Konstitusiya islahatı dövlətimizin hüquqi əsaslarını daha da möhkəmləndirəcək

 

Uzun müddət idi ki, ölkə ictimaiyyətinin geniş müzakirə predmetinə çevirdiyi Konstitusiya islahatlarına hüquqi baxımdan qanunverici orqanda aydınlıq gətirilməsi 2008-ci ilin mühüm siyasi hadisələrindən biri idi. Ötən ilin axırlarına doğru Konstitusiya islahatları ilə bağlı müzakirələr daha da intensivləşdi və Milli Məclis dekabrın 26-da keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsinin 18 mart 2008-ci il tarixdə ümumxalq səsverməsinə (referenduma) çıxarılması barədə qərar qəbul etdi.

Ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən dəyişikliklərin qanuni nəticəsi olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilməsində, demokratik dəyərlərin cəmiyyətimizdə intişar tapmasında mühüm rol oynamış, insan hüquq və azadlıqlarının təmini üçün əlverişli şərait yaratmış, habelə cəmiyyətdə bütün sahələrin inkişafına təkan vermişdir.

Konstitusiya hər bir ölkə üçün nə qədər vacib bir sənəd olsa da, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması bu sənəddə də islahatların aparılmasını zəruri edir. İstənilən ölkədə Konstitusiyaya zaman-zaman əlavə və dəyişikliklər edilir. 1995-ci ildən indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolu, ictimai-siyasi, sosial, mədəni həyatımızda baş verən yeniliklər bu gün Konstitusiyaya əlavə və dəyişiklik etmək zərurəti yaradıb. Bir az da konkretləşdirsək Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və s. sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir. Bu islahata getmək vacibdir. İndiyədək bu mövzuda aparılmış müzakirələrin nəticələri də cəmiyyətin Konstitusiya islahatına hazır olduğunu göstərir.

Ölkəmizdə Ana Qanuna indiyə qədər bir dəfə, 2002-ci ildə çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Amma Azərbaycanın inkişafı, sürətlə həyata keçirilən iqtisadi və siyasi islahatlar, demokratik tərəqqi sahəsində əldə edilən uğurlar bu gün Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirib. Konstitusiya islahatı, yeni Konstitusiyanın qəbulu və ya Konstitusiya qanunlarının təftişi demək deyildir. Bu islahatın məğzi Konstitusiyada öz əksini tapmış müddəaları genişləndirmək, insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaratmaq və beləliklə, Azərbaycan dövlətinin konstitusion əsaslarını daha da möhkəmləndirməkdir. Məqsəd Ana Qanunu dəyişdirmək yox, sadəcə, Konstitusiyada olan müddəaları dövrün, zamanın tələbinə, eləcə də Azərbaycanın dünyadakı yerinə, milli və beynəlxalq qanunvericiliyin müddəalarına uyğun olaraq təkmilləşdirməkdir. Konstitusiya təkcə bir hüquqi akt deyil, həm də ideoloji sənəddir, milli qanunvericiliyin mənbəyidir. Ona görə də bu sənədə edilən hər hansı bir dəyişikliyə çox ciddi münasibət bəslənilməlidir.

Təklif olunan əlavə və dəyişikliklərin bir qismi Konstitusiya ilə insan hüquqları və azadlıqlarının təminatının daha da möhkəmlənməsinə xidmət etdiyindən əsasən bu məsələlərin üzərində dayanmaq istəyirəm. İnsan hüquqlarının təminatının genişləndirilməsinin bariz nümunəsini Konstitusiyanın 12-ci maddəsinə təklif edilən dəyişiklikdə görmək olar. Bu maddəyə təklif olunan (Dövlətin ali məqsədi) dəyişikliyə görə insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilir. Bu dəyişiklik Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı məsələnin özünün yüksək inkişaf mərhələsinə keçdiyini göstərir.

Son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı dövlətimizin sosial siyasətinin də güclənməsinə yol açmışdır. Elə buna görə də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdən biri sosial siyasətin konstitusion təsbitidir. Bu, iqtisadi nailiyyətlərin insanların sosial rifahına yönəldilməsini dövlətin həm də hüquqi öhdəlik qismində üzərinə götürməsi deməkdir. Konstitusiyanın 15-ci maddəsinə "sosialyönümlü" ifadəsinin daxil edilməsilə Azərbaycan iqtisadiyyatının sosial yönümlü iqtisadiyyat kimi konstitusion-hüquqi təsbitinin nəzərdə tutulması dövlətin sosial siyasətindən qaynaqlanır.

Əlavə və dəyişikliklərin insan hüquqlarının daha etibarlı təminatına xidmət etməsi 17-ci maddəyə təklif olunan əlavələrdə də özünü bariz göstərir. Bu maddəyə təklif olunan əlavələr ölkəmizdə uşaq hüquqlarının təminatı istiqamətində qəbul olunmuş qanunvericilik aktlarına konstitusion status verilməsi yönündə mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dövlətin sosial siyasətinin mühüm prinsiplərindən biri ölkənin hər bir vətəndaşı kimi cəmiyyətin gələcəyi olan uşaqların qayğı ilə əhatə edilməsi, onların hüquqlarının qorunmasıdır. Bu maddəyə əlavə olunmuş III hissədə göstərilir ki, "Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır". Bu, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı dövlətin üzərinə konstitusion vəzifələr götürməsi deməkdir. 17-ci maddənin IV hissəsinə təklif edilən "Uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır" məzmunlu əlavə isə uşaqların sağlam ruhda tərbiyə edilməsi, habelə fiziki sağlamlığının qorunması baxımından son dərəcə mühümdür. 17-ci maddənin V hissəsinə təklif edilən növbəti əlavədə deyilir: "15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər". Bu məsələnin də Konstitusiyada öz əksini tapması uşaqların mənəviyyatı, şəxsiyyət kimi formalaşmaları baxımından zəruridir.

Əminik ki, 17-ci maddəyə təklif olunan əlavələr hər bir uşağın fiziki və mənəvi baxımdan normal böyüməsi məqsədi ilə daha geniş hüquqi və digər tədbirlərin həyata keçirilməsinə imkanlar açacaq.

Konstitusiyanın 25-ci maddəsinə (Bərabərlik hüququ) təklif edilən əlavələr də respublikada insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində indiyə qədər həyata keçirilmiş məqsədyönlü tədbirlər sisteminin mahiyyətindən irəli gəlir. 29-cu maddənin (Mülkiyyət hüququ) IV hissəsinə təklif edilən dəyişiklik isə hər kəsin mülkiyyət hüququnun daha səmərəli təminatına xidmət edir. 32-ci (Şəxsi toxunulmazlıq hüququ) maddəyə təklif edilən əlavə və dəyişikliklər hər kəsin şəxsi toxunulmazlıq hüququnun etibarlı təminatına xidmət etməklə yanaşı, söz, məlumat, informasiya azadlığının təminatı ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına yönəlmişdir. Bu maddənin II hissəsinə təklif edilən dəyişikliyə əsasən, "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır". 32-ci maddənin III hissəsinə təklif edilən dəyişikliyə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbər olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".

Demokratik dövlətin mühüm şərtlərindən biri sayılan vicdan azadlığı məsələsinə bu gün dünyada müəyyən hüquqi yanaşma formalaşıb. Bu yanaşmaya əsasən hər kəs dini etiqad məsələsində sərbəstliyə malikdir və heç kim dini baxışlarına görə təqib edilə və özünün dinə münasibətini bildirməyə məcbur edilə bilməz. Konstitusiyanın 48-ci maddəsinə "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini ayinləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz" məzmunda V hissənin təklif edilməsi Azərbaycan dövlətinin hər kəsin vicdan azadlığına necə həssaslıqla yanaşdığını, dini tolerantlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Şəxsin öz dini etiqadını məcburi şəkildə yerinə yetirməsinin yolverilməzliyinə konstitusion status verilməsi insan hüquqlarının bir qolu olan dini etiqad azadlığının təmini baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunur. Təəssüf ki, bəzi hallarda söz və mətbuat azadlığından sui-istifadə, insanların şərəf və ləyaqətinin pozulması halları ilə rastlaşırıq. Bu baxımdan Konstitusiyanın 50-ci maddəsinin (Məlumat azadlığı) III hissəsinə təklif olunan "Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ vardır" əlavəsi kütləvi informasiya vasitələrinin hüquqi məsuliyyətinin artırılması, insan hüquqlarına hörmətlə yanaşılması nöqteyi-nəzərindən vacibdir.

71-ci maddənin II hissəsinə təklif olunan "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır" məzmunlu əlavə isə hər kəsin cəmiyyətdəki, hüquq və azadlıqlarının çərçivəsini müəyyənləşdirir. Bu maddənin IX hissəsinə təklif olunan əlavə də insan hüquqları baxımından önəm kəsb edir. "Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz".

Demokratiyanın mühüm şərtlərindən biri də "vətəndaşların qanunvericilik təşəbbüsü hüququ"dur. Konstitusiyanın 96-cı maddəsinin (Qanunvericilik təşəbbüsü hüququ) I hissəsinə təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının seçki hüququ olan hər 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi xalqın hüquqi mənafeyi baxımından təqdirəlayiqdir. Azərbaycanda demokratiyanın inkişafının indiki mərhələsində bu, demokratik inkişafa verdiyimiz çox mühüm töhfə ola bilər. Bu, siyasi islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik kimi qiymətləndirilə bilər.

Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də 101-ci maddənin (Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları) V hissəsinin yeni redaksiyada verilməsidir. Təklif olunan dəyişikliklə bir şəxsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Konstitusiyadan bu məhdudiyyətin götürülməsi demokratik prinsiplərə tam uyğundur. Əgər hakimiyyətin mənbəyi xalqdırsa, onun seçim baryerini əlindən almaq olmaz. Xalq iki dəfə seçilmiş, lakin yenə də prezident görmək istədiyi bir şəxsə səs vermək istəyirsə, bu, onun iradəsinin ifadəsi və demokratiyanın mahiyyətidir.

Martın 18-də keçiriləcək referendumda səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının əlavə və dəyişikliklərə bildirəcəyi münasibət ölkəmizdə hüquqi dövlət prinsiplərinin daha da möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına geniş imkanlar açacaq. Ən əsası bu əlavə və dəyişikliklər Azərbaycan dövlətçiliyinin konstitusion əsaslarını daha da möhkəmləndirəcəkdir.

 

 

Vaqif Əmənov

Şirvan şəhər 1 saylı Dövlət

Notariat Kontorunun

dövlət notariusu

 

Azərbaycan.-2009.-17 fevral.-S.9.