Qalstuklu Napoleon

 

"Sən mənim Merilin Monrom, mən isə sənin Con Kennedin olacağam" - bu sözləri eşidən italyan fotomodel-müğənni Karla Bruni düşünmədən onun evlilik təklifinə razılıq verdi...

Jak Şirakın qızı Klodun qəlbini də o, özünəməxsus məharəti ilə fəth etmişdi...

Birinci həyat yoldaşının rəfiqəsi ilə evlənəndə də o bunu "məhəbbətin təzadı" kimi qiymətləndirmişdi...

Hətta Almaniya kansleri Angela Merkel onun "həddən ziyadə şorgözlüyündən bezməsi" ilə bağlı bu ölkənin səfirinə rəsmən etiraz etmişdi...

O, bəşəriyyətin ən qüdrətli dövlətlərindən birinin rəhbəri kimi dünya siyasətinin əsas fiqurlarından olsa da, əsasən məhəbbət mövzuları ilə diqqət mərkəzinə gəlir və siyasətçi taleyi üçün nə qədər qəribə səslənsə də, məhz bu xüsusiyyətinə görə də reytinq yığa bilir...

Elə buna görə Napoleonun hər mənada xələfi sayılır, Fransada "Qalstuklu Napoleon" kimi də tanınır...

Özü dediyi kimi, həyatın dibindən həyatın zirvəsinə qalxmağı bacaran bu şəxs - Nikola Sarkozi qazandığı bütün uğurlarına görə qəlbində sevgi hissinin heç vaxt tükənməməsinə borcludur...

 

Adından utanan uşaq

 

Kifayət qədər çətin uşaqlıq dövrü yaşayan bu insanın həyatı bir növ nağıla da bənzədilə bilər. Fiziki cəhətdən zəif, ata qayğısından məhrum, həmyaşıdları tərəfindən daim incidilən bir uşağın sonralar dünyanın ən aparıcı dövlətlərinin birinin başında duracağını həmin vaxtlar heç onun özü də təsəvvür edə bilməzdi. Lakin həyatın enişli-yoxuşlu yolları onu mahir siyasətçi və dövlət xadimi kimi formalaşdırdı. Tam adı Nikola Pol Stefan Sarkozi de Nad-Boça olan Fransa Prezidenti bu gün yüksəldiyi zirvənin məhz keçmişin ona hədiyyəsi olduğunu bildirir. Kifayət qədər ziddiyyətli xarakterə malik Sarkozinin istər siyasi, istərsə də şəxsi həyatında atdığı bəzi addımları isə onun hələ də keçmişinin təsirindən tam yaxa qurtarmadığını göstərir.

Atası macar immiqrantı, anası yəhudi mənşəli fransız olan Nikola Sarkozinin prezidentliyə gedən yolu olduqca məşəqqətli bir mərhəldən keçib. Uşaqlıqda adı Nikloş olan Fransa Prezidenti 1955-ci il yanvarın 28-də Parisdə anadan olub.

Budapeştdə dünyaya gələn atası Pol Nad-Boça Şarkyoji isə 1944-cü ildə Sovet ordusunun Macarıstana girməsindən sonra vətənini tərk edib Fransaya gələrək burada vətəndaşlıq alıb. Fransada reklam biznesilə məşğul olmağa başlayan Pol soyadını fransız dilinə daha yatımlı olan Sarkozi ilə əvəzləyib. 1949-cu ildə o, Nikolanın anası, hüquq fakültəsinin tələbəsi Andre Mallah ilə ailə həyatı qurub. Bu nikahdan cütlüyün üç övladı - Qiy, Nikola və Fransua dünyaya gəlib. Nikolanın 4 yaşı olanda atası onları tərk edib və hətta bundan sonra iki dəfə ailə həyatı qurub. Övladlarını böyütmək üçün Andre vəkillik etməyə başlayıb. Kasıblıq içində yaşamalarına baxmayaraq, reklam biznesindən kifayət qədər yaxşı pul qazanan atası Nikolagilə kömək göstərməyib.

Uşaqlıq dövründə həmyaşıdları gələcək Prezidenti ailəsinin kasıblığına, eləcə də fransızlar üçün qeyri-adi olan Nikloş adına görə daim məsxərəyə qoyurdular. Bunların birindən yaxa qurtarmaq üçün o, adını dəyişərək Nikola etdi. Sonralar siyasətçi kimi yetişən cənab Sarkozi etiraf edəcəkdi ki, məhz çətin uşaqlıq dövrü və atasının laqeydliyi onu mətin bir insana çevirib.

Ayrılmalarına baxmayaraq, atası Nikolanın ailəsi ilə ayda 2-3 dəfə görüşürdü. Bir dəfə belə görüşlərin birində Nikolanın dərslərindən zəif qiymət aldığını görən atası ona deyir: "Belə qiymətlərlə və adla sən bu ölkədə həmişə bir heç olaraq qalacaqsan". Lakin gələcək Nikolanın atasının dediklərinin tam əksini göstərdi.

Fransa Prezidentinin uşaqlıq dövrü Parisin məşhur 17-ci dairəsində keçib. Onun ana babası Benedikt Mallah bu dairədə xüsusi hörmət sahibi olan tanınmış həkim idi. Nikolanın dünyaya baxışlarının formalaşmasında Şarl de Qoll siyasətinin qatı tərəfdarlarından olan babasının rolu böyük olub.

Uşaqlığı Sarkoziyə bir vacib məqamı öyrətmişdi. Həmin məqamla bağlı Fransa Prezidenti qeyd edir: "Gələcək qarşısında qorxunun səni iflic etməsinə imkan verməməlisən. O səni işləməyə vadar etməlidir. Qorxudan xilas olmaq üçün isə bütün əngəlləri aradan qaldırmaq və dayanmamaq lazımdır".

Orta təhsilini Nikola özəl katolik məktəbdə alıb. Məktəbdə elə də yaxşı oxumayan Nikola orta məktəbi elə orta qiymətlərlə başa vurub. Bununla belə, Nanter şəhərində yerləşən "Paris X" adlı ali məktəbin hüquq fakültəsinə daxil ola bilib. Ali məktəbdə təhsil alarkən maddi ehtiyaclarını ödəmək üçün gələcək Prezident gül mağazalarının birində kuryer işləyirdi. 1978-ci ildə ali məktəbi bitirən Sarkozi hüquqşünas və politoloq ixtisasları üzrə diplom aldı. Bundan sonra da ali təhsili davam etdirən Nikola Fransanın ən nüfuzlu təhsil ocaqlarından sayılan "Syans-Po" adlanan siyasi elmlər institutuna daxil oldu. Lakin 1979-1981-ci illər arasında burada təhsil alan Sarkozi "Syans-Po"nun diplomunu ala bilmədi. Buna əsas səbəb onun ingilis dilindən pis qiymət alması idi.

İxtisas seçimi ilə bağlı uzun müddət Nikola jurnalist və vəkil peşəsi arasında tərəddüd etdi, lakin sonda vəkillik sənətinə üstünlük verdi və həmin vaxt anasının bu məsələdə oğluna təsir göstərdiyi bildirilir. Vəkil olduqdan sonra Sarkozi daşınmaz əmlak hüququ sahəsində ixtisaslaşdı. Paris Vəkillər Kollegiyasının üzvü olan Sarkozi 1981-1987-ci illər arasında "Arnaud Claude" kontorunda çalışıb.

 

Sadəcə siyasət üçün yaranan

 

Ancaq yeniyetmə dövründən Sarkozini daha çox siyasət maraqlandırırdı. Siyasi fəaliyyətə isə o, hələ 19 yaşında başlayıb. Həmin vaxt "Respublika uğrunda Demokratlar İttifaqı" partiyasının sıralarına daxil oldu. Sonradan "Respublikanın Dəstəklənməsi uğrunda Birlik" adlanan bu partiya Sarkozinin siyasi karyerasında mühüm rol oynadı. Partiyanın aparıcı simaları isə Nikolanın siyasətdə ilk rəhbərləri sayılan Şarl Paskua və Jak Şirak idi. Fransa Prezidentinin bioqrafları bildirir ki, Sarkozinin qabiliyyətləri, xüsusən də onun natiqlik istedadı tezliklə partiyada irəli çıxmasında vacib rol oynadı. Hətta bildirilir ki, sabiq Prezident Jak Şirak gənc silahdaşı ilə ilk görüşündən sonra Nikolanın sadəcə siyasət üçün yarandığını bildirib.

Sarkozinin dövlət idarəçiliyində karyerası üzvü olduğu partiyanın O-de-Sen departamentinin rəhbəri Şarl Paskua və həmin departamentə daxil olan Neyi-Syur-Sen şəhərinin meri Aşilya Perettinin himayəsilə başlanıb. Məhz onların dəstəyi ilə Sarkozi 22 yaşında Neyi-Syur-Sen şəhərinin Bələdiyyə Şurasının üzvü oldu.

1981-ci ildə Jak Şirak prezidentliyə namizədliyini irəli sürəndə Sarkozi onu dəstəkləyən gənclər komitəsinə rəhbərlik etməyə başladı. Perettinin ölümündən sonra Sarkozi onun varisi seçildi və Fransada ən gənc mer statusuna yiyələndi. Uzun müddət Neyi-Syur-Sen administrasiyasına rəhbərlik edən Sarkozinin 1980-ci illərin ortalarında partiya lideri və Paris meri olan Jak Şirakla münasibətləri daha da istiləşdi. 1988-ci ildə o, yenidən Şirakın seçki kampaniyasında fəal iştirak etməyə başladı. Sarkozi Şirakın təkcə silahdaşı yox, həm də ailəsinin ən yaxın dostlarından biri sayılırdı. Şirak isə Sarkozinin partiya iyerarxiyasında sürətlə yüksəlməsində mühüm rol oynadı. Məhz Şirakın dəstəyilə o, partiyanın gənclər və təhsil üzrə milli katibi seçildi. Həmin il Fransa parlamentinin deputatı seçilən Nikola sonradan partiyada Həmkarlar İttifaqı ilə iş üzrə baş katibin müavini oldu. 1993-cü ildə isə o, yenə də Şirakın dəstəyilə partiyanın Siyasi Bürosuna qəbul olundu.

Sarkoziyə Fransa miqyasında şöhrəti 1993-cü ildə Neyi-Syur-Senin uşaq bağçalarının birində baş verən hadisə gətirdi. Həmin vaxt bir terrorçu bağçada çalışanları və uşaqları girov götürmüşdü. Hətta Fransanın daxili işlər naziri J.Paskuanın iradəsinin əleyhinə olaraq, Sarkozi problemin həllində yaxından iştirak etməyə və terrorçu ilə birbaşa danışıqlar aparmağa başladı. Bu danışıqlar sayəsində bir neçə uşaq girovluqdan azad olundu. Daha sonra hücuma keçən polislər terrorçunu məhv etdilər. Bundan sonra qollarında azad olunmuş uşaqlardan biri ilə bağçanın yerləşdiyi binadan çıxan Sarkozi fransızların gözündə məhz bu obrazda qəhrəmana çevrildi.

Elə bu hadisədən sonra o, Baş nazir Eduard Balladyur hökumətinə üzv seçildi. 1993-1995-ci illər arasında büdcə naziri vəzifəsini yerinə yetirdi. Bununla yanaşı, o, kommunikasiya nazirinin səlahiyyətlərini də icra edirdi. Həmin vaxtdan etibarən Sarkozi Nazirlər Kabinetinin ən aparıcı üzvlərindən biri sayılırdı.

 

Qəyyuma xəyanət

 

Sarkozinin uğurlarına kölgə salan hadisə 1995-ci ildə keçirilən prezident seçkiləri oldu. Belə ki, həmin il keçirilən seçkilərdə o, gözlənildiyinin əksinə olaraq, siyasi qəyyumu sayılan Şirakı yox, bilavasitə rəisi olan Balladyuru dəstəklədi. Seçkilərdə qalib gələn Şirak isə Sarkozinin bu hərəkətini xəyanət kimi qiymətləndirərək onu ölkə rəhbərliyindən kənarlaşdırdı. Bundan sonra Sarkozi əsas diqqətini siyasətdə özünü müstəqil fiqur kimi təsdiq etməyə yönəltdi. Bu istiqamətdə onun fəaliyyətinin əsasını partiyada nüfuz və təsir dairəsinin artması təşkil edirdi. Həmin vaxt Sarkozinin iri bizneslə əlaqələri bu məsələdə xüsusi rol oynadı. Neyi-Syur-Sen meri olarkən biznes maqnatları ilə yaratdığı əlaqələr Sarkozinin mediada, o cümlədən televiziya ekranlarında tez-tez görünməsinə səbəb olurdu. Bu isə Sarkoziyə ölkədə ən məşhur siyasətçilərdən biri statusunu qazandırmışdı. Bu amil Sarkozinin 1998-ci ildə partiyanın baş katibi seçilməsində az rol oynamadı.

1999-cu ilin aprelindən oktyabr ayına kimi "Respublikanın Dəstəklənməsi uğrunda Birlik" partiyasına müvəqqəti sədrlik edən Sarkozi Avropa Parlamentinə keçirilən seçkilərdə liberal-demokratlarla yaradılan birgə siyahıya da rəhbərlik edirdi. Ancaq bu seçkilərdə Sarkozi uğursuzluğa düçar oldu. Onun rəhbərik etdiyi birlik Avropa Parlamentinə seçkilərdə üçüncü yerə çıxdı. Bu isə Sarkozinin bir müddət aktiv siyasətdən kənarda qalması ilə nəticələndi. Həmin dövrdə o, vaxtının böyük hissəsini hüquqi işlərə və ingilis dilinin öyrənilməsinə həsr edirdi. Bununla belə, Sarkozi yenə də biznesmen dostlarının, o cümlədən "Moet Nennessy Louis Vuitton" şirkətinin rəhbəri Bernar Arno, "Bouygues" korporasiyasının prezidenti Marten Buiq sayəsində yenə də medianın gündəmində qalmaqda davam edirdi. Bu da Sarkozinin populyarlığının durmadan yüksəlməsində vacib rol oynayırdı. Partiyada da yüksək mövqe tutması artıq Şirakı Sarkozi faktoru ilə hesablaşmaq məcburiyyətində qoyurdu.

 

Şirakla yeni dostluq, yeni düşmənçilik

 

2002-ci ildə keçirilən prezident seçkilərində bu iki siyasətçinin "ulduzu yenidən barışdı". Buna səbəb Şirak üçün olduqca ağır keçən seçkilərdə Sakozinin onu dəstəkləməsi oldu. Seçkilərin ikinci turunda Şirak ultrasağçı namizəd Jan Mari Le Penə qalib gəldi. Sarkozinin verdiyi dəstəyə görə Şirak onu Jan-Pyer Raffaren hökumətində daxili işlər naziri vəzifəsinə təyin etdi. Bu vəzifədə cinayətkarlıqla qəti mübarizə metodunun tərəfdarı olan Sarkozinin mövqeyini açıq ifadə etməsi onu daha çox ictimai diqqət mərkəzinə çəkirdi.

2004-cü ilin aprelində Raffaren hökumətinin yeni tərkibində Sarkozi iqtisadiyyat, maliyyə və sənaye naziri təyin edildi. Yeni vəzifədə o, bir tərəfdən bazar münasibətlərini stimullaşdırmağa, digər tərəfdən isə iqtisadi proteksionizm metodlarından istifadə etməyə çalışırdı. Məhz onun təşəbbüsü ilə Fransanın iki ən məşhur əczaçılıq şirkəti birləşdirildi, burada əsas məqsəd milli bazara İsveçrənin əczaçılıq nəhəngi olan "Novartis"in gəlişinin qarşısını almaq idi. Yenə də Sarkozinin təşəbbüsü ilə dövlət Fransanın aparıcı sənaye korporasiyalarından biri olan "Alstom"un müflis olmasına imkan vermədi. Bütün bunlar Sarkozinin məşhurluğunu və iş dünyasından olan dostlarının sayını artırırdı. 2004-cü ilin noyabrında Sarkozi böyük səs çoxluğu ilə "Respublikanın Dəstəklənməsi uğrunda Birliy"in varisi olan Xalq Hərəkatı Uğrunda Partiyasının sədri seçildi.

Elə bu vaxtlar özündən gənc olan rəqibinin nüfuzunun belə yüksəlməsindən ehtiyatlanan Şirak onun təsir imkanlarını məhdudlaşdırmaq üçün partiya liderliyi ilə yanaşı, eyni zamanda hökumətdə vəzifə tutulmasının qadağan edilməsinə nail oldu. Məhz bu səbəbdən Xalq Hərəkatı Uğrunda Partiyasının sədri seçildikdən sonra Sarkozi nazir vəzifəsindən istefa verməli oldu. Lakin Şirakın gözləntilərinin əksinə olaraq, Sarkozi sədri olduğu partiyanı prezidentlik kürsüsü uğrunda apardığı mübarizədə effektiv vasitəyə çevirə bildi. O, Şirakı indi daha sərt tənqid edir və ölkə rəhbərliyinin yenilənməsinin zəruriliyini bildirirdi. Şirakı dünənin siyasətçisi adlandıran Sarkozi onun uzun illər ərzində hər hansı ciddi uğura imza atmadığını bildirirdi: "Dünya elə sürətlə hərəkət edir ki, biz bir yerdə dayana bilmərik. Mən Fransanı yenidən hərəkət etməyə məcbur etmək istəyirəm".

Hadisələrin sonrakı gedişi isə Şirakı yenidən Sarkozini nazir təyin etməsilə nəticələndi. Belə ki, Avropa Konstitusiyası ilə bağlı keçirilən referendumda üzləşdiyi uğursuzluqdan sonra Raffaren hökuməti istefaya getməyə məcbur oldu. Təcili şəkildə ölkə rəhbərliyinin gücləndirilməsinə ehtiyac duyan Prezident Sarkozini hökumətə qaytardı və o, Dominik de Vilpen hökumətində daxili işlər naziri vəzifəsini icra etməyə başladı. Bununla belə, Şirak nazirlə "düşmənçiliyi" davam etdirir və bu məsələdə yaxın ətrafının köməyindən istifadə edirdi. Sağmərkəzçilər düşərgəsində Sarkozinin əsas rəqibi olan de Vilpen bu mübarizədə Şirak tərəfindən açıq himayə olunurdu və onun həmin vaxtlar prezidentliyə hakim partiyadan əsas namizəd olacağı gözlənilirdi. Sarkozinin isə Şirakın digər ətrafı ilə də qarşıdurması getdikcə daha güclü xarakter alırdı.

Məhz Prezidentin ətrafı Sarkozini gözdən salmaq üçün onun ailəsində olan problemləri medianın gündəmində saxlayır və nazirin nüfuzuna zərbə vurmağa cəhd göstərirdilər. Həmin vaxtlar Sarkozinin həyat yoldaşı Sesiliyanıın ərini və oğlunu tərk edərək yeni sevgilisi ilə Nyu-Yorka getməsi Şirakın tərəfdarlarının istəyilə Fransa mediasının ən aparıcı mövzularından birinə çevrildi və bu, istər-istəməz Sarkozinin nüfuzuna zərbə vururdu. Lakin sonda Sarkozi Sesiliyanın yenidən geri qayıtmasına və onunla barışmağa nail oldu. Hətta yaxınlaşmaqda olan prezident seçkilərində Sesiliya həyat yoldaşının əsas məsləhətçilərindən birinə çevrildi. Bununla belə, əvvəlki effekti verməsə də, rəqibləri tərəfindən Sarkozinin şəxsi həyatı medianın gündəmində qalmaqda davam edirdi. Belə bir vaxtda mediada Sarkozinin korrupsiyaya qurşanması haqda da məlumatlar görünməyə başladı. Söhbət Sarkozinin müflis olmuş "Clearstream" şirkəti ilə əlaqələrindən gedirdi. Belə məlumatların yayılmasının əsas səbəbkarı kimi Sarkozi açıq şəkildə rəqibi sayılan de Vilpeni ittiham etməyə başladı. Baş nazir bunu qətiyyətlə təkzib etsə də, son nəticədə Şirakın yaxınlarının Sarkoziyə qarşı "qara piar" kampaniyası onun lehinə işlədi və o, fransızların gözündə "böhtanın günahsız qurbanı" şöhrətini qazandı.

 

Yeliseyə gedən yol

 

2005-ci il Sarkozi üçün elə də asan olmadı. Müasir Fransanın həyatında ən kəskin problemlərdən biri sayılan immiqrant problemi yenidən qabarmışdı. Həmin ilin oktyabrında Paris yaxınlığında yerləşən Arqenta şəhərində çıxışı zamanı Sarkozinin fransızların məskunlaşdığı məntəqələri "pozğun ünsürlərdən" təmizləyəcəyini bildirməsi burada yaşayan ərəblər və digər immiqrantlar tərəfindən ciddi narazılıqla qarşılandı, onlar Sarkozini fitə basmağa, ona daş və butulka atmağa başladılar. Bundan iki gün sonra isə Paris yaxınlığında yerləşən Klişi-su-Buada iki yerli ərəb yeniyetməsinin qətlə yetirilməsi və bu məsələdə yeniyetmələrin valideynləri tərəfindən polisin günahlandırılması hadisələrin daha gərgin məcrada inkişaf etməsilə nəticələndi. Məhz bundan sonra Fransanı 1968-ci ildə yaşanan tələbə qiyamından sonra ilk dəfə kütləvi ictimai ixtişaşlar bürüdü.

Bütün ölkə boyu davam edən iğtişaşlar üç həftə çəkdi. Əsasən Afrika ölkələrindən olan gənc immiqrantların iştirak etdiyi bu iğtişaşlarda 9000-ə yaxın avtomobil yandırıldı. İğtişaşlar dövründə Sarkozi medianın gündəminin dəyişməz simalarından birinə çevrildi. Daha sərt toqquşmaların qeydə alındığı bölgələrə baş çəkən nazir bir qayda olaraq polisi dəstəkləyir və ölkədə leqal şəkildə olub-olmamasından asılı olmayaraq bütün qiyamçıları deportasiya etməklə hədələyirdi. Əslində isə baş verənlər və nümayiş etdirdiyi mövqe ictimai həyatda radikal dəyişikliklərə çağıran Sarkozinin lehinə işləyirdi. Görünür, elə bu səbəbdən iğtişaşlar sağ və sağ mərkəzçi qüvvələr arasında Sarkozinin nüfuzunu xeyli artırdı, solçular isə onu "gizli faşizm"də ittiham edirdilər. Bütün bunlar Sarkozini siyasi gündəmin əsas diqqət hədəfinə çevirməklə yanaşı, həm də onun populyarlığını xeyli yüksəltdi.

Artıq de Vilpen onunla rəqabət apara biləcək durumda deyildi. 2006-cı ildə isə tələbə iğtişaşları Sarkozinin de Vilpen qarşısında qələbə şansını bir qədər də artırdı. De Vilpenin rəhbərliyi ilə hazırlanan qanun layihəsi gənclərin işsizliyinə qarşı mübarizə üçün nəzərdə tutulmuşdusa, sonda cəmiyyətdə gənc işçilərin sosial müdafiəsinə zərbə kimi qəbul olundu. Qanun layihəsinin geri qaytarılmasından sonra Baş nazirin nüfuzu ciddi şəkildə zədələndi. Həmin vaxt Sarkozi tələbələri müdafiə edərək hökuməti onları eşitməyə çağırdı. Onun ərəb ölkələri və Afrikadan olan immiqrantların Fransa cəmiyyətinə inteqrasiyası üçün yeni proqramla çıxış etməsi gəlmələr arasında da nüfuzunun artmasına səbəb oldu. Bunun ardınca Sarkozi dövləti məscidlər tikilməsi üçün vəsait ayırmağa çağırır və bildirirdi ki, bu, Fransa müsəlmanları arasında ekstremist tendensiyaların sponsorlaşdırılmasının qarşısını alacaq. Məhz onun dəstəyilə Fransa Müsəlman Şurası yaradıldı. Məktəblərdə müsəlman qız və qadınların hicab geyməsinə qoyulan qadağaya qarşı çıxması da Sarkozinin müsəlmanlar arasında nüfuzunun artmasında mühüm rol oynadı.

Bütün bunlar 2007-ci ildə Sarkozinin üzvü olduğu partiyadan prezidentliyə alternativsiz namizəd olması ilə nəticələndi. Partiyadaxili seçkilərdə o, 98 faiz səs toplayaraq namizəd oldu. Prezident kürsüsü uğrunda onun əsas rəqibi sosialistlər düşərgəsindən Seqolen Ruayal idi. Lakin aparılan sosioloji sorğular Ruayalla müqayisədə Sarkozinin nüfuzunun daha yüksək olduğunu göstərirdi. Prezident seçkiləri ərəfəsində Jak Şirakın mövqeyi uzun müddət müəmma olaraq qaldı. Həmin vaxt Şirak partiya dəstəyinin olmamasına baxmayaraq, seçkilərdə iştirak ehtimalını istisna etmirdi. Həmçinin onun tərəfdarlarını Ruayala səs verməyə çağıra biləcəyi də gözlənilirdi. Lakin 2007-ci ilin martında Şirak seçkilərdə iştirak etməyəcəyini açıqladı və bundan bir neçə gün sonra Sarkozini dəstəklədiyini bildirdi.

Bütün bunlar 2007-ci ilin aprelində keçirilən prezident seçkilərinin ilk turunda Sarkozinin 31,11 faiz, rəqibi Ruayalın isə 25,84 faiz səs toplaması ilə nəticələndi. İkinci tura qədər olan müddət ərzində Sarkozinin Ruayalla keçirdiyi teledebatlarda nümayiş etdirdiyi sərt mövqe, emosional rəqibinin bu xüsusiyyətlə Prezident ola bilməyəcəyini vurğulaması onun şansını daha da artırdı və mayın 6-da keçirilən ikinci turda, gözlənildiyi kimi, Sarkozi Yelisey sarayının sahibi oldu. Qalibiyyət nitqində isə o qeyd edirdi: "Mən Fransanı sevirəm. Fransa mənə hər şey verib. İndi Fransanın mənə verdiklərini Fransaya qaytarmaq növbəsi mənimdir".

 

Amerikalı fransız

 

Tədqiqatçılara görə, hələ nazir vəzifəsində çalışarkən Sarkozi Britaniyanın sabiq baş naziri, "yeni leyboristlər"in lideri Toni Bleyrin təsiri altında olub. Onun özü isə dəfələrlə etiraf edib ki, təkcə Bleyr yox, eləcə də Marqaret Tetçerdən də çox ilhamlanıb. Dediyinə görə, Tetçerden əmək intizamını, vergilərin azaldılmasını, sahibkarlığın inkişaf etdirilməsini öyrənibsə, Bleyrdən sosial inteqrasiyaya çağırışları, təhsilin inkişafını, ümumi tibbi sığorta sisteminin yaradılmasını mənimsəyib. Fəaliyyətinin əsas motivini praqmatizmin təşkil etdiyini vurğulayan Sarkozi siyasi baxışlarına görə sağ mühafizəkardır. Fransada istər tərəfdarları, istərsə də rəqibləri tərəfindən daha çox "Sarko" ləqəbilə müraciət edilən Prezidenti opponentləri liberal, bəziləri isə ultraliberal hesab edir.

Vergilərin və sosial xərclərin azaldılmasının tərəfdarı kimi çıxış edən Fransa Prezidenti Avropa dövlətlərinin inteqrasiyasının ən qatı tərəfdarlarındandır və ABŞ-ın müttəfiqi kimi də məşhurdur. Bununla bağlı Sarkozinin maraqlı bir etirafı da var: "Çoxları Fransada məni "amerikalı Sarkozi" adlandırır və mən bununla fəxr edirəm. Mən həqiqətən də bir çox Amerika dəyərlərini bölüşürəm".

Prezident kürsüsünə əyləşdikdən az sonra Sarkozinin atdığı maraqlı addımlardan biri də maaşını 140 faiz artırması və ödədiyi vergini azaltması olub. Bu isə rəqibləri tərəfindən uzun müddət tənqid hədəfinə tuş gəlməsilə nəticələnib.

Daxili siyasətdə Sarkozinin "müsbət diskriminasiya" metodunu tətbiq etmək niyyəti hələ də Fransada tənqid obyektidir. Əslində bu siyasətin mahiyyətində yerli fransızların immiqrantlarla müqayisədə müəyyən üstünlüklər əldə etməsi durur. Elə bu səbəbdən "müsbət diskriminasiya" Fransa siyasətçilərinin böyük əksəriyyəti, o cümlədən Jak Şirak tərəfindən də ciddi tənqid olunub.

Xarici siyasətdə Sarkozinin əsas diqqəti Avropa ölkələrinin inteqrasiyasının sürətlənməsi və burada Fransanın aparıcı mövqedən çıxış etməsidir. İstər Avropa İttifaqına sədrlik, istərsə də ondan sonrakı dövrdə Sarkozi beynəlxalq siyasətdə daim aktiv mövqedən çıxış edən liderlər siyahısında yer alır. Bu, ilk növbədə Fransa Prezidentinin bir sıra mövcud münaqişələrin həllində aktivlik nümayiş etdirməsi, bununla bağlı müxtəlif çözüm variantları irəli sürməsində özünü göstərir. Bunlara misal olaraq ötən ilin avqustunda Rusiya və Gürcüstan, bu ilin yanvarında İsrail və Fələstin arasında yaşanan münaqişələrdə Sarkozinin göstərdiyi fəallığı və irəli sürdüyü sülh planlarını qeyd etmək olar.

 

Eşqdir mehrabı uca göylərin...

 

Fransa Prezidentinin şəxsi həyatı barəsində kitab yazıla biləcək qədər zəngin sayıla bilər. Sarkozinin məhəbbət romanları Fransa mediasının ən sevimli mövzularından biri kimi qalmaqda davam edir. İlk rəsmi nikaha Sarkozi 1982-ci ildə girib. Həmin vaxt o, korsikalı Mari Dominik Kyuloli ilə ailə həyatı qurub. Bu evlilikdən cütlüyün iki övladı - Pyer və Jan dünyaya gəlib. Birinci evliliyi zamanı onun Şirakın qızı Klodla uzunmüddətli eşq əlaqələri olub. Hətta J.Şirak bu münasibətlərin evlilik səviyyəsinə qədər inkişafını da istəyirmiş. Lakin bu eşq macərası da əvvəlkilər kimi - Sarkozinin növbəti dəfə aşiq olması səbəbindən uğursuzluğa düçar olub. Ayrıldıqdan sonra onlar dost kimi qalıblar və hətta 1992-ci ildə Sarkozi Klodun nikah mərasimində şahidlərdən biri kimi çıxış edib.

1984-cü ildə Neyi-Syur-Sen şəhərinin meri olarkən Sarkozi yerli telekanallardan birinin sahibinin həyat yoldaşı Sesiliya Maten ilə tanış oldu. Maraqlıdır ki, həyat yoldaşı Mari Dominik Kyuloli ilə yaxın rəfiqə olan Sesiliyanın nikahını elə mer kimi Sarkozinin özü kəsmişdi. Lakin tanışlıqdan sonra onlar arasında eşq macəraları yaşanmağa başladı ki, bu da Sarkozinin birinci həyat yoldaşı ilə boşanmasına gətirib çıxardı. Bundan xəbər tutan Sesiliyanın həyat yoldaşı Jak Marten hətta meriyanın binasında Sarkoziyə sillə vurmaqdan da özünü saxlaya bilməmişdi. Bununla belə, 1996-cı ildə Sarkozi və Sesiliya rəsmi nikah kəsdirdilər. 1997-ci ildə isə onların Lui adlı övladı dünyaya gəldi. Sesiliyanın əvvəlki ərindən olan iki qızı - Jüdit və Janna-Mari də onlarla birlikdə yaşayırdı. Lakin 2005-ci ildən bu evlilik həyatının da sonunun yaxınlaşmasına dair Fransa mediasında məlumatlar dolaşmağa başladı. Həmin vaxtlar Sesiliyanın ictimai yerlərdə tək görünməsi bu məlumatları bir qədər də gücləndirirdi. Hətta çoxları Sarkozinin inauqurasiyasına qədər cütlüyn boşanacağını bildirirdi. Ancaq 2007-ci il mayın 16-da keçirilən inauqurasiyada Sesiliya özünün üç, ərinin isə əvvəlki nikahdan olan iki uşağı ilə birlikdə iştirak etdi. Mərasimə Prezidentin yarım əsr əvvəl ayrılmış valideynləri də qatılmışdı.

2007-ci ilin oktyabrında Sesiliya ilə Sarkozinin rəsmən ayrıldığı elan olundu. Ötən ilin fevralında Sarkozi üçüncü dəfə rəsmi nikaha girdi. Bu dəfə onun həyat yoldaşı və Fransanın birinci ledisi italiyalı fotomodel və müğənni Karla Bruni oldu. Cütlük reklam maqnatı Jak Seqelin verdiyi şam ziyafətlərinin birində tanış olub və ilk görüşdən bir-birinə aşiq olublar. Sarkozidən əvvəl isə Karlanın teleaparıcı Donald Tramp, musiqiçilərdən Mik Caqqer, Erik Klepton və daha bir neçə məşhur şəxslə yaxın münasibətləri olub. Fotomodel olarkən daha çox açıq-saçıq şəkillər çəkdirən Karlanın o dövrdəki fotolarından bu gün Fransada müxtəlif məhsullar istehsal edən şirkətlər geniş faydalanır. Bu yaxınlarda isə əl çantası istehsal edən "Pardon" şirkəti Karlanın çılpaq şəkillərindən istifadə etdiyi üçün 40 min avro həcmində cəzalandırılıb. Məhkəmə həmin şirkətə Sarkozilər ailəsinin tələbi ilə birinci xanımın belə şəkillərindən istifadə etməyə qadağa qoyub.

Hazırda Fransanın birinci xanımı kimi Karla özü üçün iki prioritet seçib. Bunlar dünyada yoxsulluğun azaldılması və savadsızlıqla mübarizədir. O, müğənnilik sənətinin də daşını atmayıb, lakin geniş kütlə qarşısında çıxış etmir. Bunun səbəbini isə belə izah edir: "Mən ərim Prezident olduğu müddət ərzində səhnədə çıxış etməyəcəyəm. Buna vərdiş etmək lazımdır". Lakin deyilənə görə, Karlanın yaxın günlərdə fotosessiyası ictimaiyyətə təqdim olunacaq. Bu fotolarda onun açıq-saçıq şəkillərinin də olacağı bildirilir.

 

Üç sədrdən biri

 

Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və həmin ilin fevralında iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bu ölkə həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi vasitəçilik missiyasını yerinə yetirir. İki ölkə arasında digər sferalarda da yaxşı əlaqələr mövcuddur və Nikola Sarkozinin hakimiyyətə gəlişindən sonra da Fransanın Azərbaycanla münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

Prezident İlham Əliyevin Nikola Sarkozi ilə görüşü onun 2007-ci il noyabrın 19-20-də Fransaya rəsmi səfəri zamanı baş tutub. Noyabrın 20-də Parisdə, Yelisey sarayında baş tutan görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Həmin vaxt Nikola Sarkozi Prezident İlham Əliyevin Parisə bu səfərinin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışaraq ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bir daha fransalı həmkarının diqqətinə çatdırıb. Dövlət başçısı bu münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü bərpa edilməklə həll olunmasının zəruriliyini vurğulayıb. Elə Fransa Prezidenti də bu münaqişənin mümkün qədər tez sülh yolu ilə həllinin vacibliyini və Fransanın bunda maraqlı olduğunu bildirib.

Sarkozi həyatın çətin sınağından uğurla çıxmağı bacarıb və atasının bir vaxtlar onun barəsində dediklərinin yanlış olduğunu sübut etmək üçün Fransa Prezidenti səviyyəsinə qədər yüksəlməyə qadir olub. İctimaiyyəti hər dəfə yeni bir vasitə ilə təəccübləndirməyə müvəffəq olan Prezident daha bir ziddiyyətli açıqlaması ilə növbəti dəfə ajiotaj yaradıb: belə ki, o, dövlət başçısı postu uğrunda keçirilən yarışda iştirak etməyəcəyini bildirib. Yerli telekanallardan birinə verdiyi müsahibədə o, 2012-ci ildə keçiriləcək seçkilərə qatılmayacağını və bunu prezidentliyin çox ağır olması ilə izah edib. Lakin Fransanın bugünkü siyasi simaları ilə müqayisədə Sarkozi 2012-ci il üçün də, hələ ki, ən şanslı namizəd sayılır. Bu mənada artıq həm eşqdə, həm də həyatda bəxti gətirənlər sırasında olan Sarkozinin dövlət başçısı kimi siyasi karyerasına üç ildən sonra son qoya biləcəyi inandırıcı görünmür. Lakin bioqraflarının da dediyi kimi, Sarkozidən hər cür qərar gözləmək olar.E

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-15 fevral.-S.4-6.