Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
İlk növbədə cənab Prezident, Yunanıstan torpağında
mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə
görə minnətdarlığımı
bildirmək istəyirəm.
Bu, Azərbaycan Respublikası Prezidentinin Yunanıstana ilk dövlət səfəridir.
İnanıram ki, bu səfər ölkələrimiz arasında
münasibətlərin inkişafında
mühüm rol oynayacaqdır. Keçirdiyimiz
görüşlər, apardığımız
danışıqlar və
fikir mübadiləsi,
habelə imzalanmış
sənədlər əlaqələrimizin
inkişafına və
genişlənməsinə öz töhfəsini verəcəkdir. Aramızdakı
siyasi dialoq yüksək səviyyədədir.
Eyni zamanda, düşünürəm ki,
bundan sonra bizim münasibətlərimiz
daha sürətlə
inkişaf edəcəkdir.
Mən Yunanıstanla Azərbaycan arasında münasibətlərin inkişafına
xüsusi əhəmiyyət
verirəm. Yunanıstan
Azərbaycanın müstəqilliyini
tanıyan ilk dövlətlərdən biridir.
Ölkələrimiz həm
ikitərəfli əsasda,
həm də beynəlxalq aləmdə uğurlu əməkdaşlıq
edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən Avropa İttifaqının yeni qonşuluq siyasəti proqramı və NATO-nun fərdi tərəfdaşlığın fəaliyyət planı çərçivəsində sıx əlaqələrimiz
məmnunluq doğurur.
Son illərdə irimiqyaslı
beynəlxalq layihələrin
həyata keçirilməsi,
xüsusən Böyük
İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizinin
yaradılması, eləcə
də Avropanın enerji təhlükəsizliyinin
təmin olunması istiqamətində səylərimiz
artıq öz bəhrəsini verməkdədir.
Yunanıstanın ötən
ilin noyabrında Bakı şəhərində
keçirilən Enerji
sammitində təmsil
olunması və sammit çərçivəsində
imzalanmış bəyannaməyə
qoşulması ikitərəfli
və regional əməkdaşlıq üçün
yaxşı imkanlar açır.
Ölkələrimiz arasında turizm, gəmiqayırma, alternativ enerji, kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
yaxşı perspektivləri
vardır. Lakin iqtisadi münasibətlərimizin
bugünkü göstəriciləri
ölkələrimizin potensialına
cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun
həcmi daha da artmalıdır.
Azərbaycan son illər
ərzində sürətli
inkişaf yolu keçmiş və iqtisadi baxımdan regionun lider dövlətinə çevrilmişdir.
Son beş ildə ölkəmizin iqtisadiyyatı
2,6 dəfə artmışdır.
Ölkəmizdə xarici
sərmayələrin cəlb
edilməsi üçün
əlverişli şərait
yaradılmışdır, biz adambaşına düşən birbaşa
xarici sərmayələrin
həcminə görə
regionda lider ölkəyik. Son beş ildə ölkə iqtisadiyyatına
47 milyard dollar həcmində sərmayə
qoyulmuşdur. Fürsətdən
istifadə edərək,
Yunanıstanın iş
adamlarını Azərbaycana
sərmayə qoymağa
dəvət edirəm.
Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin
təmin edilməsində
və beynəlxalq əməkdaşlığın inkişafında mühüm
rol oynayır. Lakin artıq 20 ilə yaxındır ki, Azərbaycan Ermənistanın hərbi
təcavüzünə məruz
qalmışdır. Ermənistan
Azərbaycan ərazisinin
20 faizini işğal etmiş və burada etnik təmizləmə
siyasəti aparmışdır.
Nəticədə ölkədə
1 milyondan çox qaçqın və məcburi köçkün
yaranmışdır. Dünya birliyi
və beynəlxalq təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır və münaqişənin ölkəmizin
ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli şəkildə həllinin
tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi,
ATƏT, Avropa Şurası
Parlament Assambleyası,
NATO və digər beynəlxalq təşkilatların
müvafiq qərar və qətnamələri
var. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun
həll olunmalıdır.
Biz bu məsələdə
hazırda ATƏT-də
sədrlik edən Yunanıstanın da dəstəyinə ümid
bəsləyirik.
Hörmətli cənab Prezident!
İcazə verin, mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə bir daha öz
minnətdarlığımı bildirim və bu badəni Sizin sağlığınıza,
Yunanıstanla Azərbaycan
arasında dostluq və faydalı əməkdaşlıq əlaqələrinin
inkişafı şərəfinə
qaldırım.
AzərTAc
Azərbaycan.-2009.-18 fevral.-S.1.