Müasirləşən qədim
diyar - Biləsuvar
"İqtisadi inkişafdan səmərəli istifadə edərək biz bütün bölgələrimizi abadlaşdıracağıq. Bütün bölgələr, o cümlədən Biləsuvar çox gözəl görkəm almalıdır. Yeni binalar tikilməli, yeni yollar salınmalıdır, yeni təhsil ocaqları yaradılmalı və burada xalqımızın gələcəyi olan uşaqlar müasir biliklərə yiyələnməlidirlər".
İlham ƏLİYEV
Tarixə çevrilən hər bir dövrün, ilin, illərin özünəməxsus xüsusiyyətləri var. Onların yaddaşlara həkk olunması, xatirələrdə uzun müddət yaşaması həmin dövrdə görülən işlərdən çox asılıdır. Bu baxımdan Biləsuvarın qurub-yaradan insanları ölkəmiz müstəqillik qazandığı dövrdən üzü bu yana, xüsusən son illərə iftixarla nəzər sala bilərlər. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovla söhbətimiz elə bu barədə oldu. 2008-ci ilin yekunları ilə bağlı hesabat hazırlayırdı. Buna baxmayaraq, söhbətə xeyli vaxt ayırdı. Dedi ki, bugünkü uğurlarımızın bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Odur ki, bu dahi şəxsiyyətin xatirəsi Biləsuvarda da daim əziz tutulur. Ona böyük hörmət və məhəbbətin ifadəsi olaraq 2007-ci ildə Biləsuvarda Heydər Əliyev muzeyi yaradılmış, beş hektar sahəni əhatə edən ərazidə Heydər Əliyev adına park salınmışdır. Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev də rayonumuzda olarkən bu barədə demişdir: "1970-ci illərdə və daha sonralar, 1990-cı illərdə Biləsuvarın inkişafında ulu öndər Heydər Əliyevin çox böyük rolu olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı indi yeni mərhələyə qədəm qoyarkən tarixən görülmüş işlər öz səmərəsini verməkdədir". Bu, həqiqətən belədir. Rayon ziyalıları, müxtəlif peşə sahibləri ilə söhbət zamanı deyilənlərin bir daha şahidi olduq.
Biləsuvarda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Rayon əhalisinin məşğulluğu da əsasən bu sahə ilə bağlıdır. Yaradılan əlverişli şərait, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları onlarda taxıl, kartof, şəkər çuğunduru, bostan məhsulları və digər bitkilərin əkilib-becərilməsinə marağı artırmışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" respublika Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamı ilə əlaqədar mülkiyyətçilərə əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacağa və sürtkü yağlarına görə 4 milyon 490 min manat kompensasiya verilmiş, ixtisaslaşmış fermerlərə 300 tondan çox yüksək reproduksiyalı toxum güzəştli satılmışdır.
Nəticədə aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş, kənd təsərrüfatında çalışanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Rəqəmlərin dili ilə desək, kənd təsərrüfatı məhsulları istehsalından adambaşına 800 manat, əmək qabiliyyətli əhalinin hər birinə 1400 manat, hər ailəyə 410 manat düşmüşdür. Yeri gəlmişkən, Biləsuvar fermerləri Bakı şəhəri əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün paytaxtda təşkil olunan yarmarkalarda təkcə ötən il 2880 tondan çox müxtəlif növ məhsul satmışlar.
Son beş ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına Dövlət Proqramı"na uyğun olaraq, Biləsuvarda həm yol çəkilişi, həm də təmir-tikinti, abadlıq və quruculuq sahəsində çox böyük işlər görülmüşdür. Avtomobil yollarının beynəlxalq standartlara cavab verməsini təmin etmək məqsədilə rayonda asfalt-beton zavodu işə salınmışdır. Bu zavodun sayəsində uzunluğu 20 kilometrə yaxın olan Biləsuvar-İran sərhəd magistral avtomobil yolu yüksək keyfiyyətlə tikilib istismara verilmişdir. Ələt-Astara magistral avtomobil yolunun 13,6 kilometrlik hissəsinə asfalt-beton örtük çəkilmiş, şəhərdaxili küçələrə, bir sıra kəndlərə, yeni yaşayış massivlərinə aparan yollarda gediş-gəlişin rahatlığı təmin edilmiş, uzun müddət yarımçıq qalan 11,16 kilometrlik Biləsuvar dolama yolunun tikintisinə başlanmışdır.
Biləsuvar rayonu ərazisində son illər inşa edilən tikililərin hər birinin adını ayrıca çəksək, uzun bir siyahı alınar. Lakin həyati əhəmiyyətli elə obyektlər var ki, onlardan yan ötmək olmur. 7 milyon manata başa gələn və gündə 300 ton məhsul qəbul edən "Biləsuvar Avro" süd emalı zavodu, "Azpetrol" yanacaqdoldurma məntəqəsi, saatlıq gücü 120 kubmetr olan beton zavodu, 3 un dəyirmanı, 4 çörəkbişirmə sexi, tərəvəz emal edən konserv zavodu, üzlük tava sexi bu qəbildəndir.
Məhz belə obyektlərin istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına, əhalinin güzəranının yaxşılaşdırılmasına böyük təsir göstərməklə yanaşı fərdi mənzil tikintisini də sürətləndirmişdir. Son beş ildə rayonda 750-yə yaxın müasir tipli fərdi yaşayış evi inşa olunmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə olduqca çoxdur.
Söz mənzil tikintisindən düşmüşkən, Qarabağ əlilləri və şəhid ailələri də həmişə olduğu kimi, yenə rayon rəhbərliyinin diqqət mərkəzində saxlanmış, onlar üçün iki 28 mənzilli yaşayış binası, 3 fərdi ev tikilib istifadəyə verilmişdir. Hazırda belə insanlar üçün ikimərtəbəli 16 mənzilli daha bir binanın tikintisində inşaat işləri davam etdirilir.
Rayonda "Yeniləşən Azərbaycan - yeni məktəblər" proqramında nəzərdə tutulan işlər də uğurla yerinə yetirilir. Şəhər ərazisində müasir tələblərə cavab verən muzey-məktəb kompleksi, 7 məktəb binası, 180 yerlik əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, 9 məktəbdə əsaslı təmir işləri aparılmışdır. 500 şagird üçün nəzərdə tutulan məktəb-liseyə ötən il 2800 şagird arasından test üsulu ilə 192 nəfər, rayon ərazisindəki məcburi köçkün qəsəbələrində 100 şagird arasından 15 şagird seçilmişdir. Liseydə təhsil pulsuzdur. Bu il bütün bölgəni əhatə etməklə birinci sinfə qəbul aparılacaq. Halbuki son beş ili nəzərə almasaq, əvvəlki 20-25 il ərzində rayonda, ümumiyyətlə, məktəb tikintisi aparılmamışdır.
Məlum olduğu kimi, məktəbin əsas təhsil göstəricilərindən biri məzunlarının ali məktəblərə qəbulunda özünü büruzə verməsidir. Ötənilki məzunlardan doqquzu 600-dən, iyirmi səkkizi 500-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuşdur.
Məhz ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğı və diqqət nəticəsində bu sahədə əsaslı dönüş yaradılmış, rayonun ümumtəhsil ocaqları üçün xeyli miqdarda yeni, müasir avadanlıq, kompüter dəstləri alınmışdır.
Əhaliyə tibbi xidmətin yaxşılaşdırılması da diqqətdən kənarda qalmamışdır. Altı kənddə tibb məntəqəsi və həkim ambulatoriyası tikilmiş, mərkəzi, o cümlədən daha çox ehtiyac duyulan kənd sahə xəstəxanalarında əsaslı təmir işləri aparılmışdır. "Ailə planlaşması və repreduktiv sağlamlıq" proqramı çərçivəsində ana və uşaqlara göstərilən səhiyyə xidmətinin səviyyəsi yüksəlmiş, onların mühafizəsi gücləndirilmişdir. Hazırda müasir tələblərə cavab verən 50 çarpayılıq mərkəzi uşaq xəstəxanasında və Aşağı Cirəli kəndindəki həkim məntəqəsində tikinti işləri davam etdirilir.
Ulu öndər Heydər Əliyev yerli özünüidarəetmənin yaradılmasını ölkəmizdə gedən demokratik proseslərin mühüm bir sahəsi hesab etmiş, onun inkişafına böyük qayğı göstərmiş, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətini müəyyənləşdirmişdir. Bu siyasət, digər sahələrdə olduğu kimi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bələdiyyələrə hərtərəfli dövlət qayğısı göstərilir. Rayonda bu sahədə də son vaxtlar xeyli irəliləyiş var. "Azərbaycanda yerli demokratiya həftəsi" ilə əlaqədar 2008-ci il noyabr ayının 17-dən 23-dək keçirilən tədbir Biləsuvarda da mütəşəkkil formada başa çatmışdır. Bələdiyyə şuraları sədrlərinin və bələdiyyə üzvlərinin əhali ilə görüşləri keçirilmiş, mövcud problemlər barədə açıq müzakirələr aparılmış, vətəndaşların fikirlərini sərbəst öyrənmək üçün hər cür şərait yaradılmışdır. Yerli əhəmiyyətli sosial məsələlərin həllində mühüm əhəmiyyət kəsb edən "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsünə qoşulan rayon bələdiyyələri ötən il 28 layihə həyata keçirmişdir ki, bunların da 11-i qeyri-hökumət təşkilatları ilə səmərəli işin qurulması sayəsində mümkün olmuşdur.
Məlum olduğu kimi, asudə vaxtın səmərəli və mənalı keçirilməsində mədəni-maarif müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Ötən il bu vacib məsələyə diqqət xeyli artmışdır. Hazırda rayon əhalisinə Heydər Əliyev məktəb və muzeyi, 20 klub və mədəniyyət evi, 37 kitabxana, 2 incəsənət məktəbi, 1 rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyi xidmət göstərir. Həmin mədəniyyət ocaqlarında xidmət səviyyəsi yaxşılaşmış, mədəni kütləvi tədbirlərin keyfiyyəti yüksəlmişdir. Kitab fondu 348 mini ötüb keçmiş, latın qrafikalı ədəbiyyatların sayı çoxalmışdır.
"Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" və "Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramından (2004-2008-ci illər)" irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün də rayonda az iş görülməmişdir. Xüsusilə son vaxtlar gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması, onların hərbi xidmətə hazırlanması, hərbi xidmətə ruh yüksəkliyi ilə yola salınması, gənclərin ordu sıralarında nümunəvi xidmətləri ilə fərqlənməsi ənənə halını almışdır.
Rayondakı Olimpiya idman kompleksinin təməli 2007-ci ilin may ayında qoyulmuş, ötən ilin sentyabrında tikintisi başa çatdırılmışdır. Kompleksdə 910 tamaşaçı tutan, tribunaları olan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenaj zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir. 100 nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli kottec də tikilmişdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "2008-ci il dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan üçün isə 2008-ci il növbəti uğurlu il olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirmiş, ölkədə infrastruktur və digər layihələr vaxtlı-vaxtında icra olunmuşdur. Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmişdir. Bizim iqtisadiyyatımız 11 faiz artmışdır". Göründüyü kimi, ölkənin qazandığı böyük nailiyyətdən Biləsuvar əməkçilərinə də pay düşür. Onların fədakar əməyi sayəsində qədim diyar - Biləsuvar gündən-günə abadlaşır və müasirləşir. Rayonun tarixində heç vaxt belə inkişaf olmamışdır.
Hazırda rayonda Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma ciddi hazırlıq işləri aparılır. Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq, dairə və məntəqə seçki komissiyalarının normal iş şəraitinin yaradılması təmin edilmişdir. Seçici siyahılarının dəqiqləşdirilməsində icra nümayəndəlikləri və bələdiyyələr seçki komissiyalarına müvafiq kömək göstərmişlər.
Seyran Cavadov
Azərbaycan.-2009.-17
fevral.-S.6.