Milli Aviasiya Akademiyasında akademik Arif Paşayevin 75 illik yubileyi münasibətilə tədbir
keçirilmişdir
Milli Aviasiya Akademiyasında bu təhsil müəssisəsinin rektoru,
akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Akademik Arif Paşayevin qızı - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və digər ailə üzvləri, görkəmli
alimin yubileyi ilə bağlı Bakıda "Elmi-texniki tərəqqi və müasir aviasiya" mövzusunda keçirilən
beynəlxalq konfransda iştirak edən xarici qonaqlar, həmçinin hökumət
üzvləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri
Milli Aviasiya Akademiyasının inzibati
binasının foyesində
yubilyarın həyat və elmi fəaliyyətinə
həsr olunmuş
"İşıqdan törəyənlər"
adlı sərgi, Azərbaycan mülki aviasiya muzeyinin eksponatları və akademiyanın kitabxanası
ilə maraqla tanış olmuşlar.
Tədbiri giriş
sözü ilə açan "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Cahangir Əsgərov dövlətimizin başçısı
İlham Əliyevin
2009-cu il 12 fevral tarixli Sərəncamı ilə akademik Arif Paşayevin Azərbaycanda elmin və təhsilin inkişafında böyük
xidmətlərinə görə
"Şərəf" ordeni
ilə təltif edildiyini diqqətə çatdırmış, yubilyarı
bu münasibətlə
mərasim iştirakçıları
adından təbrik etmişdir. Akademik Arif Paşayevin gərgin əməyi sayəsində Milli Aviasiya Akademiyasının
maddi-texniki bazasının
təkmilləşdirildiyini, təhsil ocağında yeni tədris korpuslarının tikildiyini,
müasir tələblərə
cavab verən laboratoriyaların qurulduğunu,
akademiyada yeni ixtisasların açıldığını,
hazırda burada beş fakültə və iyirmi kafedranın fəaliyyət
göstərdiyini xüsusi
vurğulayan C.Əsgərov
bu ilin sonunadək
bu ali təhsil
ocağında müasir
"Boing" tipli təyyarələrin trenajorlarının
quraşdırılacağını da qeyd etmişdir.
Milli aviasiya kadrlarının hazırlanmasında
akademiyanın və onun rektoru akademik
Arif Paşayevin xidmətlərini diqqətə
çatdıran C.Əsgərov
demişdir ki, hazırda bir sıra xarici ölkələrin mülki
aviasiya təşkilatlarından
kursantların Azərbaycan
Milli Aviasiya Akademiyasında təhsil almaları ilə bağlı müraciətlər
daxil olur.
Ümummilli lider Heydər Əliyevin və ulu öndərin
siyasətini layiqincə
davam etdirən Prezident İlham Əliyevin ölkənin mülki aviasiyasının
inkişafına diqqət
və qayğısından
danışan C.Əsgərov
son illər xeyli sayda "Boing" tipli təyyarələrin
alındığını, yaxın iki ildə isə bu tipli təyyarələrin
ən müasirlərinin
- "Boing-737" və
"Boing-767"-nin alınacağını,
hazırda ölkədə
beş beynəlxalq hava limanının fəaliyyət göstərdiyini
də bildirmişdir.
Çıxışının sonunda C.Əsgərov akademik Arif Paşayevi
həmsədri olduğu
Dövlətlərarası Aviasiya Komitəsinin adından təbrik etmiş, bu qurumun birinci dərəcəli fəxri
diplomunu yubilyara təqdim etmişdir.
Tədbirdə akademik Akif Hacıyev
yubilyarın həyat və elmi fəaliyyəti
barədə geniş
məruzə etmişdir. Bildirilmişdir ki, akademik Arif
Paşayev 400-dən artıq
elmi məqalənin,
30 kitab və monoqrafiyanın, çoxsaylı
ixtira və patentin müəllifidir.
O, yüksək və
ifrat yüksək tezlikli diapazonlarda materialların zədəsiz
tədqiqatlarının fiziki
əsaslarını yaratmış,
ilk dəfə yarımkeçirici
materialların elektrofiziki
parametrlərinin kontaktsız
ölçülməsi üsullarının
elmi əsaslarını
işləmişdir. A.Hacıyev akademik
Arif Paşayevin Milli Aviasiya Akademiyasının yaradılması
və burada müasir ixtisaslar üzrə kadrların hazırlanması işində
xidmətlərini diqqətə
çatdırmış, ona
gələcək fəaliyyətində
uğurlar arzulamışdır.
Ukrayna Milli Aviasiya Universitetinin professoru Nikolay Kulik akademik Arif Paşayevin 75 illik yubileyi ilə bağlı keçirilən beynəlxalq
konfransda və bu mərasimdə iştirak etməsindən
məmnunluğunu bildirmiş,
alimin dünya aviasiyasının inkişafına
töhfələrini vurğulamış,
ona elmi fəaliyyətində uğurlar
arzulamışdır. N.Kulik akademik
Arif Paşayevə Ukrayna Milli Aviasiya
Universitetinin fəxri doktoru diplomunu təqdim etmişdir.
Akademik Arif Paşayev həmçinin Ukrayna ağsaqqalları adından
"Şərəf və
ləyaqət" qızıl
ulduzu ilə təltif edilmişdir.
Milli Aviasiya Akademiyasının beynəlxalq
əlaqələr üzrə
prorektoru Ramiz Sadıqov Vyana Beynəlxalq Universiteti adından fəxri professor
diplomunu akademik Arif Paşayevə təqdim etmiş, ona Avstriyanın bu təhsil ocağı rəhbərliyinin
salamlarını çatdırmışdır.
Rusiya Elmlər
Akademiyası (REA) və
Kəşf və İxtira Müəllifləri
Beynəlxalq Assosiasiyasının
(KİMBA) adından danışdığını
diqqətə çatdıran
M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru
Vladimir Zlomanov akademik Arif Paşayevin digər müəlliflərlə
birgə üzərində
işlədiyi mövzunun
KİMBA tərəfindən ixtira kimi qəbul
edildiyini, həmçinin
onun REA-nın fəxri üzvü seçildiyini bildirmiş
və akademiyanın diplomunu, eləcə də Kapitsa adına qızıl medalı A.Paşayevə təqdim etmişdir.
Gürcüstan Aviasiya Universitetinin rektoru,
professor Serqo Tepnadze Azərbaycan və Gürcüstan dövlətləri
arasında mehriban qonşuluq münasibətlərini
vurğulamış, akademik
Arif Paşayevin aviasiya elminin və təhsilinin görkəmli nümayəndəsi
olduğunu bildirmiş
və yubilyara rəhbərlik etdiyi tədris müəssisəsinin
fəxri doktoru diplomunu təqdim etmişdir.
Təhsil naziri Misir Mərdanov yubilyarın ölkə təhsilinin inkişafında
xidmətlərindən danışmış,
akademik Arif Paşayevin mülki aviasiya sahəsində gənc kadrların yetişdirilməsi istiqamətində
fədakar əməyinə
görə "Azərbaycanın
qabaqcıl təhsil işçisi" diplomu və medalı ilə təltif edildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti
Mahmud Kərimov, rabitə
və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov,
xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru
Hafiz Paşayev, Bakı
Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmov, "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
İlham Əmirov çıxış edərək
akademik Arif Paşayev barədə ürək sözlərini
demiş, ona uzun ömür, elmi fəaliyyətində
yeni nailiyyətlər
arzulamış, təbriknamələr
təqdim etmişlər.
Sonda akademik Arif Paşayev
çıxış edərək,
Prezident İlham Əliyevə onun elmi fəaliyyətinə verdiyi yüksək dövlət mükafatına
görə dərin təşəkkürünü bildirmiş, tədbirdə
iştirak edənlərə
minnətdarlıq etmişdir.
Tədbir zamanı akademik Arif Paşayevin ömür yoluna və əmək fəaliyyətinə həsr
olunmuş slaydlar göstərilmişdir.
Akademik Arif Paşayev ailə üzvləri və qonaqlarla xatirə şəkilləri
çəkdirmişdir.
AzərTAc
Azərbaycan.-2009.-14 fevral.-S.3.