Ruhun şad
olsun, böyük ustad!
Azərbaycan poeziyasının
parlaq nümayəndələrindən
biri, şeirləri ilə milyonların qəlbində dərin iz salmış xalq şairi, Dövlət mükafatları
laureatı, AMEA-nın
həqiqi üzvü Bəxtiyar Vahabzadə bu dünyaya əlvida dedi. Yaradıcılığı ilə bədii
fikrimizi zənginləşdirən,
milli-mənəvi dəyərləri,
adət-ənənələrimizin qorunması və yaşanması uğrunda yorulmadan mübarizə aparan söz ustadı Azərbaycan poeziyasında vətəndaşlıq
ruhunun qüvvətlənməsində
müstəsna xidmət
göstərmişdir. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən
Bəxtiyar Vahabzadə
tədqiqatçı-alim kimi
də zəngin yaradıcılığa malikdir.
İstər folklorumuzun, istərsə
də müasir Azərbaycan ədəbiyyatının
öyrənilməsində, dilimizin saflığının,
təmizliyinin qorunması
uğrunda mübarizədə
Bəxtiyar Vahabzadə
həmişə ön
sıralarda olmuşdur.
Azərbaycan xalqı öz
böyük oğlunu
ağır, kədərlə
haqq dünyasına yola saldı. Şair haqqında ən yaxşı sözü elə öz şeirləri deyir. Ruhun şad olsun, böyük ustad!
QÜRBƏT-VƏTƏN
Anamız birdirsə,
Vətən də birdir,
Nə ana, nə Vətən
iki olammaz.
Qürbətdə tapdığın
xeyir də şərdir,
Qəlbin bu xeyirdən işıqlanammaz.
Qürbətin xeyrinə
ay aldanan kəs,
Vətənin şərinə
kim ortaq
olsun?
Vətəni özünə
qürbət sanan kəs,
Sənin anan ölüb, başın sağ olsun!
Hamı həşirdədir
güzəranıyla,
Ceyran belindədir bir loxma əppək.
Ana yaralıysa,
oğul qanıyla
Onun yaraları yuyulsun gərək.
Yediyim, içdiyim
dərddi, qəmdisə,
Neyləmək? Bu ocaq, bu yurd
mənimdir.
Göz yaşım
axan yer qürbətimdisə,
Qanım axan yerlər öz Vətənimdir.
Harda olursan-ol,
qəlbin fəhmi var,
Səni torpaq çəkər, səni qan çəkər.
Qürbətdə Vətənçin
gözü yaşlılar
Vətənin naminə canından keçər.
Avqust, 1998
Gizlidir
Qışda bahar, baharda qış,
Seldə, suda od gizlidir.
Ağ buludda yamyaşıl ot,
Yaşıl otda süd gizlidir.
Nədir bu dərd, nədir
bu qəm?
Gah bilirəm, gah bilmirəm.
Hər sevincdə
bir dərd, ələm,
Hər dərddə umud gizlidir.
Vardan-yoxa bu dövrədə,
Küllü gördüm bir zərrədə.
Bir damcıda,
bir qətrədə
Bu boyda vücud gizlidir.
Hər görüşdən
bir intizar,
Hər sevincdən
bir qəm doğar,
Hər sükutda
bir haray var,
Harayda sükut gizlidir.
Hər hakimin məhkumu var,
Hər cökənin hücumu
var.
Hər cütdə
təkin tumu var,
Hər təkdə bir cüt gizlidir.
Gerçəyi var hər yalanın,
Gen yolu var hər dalanın.
Min bütə
səcdə qılanın
Qəbində bir büt gizlidir.
27 iyun, 1993
Məndən Xəbərsiz
Ömrün fəsilləri
tez başa gəldi,
Yayı bəhərlidir, qışı
bəhərsiz.
Bir vaxt ayıldım ki, heydən düşmüşəm,
İllər öz atını çapdı yəhərsiz.
Amal olan yerə baş qoyan illər,
Toran gözlərimə
yaş qoyan illər,
Ey yaşım
üstünə yaş
qoyan illər,
Hara qaçırsınız məndən
xəbərsiz?
Ey ömür!
Görünür artıq
sahilin,
Əlin qısaldıqca uzanar dilin.
Ömurdən verdiyim yetmiş üç ilin
Zəhəri yetərli,
balı yetərsiz.
Öz çiyin
yüküdür hər
kəsin yaşı,
Dərdi-sirdasıdır, fikri-yoldaşı.
Dönüb xislətimə
qəhər, göz yaşı,
Sevinc də, kədər də ötmür qəhərsiz.
Fikirlər selində
axandan bəri
Ayıra bildinmi xeyirdən şəri?
Tökülmüş ömrümün
yarpaq illəri
Bağçası viranə, bağı çəpərsiz.
Könül o könüldür
qoca yaşımda,
Fikirlər qaynaşır yenə başımda.
Yenə hücumdayam
söz savaşında
Sözüm təpərlidir, özüm
təpərsiz.
Avqust, 1998
Şəki
Azərbaycan.-2009.-15 fevral.-S.5.