Azərbaycan və Çexiya baş nazirlərinin görüşü
Artur Rasizadə
Çexiyanın Baş nazirinin ölkəmizə ilk səfərindən
sonra ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə
əmin olduğunu bildirərək dedi ki, Azərbaycan Avropa
strukturlarına fəal inteqrasiya etmək niyyətindədir. Bu
yolda çox işlər görülüb və bundan sonra
daha çox işlər görülməlidir.
Azərbaycan hökumətinin başçısı ölkəmizdə siyasi və iqtisadi sabitlikdən danışaraq bildirmişdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi həm Azərbaycan üçün, həm də bütövlükdə bizim region üçün əsas problem olaraq qalır. A.Rasizadə Çexiya nümayəndə heyətinin üzvlərinə Azərbaycanın dinc sakinlərinin doğma yurdlarından qovulmasına gətirib çıxarmış bu münaqişənin tarixi barədə ətraflı məlumat verdi, onları Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş vəhşilikləri əks etdirən fotoxronika ilə tanış etmişdir.
Görüşdə regionda vəziyyət, beynəlxalq həyatın aktual problemləri barədə geniş fikir mübadiləsi aparıldı.
Görüş başa çatandan sonra keçirilmiş brifinqdə M.Topolanek bildirdi ki, Çexiyanın Avropa İttifaqında sədrliyi dövründə Aİ ilə əməkdaşlığa səy göstərən ölkələr üçün viza rejiminin sadələşdirilməsi, gələcəkdə sərbəst ticarət zonası yaradılması kimi yeni təşəbbüslər prioritet olacaqdır. M.Topolanek dedi: "Yeni qonşuluq", "Şərq tərəfdaşlığı" kimi proqramlar Avropa İttifaqında üzvlüyü əvəz edə bilməz. Lakin Ukrayna, Gürcüstan, Azərbaycan və başqa ölkələrin də bu istiqamətdə irəliləməsi üçün biz həmin təşəbbüsləri onlar üçün reallaşdırmağa çalışırıq".
Daha sonra o vurğuladı ki, görüş zamanı iki ölkə arasında əlaqələrin genişləndirilməsi, habelə Azərbaycanla Avropa İttifaqının qarşılıqlı münasibətləri məsələləri nəzərdən keçirilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-14 fevral.-S.2.