Maliyyə Nazirliyinin geniş kollegiya iclasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Fevralın 14-də Maliyyə Nazirliyində
2008-ci ilin yekunlarına
dair keçirilmiş
geniş kollegiya iclasında üç məsələ müzakirə
olunmuşdur.
İclası açan maliyyə naziri Samir Şərifov bildirmişdir ki, ötən il Prezident İlham Əliyev tərəfindən 2003-cü ildə müəyyən edilən iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsinin növbəti uğurlu mərhələsi kimi ölkəmizin tarixinə daxil olmuşdur.
Maliyyə nazirinin müavini Azər Bayramov 2008-ci il dövlət büdcəsinin icrası haqqında geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən il dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilmiş, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilmişdir. Dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycan iqtisadiyyatını ciddi sınaq qarşısında qoysa da, dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri ötən ildə ölkə iqtisadiyyatında hiss olunmamışdır.
Gündəlikdəki ikinci məsələ haqqında danışan nazir Samir Şərifov bu il fevralın 9-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzalandığını xatırlatmışdır. Nazir bu fərmandan irəli gələn vəzifələrin icrası üçün nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar bır sıra tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Üçüncü məsələ haqqında isə nazirliyin büdcə şöbəsinin müdiri Fazil Fərəcov məlumat vermişdir. O, 2010-cu il üzrə dövlət büdcəsi layihəsinin və sonrakı üç il üçün icmal büdcəsi göstəricilərinin hazırlanması ilə bağlı qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasının normal getdiyini, layihələrin hazırlanması ilə bağlı Nazirlər Kabineti tərəfindən 2009-cu il yanvarın 30-da sərəncam imzalandığını, qarşıda duran vəzifələrə dair 29 bənddən ibarət tədbirlər planının təsdiq edildiyini qeyd etmişdir.
Müzakirələr zamanı əvvəlki illərin büdcə layihələrinin tərtibi işlərində rayon və şəhər maliyyə orqanları tərəfindən bır sıra nöqsanlara yol verildiyi də bildirilmişdir. Rayon və şəhər maliyyə orqanları rəhbərlərinə işlərində ciddi dönüş yaradılması üçün tapşırıqlar verilmişdir.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərar qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-15 fevral.-S.3.