Qələm zəhmətkeşi

 

Azərbaycan jurnalistikasına ağır itki üz verib. Bu, bütün nekroloqların, "vida sözləri"nin əvvəlində səslənən, dönə-dönə işlənmiş ifadə olsa da, jurnalist Bariz Əsəd oğlu Əsədovun itkisini başqa kəlmələrlə çatdırmağa çətinlik çəkdik. Bariz Əsədov kimi yazarın bu dünyadan köç etməsi həqiqətən ağır itkidir. Dünən jurnalistikamız sözün əsl mənasında öz fədailərindən birini itirdi.

"Azərbaycan" qəzetinin əməkdaşları çox təəssüf edir kədərlənirlər ki, redaksiyamızdakı "Dünya bir pəncərədir..." lövhəsinə daha bir əziz dəyərli həmkarımızın şəkli əlavə olundu. Amma bir həqiqət var ki, Bariz Əsədov kimi jurnalistlər üçün tale tərəfindən ayrılmış ömür payı dünyaya baxıb getmək üçün heç pəncərə olmur. Belələri dünyaya yalnız baxıb keçmirlər, yazırlar, yaradırlar, şam kimi yanırlar, fəhlə kimi alın təri tökür, ağıllarını, zəkalarını, düşüncələrini çox sevdikləri peşələri, çox möhkəm sarıldıqları qələmləri vasitəsilə xalqa, insanlara bəxş edirlər. Nəfəs dərmək, dincəlmək vaxtı gələndə "qılınc"ı yerə qoymaq istəmir, yazıb-yaratmaq eşqi ilə yanırlar. Xəstə yatdığı son aylarda Bariz Əsədov doğmalarının "Ürəyin istəyir?" sualına yalnız bir cavab verirdi: "İşləmək".

Halını tez-tez soruşurduq. Amma bir dəfə özü redaksiyaya zəng vurdu. Köhnə həmkarlarından birinə belə dedi: "İndi işiniz çoxdur. Mən sizə kömək edə bilmədim. Bu, məni xəstəliyimdən betər incidir..."

Ölümündən bir neçə gün əvvəl isə Bariz müəllimə baş çəkən dostları onu ruhlandırmaq üçün gələn ay 70 yaşının tamam olacağını xatırladaraq yubileydən söz saldılar. Amma artıq həqiqəti özü dərk etmişdi. Odur ki, "Dəfnimə hazırlaşın" dedi...

Bariz Əsədov itkisi bizim üçün qədər ağır olsa da, sonadək kədərli notlarla köklənmək istəmirik. Bizcə, bu gün Bariz Əsədov qələminin məziyyətlərindən söhbət açmaq, onun necə jurnalist olduğunu bir daha xatırlamaq daha məqsədəuyğundur. Çünki Bariz Əsədovun jurnalistikada keçdiyi yola baxıb ibrət götürmək, onun "irs"indən bəhrələnmək gənc həmkarlarımıza çox gərəkdir. Biz "irs" sözünü təsadüfi işlətmədik. Çünki Bariz müəllim az, çox - 40 ilə yaxın öz dövrünün aparıcı mətbu orqanı - "Kommunist" qəzetinin müxbiri olub.

"Azərbaycan" qəzetinə ahıl yaşında gəlmişdi. Bu gəliş ona elə bir ruh qanad vermişdi ki, gecə-gündüz işləyirdi. Bəzən buna hətta təəccüblənirdik...

Çox zəhmətkeş idi, həyatda həmişə zəhmətə güvənmişdi. Hələ uşaq ikən doğma İrəvandan ailəsi ilə birlikdə didərgin salınan Bariz Yevlax rayonunda boya-başa çatmış, Bakıda ADU-nu (indiki BDU) bitirərək peşəkar jurnalist olmuşdu. Ömrü boyu bu peşəyə sadiq qalmış ona ləkə gətirməmişdi.

Bariz Əsədovu yaxından tanıyanlar bilirlər ki, o, uzun illər ərzində yazdığı saysız-hesabsız məqalələr üçün heç kəsdən heç ummayıb. Özünü tanıtmağa, mükafatlar almağa, vəzifə tutmağa çalışmayıb. Təmənnası bircə bu olub ki, qələminin mürəkkəbi qurumasın kağız ehtiyatı tükənməsin. Əsl jurnalist üçün lazım olan qalan şərtlərin hamısı isə Bariz müəllimdə var idi: istedad, əməksevərlik, peşəkarlıq, daim axtarmaq həvəsi.

Bariz Əsədov o jurnalistlərdən idi ki, onlar üçün mövzu məhdudiyyəti olmur. Tikintidən, ekologiyadan, tarixdən, dilçilikdən bəhs edəndə , sosial həyatdan yazanda da, digər sahələrin probleminə toxunanda da məqalələrində dayaz fikir mülahizələrə rast gəlmək mümkün deyildi. Mütaliyə etməyi çox sevir, yaşının bu çağında da daim öyrənməyə biliyini artırmağa çalışırdı. Onunla uzun illər bir yerdə işləyən məqalələrinin bir çoxunu əlyazmalarından oxuyan həmkarları bilirlər ki, Bariz Əsədovun hər hansı bir yazısını redaktə etməyə macal olmasa həmin yazı birbaşa qəzet səhifəsinə getsə, heç bir peşmançılıq baş verə bilməzdi. Kompüterdən çıxmış hər bir yazısını sanki cavan bir jurnalist həvəsi ilə oxuyur, nəzərdən keçirirdi.

Bariz Əsədov müxtəlif illərdə bölgələrdə işləmişdi, o, xüsusi müxbir kimi fəaliyyət göstərmişdi. Amma çalışdığı redaksiyadan, kollektivin gözündən uzaq olduğu o vaxtlarda da məsuliyyət hissini bir an belə, unutmamışdı.

Unudulmaz həmkarımız, əziz qələm dostumuz Bariz Əsədovun jurnalistikamızda qoruduğu dəyərlər çoxdur. Bizdən sonra gələn nəsillər məhz həmin dəyərləri qiymətləndirərək qoruyaraq jurnalistikamızı irəli apara biləcəklər.

 

 

Azərbaycan.2009.-17 fevral.-S.16.