Görkəmli bəstəkara
ehtiram
Muzey Mərkəzində unudulmaz bəstəkar, pedaqoq, xalq artisti Tofiq Quliyevin anım mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev dedi ki, Dövlət mükafatı laureatı Tofiq Quliyev neçə ildir dünyasını dəyişib. Lakin heç vaxt yaddan çıxmır. Çünki ömrünü bütünlüklə musiqimizin inkişafına sərf etmişdir.
Tofiq Quliyev Azərbaycan Dövlət Konservatoriyasında təhsilini uğurla başa vurandan sonra Moskva konservatoriyasında da oxumuş, dahi sənətkarlardan dərs almışdı. 1968-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sonra ittifaqın sədri işləmişdi. Məşhur musiqi xadimlərinə, gələcək həmkarlarına daim qayğı göstərmişdi.
Unudulmaz bəstəkarın mahnıları bu gün də dillər əzbəridir. Onlar "Qızıl fond"da saxlanılır, tez-tez ekranlarda, efirlərdə səslənir.
Tofiq Quliyevin milli kinomuzun inkişafında da böyük xidmətləri olub. "Səbuhi", "Bəxtiyar", "Görüş", "Qızmar günəş altında", "Ögey ana", "Onu bağışlamaq olarmı?", "Telefonçu qız", "Möcüzələr adası", "Sən niyə susursan?", "O qızı tapın", "Nəsimi", "Dərviş Parisi partladır", "Xoşbəxtlik qayğıları", "Qayınana" və başqa bədii, 20-dən artıq sənədli filmə musiqi bəstələmişdir.
Mərasim iştirakçıları bəstəkarın oğlu, xalq artisti, kinorejissor Eldar Quliyevin Tofiq Quliyev haqqında 44 dəqiqəlik "Nəğməli ömür" bədii-sənədli filminə də maraqla tamaşa etdilər.
Tədbirin sonunda görkəmli bəstəkarın ömrünün müxtəlif anlarını yaşadan, Dövlət Film Fondunun əməkdaşları tərəfindən toplanan fotoşəkillərə baxış oldu.
T.Ağaoğlu
Azərbaycan.-2009.-13 fevral.-S.16.