Bakı İslam mədəniyyətinin
paytaxtıdır
2001-ci ilin
29-31 dekabrında Qətərdə
keçirilmiş mədəniyyət
nazirlərinin III İslam
Konfransı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(İSESKO) təklif etdiyi
"İslam mədəniyyətinin
paytaxtları" ilkin
proqramını təsdiqləyən
qətnamə qəbul
etdi. Qətnaməyə
əsasən islam Konfransı Təşkilatına (İKT) üzv
dövlətlərin təklif
edəcəkləri şəhərlər
arasından İSESKO ərəb,
Asiya və Afrika regionlarının hər birindən bir şəhər seçəcəkdi. Elə
həmin konfransda Səudiyyə Ərəbistanının
Məkkə şəhərinin
islam mədəniyyətinin
ilk paytaxtı elan olunması qərara alındı.
Xarici işlər
nazirlərinin 29-cu islam
konfransının məsələ
ilə əlaqədar
qəbul etdiyi qətnaməyə əsasən
İSESKO islam mədəniyyətinin
paytaxtları proqramının
konsepsiyasını hazırladı
ki, burada da Məkkə şəhərindən sonra
ərəb, Asiya və Afrika regionlarından 30 şəhərin
10 il ərzində islam mədəniyyətinin
paytaxtları kimi elan olunması təklif olunurdu.
Mədəniyyət nazirlərinin
15-17 dekabr 2004-cü il tarixlərdə Əlcəzairdə keçirilmiş
IV islam konfransı
2005-2014-cü illər üçün
nəzərdə tutulmuş
islam mədəniyyətinin
paytaxtları proqramını
təsdiqlədi. Bu proqrama
əsasən, hər hansı şəhərin
islam mədəniyyətinin
paytaxtı elan olunması üçün
həmin paytaxt ölkə və region səviyyəsində mühüm
tarixi keçmişə,
həm islam, həm də bəşər mədəniyyətində
elm, incəsənət, ədəbiyyat
sahəsindəki töhfələrə,
elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi
və kollektiv şəkildə mədəni
tədbirlər təşkil
edən mədəniyyət
qurumlarına malik olmalıdır.
2007-ci ilin
21-23 noyabrında Liviyada
keçirilən mədəniyyət
nazirlərinin V islam konfransında ölkəmizin
nümayəndə heyətini
təmsil edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakı şəhərinin
"İslam mədəniyyətinin
paytaxtları" proqramında
müəyyən edilən
bütün meyarlara tamamilə uyğun gəldiyini təsdiqləyən
məruzə ilə çıxış etdi və Azərbaycan paytaxtının 2009-cu ildə
islam mədəniyyətinin
paytaxtı elan olunması təklifini irəli sürdü. Nümayəndə heyətinin təklifi
iclas iştirakçıları
tərəfindən yekdilliklə
qəbul olundu. Konfrans nəticəsində
qəbul olunmuş qətnaməyə əsasən
Bakı şəhəri
2009-cu il üçün islam mədəniyyətinin paytaxtı
elan olundu və mədəniyyət
nazirlərinin növbəti,
VI konfransının Bakıda
keçirilməsi qərara
alındı.
Azərbaycan müsəlman dövlətləri
arasında əməkdaşlığın
gücləndirilməsi və
qarşılıqlı əlaqələrin
inkişafı təşəbbüslərini
bütün istiqəmətlərdə
həyata keçirir. Bunlar islam ölkələri
ilə iqtisadi, siyasi əlaqələrin genişləndirilməsi, qarşılıqlı
səfərlər, eyni
zamanda ümumi maraqları təmin edən və problemlərin birgə müzakirəsi üçün
imkanlar yaradan tədbirlərin təşkili,
beynəlxalq təşkilatlar
səviyyəsində əməkdaşlıq
və s. məsələlərdir.
Demokratik
dövlətlərin elm, mədəniyyət,
incəsənət və
başqa sahələrdə
əməkdaşlığının inkişaf etdirilməsində
əvəzsiz rol oynayan Heydər Əliyev Fondu ümumbəşəri ideyaların
reallaşdırılmasına yeni-yeni töhfələr
verməklə yanaşı
müsəlman dövlətlərinin
təhsil sahəsində
də tərəfdaşlığının
ən fəal təşəbbüskarıdır. Heydər Əliyev Fondu eyni zamanda dünyada
mədəniyyətlər, sivilizasiyalararası dialoqun
gücləndirilməsi istiqamətində
mühüm rol oynayır.
Ötən il iyun ayının
10-da Bakıda "Mədəniyyətlərarası
dialoqda qadınların
rolunun genişləndirilməsi"
mövzusunda işə
başlayan beynəlxalq
forum da məhz Heydər Əliyev Fondunun təşəbbüsü,
YUNESKO və İslam Ölkələri Elm, Təhsil
və Mədəniyyət
Təşkilatının (İSESKO) dəstəyi ilə təşkil edilmişdi. Dünyanın müxtəlif ölkələrindən
300-dən çox nümayəndəni,
bir neçə dövlətin birinci xanımlarını, İSESKO-nun baş direktorunu, YUNESKO-nun xoşməramlı
səfirlərini bir araya gətirən tədbirin keçirilməsində
məqsəd müxtəlif
dinlərin və mədəniyyətlərin təmsilçilərinin
bir araya gəlməsi idi. Ayrı-ayrı mədəniyyətlərin təmsilçilərinin forumda
iştirakı dialoqa qadın mövqeyindən yanaşmaq məqsədi daşıyırdı.
Tədbirdə çıxış
edən Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirdi ki, qadın
potensialı sivilizasiyalararası
dialoqun möhkəmlənməsində
böyük rol oynayır: "Bu gün
biz mədəniyyətlər və sivilizasiyalararası
dialoq probleminə qadınların gözü
ilə baxmalıyıq.
Qadın
olan yerdə həmişə səmimiyyət,
sevgi, məhəbbət
var. Zənnimcə, qadınlar
əzəldən bəri
dialoq tərəfdarıdırlar.
Məhz ona görə də qadın potensialı dialoqun möhkəmlənməsində
böyük rol oynaya bilər"
İKT-nin Dialoq və Əməkdaşlıq
Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq məsələləri
üzrə birinci baş əlaqələndiricisi Leyla Əliyeva
əsas maraq dairəsi məhz qadınlar və dialoq olan beynəlxalq
forumun ölkəmizdə keçirilməsinin rəmzi məna
daşıdığını bildirdi. Azərbaycanın həm
mədəniyyətlərarası dialoq, həm də
qadınların inkişaf rəmzlərini təcəssüm
etdirdiyini söyləyən Leyla Əliyeva qeyd etdi ki, Azərbaycanda
hələ qədim zamanlardan dini dözümlülük,
müxtəlif mədəniyyətlərə və dinlərə
böyük hörmət mövcud olub. İKT-nin Dialoq və Əməkdaşlıq
uğrunda Gənclər Forumunun birinci baş əlaqələndiricisi
qızların və gənc qadınların inkişafına
istiqamətlənən sivilizasiyalararası dialoqla
bağlı 2009-cu ildə Bakıda seminar keçirilməsini
də təklif etdi.
Təhsil məsələlərinə
xüsusi diqqət yetirildiyi qlobal əhəmiyyətə malik
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" beynəlxalq forumu
dünyada böyük əks-səda doğurdu. Elə buna
görə də konfrans iştirakçıları qərara
aldılar ki, tədbirlər ənənəvi şəkildə,
hər iki ildən bir Bakıda keçirilsin. Bu bir daha onu
sübut edir ki, ölkəmizin ümumbəşəri dəyərlərə
töhfə verən təşəbbüsləri
alqışlanır, Azərbaycanın təşkilatçılığı
ilə keçirilən beynəlxalq konfranslar dünya dövlətləri,
nüfuzlu təşkilatlar tərəfindən təqdir
olunur. Həmin səbəbdən də bu missiyanın məhz
ölkəmiz tərəfindən davam etdirilməsi məqsədəuyğun
hesab edilir
Prezident İlham Əliyevin
Azərbaycanın beynəlxalq aləmə uğurlu
inteqrasiyası istiqamətində yürütdüyü xarici
siyasət strategiyasında müsəlman ölkələrinə
verdiyi önəm öz xüsusiyyəti ilə seçilir.
Dövlət başçısının ötən il
Türkiyə, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı,
Türkmənistan, İordaniya, Özbəkistan, Pakistan,
Qazaxıstan və digər dövlətlərin rəhbərləri
və rəsmilərinin başçılıq etdiyi nümayəndə
heyətləri ilə keçirdiyi görüşlər Azərbaycan
Prezidentinin dost ölkələr arasında uğurla
inkişaf etdirilən qarşılıqlı əlaqələri
diqqət mərkəzində saxlaması, eyni zamanda faydalı
müzakirələrin təşkili baxımından xüsusi
əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin
ölkəmizin müsəlman dövlətləri ilə
qarşılıqlı təmasların gücləndirilməsinə
verdiyi xüsusi önəm Azərbaycanın islam
dünyasındakı nüfuzu, ikitərəfli və
çoxtərəfli əməkdaşlığın
genişləndirilməsindəki rolu ilə səciyyələnir.
Dövlət başçısı ölkələr
arasındakı siyasi, iqtisadi, humanitar, sosial sahələr
üzrə əlaqələrin inkişafına daim diqqət
göstərir. Müqəddəs Ramazan bayramı münasibətilə
müsəlman ölkələrinin Bakıdakı səfirlərini
qəbul edən Prezident İlham Əliyev müsəlman
ölkələri ilə münasibətlərin
çoxşaxəli olduğunu qeyd etdi. Dövlət
başçısı bildirdi ki, Azərbaycan digər ölkələrlə
münasibətlərin siyasi, ticarət, mədəni, humanitar
və başqa sahələrdə inkişafına
çalışır: "Biz beynəlxalq təşkilatlarda
bir-birimizi dəstəkləyirik və bu dəstək hər
bir ölkə üçün çox önəmlidir.
İslam Konfransı Təşkilatı çərçivəsində
uğurlu əməkdaşlıq edirik. Çox istəyirik
ki, bu təşkilatda təmsil olunan dövlətlər
arasında ikitərəfli və çoxtərəfli əlaqələr
və islam həmrəyliyi daha da güclənsin".
Azərbaycanda dini
tolerantlığın mövcudluğu, ayrı-ayrı dinlərə
hörmət və ehtiram müqəddəs Ramazan ayı
münasibətilə təşkil olunan iftar süfrəsində
də bir daha qeyd edildi. Prezident İlham Əliyevin, Rus Pravoslav
kilsəsinin Bakı və Xəzəryanı
yeparxiyasının rəhbəri Aleksandr atanın, Azərbaycanın
dağ yəhudiləri icmasının sədri Semyon
İxiilovun iştirak etdiyi mərasim
iştirakçıları bildirdilər ki, ayrı-ayrı
dinləri təmsil edən şəxslər milli və dini mənsubiyyətindən
asılı olmayaraq Azərbaycan adlı böyük bir ailənin
bərabərhüquqlu üzvləri kimi bir araya gəliblər.
Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri
nəticəsində Azərbaycanda tolerantlığın
yüksək səviyyədə olması hamının
iftixarla söylədiyi həqiqətdir.
İslam dövlətləri
ilə hərtərəfli əməkdaşlığın
inkişafı ölkəmizin beynəlxalq aləmə
inteqrasiyası istiqamətində aparıcı xətlərdən
birini təşkil edir. İslam Konfransı Təşkilatı
və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı
ilə əlaqələrin genişləndirilməsi bu
münasibətlərin qarşılıqlı faydalı zəmində
qurulmasının göstəricisidir. Oktyabrın 6-da
Bakıda islam ölkələrinin ali təhsil və elm nazirlərinin
"Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə
nail olunması" mövzusunda keçirilən IV
konfransı Azərbaycanın müsəlman dövlətlərində
təhsilin, elmin və texnologiyanın inkişafının
gücləndirilməsi istiqamətində yeni təşəbbüsü
idi. 41 ölkədən 200-dən çox nümayəndənin
iştirak etdiyi konfransda islam ölkələri arasında elm
sahəsində əlaqələrin inkişafına dair
geniş fikir mübadiləsi aparıldı.
"Azərbaycan
müxtəlif dinlərin dostluq və qardaşlıq məkanıdır"
- bu fikirlər dekabrın 2-də Bakıda Avropa Şurasının
üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin
"Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır' mövzusunda keçirilən
konfransda səsləndirildi. Qərb dövlətləri ilə
yanaşı İSESKO, Ərəb Dövlətləri
Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil
Təşkilatının (ALEKSO) yüksək rütbəli rəs-milərinin
iştirak etdiyi Bakı konfransı nəinki Azərbaycanın
və Qərbin, eyni zamanda Şərqin həyatında
mühüm hadisə idi. Konfransda nitq söyləyən
Prezident İlham Əliyev ölkəmizin dostluq və
qardaşlıq məkanı olduğunu söyləyərək
bütün xalqların və dinlərin nümayəndələrinin
respublikamızda ailə kimi yaşadıqlarını dedi:
"Qonaqlarımız arasında islam Konfransı Təşkilatının
üzvlərinin olmasına çox sevinirik. Şərqlə
Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif
ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələri
iştirak edirlər. Mən çox istəyirəm ki, bu
gün Azərbaycanda başlayan Bakı prosesi mədəniyyətlər
arasında dialoqun, dostluğun, qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə öz dəyərli
töhfəsini versin".
Dövlət
başçısı qeyd etdi ki, ölkəmizdə dini və
milli tolerantlığın, dözümlülüyün
yüksək səviyyədə olması və bütün
xalqların rahat, mehriban şəkildə yaşaması Azərbaycanı
daha da gücləndirir.
Konfrans özünün
mövzusu və iştirakçıların tərkibinə
görə Avropa və islam ölkələrinin tarixində mədəniyyətlərarası
dialoq mövzusunda ilk tədbir idi. Azərbaycanın bu beynəlxalq
konfransa ev sahibliyi etməsi isə xalqların mədəni,
tarixi irsinə hörmətlə yanaşmasının,
müsəlman ölkələri arasında dialoqun praktiki
inkişafının gücləndirilməsinə, səmərəli
və yeni fəaliyyət mexanizminin müəyyənləşdirilməsinə
verdiyi töhfənin əyani sübutudur.
Bakıda islam mədəniyyətinin
paytaxtı ilinin rəsmi açılış mərasimi
fevralın 18-19-da Heydər Əliyev Sarayında keçiriləcək.
Azərbaycanın paytaxtının 2009-cu ildə islam mədəniyyətinin
paytaxtı elan olunması ilə bağlı geniş tədbirlər
planı hazırlanıb. Fevralın ikinci
ongünlüyündən etibarən silsilə tədbirlərin
keçirilməsinə başlanılıb. Tədbirlər mədəniyyətin
bütün sahələrini əhatə edəcək. Tədbirlər
planına uyğun olaraq mərasimlər, forumlar, layihələr
fevralın ortalarından ilin sonuna kimi təşkil olunacaq. Bir
neçə muzeydə sərgilərin təşkili ilə
bağlı layihələr həyata keçiriləcək.
Eyni zamanda elm, təhsil, gənclərlə və qadınlarla
iş sahələri də əhatə olunacaq.
Anar Rasimoğlu
Azərbaycan.-2009.-17 fevral.-S.15.