“Ətraf mühitə və insan sağlamlığına
mənfi təsir göstərən vibrasiya
və səs-küy çirklənmələri
normaları”nın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin fərmanı
“Ətraf
mühitə və insan sağlamlığına
mənfi təsir göstərən vibrasiya
və səs-küy çirklənmələri normaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının
2.1-ci bəndinin icrası
məqsədi ilə qərara alıram:
1. Müəyyən
edilsin ki, nəqliyyat vasitələrinin
və digər səs-küy mənbələrinin
yaşayış və
istirahət yerlərində,
habelə insanların
cəmləşdiyi digər
yerlərdə ətraf
mühitə və insan sağlamlığına
mənfi təsir göstərən vibrasiya
və nüfuzedici səs-küyün yolverilən
səviyyəsinə nəzarəti
aşağıdakı icra
hakimiyyəti orqanları
həyata keçirirlər:
1.1. “Ətraf
mühitə və insan sağlamlığına
mənfi təsir göstərən vibrasiya
və səs-küy çirklənmələri normaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının Cədvəl
1-in 1-9-cu bəndlərinə münasibətdə - Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi;
1.2. həmin Cədvəlin
10-16-cı bəndlərinə münasibətdə - Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi;
1.3. gecə vaxtı saat 23-dən səhər saat 6-dək həmin Cədvəlin 1-16-cı bəndlərinə
münasibətdə - Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi.
2. Bu Fərmanın 1.1-1.3-cü bəndlərinə
müvafiq olaraq binalarda (mənzillərdə),
idarə, müəssisə
və obyektlərin daxilində hüquqi və ya fiziki
şəxsin müraciəti
əsasında yalnız
müraciət edənin
binasında (mənzilində),
idarə, müəssisə
və obyektinin daxilində qanunvericiliyin tələbləri nəzərə
alınmaqla vibrasiya və nüfuzedici səs-küyün yolverilən
səviyyəsi müəyyən
edilir.
3. Bu Fərman imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
13 fevral 2009-cu il.
Azərbaycan.-2009.-14 fevral.-S.1.