Konstitusiya islahatı cəmiyyətin sosial sifarişidir

 

Şərqin böyük mütəfəkkirlərindən olmuş Nizamülmülk "Siyasətnamə" əsərində yazırdı ki, yalnız haqqa və ədalətə tapınan fatehlər xalqının dərin etimadını qazana bilirlər. Azərbaycan ictimai şüurunda əsrlər boyu aktuallığını qoruyub saxlamaqla insanların can atdığı ali ideallardan birinə çevrilmiş "ədalətli rəhbər" arzusu da məhz Heydər Əliyevin nurlu şəxsiyyətində real təcəssümünü tapmışdır. Ümummilli lider humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan təkmil hüquqi mexanizmlərin formalaşdırılmasına siyasi fəaliyyətinin bütün mərhələlərində xüsusi diqqət yetirmişdir.

Ulu öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, bütün insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, liberal ideyaların möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda hər zaman misilsiz xidmətlər göstərmişdir. Yüksək bəşəri dəyərlərə hörmət Heydər Əliyevin daxilən azad, komplekslərdən uzaq şəxsiyyət olmasından, yüksək demokratizmindən, vətəndaşlıq məsuliyyətindən irəli gəlmiş, böyük stateq hər bir fərdin maraq və mənafeyinin ödənməsini, qanuni hüquqlarının qorunmasını dövlətin başlıca vəzifəsi saymışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra hüquqi dövlət quruculuğunu həyata keçirdiyi siyasətin üstün istiqaməti kimi önə çəkmiş, bu istiqamətdə ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatların həyata keçirilməsinə başlamışdır. Böyük strateq dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk müstəqil Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin əksi olan Konstitusiyamız dövlətin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmişdir. Faktiki olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi-hüquqi sistemin formalaşmasına başlanılmış, ən müxtəlif sahələrdə islahatların aparılmasına fundamental baza yaradılmışdır.

1995-ci il noyabrın 24-də keçirilən yığıncaqda ümummilli lider Heydər Əliyev bu tarixi sənədi belə dəyərləndirmişdir: "Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Tarixi təcrübə sübut edir ki, demokratikləşmə prosesi təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin, hüquq qaydalarının, qanunçuluğun gücləndirilməsi, bir sözlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların dərinləşdirilməsi ilə şərtlənir. Azərbaycanın demokratik dövlət olmasını şərtləndirən əsas meyarlardan biri də Konstitusiyaya əsasən xalqın hakimiyyətin yeganə mənbəyini təşkil etməsi, idarəçilik mandatının yalnız xalqa malik olmasıdır. Öz fəaliyyətində hüququ rəhbər tutmayan, əsas insan hüquq və azadlıqlarını təmin etməyən, qanunun aliliyinə söykənməyən, ictimai həyatın bütün sahələrini qanunlar əsasında idarə etməyən sistem hüquqi ola bilməz. Respublikamızda dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 15 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır. Əsas Qanunda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Konstitusiyanın tənzimləmə predmetini təşkil edən içtimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin dəyişməsi bu qanunvericilik sənədinə müvafiq dəyişiklik və əlavələr edilməsi zərurətini yaradır. Azərbaycan Respublikası Konstitusiyasına hələ 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi yolu ilə edilmiş bir sıra əlavə və dəyişikliklər də məhz bu reallığa əsaslanaraq cəmiyyətin ümumi inkişaf ahənginə cavab vermiş, ölkənin ictimai-siyasi, hüquqi və iqtisadi həyatındakı keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmini, ölkədə məhkəmə islahatlarının həyata keçirilməsi, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə keçirilmiş bu referendum dövrün zəruri tələbləri ilə şərtlənmişdir. Konstitusiyada əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin hüquqi qüvvəyə minməsini təmin edən bu ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil Avropa dəyərlərinə sadiqliyini bir daha təsdiqləmişdir.

2003-cü ilin oktyabrında xalqın iradəsi ilə dövlət başçısı seçilmiş cənab İlham Əliyev 5 ildən artıq müddətdə respublikanın sosial-iqtisadi inkişafı naminə həlledici addımlar ataraq makroiqtisadi uğurları təmin etməklə yanaşı, hər bir vətəndaşın konstitusion hüquq və azadlıqlarının təmini istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə Avratlantik məkana sürətli inteqrasiya kursu seçmiş Azərbaycan qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi bu inteqrasiya magistralında uğurla irəliləyərək demokratik dəyərləri sürətlə mənimsəyir. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və rasional təfəkkürlü siyasətçi kimi irəli sürdüyü inkişaf konsepsiyası cəmiyyətin təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişafı, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması məsələlərini özündə ehtiva etmişdir.

Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun dinamik artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin ictimai şüurda mənimsənilməsinə imkan yaratmışdır. Müasir mərhələdə respublikada demokratik inkişafı şərtləndirən başlıca amillərdən biri də insanların iqtisadi azadlıqlarının, səmərəli təşəbbüskarlığının artması, mülkiyyət münasibətlərinin yeni forma və məzmun kəsb etməsidir. İqtisadi azadlıqlarını təmin edən vətəndaşın siyasi cəhətdən yetkinləşməsi, tədricən cəmiyyətin demokratikləşməsi xəttinin fəal iştirakçısına çevrilməsi də qaçılmaz prosesə çevrilir. Keçid prosesini tam başa vurmayan Azərbaycanda demokratiyanın mərhələli səciyyə daşıması da iqtisadi inkişaf və siyasi liberallaşma xəttinin biri-birini tamamlaması vacibliyi ilə şərtlənir. Şübhəsiz, iqtisadi problemlər məngənəsində sıxılan hər hansı dövlətdə demokratik dəyərlərin sürətli inkişafından danışmaq mümkün deyildir.

Cəmiyyətin azadlığı şəxsiyyətin azadlığından, şəxsiyyətin azadlığı təfəkkürün azadlığından, təfəkkürün azadlığı isə iqtisadi azadlıqdan başlanır. Bu mənada, hər bir ölkədə demokratik norma və prinsiplərin tam şəkildə bərqərar olması üçün, yaxud formalaşmaqda olan demokratik dəyərlərin davamlı olaraq yaşaması üçün iqtisadi inkişafın müəyyən bir həddə çatması vacibdir. Əgər hansısa ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 1000 dollardan aşağıdırsa, orada demokratiyadan danışmaq da mümkün deyildir. Azərbaycanda isə adambaşına düşən ümumi daxili məhsulun 2008-ci ildə 5800 dollar təşkil etməsi demokratik proseslərin cəmiyyətdə adekvat dərkini təmin edən mühüm amillər sırasındadır.

Siyasi mədəniyyətin, hüquq düşüncəsi və vərdişlərinin formalaşmasına, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birəşdirilməsinə etibarlı təminat yaradan 2008-i ilin 15 oktyabr seçkiləri dünəninə, bugününə və sabahına biganə olmayan ölkə vətəndaşlarının demokratik cəmiyyətdə yaşamaq istəyinin təcəssümü idi. Son beş ildə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan dövlət başçısı İlham Əliyev cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsini də davamlı prosesə çevirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən liberal ruhlu islahatlar, tətbiq olunan mütərəqqi hüquqi yeniliklər çağdaş dövrün tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, başlıcası isə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum dərəcədə ehtiva etmişdir.

Ümumilikdə, 2002-ci ilin 24 avqust tarixli Konstitusiya islahatından ötən 7 il müddətində Azərbaycanın keçdiyi sürətli inkişaf yolu ölkənin hüquq sisteminin bünövrəsini təşkil edən Əsas Qanuna yeni dövrün gerçəklikləri ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdir. Hakim Yeni Azərbaycan Partiyasının bununla bağlı mütərəqqi təşəbbüsünün Azərbaycan Respublikası Milli Məclisində birmənalı dəstəklənməsi, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin işlənib hazırlanması da məhz ictimai tələbatdan doğan bir addımdır. Konstitusiya Məhkəməsinin müsbət rəyini alan Referendum Aktı layihəsi ilə Konstitusiyanın 29 maddəsinə təklif edilən əlavə və dəyişikliklər xalq tərəfindən də birmənalı dəstəklənir. Milli Məclisin qərarı ilə 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi - referendum xalq tərəfindən də birmənalı dəstəklənmiş, bu mühüm siyasi aksiya ərəfəsində paytaxtda və respublikanın bölgələrində təşəbbüs qrupları yaradılaraq Mərkəzi Seçki Komissiyasında rəsmi qeydiyyatdan keçmişlər. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin cəmiyyətdə böyük maraqla qarşılanması və dəstəklənməsi isə onların ümumən mütərəqqi xarakter daşıması ilə səciyyələnir. Təqdirəlayiq haldır ki, həmin əlavə və dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqlarının konstitusion əsaslarının daha da gücləndirilməsinə, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, ədalət mühakiməsinin səviyyəsinin yüksəldilməsinə, vətəndaşların aktiv və passiv seçki hüququnun səmərəli təminatına xidmət edir.

Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac cəmiyyətin ən müxtəlif sahələrində özünü qabarıq göstərən sürətli inkişafdan irəli gəlir. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklərin hüquqi müstəvidə şərhi onların hər bir vətəndaşın maraq və mənafeyi baxımından müstəsna əhəmiyyətini önə çıxarır. Bu baxımdan, bir sıra əlavə və dəyişikliklərin üzərində xüsusi dayanmaq, onları mövcud varianta nəzərən müqayisəli təhlil etmək lazım gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədləri sırasına daxil edilir.

17-ci maddəyə təklif edilən əlavə və dəyişikliklər isə uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini və fəaliyyət dairəsini daha da genişləndirir, bu sahədə konstitusion normaların təkmilləşməsinə etibarlı zəmin yaradır. Bu maddəyə təklif olunan dəyişikliklərə görə, dövlət valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqları öz himayəsinə götürməlidir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək Konstitusiya ilə qadağan olunur. 15 yaşına çatmamış uşaqların işə götürülməsinə qoyulan hüquqi yasaq da bütövlükdə uşaqların məktəbdən yayındırılması, onların əməyinin istismar edilməsinə qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətdə savadsızlıq meyillərinin artımının qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.

Konstitusiyanın 18-ci və 48-ci maddələrinə təklif olunan əlavə və dəyişikliklər vətəndaşların Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir. Referendum Aktı layihəsində 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, "dini cərəyanların" da yayılması və təbliği qadağan edilir. Bu dəyişiklik Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır. 48-ci maddəyə edilən dəyişikliyə görə isə "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu da çağdaş dövrlə səsləşən vacib dəyişiklik olmaqla, respublikada dini tolerantlığın daha da gücləndirilməsinə, bu sahədə insan hüquqlarına etibarlı təminat mexanizmləri formalaşdırılmasına xidmət edir.

39-cu maddəyə təklif olunan əlavələrə görə (Sağlam ətraf mühitdə yaşamaq hüqüqü) "Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz". Belə bir müddəanın Əsas Qanunda özünə yer alması, şübhəsiz, ölkədə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, bu sahədə mövcud hüquqi çatışmazlıqların tənzimlənməsi baxımından heç də az əhəmiyyət kəsb etmir. 39-cu maddəyə təklif olunan digər mühüm əlavədə isə göstərilir ki, "Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir". Bu müddəa Azərbaycanın özünəməxsus flora və faunasının qorunmasına konstitusion təminatı gücləndirir, nadir bitki və heyvan növlərinin mühafizəsinə ciddi hüquqi zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə son beş ildə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Konstitusiyaya əlavə və dəyişikliklər sırasında məhkəmələrin fəaliyyəti ilə bağlı müddəaların yer alması da diqqətəlayiq hal olmaqla, yeni dövrün tələblərindən irəli gəlir. Konkret olaraq 67-ci, 125-ci və 129-cu maddələrə təklif edilən əlavələr məhkəmə praktikası ilə bağlı bəzi hüquqi normalara konstitusion statusun verilməsi baxımından təqdirəlayiqdir. 67-ci maddəyə (Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları) təklif edilən dəyişikliyə görə "cinayət törədilməsində ittiham edilənlər" ifadəsinin "təqsirləndirilənlər" sözü ilə əvəz edilməsi təqsirsizlik prezumpsiyasının (Konstitusiyanın 63-cü maddəsi) mahiyyətindən irəli gəlir. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 67-ci maddəyə edilən dəyişiklik məhkəmə qərarından əvvəl şəxsin cinayətdə ittiham edilməsinə imkan vermir. 67-ci maddəyə nəzərdə tutulan digər əlavədə göstərilir ki, "Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dindirilməlidir". Cinayət Prosessual qanunvericiliyində əksini tapmış bu hüququn Konstitusiyada əksini tapması təqsirləndirilən şəxsin mənafeyinə hesablanmış mütərəqqi yenilikdir.

125-ci maddəyə təklif edilən əlavəyə görə "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". 129-cu maddəyə təklif olunan əlavələr isə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya konstitusion təminatı gücləndirir. Həmin əlavəyə əsasən, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Nəzərdə tutulan dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir. Bundan başqa, 130 və 131-ci maddələrə təklif edilən əlavələrlə Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının dərc edilməsi Konstitusiyada əksini tapır.

Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə təklif olunan əlavədə isə göstərilir ki, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Azərbaycan xarici sərmayədarlar, əcnəbi iş adamları üçün açıq ölkə olduğundan belə bir əlavənin Konstitusiyada əksini tapması son dərəcə vacib və aktual məsələdir. Ölkə vətəndaşları ilə yanaşı, respublikamızda fəaliyyət göstərən və yaşayan hər bir əcnəbinin Azərbaycanın dövlət rəmzlərinə hörmətlə yanaşması vacibdir. Və təklif olunan müddəa da bu sahədə Konstitusiya nəzarətinin güclənməsini təmin edəcəkdir.

Konstitusiyanın 96-cı maddəsinə görə, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Təklif olunan variantda isə Azərbaycan Respublikasının 40 min nəfər vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi nəzərdə tutulur. Və bu mühüm dəyişiklik vətəndaşların mənafeyinə xidmət edən qanun layihələrinin birbaşa Milli Məclisin müzakirəsinə çıxarılmasına və qəbuluna real imkanlar yaradacaqdır. Həmin maddəyə təklif edilən əlavələrə görə, "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. Qanun layihələri əsaslandırılmalı və onların qəbul edilməsi məqsədləri göstərilməlidir".

101-ci maddənin V hissəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır. Bu prinsipial dəyişiklik hər bir vətəndaşın passiv seçki hüququnun daha dolğun, hərtərəfli təminatına xidmət edir. Ötən müddətdə Azərbaycanda baş verən fundamental hüquqi-siyasi dəyişikliklər, Avratlantik məkana inteqrasiya respublikamızın demokratik inkişaf və insan hüquq və azadlıqları əleyhinə hansısa addım atmasını birmənalı istisna edir. Xalqın iradəsi ilə hakimiyyət olimpinə yüksələn şəxsin Konstitusiya və qanunlardan kənar hansısa addım atması nə siyasi, nə də hüquqi baxımdan mümkündür. Çünki ölkədə formalaşmış yeni ictimai şüur və siyasi mədəniyyət, habelə hakimiyyət üzərində ictimai nəzarətin güclənməsi bu cür meyillərə imkan vermir.

Referendum Aktı layihəsində yeni redaksiyada verilmiş 101-ci maddənin V hissəsinə görə, "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir". Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin hərbi əməliyyatların sonunadək uzadılması təklifi xalqın ümumi təhlükəsizliyi və milli maraqları baxımından obyektiv reallığa əsaslanır.

Konstitusiyanın 146-cı maddəsinə təklif olunan (Bələdiyyələrin müstəqilliyinin təminatı) dəyişiklik isə hazırkı sosial-iqtisadi inkişaf şəraitində yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin daha da artırılmasına xidmət edir. Həmin maddəyə təklif olunan birinci əlavəyə görə, "Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir". Təklif olunan digər əlavəyə görə, "Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz; Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir".

Ötən illərin təcrübəsi göstərir ki, bəzi yerli özünüidarəetmə orqanları onlar üçün yaradılmış müstəqillikdən sui-istifadə edir, vətəndaşların və dövlətin qanuni mənafeyinə xələl gətirən qanunsuz qərarlar qəbul edirlər. 146-cı maddəyə təklif olunan əlavə və dəyişikliklər də belə halların qarşısının alınmasına, bələdiyyələrin hüquqi məsuliyyətinin artırılmasına xidmət edir. Konstitusiyaya təklif olunan digər mühüm əlavədə qeyd olunur ki, "Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər". Bütün bunlar bələdiyyələrin şəffaf, demokratik, qanunlara hörmət ruhunda fəaliyyət göstərən, dövlət və cəmiyyət qarşısında məsuliyyətini və vəzifələrini düzgün dərk edən qurum kimi formalaşmasına öz təsirini göstərəcəkdir.

Tarixən qanunlar cəmiyyətin inkişaf tempinə uyğun olaraq formalaşmış, təkmilləşmiş, ictimai münasibətləri tənzimləyən, hamılıqla qəbul olunaraq sanksiyalaşan normaya çevrilmişdir. Hər bir qanunun hüquqi əsasını təşkil edən Konstitusiyanın da ümumxalq referendumu əsasında zaman-zaman mütərəqqi dəyişikliklərə məruz qalması, müasirləşdirilməsi tamamilə təbii və məntiqəuyğun haldır. Hər bir demokratik dövlət kimi, Azərbaycan da öz Konstitusiyasına dövrlə səsləşən əlavə və dəyişikliklər etməklə, insan hüquq və azadlıqlarının konstitusion təminatını gücləndirməyə çalışır.

 

 

Elşad Abdullayev

hüquq elmləri doktoru, professor

 

 

Azərbaycan.-2009.-17 fevral.-S.10.