dəfə
dünyaya gəlsə, özünün də əli o zirvəyə
çatmaz". Böyük şairlə bağlı
çox qiymətli fikirlər söylənilib. Amma bu kəlam
ona görə diqqət çəkdi ki, onun ahəngində
zamanın həqiqəti duyulur.
Qazax qəzasının
Qıraq Salahlı kəndində bəy ailəsində
dünyaya gəlmiş Səməd Yusif oğlu Vəkilov
doğma yurdda 5 sinifli rus-tatar məktəbində oxumuşdur.
Sonra təhsilini Qazaxdakı Müəllimlər
seminariyasında davam etdirib. İlk əmək fəaliyyətinə
müəllimliklə başlayan Səməd Vurğun
Göyçə mahalından tutmuş Qubaya qədər
müxtəlif bölgələrdə müəllimlik
etmişdir. Həmin vaxt mətbuatda müntəzəm olaraq
şeirləri dərc edilirdi. Ötən əsrin 30-cu illərinədək
şeirləri Vurğun, El Vurğunu, Düşkün, Səməd,
Məğrur, Dəli şair, Vəkilzadə Səməd və
digər təxəllüslərlə dərc edilərdi. Məhz
sonralar Səməd Vurğun imzası əbədiləşdi.
Belə müxtəlif təxəllüslərlə
çıxış etməyinin səbəbini də gənclik
illərində daşlara dəymiş ilk məhəbbətinin
ağrı-acıları ilə bağlayırlar. Əlbəttə,
bütün bunlar özü də bir həqiqətdir ki, Səməd
Vurğun həmin dövr yaradıcılığını
"ölən şeirlərim" adlandırıb. Bu,
şairin öz müdrikliyidir ki, gənclik illərindəki
şeirlərinin üstündən xətt çəkib. Əslində,
Səməd Vurğunun nəfəsindən qopan hər bir
söz, misra gözəl və şairanədir.
1926-1932-ci illər Azərbaycan
ədəbiyyatında, poeziyasında artıq məcburi
mövzuların yazılması baş alıb gedirdi.
Zamanın və quruluşun diktəsi bütün qələm
əhlini bir istiqamətdə addımlamağa yönəltmişdi.
Təsəvvür edin ki, sovet ideyalarının poetik dillə
təbliği hər bir yaradıcının həyat
proqramına və vəzifəsinə çevrilmişdi. Bu
çərçivədən kənara çıxmaq diri
gözlü kəfən geyinməyə bərabər idi.
Marksizm-leninizm dünyagörüşünün ədəbiyyatda
yeritdiyi işğal ədəbi mühitə ziddiyyətli bir
rəng gətirmişdi. Ab-havanın diktəsi Səməd
Vurğun şeirində əks olunurdu:
Bütün arzularım
gülür yarına,
Xəyaldan ilhamlar almamaq
üçün.
Baxıram Leninin
kitablarına,
Dəstədən geridə
qalmamaq üçün.
Bu, şairin
böyüklüyüdür, qüdrətidir, sabahı
aydın görməsidir. Demir, şairlərdən,
yaradıcılıqdan, inkişafdan, məhz "dəstədən"
deyir. O dəstədən ki, gecə-gündüz
"donos" yazırdı, qarayaxma ilə məşğul
olurdu, bəylərin, ağaların övladlarını
ölümə çəkirdi. İstedadlılara quyu qazmaq
üçün repressiyadan qurtulmuşları "xain",
"maskalı şair, ədib, yazıçı",
"burjua tör-töküntüsü" və s.
adlandırırdılar. Bu mürəkkəb, ziddiyyətli
dövrdə təsadüfən salamat qurtarıb ədəbiyyata
xidmət edərək onu zənginləşdirmək
missiyası məhz Səməd Vurğun kimi qüdrətli
söz adamlarının taleyinə yazıldı. Ağır
tale olsa da, ədəbiyyatımız bu çarpışmada
qazandı.
1931-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunu bitirən Səməd
Vurğun aspiranturaya daxil olub. Bir neçə il ciddi şəkildə
elmi işlə məşğul olan Səməd Vurğun
1934-cü ildə Azərbaycan Yazıçılar
İttifaqının məsul katibi seçilib. Bu səbəbdən
də aspiranturada təhsilini axıradək davam etdirə bilməyib.
1935-ci ildə Səməd
Vurğunun şeirlər kitabının çap edilməsi ədəbi
mühitdə hadisəyə çevrilib. Şairin poetik
dünyası ilə təkcə Azərbaycan oxucuları
deyil, keçmiş SSRİ-nin bütün respublikalarında
İçim
dalğalanır, sanki bir dəniz,
Mən bu dalğalarla
qucaqlaşıram.
Nələr
düşünürəm, duya bilsəniz,
Sanki varlığımdan uzaqlaşıram...
Bax, bu cür
düşündüyü üçün bəzən də
fikrinin qanadlarını küləklər qoparıb ondan
alırdı. Hər şeydə hikmət axtaran Səməd
Vurğun bu gün bizim düşünməyimiz
üçün mətləblər
pıçıldayırdı:
Sürürəm əsrimin
qır atlarını
(Qırat yox, a - F.X.),
"Bu axın başqa bir
axındır" - deyə.
Bu günün gözü ilə
şairin şeirlərini nəzərdən keçirəndə
görürsən ki, yaşadığı az müddət ərzində
Səməd Vurğun vətən sevgisi ilə
yazıb-yaradıb. Adi otun, çiçəyin adına bir
dastan qoşub. "Hər insan ömrünün bir kitabı
var" hökmünü misralayıb. Bu kitabı isə hər
kəsin oxuması, anlaması həm çətindir, həm
də asan. Dünyanın yarıdan çoxunu dolaşan Səməd
Vurğun ən böyük səadəti, qəlb
rahatlığını vətən söyüdünün
kölgəsində tapardı.
İkinci Dünya müharibəsinə
qədər Səməd Vurğun "Macəra",
"Lökbatan", "Kənd səhəri",
"Acı xatirələr", "Qız qayası",
"Bulaq əfsanəsi", "Üsyan", "Yazla
qışın deyişməsi", "Ölən məhəbbət",
"Aslan qayası" kimi poemalarını yazaraq ilk dəfə
ədəbiyyata yeni qəhrəman - əməkçi
obrazını gətirdi. "Vaqif"dən sonra
"Xanlar" mənzum pyesi tamaşaya qoyuldu. 1940-cı ildə
Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
ongünlüyündə Səməd Vurğunun rus dilində
çıxan "Azərbaycan poeziyası antologiyası"
nümayiş etdirildi. Bu antologiyanın o dövrdə rus
oxucusuna çatdırılması həqiqətən
böyük hadisə sayılırdı. Çünki ilk dəfə
olaraq Azərbaycan ədəbiyyatının qədim abidəsi
olan "Kibati-Dədə Qorqud"dan müəyyən
seçmələr həmin antologiyaya daxil olmuşdu. 1941-ci
ildə "Vaqif" əsəri SSRİ Dövlət
mükafatına layiq görüldü. Həmin ildə uzun
sürən fasilədən sonra Səməd Vurğun Azərbaycan
Yazıçılar İttifaqının sədri
seçildi.
İkinci Dünya müharibəsində
Səməd Vurğunun səsi cəbhə bölgələrindən
gəldi. O, döyüşçülərlə
görüşür, onları qələbəyə
ruhlandırır, alovlu şeirləri ilə
xalqımızı nikbin ruhda saxlamağa
çalışırdı. O dövr mətbuatda Səməd
Vurğunun şeirləri demək olar ki, çox böyük
təbliğati iş gördü. "Vətənin
keşiyində", "Ananın öyüdü",
"Şəfqət bacısı", "Qəhrəmanın
hünəri", "Azərbaycan balası" kimi şeirləri
həm arxa, həm də ön cəbhədə böyük
təsirə malik idi. İnsanların vətənpərvərlik
hissini coşdururdu:
Bilsin ana torpaq, eşitsin vətən,
Müsəlləh əsgərəm
mən də bu gündən.
Bu şeirin motivi elədir
ki, onun hər kəlməsində həmişəyaşarlıq
var. Xalq şairi Rəsul Rza xatirələrində
yazırdı: "Əsasən azərbaycanlılardan ibarət
olan hərbi hissələrdə keçirdiyimiz bütün
görüşlərin mərkəzində Səməd
Vurğun dururdu. Onu hər yerdə tanıyırdılar (Bu,
heç də asan deyildi, çünki hamımız
qulaqlı papaq, sırıqlı gödəkçə,
uzunboğaz çəkmə geyinmişdik, günlərlə
üzümüz qırxılmırdı, bir sözlə,
çox alabəzək görkəmimiz vardı),
"şairimizə eşq olsun", "Vurğuna salam"
sözləri ilə salamlayırdılar... Səmədin
çıxışları əsgərlər arasında
böyük ruh yüksəkliyi doğururdu. Adətən Səməd
öz çıxışlarını şeirlə, bəzən
hətta bu çıxış ərəfəsində
yazdığı yeni şeirlə qurtarırdı".
Müharibə illərində
Səməd Vurğun Nizami Gəncəvinin "Xosrov və
Şirin" poemasının motivləri əsasında "Fərhad
və Şirin" adlı mənzum tarixi, qəhrəmanlıq
pyesini qələmə alıb. Əsərdə xalq yenilməzliyi,
vətənpərvərlik ruhu diqqət çəkir. Surətlərin
birinin dili ilə şairin söylədiyi misralar məhz
müəllifin məramını əks etdirmək
baxımından maraqlıdır:
Ucalsın yurdumuz öz
hünərilə,
Halal zəhmətilə,
alın tərilə.
Qoy azad yaşasın bəxtiyar
ellər,
Bizim bu ceyranlı, turaclı
çöllər.
Qoy bir də yuxusuz
qalmasın Vətən,
Düşmən
atlarının ayaq səsindən...
Göyçədən,
Dilicandan, Kəlbəcərdən, Gəncədən,
Qarabağdan, Muğandan, Mildən belə yurdumuzu
qarış-qarış gəzən şair böyük məhəbbətlə
yazırdı:
Dağlarının
başı qardır,
Ağ örpəyin
buludlardır.
Böyük bir
keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş
başın sənin.
Arada bir müddət Azərbaycanın
Xarici Ölkələrlə Mədəni Əlaqələri
Cəmiyyətinin sədri vəzifəsini yerinə yetirən
Səməd Vurğun 1945-ci ildə yenidən əvvəlki
işinə - Azərbaycan Yazıçılar
İttifaqının sədrliyinə qayıdıb. Müxtəlif
fəxri adlara, dövlət mükafatlarına, orden və
medallara layiq görülən Səməd Vurğun 1945-ci ildə
Azərbaycanda Elmlər Akademiyası yaradılanda onun ilk
akademiklərindən biri seçilib. Bu da səbəbsiz
deyildi. Nizami Gəncəvinin yaradıcılığı ilə
bağlı apardığı elmi araşdırmalar və məruzələr
bu haqqı ona qismət etmişdi. Səməd Vurğun həm
də ictimai xadim kimi fəaliyyət göstərirdi. Onun
bioqrafiyasında deputat olduğu barədə də qeydlər
var. Tədqiqatçılar xüsusi olaraq Səməd
Vurğunu 1948-ci ilin avqustunda Polşanın Bratislav şəhərində
keçirilən elm və mədəniyyət xadimlərinin
Ümumdünya Sülh Konqresindəki
çıxışından söz açıblar.
Dünyanın 45 ölkəsindən gəlmiş nümayəndələrin
iştirak etdiyi bir məclisdə Azərbaycan şairinin
çıxışı böyük maraqla dinlənilmiş,
alqışlarla qarşılanmışdı. Səməd
Vurğun həm də böyük sülh carçısı
idi. O, müharibəyə, qarşıdurmaya, milli
münaqişəyə, dini, irqi ayrı-seçkiliyə nifrət
edirdi. Azərbaycanın daxilində də, hüdudlarından
çox-çox uzaqlarda da bu məramını həmişə
cəsarətlə, alovlu çıxışı ilə bəyan
edirdi.
Dünyanın söz, sənət
sahibləri Səməd Vurğunun poeziyasına, dərin məzmunlu
çıxışlarına məftunluqla qulaq asar, ona öz
ehtiramlarını bildirərdilər. A.Fadayev, N.Hikmət,
N.Tixonov, N.Şoloxov, K.Simonov, M.Tursunzadə, Q.Qulam, Zülfiyyə,
R.Həmzətov, K.Kaladze və başqaları həmişə
Səməd Vurğundan bəhs etməkdən, onun haqqında
şeir, məqalə, xatirə yazmaqdan yorulmazdılar.
Bütün dünya onu sülh mübarizi sevərək
alqışlayırdı. Maraqlıdır ki, Səməd
Vurğun hansı xalqın qarşısında
çıxış edirdisə, onu öz övladları kimi
sevərək əzizləyirdilər.
1955-ci ilin payızından xəstələnən
Səməd Vurğun uzun müddət müxtəlif xəstəxanalarda
müalicə alsa da, onu əcəlin caynağından xilas etmək
mümkün olmadı. Qarşıdan şairin 50 illik yubileyi
gəlirdi. 1956-cı il yanvarın 23-də "xalq
şairi" adı təsis edildi. Bir fərəhli faktı
da qeyd etmək lazımdır ki, Səməd Vurğun sevildiyi
gündən xalqının böyük ehtiramını
qazanmışdı. Xalq şairi adının şərəfini
daşımaq Azərbaycan şairləri arasında ilk dəfə
Səməd Vurğuna nəsib oldu. Elə həmin il şairə
filologiya elmləri doktoru alimlik dərəcəsi
adının verilməsi də bir ömrün mənalı
notları idi. 1956-cı il martın 24-də isə o
dövrün ən yüksək mükafatı sayılan
"Lenin ordeni" ilə ikinci dəfə təltif edildi.
Şairin yubileyi nəinki Azərbaycanda, demək olar ki,
keçmiş SSRİ-də böyük bayrama çevrildi.
Kimlər iştirak etmirdi bu tədbirdə? O dövrdə həm
keçmiş SSRİ-də, həm də dünyada məşhur
olan yazıçı və şairlərin əksəriyyəti
Bakıya gəlmişdi. Cəmi 15 gün sonra isə
şairin ölüm xəbəri bu təntənənin
doyunca yaşanmasının qarşısını aldı. O
gün bütün Azərbaycan xalqı öz böyük
şair oğluna dərin yas saxladı.
Əlbəttə, gəlişin
gedişi həmişə gözləniləndir. Səməd
Vurğun "Dünya" adlı şeirində ömrün
bu sonluğunu çox düşündürücü qələmə
alıb:
Əzəldən belədir
çünki kainat,
Cahan daimidir, ömür
amanat.
Əldən-ələ
keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən
yaşa dünya!
Səməd Vurğun Azərbaycan
poeziyasına, ədəbiyyatına, ədəbi tənqidinə
şirinlik, aydınlıq, sərrastlıq, qətilik gətirdi.
Səməd Vurğun Azərbaycan poeziyasının
sükanını çox məharətlə dilimizin zəngin
qaynaqlarına, imkanlarına yönəltdi. Elə bu səbəbdəndir
ki, yarım əsrdən artıq cismən aramızda olmasa da,
şeirləri bu yurdun suyu, havası, çörəyi kimi həmişə
bizimlədir, qiymətlidir, əzizdir və müqəddəsdir.
Bir təəssüf doğuran məqam da var ki, dərin
savada, məntiqə, dünyagörüşünə, ədəbi
təfəkkürə malik olmayanlar, Səməd Vurğun
dövrünü yaxşı bilməyənlər Lenindən,
partiyadan, komsomoldan, eləcə də o quruluşun
özünəməxsusluğundan, diktəsindən
yazanları az qala dar ayağına çəkir və qınayırlar.
Bir anlığa təsəvvür edək ki, 31 yaşlı gənc
Səməd qara fırtınanın qarşısında nə
etməli idi? Öz-özünü odlaramı atmalı idi,
"məni də sürgün edin" deməliydi, "məni
də güllələyin" söyləməliydi? Tutaq ki,
bu qara caynaqlara ilişərdi Səməd Vurğun! Baxın, ədəbiyyatımız
nə qədər solğun görünərdi. Səməd
Vurğunun şeirləri Azərbaycan poeziyasına əbədi
şölələnən işıq gətirdi və
oxucusunun yaddaşına məhəbbətlə daxil oldu.
İndinin özündə də onun hətta partiyadan
yazdığı şeirlərini oxuyanda belə mənəvi
rahatlıq tapırsan. Çünki o şeirlər o qədər
qüdrətli və təsirlidir ki, kəsb etdiyi mənasından
çox, misraların poetik tutumu insanı ovsunlayır:
Tarixin qaranlıq səhifələrinə
işıq saçanda müəyyən faktlarla
rastlaşmalı olursan. Məlum təzadlarına,
repressiyalarına, təzyiqlərinə baxmayaraq, Oktyabr
inqilabı Azərbaycana yeni həyat gətirmişdi. Bu
gün dünya standartları səviyyəsində fəaliyyət
göstərən mədəniyyətimizin, elmimizin, təhsilimizin
çağlayışları o vaxtlardan başladı. Bu,
ayrı söhbətdir ki, bir əlində tərəqqi bəxş
edən inqilab o biri əlində iti qılınc tutmuşdu. Nə
yaxşı ki, bu qılıncın tişəsi Səməd
Vurğuna toxunmadı. Səməd Vurğunun bir arzusu da
vardı:
Könlüm keçir
Qarabağdan,
Gah bu dağdan, gah o
dağdan.
Axşam üstü qoy
uzaqdan,
Havalansın Xanın səsi,
"Qarabağın şikəstəsi".
Bütün
varlığı və istəkləri ilə
torpağına, vətəninə bağlı olan Səməd
Vurğunun başqa bir məziyyəti də vardı. Şairin
xeyirxahlığını görən insanlar həmişə
danışırdılar ki, o, neçə-neçə
kasıbın əlindən tutub, tələbələrə
öz maaşından "təqaüd" göndərib,
qışın soyuğunda əynindən paltosunu
çıxararaq Moskvanın küçələrində
dişi-dişinə dəyən azərbaycanlı oğlana
bağışlayıb. Etdiyi yaxşılıqları bir dəfə
də dilə gətirib öz xatirələrində yazmayan Səməd
Vurğun dünyasını dəyişəndə, deyələnə
görə, həmin insanlar bir də ona görə
ağlayıblarmış ki, "yetim qaldıq". Səməd
Vurğunun tabutunu Azərbaycan Dövlət Filarmoniyasından
Fəxri xiyabanadək çiyinlərdə gətiriblər. Xatirələrdən
oxuyuruq ki, böyük şairlə vidalaşmağa gələnlərin
sayı-hesabı bilinmədiyindən insan axınının ucu-bucağı
görünmürmüş. Qoşaqala qapısınadək
uzanan insan izdihamını heç bir göstərişlə
ora yığmamışdılar.
Qələm dostları
yazırlar ki, Səməd Vurğunun həm də poladdan
möhkəm iradəsi olub. Ölümün gözünə
də dik baxmağı bacarıb. Hər dəfə onun bu
misraları yada düşəndə şairin mərdanəliyinə
qibtə etməyə bilmirsən:
Ölüm sevinməsin qoy,
ömrünü vermir bada,
El qədrini canından daha əziz
bilənlər.
Şirin bir xatirətək
qalacaqlar dünyada,
Sevərək yaşayanlar,
sevilərək ölənlər.
Xalq şairi Səməd
Vurğun millətimizin qəlbində, onu sevənlərin
könlündə bax beləcə, əbədidir! Xalqına,
torpağına, Vətəninə
bağlılığından doğan inama söykənərək
çox haqlı bir xəbərdarlıq atmışdır
poeziyasına: "Demə, Səməd Vurğun gəldi-gedərdi,
unutmaz bu oba, bu mahal məni..."
Flora Xəlilzadə
Azərbaycan.-2009.-13 fevral.-S.15.