Bakı Azərbaycanı
bütün dünyada
bir daha tanıdacaq
"Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış
mərasimi Azərbaycanı
bütün dünyada
bir daha tanıdacaqdır.
Bu fikir
"Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin başlanması münasibətilə
fevralın 17-də M.F.Axundov
adına Milli Kitabxanada keçirilən mətbuat
konfransında səslənmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev demişdir ki, İslam Konfransı Təşkilatının
üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin 2007-ci il noyabrın 21-23-də
Liviyanın Tripoli şəhərində
"İslam dünyasında
mədəniyyət siyasətləri:
keçmişə əsaslanaraq
gələcəyin formalaşdırılması"
mövzusunda keçirilmiş
V konfransının qərarı
ilə Bakı şəhəri 2009-cu ildə
islam mədəniyyətinin
paytaxtı elan edilmişdir.
"İslam mədəniyyəti
paytaxtları" proqramını
təsdiq edən qətnamə İSESKO-nun təklifi
ilə həmin ölkələrin mədəniyyət
nazirlərinin 2001-ci ilin
axırlarında Qətərin
paytaxtı Dohada keçirilmiş III konfransında
qəbul edilmişdir. Bu sənədə
əsasən islam mədəniyyətinin
paytaxtı İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin şəhərləri
arasından seçilməlidir.
Elə həmin vaxt qəbul edilmiş qərara görə, Səudiyyə
Ərəbistanının Məkkə
şəhəri islam mədəniyyətinin
ilk paytaxtı elan edilmişdi. Məkkədən
sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil
edən daha 30 şəhər islam
mədəniyyəti paytaxtları
olmalıdır.
Nazir vurğulamışdır
ki, bu ada
namizəd şəhərin
öz regionu və ölkəsi səviyyəsində zəngin
tarixi olmalı, elmin, incəsənətin
və ədəbiyyatın
inkişafına xüsusi
töhfə verməli,
həm islam
mədəniyyətinə, həm də bütövlükdə dünya
mədəniyyətinə xüsusi
münasibətilə seçilməlidir.
Bundan əlavə, islam mədəniyyətinin
paytaxtı seçilməyə
namizəd şəhərin
elmi mərkəzləri,
əlyazma kitabxanaları,
arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi-mədəni
tədbirlər təşkil
edən təsisatları
olmalıdır. Azərbaycanın paytaxtı Bakı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və
prinsiplərə cavab
verdiyindən "İslam
Mədəniyyətinin növbəti
paytaxtı" elan edilmişdir.
Ə.Qarayev demişdir ki, "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış
mərasimi fevralın
18-də Heydər Əliyev
sarayında olacaqdır. Tədbirə
Avropa və islam ölkələrinin
mədəniyyət nazirləri,
onların müavinləri,
İSESKO-nun baş direktoru
Əbdüləziz bin Osman
əl-Tuveycri və digər şəxslər
qatılacaqlar. İki
gün davam edəcək mərasim çərçivəsində Azərbaycana həsr olunmuş sənədli filmlərin nümayişi,
"Qədim Bakı"
kitabının təqdimatı,
Azərbaycan Dövlət
Rəqs ansamblının,
incəsənət ustalarının
iştirakı ilə
konsert proqramlarının
və atəşfəşanlığın
təşkili nəzərdə
tutulmuşdur. "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009"
internet saytının açılışı
isə bu möhtəşəm tədbirin
bütün dünyaya
çatdırılmasına xidmət edəcəkdir.
Mədəniyyət və turizm naziri vurğulamışdır
ki, fevralın 18-dən
22-dək paytaxtda fəaliyyət
göstərən bütün
muzeylər, qoruqlar, mədəniyyət ocaqları
pulsuz xidmət göstərəcəkdir. Ümumilikdə
isə il
ərzində yüzlərlə
tədbirin keçirilməsi
planlaşdırılır. Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günləri
keçiriləcəkdir. Eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan
mədəniyyətinin, incəsənətinin
təbliği ilə bağlı layihələrin
həyata keçirilməsi
planlaşdırılır.
Tədbirdə Azərbaycanın turizm sahəsindəki uğurlarından,
cari ildə əsaslı təmirdən
sonra istifadəyə veriləcək mədəniyyət
ocaqlarından geniş
söhbət açılmışdır.
Sonda Əbülfəs Qarayev jurnalistləri maraqlandıran
sualları cavablandırmışdır.
AzərTAc
Azərbaycan.-2009.-18 fevral.-S.5.