Referendumqabağı təşviqat
aparılması üçün
"Azərbaycan" qəzetində
püşkatma keçirildi
2009-cu il mart ayının
18-də Azərbaycan Respublikasının
Konstitusiyasına əlavə
və dəyişikliklərlə
bağlı ümumxalq
səsverməsi - referendum keçiriləcəkdir.
Rəsmi
dövlət qəzeti
olan "Azərbaycan"
da Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq, referendumqabağı təşviqat
kampaniyasında iştirak
edir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"a əsasən üzvlərinin sayı 40 min və daha artıq olan, qeydə alınmış referendum üzrə təşviqat qruplarının "Azərbaycan" qəzetində ödənişsiz əsaslarla təşviqat aparmaq imkanları var. Bu məqsədlə "Azərbaycan" qəzetinin redaksiyasında qeydə alınmış təşviqat qruplarına ayrılacaq yerlərin müəyyənlənləşdirilməsi üçün fevralın 17-də püşkatma mərasimi keçirildi. Püşkatmada "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hüseyn Paşayev, "Şəhər" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əbülfəz Babayev, "Tərəqqi" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İlham Xəlilov, "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov, "Respublikaçılar" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı, "Zəka" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əhməd Qəşəmoğlu, "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Cəfərov, "Hüquq və Demokratiya" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Fərzəliyev və "Davamlı İnkişaf Naminə" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Səbuhi Rzayev iştirak edirdilər.
Mərasimi açan "Azərbaycan" qəzetinin baş redaktorunun birinci müavini Amil Novruzov referendum üzrə təşviqat qruplarının təbliğat materiallarının qəzetdə dərci üçün ayrılacaq yerlərin püşkatma ilə demokratik şəkildə bölüşdürüləcəyini bildirdi. Təbliğat materialları referenduma qədər qəzetin bazar günü nömrələrində - fevralın 22-də, martın 1-də, 8-də və 15-də dərc olunacaqdır.
"Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru, redaksiya Püşkatma Komissiyasının sədri İxtiyar Hüseynli çıxışında bildirdi ki, referendum üzrə təşviqat qruplarının təbliğat materiallarının dərci üçün qəzetin müəyyən edilmiş 4 nömrəsinin hər birində 3 səhifə ayrılacaqdır. Hər nömrədə bu səhifələrin ümumi həcmi 4500 kv sm təşkil edəcəkdir. Bu isə hər bir təşviqat qrupu üçün 500 kv sm yer ayrılması deməkdir.
Sonra səlahiyyətli nümayəndələr püşkatma yolu ilə referendum üzrə təşviqat qruplarının təşviqat materiallarının "Azərbaycan" qəzetində dərc ardıcıllığını müəyyənləşdirdilər. Nəticədən razılıqlarını ifadə edən təşviqat qruplarının səlahiyyətli nümayəndələri püşkatmanın şəffaf və obyektiv keçirildiyini bildirdilər.
Azərbaycan.-2009.-18 fevral.-S.5.